Ali Məqamlı Rəhbərin informasiya bloku

Restoranlarda müxtəlif işlər

Sual: Qohumum yeməkxanada işləyir və orada yemək bişirməklə məşğuldur. Orada içki satılmır, amma bəzən müştərilər özləri ilə içki gətirib içirlər. Qohumum orada işləyə bilərmi?

Cavab: Maneəsi yoxdur.


Sual: Şərab verilən kafedə və yeməkxanada işçi kimi işləmək olarmı?

Cavab: Ümumiyyətlə, məstedici spirtli içkiləri vermək və satmaq, onların satıldığı yerdə işləmək, onların istehsalında və alğı-satqısında iştirak etmək, bu yolla qazanc əldə etmək və bu işlərdə başqalarının göstərişlərinə tabe olmaq şəri baxımdan haramdır.


Sual: Qeyri-müsəlman ölkəsində spirtli içkilər satılan mağazada işləmək olarmı?

Cavab: Əgər işçinin belə bir mağazadakı işi spirtli içkilərin satışında iştirak etmək hesab olunmursa və mağazanın spirtli içkilərin satışı ilə əlaqədar olmayan bir şöbəsində işləyirsə, orada işləməyin maneəsi yoxdur.


Sual: Əgər restoranda spirtli içki verilirsə (orada ğina musiqilər də səsləndirilə bilər), bu restoranda kassir işləyərək qazanılan pul halaldırmı?

Cavab: Spirtli içkilərlə əlaqəli olan işlərdə işləməyə və bu yolla qazanc əldə etməyə birmənalı olaraq icazə verilmir. Bundan qeyri halda isə əgər iş haram ilə birbaşa əlaqəli olsa və ya günah etməyə kömək etmək olsa, buna icazə verilmir.


Sual: Bəzi restoran və kafelərdə müştərilərə haram məhsullar da təqdim olunur. Həmin yerdə ofisiant işləyən şəxs şəraba əl vurmasa, yalnız halal məhsullarla müştərinin xidmətində dursa, onun oradan qazanc əldə etməsi icazəlidirmi?

Cavab: Maneəsi yoxdur.


Sual: Ofisianta bütün göstərdiyi xidmətə görə əməkhaqqı ayın sonunda verilir. Bu xidmətin içində müştəriyə içki gətirmək də daxildir. Bu halda ofisiantın aldığı maaş halaldır, yoxsa haram?

Cavab: Müştərinin qabağına spirtli içki gətirmək haramdır. Amma əgər ofisianta verilən əməkhaqqı bu işin qarşılığında olmazsa, onun aldığı maaşın iradı yoxdur.


Sual: Restoranda ofisiant işləyən şəxsin müştəriyə pivə aparması haramdırmı? Ümumiyyətlə, belə halda nə etmək lazımdır?

Cavab: Spirtli içkilərin satışı, daşınması və başqalarına verilməsinə birmənalı olaraq icazə verilmir. Spirtli içkilər vasitəsilə gəlir əldə etmək haramdır.


Sual: Spirtli içkilər verilən restoranda qabyuyan işləmək olarmı? Belə ki, araq içilən stəkanlar da yuyulmalıdır.

Cavab: Əgər işin spirtli içkilər ilə əlaqəsi olarsa, bu işdə işləməyə icazə verilmir.


Sual: Əgər bir şəxs, məsələn, doqquz halal işin kənarında bir haram iş görərək pul qazanırsa, bu pulun hökmü nədir? Məsələn, ofisiant masaya yemək gətirir, masanı yığışdırır, qab-qacaq yuyur, eyni zamanda bəzən masaya spirtli içki də gətirir. Bu halda qazanılan pulun hökmü nədir? Əgər pulun bir qismi haram olursa, haram hissəni halaldan necə ayırmaq olar?

Cavab: Əgər ofisiant halal işlər görəcəyinə dair iş müqaviləsi bağlayıbsa, bu halda süfrəyə spirtli içkilər gətirməsi onun qazancının haram olmasına səbəb olmur, baxmayaraq ki, spirtli içkilərin hansısa bir şəkildə insanlara çatdırılmasında istənilən köməklik və həmkarlığa icazə verilmir və bu iş günahdır.


Sual: Bir dostumuzun övladı şadlıq saraylarının birində ofisiant işləyir. Ora işə düzələndə atası oğlunun müştərilərə spirtli içkiləri aparmayacağı barədə müdiriyyət qarşısında şərt qoysa da, başa düşülən budur ki, oğlu ara-sıra masalara spirtli içkilər də aparır. Dostumuza məsləhət gördük ki, oğlunu bu işdın çıxartsın, çünki masaya içki aparmaq, hətta ara-sıra olsa belə, müqəddəs şəriətimizdə qadağandır. Amma o, buna dair konkret şəri hökm istəyir. Suallarım bunlardır:
1) Əgər oğlan başqa iş tapa bilməsə belə, bu işdən çıxmalıdırmı? Qeyd edim ki, ara-sıra müştərilərə spirtli içkilər aparır.
2) Orada qazandığı pulun hökmü nədir?

Cavab: 1) Bu işdə qalıb işləməyə icazə verilmir.
2) Halal işin qarşılığında aldığı əməkhaqqı halaldır.


Sual: Mən zərurət olduğuna və yaxud zərurət olmadığına görə içki məclisində işləyib halal olan qidalar daşısam və içki daşımasam, bunun hökmü nədir?

Cavab: Əgər həmin məclisdə iştirak etmək günah etməyə səbəb olarsa, yaxud günahı dəstəkləmək hesab olunarsa, yaxud da "pis işlərdən çəkindirmək" şəri vəzifəsini yerinə yetirmək həmin məclisi tərk etməyə və ya orada iştirak etməməyə bağlı olarsa, siz bu məclisi tərk etməli və ya orada iştirak etməməlisiniz.


Sual: Bir tanışım dönərxanada baş usta işləyir. Mən də orada işləmək istəyirəm, amma mən o dönərin halal və şəri kəsim olan ətdən hazırlandığını, həmçinin orada olan sosiska və kolbasaların halal olub-olmadığını bilmirəm. Belə bir dönərxanada ofisiant və ya kuryer olaraq işləyib qazanc əldə etməyin hökmü nədir?

Cavab: Əgər sadalanan qidalar müsəlmanların bazarından alınarsa, halal hökmündədir və orada işləməyin maneəsi yoxdur.


Sual: Əgər bilsəm ki, hansısa bir dönərxana camaata halal olmayan (yəni şəri kəsim olmayan) ət verir, bu dönərxanada işləməyin hökmü nədir? Belə ki, mənim işim ancaq hazırlanan dönərləri sifarişçilərə catdırmadır.

Cavab: Bu işi görməkdən çəkinmək lazımdır.


Sual: Pivə verilən dönərxanada işləmək olarmı? Yəni pivə işinə baxmadan, yalnız dönər düzəldib satmaq olarmı? Bundan əlavə, satılan məhsulları dəftərə də qeyd etmək lazımdır. Mən pivənin satışını dəftərə qeyd etsəm, bunun hökmü nədir?

Cavab: Əgər həmin dönərxanada sizin işiniz şəriət baxımından halal və icazəli bir işdirsə və haram işə kömək etmək sayılmırsa, orada işləməyinizin maneəsi yoxdur və aldığınız zəhməthaqqı da halaldır.


Sual: Mən Almaniyada yaşayıram və burada restoranların birində qabyuyan kimi işləyirəm. Restoranda spirtli içkilər və donuz əti kimi haram qidalar da verilir. Bu restorandan əldə etdiyim qazancı haramdan təmizləmək üçün xümsdən əlavə nəsə çıxarmalıyammı?

Cavab: Əgər müştərilərə spirtli içkilərin verilməsində və ehtiyat-vacibə görə, donuz ətindən hazırlanan yeməklərin verilməsində sizin heç bir iştirakınız yoxdursa, orada işləməyinizin və zəhməthaqqı almağınızın öz-özlüyündə maneəsi yoxdur.


Sual: Rusiyada yaşayan müsəlman şəxs yeməklə yanaşı içki də verilən restoranı götürüb işlədə bilərmi? Onun qazancı halal sayılır, yoxsa haram? Həmin şəxsə deyilib ki, xarici ölkə olduğuna və müsəlman ölkəsi olmadığına görə, içki verilən restoranı götürüb işlədə bilər. Ona deyilən bu hökm düzgündürmü?

Cavab: Ümumiyyətlə, məstedici spirtli içkilərin təqdim olunması və satılması, onların satıldığı məkanlarda işləmək, onların istehsalında və alğı-satğısında iştirak etmək, habelə bu yollarla qazanc əldə etmək və bu işlərdə başqalarının göstərişini yerinə yetirmək şəriətə görə haramdır. Hətta sualda qeyd olunan halda da haramdır. 


Sual: Mən çayxana işlədirəm. Çayxanada özüm qumar alətləri ilə oynamıram. Amma gələn müştərilər kart və nərd oynamaq istəyirlər. Müştərilərin çayxanada kart və nərd oynamasının çayxananı işlədən şəxs üçün bir problemi varmı?

Cavab: Əgər bu, günah işi görməyə kömək etmək və günahı yaymaq hesab olunarsa, icazə verilmir və siz bu işin qarşısını almalısınız.


Sual: Mən fırınçıyam. Bilmək istəyirəm ki, spirtli içkilərin verildiyi restoranda işləyə bilərəmmi? Belə ki, mən şərabla və ya şərab dəyən qablarla təmasda olmuram.

Cavab: Əgər işiniz şərab içməyi dəstəkləmək və yaymaq hesab olunarsa, yaxud şərabın insanlara çatdırılmasında hansısa bir şəkildə iştirakınız olarsa, buna icazə verilmir.


Sual: Restoran və otellərdə müştərilər tərəfindən işçilərə bəxşiş olaraq verilən pulu qəbul etmək olarmı? Bu pul halaldırmı?

Cavab: Əgər müştəri öz razılığı ilə bu pulu verirsə, onu almağın iradı yoxdur.


Sual: Halal sertifikatı olan, amma bəzi ətləri Ukraynadan idxal edən restoranda işləmək icazəlidirmi?

Cavab: Əgər o restoranda müsəlmanlara haram yemək verilməsində heç bir iştirakınız olmayacaqdırsa, orada işləməyinizin öz-özlüyündə maneəsi yoxdur.


Sual: Üç il yarım Almaniyanın “Subway” (sendviçlər) şirkətində isləyib pesə təhsili almışam. İndi obyekt açıb bu sahə üzrə həmin şirkətin bir nümayəndəsi olmaq istəyirəm. Bir problem vardır və o da budur ki, bu şirkət ərzağı özü təmin edir, biz özümüz gedib ərzağı ala bilmərik. Bir-iki məhsulda (məsələn, burgerdə) donuz əti və ya donuz kolbasası var. Biz ondan gələn gəliri ayırsaq, bu işi görmək halal olurmu, ya yox? Şəri baxımdan qazancımızın halal olması üçün nə edə bilərik? Məlumat ücün bildirim ki, bu şirkət Almaniya şirkətidir və almanlara xidmət göstərir.

Cavab: Suala əsasən, donuz ətinin və donuz ətindən hazırlanan məhsulların alğı-satqısına icazə verilmir.


Sual: Kolbasa istehsalında istifadə edilən donuzun iç piyinin ticarəti ilə məşğul olmaq icazəlidirmi?

Cavab: Əgər insanın qidalanması üçün olarsa, icazə verilmir.


Sual: Mən bir Avropa şirkətində yemək çatdırılmasında kuryer işləyirəm. Velosiped ilə işləyirəm, amma işlədiyim şirkətdə velosipedə sifariş çox az və ya heç gəlmədiyi üçün motosiklet adı ilə işləyirəm. Verdikləri sifarişlər uzaq olsa da, əziyyət çəkib velosiped ilə aparıram. Mənim bu şirkətdən qazandığım pul halaldır, yoxsa haram? Əgər haramdırsa, indiyədək o puldan istifadə etmişəm, bunun hökmü nədir?

Cavab: Bu məsələ sizin şirkətlə olan müqavilənizə bağlıdır. Əgər bu iş müqaviləyə zidd olmasa və zəhməthaqqı haram iş qarşılığında olmasa, bunun maneəsi yoxdur.


Sual: Restoranda və ya oteldə aşpaz işləmək istəyirəm. Əgər işlədiyim yerdə qidalar, yeməklər hazır şəkildə gəlirsə, onları istifadə edib müştəriyə verə bilərəmmi? Yəni aşpaz işləyəndə qidalar, yeməklər haqqında araşdırma aparmalıyammı?

Cavab: Əgər restorandakı işiniz halal və mübah bir iş olarsa və müsəlmanlara haram yeməklərin təqdim olunmasında bir rolunuz olmazsa, bu işdə işləməyinizin maneəsi yoxdur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər