Ali Məqamlı Rəhbərin informasiya bloku

Market və mağazalarda müxtəlif işlər

Sual: Əgər bir mağazada halal və haram məhsullar qarışıq satılırsa, məsələn, halal qidalarla yanaşı spirtli içkilər də satılırsa, bu mağazada satıcı işləmək icazəlidirmi? Belə ki, məhsulları mağazaya satıcı alıb yığmır, satıcı sadəcə satış işinə baxır.
Cavab: Əgər spirtli içkilərin satışında, həmçinin ehtiyat-vacibə görə, donuz ətinin və donuz ətindən hazırlanan məhsulların satışında heç bir iştirakı olmazsa, bu mağazada işləməyin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Marketdə halal mallarla yanaşı, haram mallar da satılır. Məsələn, həm çörək, həm də şərab satılır, yaxud həm halal kəsim olan toyuq, həm də halal kəsim olmayan toyuq satılır. Bu marketdə satıcı kimi işləmək olar? Yoxsa bu marketdə haram malları deyil, yalnız halal malları sataraq işləmək olar?
Cavab: Məstedici spirtli içkilərin satışına icazə verilmir. Həmçinin şəri kəsim olmayan toyuğu onu halal bilməyən şəxslərə satmağa icazə verilmir.

Sual: Mağazada haram malların satışında iştirak etmədən satıcı işləmək və oradan maaş almaq olarmı? Belə ki, mağazanın qazancının bir hissəsi haramdan əldə olunur.
Cavab: Əgər sizin oradakı işinizin spirtli içkilərin satışı və təqdim olunması ilə heç bir əlaqəsi yoxdursa, orada işləməyinizin maneəsi yoxdur. Əgər siz mağazanın haramdan da gəlirinin olduğunu bilirsinizsə, amma mağazanın ümumi gəlirindən sizə maaş verilirsə, oradan maaş almağınızın maneəsi yoxdur.

Sual: Yaşadığım şəhərdə iş tapmaqda çətinlik çəkirəm. Hazırda başqa şəhərə köçüb yaşamağa da imkanım yoxdur. Böyük bir firmada paketləmə işi üçün təklif almışam. Paketləmədə hər növ məhsul olur. Gün ərzində onlarla məhsul paketlənir ki, bunların arasında haram içkilər və haram qidalar da olur. Biz həmin məhsulları paketləyirik, şirkət də müştəriyə çatdırır. Digər bir iş kimi həmin şirkətin mətbəxində də işləmək imkanı var. Orada da donuz ətindən menyular hazırlanır. Belə olan halda hər iki iş təklifinə görə vəzifəm nədir? Qeyd edim ki, xristian ölkəsində yaşayıram, burada spirtli içki və donuz əti istifadəsi adi hal kimi qəbul edilir.
Cavab: Hətta sualda qeyd edilən halda belə, məstedici içkilərin istehsalında və onların çatdırılmasında hər hansı bir şəkildə köməklik göstərməyə və həmkarlıq etməyə, həmçinin bu yolla qazanc əldə etməyə icazə verilmir. Amma öz dininə görə hansısa bir qidanı haram bilməyən bir şəxsə bu qidanı satmağın və verməyin maneəsi yoxdur. Donuz əti isə istisna təşkil edir və onun satışı ilə gəlir əldə etməmək ehtiyata müvafiqdir.

Sual: Müəyyən səbəblərə görə hal-hazırda dövlət strukturlarında işləmək mümkün deyildir. Bu halda hansısa özəl müəssisədə, məsələn, elektronik mağazasında satıcı kimi fəaliyyət göstərməyin hökmü nədir? Qeyd edim ki, bu mağazalarda alıcını məhsulun keyfiyyətinə inandırmaq, həmçinin kredit şərtlərini və ya ödəniş gecikdirildiyi təqdirdə faizin hesablanması kimi məlumatları alıcıya bildirmək lazımdır. Bu işdən qazanılan pul halal hesab olunurmu?
Cavab: 1) Əgər işlədiyiniz işin haram işlərlə əlaqəsi yoxdursa, bu işdə işləməyin öz-özlüyündə maneəsi yoxdur.
2) Əgər gecikdirmə üçün alınan pul əvvəlcədən bağlanan müqavilə əsasında olarsa, bunun maneəsi yoxdur.

Sual: Sualım marketlərdə kassir işi ilə bağlıdır. Belə ki, marketdə hər növ məhsul, həm halal, həm də haram məhsullar (məsələn, spirtli içki, haram kolbasa, tərkibi haram suxarik və digər haram qidalar və s.) satılır. Həm də halal məhsullar, o cümlədən çörək, spirtsiz içkilər, meyvə-tərəvəz və s. satılır. Kassirlik işi də belədir ki, bəzən alıcı bu mağazadan həm halal, həm də haram məhsul alır, yaxud təkcə haram məhsul və ya təkcə halal məhsul alıb kassaya gətirir. Kassir də məhsulun barkodunu vurur, müştəriyə qiyməti deyir, müştəri də pulu ödəyib gedir. Qeyd edim ki, kassir müştəridən aldığı pulları özünə götürmür. O, kassirlik işinə görə aylıq maaş alır. Sualım belədir ki, əgər mən belə mağazada işləsəm və kimsə gəlib haram məhsul, ya həm halal və həm də haram məhsul alsa, mən də məhsulun barkodunu vurub qiymətini desəm və müştəri pulu ödəyib getsə, mənim gördüyüm kassirlik işindən alacağım maaşımın hamısı haram hökmündədir? 
Cavab: Spirtli içkilərin istehsalı və insanların istifadəsinə verilməsi istiqamətində hər hansı bir köməklik göstərməyə və həmkarlıq etməyə, həmçinin bu yolla qazanc əldə etməyə, hətta sualda qeyd edilən halda belə, icazə verilmir və bu işi görmək günahdır.

Sual: İri marketlərdə hər bölüm üzrə işçilər olur, məsələn, meyvə-tərəvəz, qeyri-qida, ət məhsulları və s. Bəzi marketlərdə işçi meyvə-tərəvəz bölümü üçün işə götürülsə də bəzən meyvə-tərəvəz ilə yanaşı digər bölümlərin işləri ona tapşırılır. Maaşa gəldikdə isə yalnız götürüldüyü işin maaşı verilir. Məsələn, meyvə-tərəvəz bölümü üçün götürülən işçi spirtli içkilər, haram qidalar kimi bölümlərin də işini görür. Amma bu işçiyə yalnız meyvə-tərəvəz bölümü üçün nəzərdə tutulan maaş verilir. Sual budur ki, əgər məni meyvə-tərəvəz bölümü üçün işə götürsələr, amma meyvə-tərəvəz, halal və haram qidalar, qeyri-qidalar və haram içkilər satılan bölmədə işlətsələr, aldığım maaş halaldır, yoxsa onu hansısa yolla halallaşdırmaq lazımdır?
Cavab: Halal işin qarşılığında bu işçinin aldığı əməkhaqqı halaldır. Amma haram işin qarşılığında gördüyü iş üçün aldığı pulun sahibi olmur.

Sual: Geyim mağazasında həm kişi, həm qadın, həm də uşaq geyimləri satılır. Mağaza üçün bəzən işçi axtarılır, o cümlədən kassir, satış məsləhətçisi və s. Kassirin vəzifəsi aydındır, yəni kimsə paltar aldıqda, onun barkodunu aparatdan keçirərək qiymətini deyir və müştəri həmin pulu ödəyir. Satış məsləhətçisi isə mağazanın daxilində dayanır. Müştəriyə kömək etmək, müştərinin istəyi ilə geyimin kiçik və ya böyük ölçüsünü vermək, mağazada mal olmayanda depodan gətirmək və bu kimi başqa işləri görür. Sualım budur ki, əgər bir qadın müştəri açıq-saçıq, mini yubka, göbəyi açıq (yəni ehtirasa səbəb ola biləcək geyim), ümumiyyətlə, qərb mədəniyyətinə uyğun paltar alsa, həmin paltarın kassada barkodunu vurub onun alınmasında kassir kimi xidmət göstərməyin və ya qadına həmin paltarın alınmasında satış məsləhətçisi (paltarın ölçülərini gətirmək, o modeldə olan paltarın başqa markasını göstərmək və s.) kimi xidmət göstərməyin hökmü və qazanılan maaşın hökmü nədir?
Cavab: Əgər satıcı tərəfindən haram istifadə şərti qoyulmayıbsa və ya haram istifadə niyyətilə satılmayıbsa, bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: Əvvəlki sualıma əsasən onu qeyd etmək istəyirəm ki, mən haram istifadə şərtinin qoyulub-qoyulmadığını və qeyd etdiyim paltar modellərinin haram istifadə niyyətilə satılıb-satılmadığını bilmirəm. Bu mağaza qərb ölkəsinə məxsus olan tanınmış brend mağazanın ölkəmizdəki filialıdır. Belə olan halda, orada işləməyin hökmü nədir?
Cavab: Suala əsasən, sizin orada işləməyinizin maneəsi yoxdur.

Sual: Qadın geyimləri satılan mağazada işləməyin hökmü nədir? Qeyd edək ki, bu geyimlər şəri hicaba uyğun deyildir, amma adətən xanımların geyindiyi geyimlərdir.
Cavab: Orada işləməyin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Mən marketdə mühafizə xidmətində işləyirəm. Anbara gələn malların arasında spirtli içkilər də olur. Tərtib olunan sənəddə nəzarətçi kimi imzamı atıram, yəni malların sayım prosesində iştirak etdiyimi bildirirəm. Bunun şəriətdə hökmü nədir?
Cavab: Hər halda, spirtli içkilərin satışı və çatdırılmasında iştirak etməyə icazə verilmir.

Sual: Mən xristian ölkəsində yaşayıram və satıcı kimi işlədiyim mağazada qumar aləti satılır. Bunun mənə bir günahı varmı?
Cavab: Ümumiyyətlə, qumar oynanılması məqsədilə qumar alətlərinin alğı-satqısı haramdır və alğı-satqı düzgün deyildir.

Sual: Mən şirniyyat (tort, kökə, qoğal və digər halal məhsullar) bişirilən bir məkanda satıcı işləyirəm və işimin bir hissəsi geri qaytarılacaq köhnəlmiş, xarab olmuş malların hesabatını aparmaqdır. Orada işləyən bir işçi mənə dedi ki, ümumi məbləğ çox olanda bəzi məhsulları və onların qiymətini qeyd etmə, çünki köhnəlmiş malların ümumi məbləği çox olanda müdiriyyət tərəfdən narazılıqlar olur. Əgər mən işçinin dediyi kimi, xarab olmuş məhsulların siyahısını və qiymətini kağızda azaltsam, bu iş mənim oradan alacağım maaşın haram olmasına səbəb olacaq, ya yox?
Cavab: Əgər sizin əməliniz idarəçilik üçün nəzərdə tutulan qanunlara zidd olarsa və qanunları pozmaq hesab olunarsa, buna icazə verilmir.

Sual: Əvvəlki sualda qeyd etdiyim kimi, mən tort, qoğal, kökə və digər məhsullar satıram. Bəzən elə olur ki, satdığım məhsul vitrində qalıb köhnəlir. Amma işçilər mənə deyirlər ki, müştəri soruşanda məhsulun təzə olduğunu deyim. Yalan danışmağın günah olduğunu bilirəm. Bilmək istəyirəm ki, əgər mən yalan danışsam və müştəri də məhsulu təzə bilib alsa, bu, ayın sonunda mənim alacağım maaşın haram olmasına səbəb olacaq? Qeyd edim ki, mən bu məhsulları satsam da müştəridən pul almıram, müştəri pulu mənə deyil, marketin kassasına ödəyir. Mən isə sadəcə ayın sonunda maaş alıram.
Cavab: Hər halda, yalan danışmaq haramdır, baxmayaraq ki, siz halal iş qarşılığında əməkhaqqı alırsınız və aldığınız əməkhaqqı haram deyildir.

Sual: Mən konfet şirkətində satıcı vəzifəsində işləyirəm. Bəzi məhsullar likör və spirt tərkiblidir. Bunun mənim işimə, qazancıma bir haramlığı varmı? İşimi tərk etməliyəm, yoxsa tərkibində spirt olan məhsulları daşımasam, satılmasında vasitəçi olmasam kifayət edər? Belə olduğu təqdirdə, pul qazandığım yerin işini görmürəm deyə, bu, işimə xəyanət etmək sayılırmı? Buranın maaşı yaxşıdır, ailəm də mənim maaşımla dolanır. Mən necə edim? Mənə doğru yolu göstərin. 
Cavab: Əgər sizin işinizin spirtli içkilərin verilməsi ilə bir əlaqəsi yoxdursa, orada işləməyinizin maneəsi yoxdur.

Sual: Təhsil xərclərini ödəmək üçün müvəqqəti olaraq mağazada fəhlə kimi işləyirəm. İşimin biri də malları vitrinə yığmaqdır. Mağazada içki də satılır deyə, digər mallarla yanaşı içkiləri də vitrinə yığmalı oluram. Suallarım bunlardır: 
1) Mən bu işdə qalıb işləyə bilərəmmi?
2) Bu işdən aldığım maaş halaldır, yoxsa haram?
Cavab: 1 və 2) Vitrinə spirtli içkiləri yığmağa, həmçinin haramı təbliğ etmək sayılan bu kimi işləri görməyə icazə verilmir. İnsan bu kimi işlərin qarşılığında aldığı zəhməthaqqının sahibi olmur.

Sual: Məsələnin hökmünü bilmədiyim üçün beş gün vitrinə spirtli içkiləri yığmışam. Hökmü biləndən sonra bu işi daha görmədim və hal-hazırda həmin işdən çıxmışam. Sualım budur ki, əgər mənə o beş günün zəhməthaqqısı halal deyilsə, o pulu nə etməliyəm? Mağaza sahibinə qaytarmalıyam, yoxsa fəqirə verməliyəm?
Cavab: Əgər pulun sahibi həmin pulun sizdə qalmasına razıdırsa, onu qaytarmağınız vacib deyildir.

Sual: İlk öncə onu deyim ki, marketdə işləmək ücün CV vermək tələb olunur. Mən marketə CV verməzdən əvvəl bir qohumum market müdiri ilə əlaqə yaradıb və market müdiri deyib ki, CV versin, onu işə qəbul edək. İşə qəbul, adətən, CV verməklə olsa da, bəzən kimlərsə tapşırıq ilə işə götürülür. Əgər qohumum müdir ilə danışdığına görə məni market müdirinin tapşırığı ilə işə götürsələr və məndən əvvəl CV verənlərin məlumatlarına baxılmasa, mənim orada işləməyim və maaş almağım halaldırmı?
Cavab: Sizin həmin marketdə işləməyiniz və aldığınız maaş halaldır.
 
700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər