Ali Məqamlı Rəhbərin informasiya bloku

CFD ticarəti və Forex

Sual: CFD ticarəti şəri baxımdan icazəlidirmi?
Cavab: Əgər CFD ticarəti sırf qiymətlərin qalxıb-enməsi proqnozu əsasında qurulubsa və həqiqi şəkildə heç bir şey alınıb-satılmırsa və şəxs heç bir şeyin həqiqi sahibi olmursa, ehtiyata görə, şəxs bu yolla əldə edilən qazancın da sahibi olmur.

Sual: 1) Forex ilə qısamüddətli fyuçers müqaviləsi vasitəsilə avronu ucuz qiymətə alıb, avronun dəyəri artıqdan sonra onu baha qiymətə satıb gəlir götürmək olarmı?
2) OTC (Over The Counter), yəni birjadankənar bazarda valyuta trading ilə məşğul olmaq olarmı? Digər adı forvard müqaviləsi ilə trading adlanır (contract).
Forex barədə başqa sualıma cavab vermişdiniz. İndi yazdığım suallarda məqsədim halal olan forex metodunu anlamaq və qazancımın halal olması üçündür. Zəhmət olmasa, hər iki sualıma cavab verərdiniz. Gəlir götürmək məqsədilə birjadankənar valyuta alış-satışı icazəlidirmi? CFD deyil, valyutanın birjadankənar alış-satışından söhbət gedir.
Cavab: Alğı-satqının öhdəyə götürülməsi müqaviləsi əgər alışı və ya satışı öhdəyə götürmək və bunun qaşılığında müəyyən məbləğ pul almaq, həmçinin müəyyən məbləğ pul almaq qarşılığında bu öhdəliyi başqa bir şəxsə həvalə etmək anlamında olarsa, bunun iradı yoxdur. Əgər fyuçers əməliyyatları alğı-satqının müəyyən zaman kəsimində yerinə yetirilməsinin öhdəyə götürülməsi şəklində olarsa, bunun öz-özlüyündə iradı yoxdur. Amma daimi fyuçerslər və CFD, ehtiyat-vacibə görə, hasil olan gəlirin şəxsin mülkiyyətinə keçməsinə səbəb olmur.

Sual: İnternet üzərindən hər hansı bir şirkətə investisiya yatırıb, oradan pul qazanmaq icazəlidirmi?
Cavab: Ümumiyyətlə, şəriət qanunlarına riayət edərək müəyyən bir şirkətə sərmayə yatırmağın (məsələn, ribanın şərt olmaması, haram fəaliyyəti olan, o cümlədən şərab və donuz əti istehsal edən şirkətlərin səhmdarı olmamaq və s.) maneəsi yoxdur.
Əgər siz birja ticarətini nəzərdə tutursunuzsa, bunları qeyd etməliyik:
- Binar opsionlarda əldə etdiyiniz qazancın, ehtiyat-vacibə görə, sahibi olmursunuz.
- Bəzi mütəxəssislərin dediklərinə əsasən, FOREX beynəlxalq valyuta bazarının broker (vasitəçilər) və dilerləri (nümayəndəliklər) iki dəstəyə ayrılır:
Birinci dəstə – belə ki, vasitəçilik və nümayəndəlik iddiası edənlərin əksəriyyəti bu dəstəyə daxildir – internetdə sadəcə bir səhifə açır və valyuta bazarında gerçək şəkildə iştirak etmirlər. Bu dəstə müştərilərin pulunu alıb, öz məqsədlərinə sərf edirlər. Müştəri üçün isə bir internet səhifəsi açırlar və müştəri də bu səhifədə sanki valyuta alğı-satqısı ilə məşğul olur. Odur ki, bu alğı-satqılar həqiqi olmur və düzgün sayılmır, əldə edilən gəlir də müştərinin mülkiyyətinə çevrilmir.
İkinci dəstə isə həqiqi brokerlər və dilerlərdir. Yəni valyuta bazarında gerçək şəkildə iştirak edirlər və müştərinin pulu ilə valyuta alğı-satqısı aparırlar. Bu alğı-satqı şəriət qanun-qaydaları çərçivəsində olduğu təqdirdə, öz-özlüyündə maneəsi yoxdur. Amma aşağıdakı məqamlar da diqqətdə saxlanmalıdır:
1) Alğı-satqı həqiqi olmalı və valyuta alğı-satqısı olmalıdır. Odur ki, əgər valyutanın qiymətinin enib-qalxmasının proqnozu əsasında gəlir əldə edilərsə, bu, şəri baxımdan icazəli deyildir.
2) Brokerdən vəsait almaqla həyata keçən piramida alış-verişinin mahiyyəti ribalı borc olduğu təqdirdə, bu alış-veriş və əldə edilən gəlir haramdır.

Şəbəkə marketinqi
Sual: Piramida formasında olan işlər icazəlidirmi?
Cavab: Əgər alğı-satqı halal olarsa (məsələn, donuz ətinin və ya şərabın alğı-satqısı olmazsa), həmçinin şəbəkə marketinqinin nizamnaməsinə müvafiq olarsa, bu işlərdə işləməyin iradı yoxdur.
Şəbəkə marketinqinin nizamnaməsinin şərtləri xülasə olaraq aşağıdakılardır:
1- Sırf bu şəbəkəyə qatılmaq üçün pul alınmamalıdır, amma təlim və ya bu kimi məqsədlər üçün ödəniş alınmasının iradı yoxdur.
2- Şirkətin məhsullarının satışından şəbəkə üzvünün əldə edəcəyi satış faizi və zəhməthaqqı məlum olmalıdır.
3- Şəbəkənin üzvünə ödənilən hər hansı bir zəhməthaqqı və ya satış faizi onun göstərdiyi məntiqə və şəriətə müvafiq olan fəaliyyət əsasında olmalıdır.

Onlayn alğı-satqı
Sual: Bəzi əşyaları Çindən sifariş edərək alırıq. Belə bir iş görmək olur ki, sifariş üçün ödədiyimiz məbləği yenidən özümüzə qaytara bilirik. Yəni mallar bizə pulsuz gəlib çıxır. Belə etmək düzgündürmü? Bu, oğurluq sayılırmı?
Cavab: Buna icazə verilmir. Alınan malların pulu ödənilməlidir.

Sual: Mən onlayn satış ilə məşğulam. Bir müştəri bəyəndiyi əbanın şəklini göndərib, həmin geyimi mənə sifariş etdi. O, bu geyimi başqa bir şəxsdə görüb bəyənmişdi. Geyimi təhvil alanda müştəri narazılığını bildirdi ki, bu geyimin materialı yaxşı deyil. Dedi ki, mən bu cür materialdan olan geyimləri geyinə bilmirəm və bu geyimə bu qədər pul verməyə dəyməz. Müştəri geyimdən narazı qaldı və onu geyinməyəcəyini bildirdi. O, geyimin pulunun yarısını əvvəlcədən vermişdi, yarısı isə qalmışdı. Qalan pulu mənim ondan istəməyə haqqım varmı?
Cavab: Sualda qeyd olunanlara əsasən, alğı-satqı düzgündür və siz pulun qalanını tələb edə bilərsiniz. Əlbəttə, əgər alıcı alğı-satqıda aldadılıbsa və bunu bilməyibsə, sonradan alğı-satqını pozmaq ixtiyarına malikdir. Amma əgər alğı-satqını pozmaq ixtiyarı hansısa səbəblərə görə aradan qalxıbsa, daha belə bir ixtiyara malik olmayacaqdır.

Birja
Sual: Şirkət səhmlərini alıb-satmaq olarmı?
Cavab: Ümumiyyətlə, şəriət qanunlarına riayət edərək (məsələn, alğı-satqının ribalı olmaması, haram fəaliyyəti olan, məsələn, şərab və ya donuz məhsulları istehsal edən şirkətlərin səhmlərinin alğı-satqısının olmaması və s.) birjada fəaliyyət göstərməyin maneəsi yoxdur.

Sual: Haram olmayan bir şirkətin hissəsini birjada alıb-satmaq günahdır?
Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Birjada professional şəkildə ticarət etmək günahdırmı?
Cavab: Əgər birjada ticarət etmək şəriət qanunlarına müvafiq olarsa, məsələn, alğı-satqı ribalı olmazsa, yaxud haram fəaliyyəti olan, o cümlədən şərab və ya donuz məhsulları istehsal edən şirkətlərin səhmləri olmazsa, bu ticarətin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Mən birjada ticarətlə məşğulam və banklarda olduğu kimi öz strategiyam var. Əgər strategiyamdakı hər şey düzdürsə, mən ticarət edirəm və pulumu qazanıram (bəzən saatlarla qrafik üzərində iş görürəm). Əksər hallarda öz strategiyamla ticarət edirəm, amma az miqdarda pul itirirəm. Mən ticarətimi qızıl, avro və dollar üzərindən edirəm. Mənim qazandığım pul halaldır, yoxsa haramdır?
Cavab: Qeyd olunduğu kimi, əgər birjada ticarət etmək şəriət qanunlarına müvafiq olarsa, məsələn, alğı-satqı ribalı olmazsa, yaxud haram fəaliyyəti olan, o cümlədən şərab və ya donuz məhsulları istehsal edən şirkətlərin səhmləri olmazsa, bu ticarətin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Mən iqtisadçıyam və öncədən təxmin edə bilirəm ki, dolların dəyəri qalxacaq. Bu halda mən öncədən dollar alıb saxlasam və dolların dəyəri həqiqətən də qalxsa, əldə edilən qazanc halaldırmı?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: Amerika fond birjasında Amerika şirkətlərinə yatırım edib, gəlir qazanmağın şəri baxımdan hökmü nədir?
Cavab: Əgər sözügedən birja əldə etdiyi gəlirlə qəsbkar İsrail rejiminə köməklik edirsə, bu birjaya yatırım edib gəlir əldə etmək haramdır. Amma əgər əldə etdikləri gəlirlə sionistlərə kömək edib-etmədiklərini dəqiqliklə bilməsəniz, yaxud həmin gəliri İslam və müsəlmanlara qarşı düşmənçilik yolunda sərf edib-etmədiklərini bilməsəniz, habelə yatırımın halal işlərə sərf olunduğunu bilsəniz, bu halda yatırım etməyin maneəsi yoxdur.

Sığorta
Sual: İşlədiyim şirkət sığorta şirkəti ilə əməkdaşlıq edir. Bu işdə bütün icra əməliyyatları mənim vasitəmlə həyata keçirilir. Sığorta rüsumları dövlət tərəfindən təyin olunmuş tariflərlə müəyyən olunub. Sığorta şirkəti ödənilmiş illik sığorta haqqından asılı olaraq, mənə bəxşiş verir. Mənim bu bəxşişi qəbul etməyim icazəlidirmi?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: İslam dinində hüquqşünas (vəkil) olmaq və bu sahədə işləmək düzgündürmü?
Cavab: Əgər şəriətə zidd əməl etməzsə, bunun öz-özlüyündə maneəsi yoxdur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər