Ali Məqamlı Rəhbərin informasiya bloku

Ücrətlə Quran oxumaq

Sual: Mübarək Ramazan ayında bəzi insanlar Quran oxuyanlara müraciət edib, öz ölüləri üçün Quran xətm etdirirlər və bu işin qarşılığında pul verirlər. Sualım budur ki, Quran oxuyan bir şəxsə ayrı-ayrı şəxslər müraciət edir və məsələn, biri deyir ki, “Mənim beş ölümə bir Quran xətm et”, başqa birisi deyir ki, “Mənim altı ölümə bir Quran xətm et” və s. Beləliklə, üç, ya dörd, ya beş fərqli şəxs Quran xətmini sifariş edir. Quran oxuyan şəxs bir Quran xətm edərək, həmin üç, ya dörd, ya beş şəxs tərəfindən onların ölülərinə hədiyyə edə bilərmi, yoxsa belə edə bilməz?
Cavab: Belə edə bilməz. Yalnız müraciət edənlərin icazəsi ilə bu işi görmək olar.

Sual: Bir xanım pulla Quran oxuyur və Quran oxumaqla gəlir əldə edir. Xanımın öz dediyinə görə, Quranı təcvidlə oxuyur. Amma başqa bir xanım ona deyib ki, pulla Quran oxuma, çünki düz oxumursan. Suallarım bunlardır:
1) Bu xanım Quranı pul qarşılığında oxuya bilərmi? 
2) Əgər Quranın qiraətində səhvləri varsa, aldığı pul ona haram olurmu?
Cavab: Əgər Quran oxutduran şəxs bu xanımın Quran qiraətindən razıdırsa, bu işin iradı yoxdur. Bunu da qeyd edək ki, qiraətin (yəni oxunuş və tələffüzün) düzgünlüyünün meyarı hərflərin hərəkələrini düzgün oxumaq və sükuna riayət etmək, həmçinin hərfləri öz məxrəcindən tələffüz etməkdir, belə ki, ərəbdillilər başqa bir hərfin deyil, məhz həmin hərfin tələffüz edildiyini söyləsinlər. Təcvid qaydalarına isə riayət etmək vacib deyildir.

Sual: “Yasin” surəsini müəyyən məbləğ qarşılığında bir neçə ölüyə bir dəfə oxumaq olar?
Cavab: Bu, tərəflər arasındakı razılaşmadan asılıdır. Əgər şəxs hər ölü üçün tam bir “Yasin” surəsini oxuyacağını öhdəsinə götürüb və bunun qarşılığında pul alıbsa, bu surəni ümumi oxuya bilməz.

Sual: Bir şəxs Quran oxuyur, amma qiraətin savabını kiməsə hədiyyə etmir. Sonradan kimsə ona Quran oxumağı tapşıranda o, qabaqcadan oxuduğu Quranın savabını həmin şəxsin niyyətinə hədiyyə edir. Bu iş düzgündürmü?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur. Amma əgər Quran oxumaq qarşılığında zəhməthaqqı alırsa, pul verən şəxsə bu barədə məlumat verməlidir və onun razılığı ilə olmalıdır.

Sual: Mərsiyəxan məhərrəmlikdə İmam Hüseyn (ə) məclisində mərsiyələr oxuması üçün qiymət deyə bilərmi? Toy və yas məclislərinə nə qədər qiymət demək düzgündür? Məsumların (ə) adı ilə pul qazanmaq olarmı?
Cavab: Zəhməthaqqı təyin etməyin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Müsəlman şəxsin cənazəsini ücrət müqabilində yumaq, kəfənləmək, namazını qılmaq və dəfn etmək olar? Yəni bu kifayi-vacib əməlin müqabilində mərhumun sahiblərindən pul almaq olar? İstər onlar öz istəkləri ilə mənə pul versinlər, istərsə də mən bu kifayi-vacib əməlin müqabilində onlardan pul istəyim, bunun fərqi vardırmı?
Cavab: Maneəsi yoxdur.

Dərzilik və toxuculuq
Sual: Qadınlara aid açıq-saçıq, əxlaqa tam zidd və Qərb mədəniyyətini tərənnüm edən paltarların tikilməsi sexlərində işləməyin, onları tikib qazanc əldə etməyin hökmü nədir? Həmçinin bu cür geyimlərin istehsalında iştirak etmək olarmı?
Cavab: Bu kimi yerlərdə işləməyə və qazanc əldə etməyə icazə verilmir.

Sual: Mən dərzilik öyrənirəm. İnşallah, əgər dərzi işləsəm və birisi gəlib mənə qısa geyim tikdirsə, mənə günah yazılırmı?
Cavab: Əgər belə geyim haram istifadə üçün olmasa, onu tikməyin maneəsi yoxdur. Amma əgər belə geyimdən haram istifadənin ediləcəyini bilsəniz, bu sövdələşmə harama dəstək və kömək olduğu təqdirdə, haram sayılır.

Sual: Əgər bir şəxs baletdə istifadə edilməsi üçün paltar tikirsə və ya həmin paltarı bəzəyirsə, bu işin hökmü nədir? Bu paltarlar teatr üçün tikilsə, hökm nədir?
Cavab: Əgər haram istifadə məqsədilə olmazsa və harama kömək etmək də hesab olunmazsa, maneəsi yoxdur.

Sual: Mən dərziyəm və iyirmi ildir ki, hicabdayam. İşimlə bağlı paltar şəkilləri paylaşıram. Bilmirəm, bu iş nə qədər düzgündür. Ürəyim narahatdır, amma reklam etməsəm, işim getmir. Mən işimlə bağlı paltar şəkilləri paylaşa bilərəmmi?
Cavab: Əgər geyimlərin satışı və bu yolla gəlir əldə etmək məqsədilə sosial şəbəkələrdə geyim modellərini paylaşmağın hansısa bir fəsadı olarsa, yaxud günaha düşmək qorxusu mövcud olarsa, yaxud da Qərbin yanlış mədəniyyətini dəstəkləmək və yaymaq hesab olunarsa, buna icazə verilmir.

Sual: Divan sexində divanlar heyvan dərisindən hazırlanır. Belə divan sexində işləmək olarmı? Oradan qazanılan pul halal sayılırmı?
Cavab: Maneəsi yoxdur.

Sual: Hicaba aid olmayan geyim və aksessuar satmaq olarmı və oradan qazanılan pul halaldırmı? Əgər mən halal pul qazanmaq üçün satsam, amma həmin şəxs onu bayıra çıxanda geyinsə (yəni zinətlərini ona məhrəm olmayanlara göstərsə), onun günahına mən də şərikəmmi?
Cavab: Əgər sözügedən mallar qadının naməhrəm kişilərin qarşısında istifadə etməsi məqsədilə satılmazsa, bu alverin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Avropa modası olan dar və bəzək olaraq cırıqlı-yamaqlı şalvarların satışının hökmü nədir?
Cavab: Əgər qeyri-müsəlmanların geyimi hesab olunarsa, yaxud onu geyinmək azğın Qərb mədəniyyətini dəstəkləmək və yaymaq hesab olunarsa, yaxud da fəsad yaradarsa, bu hallarda onun alğı-satqısına icazə verilmir.

Sual: 1) Mən dərziyəm. Həddi-büluğa çatmış qız uşaqlarına qısaqol paltar tikə bilərəmmi?
2) Qərbin dəbinə uyğun olaraq oğlan uşaqlarının geyiminin boynuna bant tikmək və ya taxmaq olarmı?
Cavab: 1) Bunun öz-özlüyündə maneəsi yoxdur.
2) Ümumiyyətlə, uzun və kəpənək qalstuk və bu kimi qeyri-müsəlmanların geyimi sayılan geyimləri geyinmək əgər Qərbin yanlış və bayağı mədəniyyətini yaymaqla nəticələnərsə, buna icazə verilmir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər