Ali Məqamlı Rəhbərin informasiya bloku

Proqramçı, kompüter proqramları

Sual: Mən proqramçıyam. Bir şirkətdən mənə iş təklifi gəlib və mən orada qumar oyunlarının məlumatları (məsələn, kim nə qədər xərcləyir, hansı sirkət bu sahədə populyardır və s.) ilə işləməliyəm. Bir başa qumar saytı və ya proqramı hazırlamayacağam, yalnız qeyd etdiyim məlumatlarla işləyəcəyəm. Bu işin hökmünü bilmək istəyirəm. Mən orada işləyə bilərəm?
Cavab: Suala əsasən, bu iş fisq və günaha köməklik etmək olduğuna görə, onu görməyə icazə verilmir.

Sual: Bir şəxs proqramçıdır və peşəsi üzrə banklarla da işləyir. Bankların işinin daha da asanlaşması üçün müəyyən proqramlar hazırlayaraq onlara kömək edir və bu yolla qazanc əldə edir. Yəni bu şəxsin yazdığı proqramlara bütün bank baxır – şöbələr, idarə heyəti və s. hamısı baxır və proqrama əsasən qərarlar verir. Yəni bu şəxs öz işi ilə bankın işinin tezləşməsinə kömək olur və bank daha yaxşı işləyib pul qazanır. Bu şəxsin bankla işləməsinin (belə ki, bank insanlara kredit verib, faizlə insanlardan artıq pul alır) şəri baxımdan hökmü nədir? Belə olan halda bu şəxs bankla işləyə, onların işinin asanlaşması və tezləşməsi üçün onlara kömək edə bilərmi? Yəni bu işə şəriət icazə verirmi?
Cavab: Əgər şəri baxımdan haram olan müqavilələr və sövdələşmələr ilə əsla əlaqəsi olmazsa, iradı yoxdur.

Sual: Pul ilə alınan bir proqram var. Mən və dostum bu proqramı almaq istəyirik. Məsələn, proqram 20 manatdırsa, mən 10 manat, dostum da 10 manat verib bu proqramı alırıq və bu zaman bir proqramı iki nəfər işlədir. Belə etməyin iradı vardırmı?
Cavab: Bu məsələ sizin ilə proqram sahibi arasında əldə edilən razılığa bağlıdır. Əgər alğı-satqı zamanı proqram sahibi bu barədə xüsusi bir şərt qoymayıbsa, sualda qeyd edilən işin iradı yoxdur.

Sual: Mən video paylaşım platformasında olan hesabımı sataraq qarşılığında pul aldım. Bildiyimə görə lisenziyasız, yəni original olmayan proqramdan istifadə edərək qazanılan pul haramdır. Mən bu video paylaşım platformasında lisenziyasız (original olmayan) proqramdan istifadə edib-etmədiyimi xatırlamıram və o zaman bunun haram olduğunu da bilmirdim. Bu halda qazandığım pulun hökmü nədir?
Cavab: Əgər satılan platformanın haram videogörüntülərin paylaşımı ilə əlaqəsi yoxdursa, onu satmağın və bu yolla gəlir əldə etməyin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Elə şirkətlər vardır ki, məsələn, 30 növ halal qida məhsulu satırsa, 2 növ də spirtli içki satır. Belə olan halda bu şirkətin məlumatları ilə işləyərək qazanılan pulun halal olub-olmadığını bilmək istəyirəm.
Cavab: Spirtli içkilərin istehsalı və satışı istiqamətində hər növ həmkarlıq və köməkliyə, hətta sualda qeyd edilən halda belə, icazə verilmir və bu işi görmək günahdır.

Sual: Bir şirkətdə proqramçı kimi işə düzəlmək istəyirəm. Bu şirkətin fəaliyyətləri arasında bunlar da var:
1) Bitcoin və digər kriptovalyutaların alğı-satqısının təşkili;
2) Müxtəlif kosmetik məhsulların satışı;
3) Zəngin insanlara hesablanan israf təmayüllü əşyalar (bahalı aksesuarlar).
Mən bir proqramçı olaraq şirkətin bu sahədə işinin proqram təminatı ilə məşğul olmalıyam. Belə olan halda, bu kimi işdə işləyib maaş almağın hökmü nədir?
Cavab: 1-3) Əgər sizin işinizin şəri baxımdan haram olan alğı-satqılarla heç bir əlaqəsi yoxdursa, bu işi görməyin maneəsi yoxdur. Kriptovalyutaya gəlincə, bu məsələ barədə Ayətullah Xameneinin bir rəyi yoxdur. Siz bu məsələdə ehtiyata əməl edə, yaxud ələmlik səviyyəsini nəzərə alaraq başqa bir mərcəyi-təqlidə müraciət edə bilərsiniz.

Sual: Mən internet üzərindən xarici bir səhifədən 2-3 saat işləyərək pul qazanıram. Bu pul halaldırmı?
Cavab: Müxtəlif surətlər mövcuddur. Amma əgər sözügedən saytın fəaliyyəti şəri hökmlərə zidd olarsa və bu sayta baxmaq fəsadın, o cümlədən yalan və yanlış məlumatların yayılmasına səbəb olarsa, buna icazə verilmir.

Sual: İnternetdə anket dolduraraq qazanılan pul halaldır, yoxsa haram? İş belədir ki, sənə anket göndərilir və hər anketdə ingilis dilində videoçarx olur. Sən videoçarxı izləyirsən və o videoya aid verilən sualları cavablandırırsan. Hər anket üçün müəyyən miqdarda pul verilir.
Cavab: Müxtəlif surətlər ola bilər. Məsələn, əgər bu pul hədiyyə ünvanında verilərsə, onu almağın maneəsi yoxdur.

Fotoqraf və operator
Sual: Fotoqraf işləyən kişi hicaba riayət etməyən naməhrəm qadının şəklini çəkib, qarşılığında pul ala bilərmi? Yəni bu yolla qazanc əldə edə bilərmi?
Cavab: Əgər kişinin naməhrəm qadının fotoşəklini çəkməsi üçün naməhrəmə haram baxış lazım gələcəksə və ya bu işin başqa fəsadları olacaqsa, buna icazə verilmir. Həmin şəxs bu işdən gələn qazancın da sahibi olmur.

Sual: Bizdə toy günü gəlinlə bəyin müxtəlif məkanlarda, məsələn, parkda, muzeydə və ya hansısa bir yerdə fotoşəkilləri çəkilir, fotosessiya edilir. Fotoqraf kişi olsa, olarmı?
Cavab: Əgər kişinin qadın məclislərini və ya qadın-kişi qarışıq məclisləri videokamera və ya fotoaparatla çəkiliş etməsi, həmçinin qadının kişi məclislərini videokamera və ya fotoaparatla çəkiliş etməsi günaha düşmək qorxusu olan baxışla yanaşı olarsa, yaxud bu işin başqa bir fəsadı olarsa, buna icazə verilmir.

Sual: Bir nəfərin fotostudiyası var və oranı icarəyə verir. Sual budur ki:
1) Burada başıaçıq qadınların fotoşəkillərini çəkməyin hökmü nədir?
2) Həmin yerdə haram musiqi üçün klip çəkilməsinə icazə verilə bilər? Yəni obyekti bu iş üçün icarəyə verə bilər?
Cavab: Əgər fotostudiyanın sahibi icarəçi şəxsin oranı haram iş üçün icarəyə götürdüyünü bilsə və bu obyekti ona icarəyə vermək ürfə görə haram işə kömək etmək hesab olunsa, yaxud “pis işlərdən çəkindirmək” ünvanında bu obyekti ona icarəyə verməməlidirsə, fotostudiyanı ona icarəyə verməsi haramdır. Əgər icarə haram iş üçün olarsa, haramdır və müqavilə düzgün deyildir.

Sual: Naməhrəm fotoqraf kişinin qadının fotoşəkillərini çəkməsinin hökmü nədir?
Cavab: Əgər naməhrəm qadının fotoşəklini çəkmək üçün haram baxış lazım gələrsə, buna icazə verilmir.

Sual: Mənim peşəm operatorluqdur. Məni “Hellouin” bayramının videoçəkilişinə çağırıblar. Şəri baxımdan vəzifəmi öyrənmək istəyirəm. Mən bu bayramın videoçəkilişini edə bilərəmmi? Oradan qazandığım pul mənə halaldır, yoxsa haram?
Cavab: Əgər bu bayramın videoçəkilişini etmək yanlış inancları yaymaq hesab olunarsa, icazə verilmir.

Sual: Bir şəxs hal-hazırda haramlara yol verilən toy məclislərində işıqlandırma işinə nəzarət edir, yəni haram musiqilərə uyğun şəkildə işıqları tənzimləyir. Belə bir işdə işləmək olarmı? Əvvəllər çarəsizlikdən bu işdə işləyirdi, amma hal-hazırda başqa bir işi də var. Əlavə olaraq o işə gedə bilərmi?
Cavab: Günah məclisinin təşkil olunmasına kömək etməyə icazə verilmir.

Rəssamlıq
Sual: İnsan portretini çəkmək şəriətdə icazəlidirmi?
Cavab: İnsan şəkli çəkmək haram deyildir.

Sual: Bir möminə xanım Rəssamlıq Akademiyasında oxuyur, dərsləri şəkil çəkməkdən və insan bədənini öyrənməkdən ibarətdir. Bəzən çılpaq insan şəkilləri də çəkilir. Bu onun imtahan mövzusudur. Buna şəriətdə münasibət necədir? 
Cavab: Rəssamlıq etmək öz-özlüyündə haram deyildir. Amma əgər haram olan (məsələn, insanı küfr və şirk təhlükəsi ilə qarşı-qarşıya qoyan rəsmləri və ya çılpaq insan rəsmini çəkmək kimi) işlərlə yanaşı olarsa, bu işlərə görə rəssamlıq etmək haram olacaq.

Sual: Hicablı qadına təhsili ilə əlaqədar canlı çılpaq natura şəkli (əks cinsin nümayəndəsinin şəklini) çəkmək və ya şəklə baxıb çəkmək günah olurmu?
Cavab: İcazə verilmir.

Sual: Möminə xanım məktəbdə və ya kursda rəsm (təsviri incəsənət) müəllimi işləyə bilərmi? Bu, günah və haram deyil ki? Müəllim və ya şagirdlər insan və heyvan şəkli çəkə bilərlərmi?
Cavab: Əgər qadın islami geyimə və şəriət qaydalarına riayət edərsə, həmçinin fəsada bulaşmayacağını bilərsə, bunun maneəsi yoxdur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər