Sual: Mən ticarətlə məşğul oluram. Satdığım malın üstünə nə qədər pul qoyub sata bilərəm?
Cavab: Ticarətdə gəlir əldə etmək insanları sıxıntıya salmaq həddində olmadığı, həmçinin cəmiyyətin idarə olunması və nəzmi üçün qəbul olunan qanunlara zidd olmadığı təqdirdə, bunun maneəsi yoxdur. Amma yaxşı olar, hətta müstəhəbdir ki, satıcı şəxs öz məişət xərclərini təmin edəcək gəlirlə kifayətlənsin.
Sual: Böyük şirkətlərə və ya adi insanlara avtomobil, müxtəlif ev əşyaları, mobil telefon və başqa mallar satırıq. Əksər hallarda müştərilər malı kreditlə almaq istəyir, biz də malı kreditlə satırıq. Belə iş və qazanc icazəlidirmi?
Cavab: Ümumiyyətlə, malı nisyə şəklində onun nağd qiymətindən baha satmağın heç bir iradı yoxdur. Nağd və nisyə arasındakı qiymət fərqi riba sayılmır.
Sual: Bazarda alver edənlər aldığı malın qiymətini artırıb satırlar. Bazarda alver etmək haramdırmı?
Cavab: Əgər haram bir işlə, məsələn, yalan danışmaqla yanaşı olmazsa, bazarda alver etməyin maneəsi yoxdur.
Sual: Ev alğı-satqısı ilə məşğul olan şəxs evin tikintisinə xərclənən məbləğin üstünə nə qədər məbləğ qoyaraq onu sata bilər? Ümumiyyətlə, bir malın üstünə neçə faiz qoyub satmaq olar?
Cavab: Qazanc əldə etmək əgər insanları çətinliyə salacaq bir həddə olmazsa, habelə cəmiyyətin idarə olunması və nizamlanması üçün qəbul edilən qanunlara zidd olmazsa, bunun maneəsi yoxdur. Amma daha yaxşı olar, hətta müstəhəbdir ki, insan onun xərclərini təmin edəcək bir miqdarla kifayətlənsin.
Sual: Avtomobili alıb üstünə pul qoyub satmaq və ya kirayə vermək icazəlidir, yoxsa günahdır?
Cavab: Bunun maneəsi yoxdur. Gəlir əldə etmək insanları sıxıntıya salmaq həddində olmadığı, həmçinin cəmiyyətin idarə olunması və nəzmi üçün qəbul olunan qanunlara zidd olmadığı təqdirdə, bunun maneəsi yoxdur. Amma yaxşı olar, hətta müstəhəbdir ki, şəxs məişət xərclərini təmin edəcək gəlirlə kifayətlənsin.
Sual: Biz ticarətlə məşğuluq. Məsələn, qiymətlər ucuz olan ölkədən bir malı 8 dollara alıb başqa bir ölkədə 70 dollara satırıq. Satdığımız ölkədə satılan malın qiyməti belədir. Malın qiymətini bu qədər artırıb satmağımızın şəri baxımdan bir haramlığı varmı?
Cavab: Haram deyildir. Amma əgər alıcıya haqsızlıq sayılarsa, bu halda icazə verilmir.
Sual: Mən Türkiyədən onlayn sifarişlə məhsul gətirirəm. Həmin məhsul Türkiyədə ucuz qiymətə satılır. Məsələn, bir məhsul mənə 20 manata başa gəlir, amma Azərbaycanda onu 90 manata satırlar. Əgər mən bu məhsulu 50 manata satsam, bu alğı-satqı düzgündürmü? Qiymət təyin etmək üçün meyar nədir?
Cavab: Maneəsi yoxdur. Malın qiyməti satıcı ilə alıcı arasındakı razılaşmaya bağlıdır. Amma alıcıya haqsızlıq edilməməlidir.
Sual: Xarici şirkətin satdığı bir məhsula internet üzərindən investisiya edirsən və şirkət pul yatırımı etdiyin məhsula uyğun olaraq müəyyən qədər qazanc verir. Bu nə dərəcədə düzgündür?
Cavab: Müxtəlif surətlər mövcuddur. Amma ümumiyyətlə, əgər bu məsələdə şəriət qanun-qaydalarına riayət olunarsa, məsələn, gəlir ribalı olmazsa, yaxud da şirkət spirtli içkilərin və donuz əti məhsullarının istehsalı kimi haram fəaliyyətlə məşğul olmazsa, sözügedən işin öz-özlüyündə maneəsi yoxdur.
Sual: Bir şəxs xarici ölkənin şirkətində məhsul ticarəti ilə məşğuldur. Mənə təklif etdi ki, mən ona pul verim və o mənim pulumla həmin şirkətdə ticarətlə məşğul olsun və müəyyən müddətdən sonra mənim pulumu faizlə birlikdə geri qaytarsın. Buradan gələn gəlirin hökmü nədir?
Cavab: Əgər bu iş şəri müqavilələrdən biri (məsələn, müzaribə) şəklində olarsa, iradı yoxdur. Qeyd edək ki, müzaribə müqaviləsi sərmayəni ticarətdə işlətməkdir. Bu müqavilədə sərmayə sahibinin və ticarət işini görən şəxsin gəlirdən olan payının kəsr və ya faiz bölgüsü, məsələn, yarı-yarıya, yaxud üçdə bir və üçdə iki bölgüsü şəklində müəyyən edilməsi şərtdir. Əlbəttə, əgər ticarət işini görən şəxs hər ay müəyyən məbləğ pulu sərmayə sahibinin payı qarşılığında ümumi olaraq ona versə və müzaribə müqaviləsi başa çatdıqda əldə edilən gəlir barəsində razılığa gəlsələr, bunun iradı yoxdur. Həmçinin əgər müqavilə bağlanarkən şərt qoyulsa ki, sərmayəyə ziyan dəydikdə ticarət işini görən şəxs bütün sərmayəni və ya onun bir miqdarını ödəyəcəkdir, bu şərtin də iradı yoxdur.
Sual: Mənim üç sualım var:
1) Biz kreditlə avtomobil alırıq, sonra onu şirkətə veririk. O da avtomobilləri taksi xidməti üçün istifadə edir və qazancından hər ay bizə pul verir. Biz bu pul ilə həm krediti ödəyirik, həm də qazanc əldə edirik. Bu işdən gələn qazanc halaldırmı?
2) Bu iş müzaribə sayılırmı?
3) Əgər bir şəxs bu işdə bizə kömək etsə, həmçinin öz qazancı məqsədilə bizə borca pul versə və biz də qazancımızdan həm o şəxsin borcunu qaytarsaq, həm də üstündə bir miqdar qazanc və ya hədiyyə ünvanında ona artıq pul versək, bu, halal sayılırmı?
Cavab: 1) Bu işin öz-özlüyündə maneəsi yoxdur.
2) Müzaribə deyildir.
3) Əgər şəri müqavilələrdən (məsələn, şəriklik, vəkalət və s.) biri şəklində olarsa və həmin müqavilənin şəri şərtlərinə əməl olunarsa, bunun maneəsi yoxdur. Əks halda, buna icazə verilmir.
Sual: Mənim pulum halaldır, amma dostumun pulu haramdır. Biz pulumuzu birləşdirib bir obyekt açmaq istəyirik. Bu obyektdən gələn gəliri necə halallaşdırmaq olar?
Cavab: Əgər bilsəniz ki, şəriklik üçün dostunuzun verəcəyi pulun özü haram puldur, belə şərikliyə icazə verilmir. Amma əgər şəriklik üçün haram pulun özünü verməzsə, belə şərikliyin maneəsi yoxdur. “Pis işlərdən çəkindirməy”in şərtləri mövcud olduğu təqdirdə, dostunuzu haram qazanc əldə etməkdən çəkindirə bilərsiniz.
Sual: Mənim bir obyektim var və onu yazılı müqavilə əsasında iki il müddətinə bir şəxsə icarəyə vermişəm. Bu şəxs bir müddət orada çay satdı, amma sonradan fikrini dəyişib oranı şərab evi etdi. Mən nə qədər etiraz etsəm də, dedi ki, mən şərab satacağam. Qeyd edim ki, orada başqa şeylər də (çay, şirniyat, yemək və s.) satılır. Bu şəxsi iki ildən tez obyektdən çıxartmağım heç cür mümkün deyil. Əvvəldən onunla bu barədə şərt də kəsməmişəm. O, mənə aylıq icarə pulu verir. Mən bu pulu nə etməliyəm? Bu pulun hökmü nədir?
Cavab: Suala əsasən, siz o obyekti spirtli içkilərin satılması üçün icarəyə vermədiyinizə görə, aldığınız icarə pulu halaldır.
Sual: 1) Bir şəxsin obyekti var. O, oranı başqa bir şəxsə icarəyə vermək istəyir. İcarəçi şəxs bu obyekti restoran kimi işlədəcək və orada şərab da verəcək. Obyektin sahibi həmin restoranda müştərilərə şərab, pivə və s. veriləcəyini bilə-bilə oranı icarəyə verə bilərmi?
2) Özümə aid obyekti şərab satması üçün kiməsə icarəyə verə bilərəmmi?
3) Özümə aid obyekti başqa bir şəxsə icarəyə verə bilərəmmi ki, oranı dükan kimi işlədəcək və orada halal mallarla yanaşı haram mallar, o cümlədən şərab, şəri kəsim olmayan toyuq və s. satacaq?
Cavab: 1-3) İcazə verilmir.
Sual: Mən özüm restoran işlədirəm və orada spirtli içki vermirəm, amma kimsə özü ilə spirtli içki gətirəndə də ona mane olmuram. Bu halda günah edirəmmi?
Cavab: Əgər günahı dəstəkləmək və ya günaha kömək etmək olarsa, buna icazə verilmir.
Sual: Mən obyekt tikib onu icarəyə verirəm. Oranı icarəyə götürən market şəbəkəsi orada ərzaqla yanaşı spirtli içkilər də satacaqdır. Mənim oradan aldığım icarə pulu halaldır, yoxsa haram?
Cavab: Mağazanı şərab satışı üçün icarəyə verməyə icazə verilmir. İcarə verən şəxs icarə pulunun sahibi olmur.
Sual: Aşağıdakı hallarda obyekti və ya evi müsəlman şəxsə icarə və ya kirayə verməyin hökmü nədir?
1) Banka icarəyə vermək, amma bilirəm ki, bankda haram sövdələşmələr, məsələn, ribalı sövdələşmələr olacaqdır;
2) Dükan kimi işlədiləcək və orada halal mallarla yanaşı şəri kəsim olmayan heyvan əti satılacaq;
3) Dükan kimi işlədiləcək və orada halal mallarla yanaşı şərab da satılacaq.
Cavab: 1-3) Əgər halal işlər üçün icarəyə verilirsə, maneəsi yoxdur.
Sual: Rayonda evi olan şəxs evini kiməsə kirayə verəndə hansı şəriət qanunlarına əməl olunmalıdır? İçki içən bir şəxsin özü ilə spirtli içki gətirib o evdə içməsi ev sahibində hansı məsuliyyətləri yaradır? Belə bir şəxsə evi kirayə vermək olarmı?
Cavab: Belə bir şəxsə evi kirayə verməyin öz-özlüyündə maneəsi yoxdur. Amma əgər ev günah etmək, məsələn, şərab içmək və bu kimi işlər üçün kirayə götürülərsə, bu halda evi kirayə verməyə icazə verilmir. Hər bir halda, “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olduğu təqdirdə, ev sahibinin öhdəsinə bu şəri vəzifəni yerinə yetirmək düşür.
Sual: Bir şəxsin qardaşı istehsal ilə məşğul olur. Ona mal almaq, gömrük xərcləri və s. üçün vəsait lazımdır. O öz qardaşına təklif edir ki, o da müəyyən sərmayə qoysun və bunun müqabilində ona hər ay sərmayə qoyduğu vəsaitin beş faizi məbləğində əldə edilən gəlirdən veriləcək. Suallarım bunlardır:
1) Əgər bu qardaşlar şəriklik müqaviləsi bağlasalar və şərt qoyulsa ki, qardaş sərmayəyə zamindir və gəlir əldə olunduğu təqdirdə bu şəxs öz qardaşının verdiyi pulun beş faizi məbləğində hər ay ona ödəniş edəcəkdir. Bu, şəri baxımdan icazəlidirmi?
2) Əgər icazəlidirsə, bu şəxsin digər şərikləri (belə ki, onlar da sərmayədardırlar) buna razılıq verməlidirlərmi? Bu şəxs digər sərmayədarlarla deyil, sırf öz qardaşı ilə şərik olmaq istəyir. Digər şəriklər bu sərmayədən heç xəbərdar da olmayacaqlar. Belə vəziyyət icazəlidirmi?
Cavab: 1 və 2) Əgər onların iş birliyi şəriət baxımından düzgün sayılan müqavilələrdən biri, məsələn, şəriklik və ya vəkillik əsasında olsa və həmin müqavilənin şəri hökmlərinə və şərtlərinə riayət olunsa, bunun maneəsi yoxdur.
Sual: Mən investisiya ilə məşğul oluram, yəni səhm ucuz olanda alıram, baha olanda satıram. Bunu onlayn edirəm. Bu işin şəri hökmü nədir?
Cavab: Əgər aidiyyəti qanunlara riayət edilərsə və şəriət qanunlarına da uyğun olarsa (məsələn, ribalı alğı-satqı olmazsa, yaxud haram fəaliyyətlərlə məşğul olan, məsələn, şərab və ya donuz məhsulları istehsal edən şirkətlərin səhmləri olmazsa), bunun maneəsi yoxdur.
Sual: 1) Bir nəfər brilyant daş satır. Əgər o, bilsə ki, bu brilyant daşı alan şəxs onu kişi üçün düzəltdiyi qızıl zinət əşyasının üzərinə bərkidəcəkdir, bu halda bu ticarətin hökmü nədir?
2) Bir şəxs külçə qızıl satır. Əgər o, bilsə ki, bu külçə qızılı alan şəxs ondan kişi üçün zinət əşyası düzəldəcək, bu halda bu ticarətin hökmü nədir?
Cavab: 1 və 2) Əgər satıcı bilsə ki, alıcı malı haramda istifadə edəcəkdir, malı satmaq ürfə görə harama kömək etmək sayıldığı təqdirdə, bu alğı-satqı haramdır. Həmçinin əgər satıcının üzərinə düşən şəri vəzifə “pis işlərdən çəkindirmək” olarsa, malı satmamalıdır. Belə olmadığı təqdirdə isə alğı-satqının maneəsi yoxdur.
Sual: Xalam mənə Rusiyadan aldığı xalis dəridən bir kürk hədiyyə edib. Düsündüm ki murdar heyvanlardan hazırlanmış ola bilər, ona görə də geyinmədim və onu satmaq qərarına gəldim. Onun satışından əldə edilən pul halaldır, yoxsa yox? Əgər halal deyilsə, həmin pulla qida və geyim almasam və onu yalnız kommunal xərclərə sərf etsəm, olarmı? Onu dindar olmayan bir şəxsə satmaq icazəlidirmi?
Cavab: Onu satmağın öz-özlüyündə maneəsi yoxdur və onun satışından əldə edilən pul halaldır.
Sual: Dropshipping iş modeli (bir onlayn mağazadan ucuz alıb, digərində baha satmaq) ilə “A” adlı xarici şirkətə məxsus onlayn mağazada satış edirəm. Həmin “A” platformu satıcılarına digər məşhur şirkətə məxsus “B” və “C” onlayn mağazalardan malı alıb, onların (“A” şirkətinin) saytında satışa qoymağa icazə vermir. Ancaq Dropshipping edən 95%-dən çox satıcı bu qadağan olunmuş yolla ticarət edir. Onlayn mağazanın sistemi bunu aşkarlayanda avtomatik hesabı bloka atıb bağlayır, ancaq bəzən də satıcı çatdırılmanı vaxtında edəndə, məsuliyyətli davranıb müştərilərə problem yaratmayanda hesabını bloklamır. Nəticədə mağaza da qazanır. (İş modelinin düzgün yolu topdansatışdan alıb satmaqdır, məşhur mağazalardan deyil.) Sualım budur ki, adını məxfi vurğuladığım xarici şirkətin platformunda dropshipping işini qeyd etdiyim qadağan olunmuş yolla etsəm, amma işimi düzgün, məsuliyyətli yerinə yetirsəm, bu işə şəri cəhətdən icazə varmı?
Cavab: Əgər bu iş sözügedən mağaza ilə bağlanan müqaviləyə və öhdəçiliyə zidd olarsa, buna icazə verilmir.
Sual: 1) Qeyri-müsəlman ölkəsində donuz ətinin alverinin hökmü nədir?
2) Qeyri-müsəlman ölkəsində tərkibində toyuq, qoyun və mal əti ilə qarışıq donuz əti və yağı da olan kolbasanın alverinin hökmü nədir?
Cavab: 1 və 2) Bu yolla qazanc əldə etməmək, ehtiyata müvafiqdir.
Sual: Bir valyutanı başqa bir valyutaya nisyə şəkildə baha satmaq olarmı? Məsələn, hazırda dolların kursu 1.70 manatdır və biz 500 dolları on iki aylıq müddətə hissə-hissə ödənişlə 2.40 manata sata bilərikmi?
Cavab: Olar.
Sual: Bizim ölkədə sosial evlər adlı bir layihə var. Burada çoxsayda mənzil onlayn satışa çıxarılır. Ancaq ev seçəndə sistem həddən artıq yüklü olduğuna görə sayta daxil olmaq mümkün olmur. Buna görə də kənarda kompüter mütəxəssislərinə müəyyən qədər pul verirlər ki, o sayta daxil olub, ev almaq istəyən şəxs üçün ev seçsin. Belə iş şəri cəhətdən düzgündürmü?
Cavab: Bu iş aidiyyəti qanunlara tabedir. Əgər cəmiyyətin idarə olunması və nəzmi üçün qəbul edilən qanunlara zidd olmazsa, bu işin maneəsi yoxdur.
Sual: Sələfi əqidəsində olan bir şəxsdən mal almaq nə dərəcədə düzgündür?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.
Sual: Qeyri-müsəlman ölkələrində qeyri-şəri üsulla kəsilmiş ət məmulatlarının ticarətinin hökmü nədir?
Cavab: Belə ət və ət məmulatlarının halal məqsədlərlə alğı-satqısına, məsələn, daxilə qəbul edilməyən dərmanlarda istifadə edilməsi və ya vəhşi heyvanların qidası məqsədilə, eləcə də öz dininə görə onları haram bilməyən insanlara satılmasına icazə verilir.
Sual: Müştərilərə tortu satanda qutunun altında tortun istehsal tarixini göstərən kağızı müştəri görmədən gizli şəkildə çıxarmağı mənə tapşırdılar. Çünki ola bilər ki, müştəri onu görüb tortun təzə olmadığını bilsin və şikayət etsin. Əgər mən bu deyilən işi görsəm, maaşıma təsiri var?
Cavab: Bu iş gəlirin haram olmasına səbəb olmur. Əgər mal qüsurlu olarsa və müştəri aldadılarsa, müştərinin alğı-satqını pozmaq haqqı vardır.
Sual: “A” adlı bir alış-veriş saytı mövcuddur. Çindən müəyyən bir malı sifariş verirsən və həmin malın sənə çatması üçün müəyyən bir vaxt təyin edilir. Əgər həmin vaxtda sənin malın gəlməsə, pulunu geri qaytarırlar. Bəzi hallarda həmin vaxt başa çatır və mal gəlmir, onlar da pulu geri qaytarırlar. Amma bəzi hallarda pulu geri aldıqdan sonra həmin mal da gəlir. Bu zaman həmin malın istifadəsi hansı hökmdə olacaq?
Cavab: Bu məsələ onlar arasında olan razılaşmadan asılıdır.
Sual: Mən telefon alveri ilə məşğulam. Mağazadan nağd alıb, kreditlə bir qədər baha qiymətə satıram. Telefonu satdığım şəxs iki aydan sonra onu gətirib qaytardı ki, telefonda problem var. Satıcı şirkət də zəmanətin şərtlərinin problemə aid olmadığını dedi. Telefonu satdığım şəxs də bu telefonu istəmədiyini bildirir. Verdiyi pulu da qaytarmağımı mənim öhdəmə buraxır. Bu halda mənim vəzifəm nədir? Mən telefonu geri alıb, ziyana düşməli və onun pulunu qaytarmalıyammı? Yoxsa problemə zəmanətin aid olmadığını deyib, bu tələbdən imtina etməliyəm və telefonun pulunu verməsini ondan tələb etməliyəm?
Cavab: Əgər telefonu müştəriyə satanda bu qüsur mövcud olubsa və müştərinin bundan xəbəri olmayıbsa, yaxud da müştəri hansısa bir qüsur aşkarlandığı təqdirdə alğı-satqını pozmaq ixtiyarına malik olacağını şərt qoyubsa, siz telefonu geri almalı və onun pulunu qaytarmalısınız. Amma əgər əvvəlcədən alğı-satqını pozmağa heç bir ixtiyara sahib olmadığını söyləmisinizsə və zəmanətin mövcud olmadığını ona başa salmısınızsa, müştəri alğı-satqını poza bilməz.
Sual: Mən ad günlərinə, əlamətdar günlərə aid tortlar bişirib satıram. Qarşıdan yeni il gəldiyi üçün yolka, şaxta baba, qarqız və s. bu kimi şəkillərlə tortu bəzəyib sata bilərəmmi?
Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur. Amma yanlış inancların dəstəklənməsi və ya yayılması halları istisna təşkil edir və bu kimi hallarda sözügedən işlər iradlıdır.
Sual: Kişi qadın ətiri və geyimi sata bilərmi?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.