Sual: Haram musiqilərin halal musiqilərdən çox olduğu bir cəmiyyətdə haram musiqiləri ifa etmək, paylaşmaq olarmı?
Cavab: Bu işə, hətta sualda qeyd edilən halda belə, icazə verilmir.
Sual: Musiqi məktəbində xanəndə müəllimi işləməyin hökmü nədir?
Cavab: Əgər haram musiqi öyrədilərsə, buna icazə verilmir.
Sual: Bir neçə qardaşın birgə işlətdiyi səsyazma studiyası var və orada musiqi ilə məşğuldurlar, yəni orada dini mahnılar və mərsiyələr oxunur. Haram toy mahnıları orada ifa olunmur, yalnız ilahilər və mərsiyələr ifa olunur. Burada ilahilər ifa edilərkən müxtəlif musiqi alətlərindən istifadə olunur. Bu musiqi alətlərinin səsi ya “sintizator” adlanan alətdən çıxır, ya da musiqi alətinin özü ilə (məsələn, kamança, tar və s. ilə) ifa edilir. Sual budur ki, studiyanı reklam edərkən bu alətlərin görüntülənməsinin şəri baxımdan haramlığı varmı? Yaxud hansısa ilahi oxunarkən klip çəkilir. Bu klipdə kamançanın, ya başqa musiqi alətinin görüntülənməsinin şəri baxımdan hökmü nədir? Ümumiyyətlə, haram olan xüsusi musiqi alətləri varmı ki, ondan istifadə olunmasın? Bu məsələdə harama əməl edilməməsi üçün ətraflı cavabınıza ehtiyac var.
Cavab: Əgər sualda qeyd edilən iş ürfə görə musiqini təbliğ etmək hesab olunarsa, musiqini təbliğ etmək – hətta halal musiqi olsa belə – İslamın uca və müqəddəs hədəflərinə uyğun olmadığı üçün daha yaxşı olar ki, bu iş görülməsin.
Sual: Azərbaycanın milli musiqi aləti olan tarı almaq, satmaq və təmir etməklə qazanc əldə etmək icazəlidirmi?
Cavab: Ürfə görə “müştərək musiqi aləti” hesab olunan və halal işlər üçün də istifadə edilən musiqi alətlərinin alğı-satqısı, təmiri və halal mənfəət məqsədilə istifadəsinə icazə verilir. Amma ürfə görə haram musiqilərə xas olan musiqi alətlərinin alğı-satqısı, təmiri və istifadəsinə icazə verilmir.
Bunu da qeyd edək ki, musiqinin geniş təbliğatı və yayılması, hətta halal musiqi olsa belə, İslam dininin ali məqsədlərinə uyğun deyildir. Yaxşı olar ki, əziz gənclər öz dəyərli vaxtlarını lazımlı və faydalı elmləri öyrənməyə sərf etsinlər, öz boş vaxtlarını idmanla və başqa faydalı əyləncələrlə keçirsinlər.
Sual: Əvvəllər nəfəs musiqi aləti olan klarnet ilə toy şənliklərində iştirak edib dolanışığımı idarə edirdim. Sonradan bu işin doğru olmadığını bilib, tövbə etdim və hal-hazırda bu işlə məşğul deyiləm. Ustalıq və digər tikinti işlərində çalışıram, çətinliklə dolanıram. Borclarım da çoxdur. Əvvəllər ifa etdiyim həmin nəfəs musiqi aləti də evdə lazımsız şəkildə qalıb. Satın almaq istəyən müştərilər də olub. Baxmayaraq ki, bu musiqi aləti ilə icazəli olan klassik bəstəkar musiqiləri də ifa etmək olar, amma əksər hallarda toy şənliyində istifadə edilir deyə, satmağa ehtiyat etmişəm. Hazırkı maddi durumumu və borcları nəzərə alıb, bu musiqi alətini satmağın alternativ yolları olduğunu düşünürəm. Bu haqda nəzərinizi bilmək istərdim.
Cavab: Əgər bir musiqi aləti ürfə görə (camaatın nəzərində) müştərək musiqi aləti sayılırsa və onda halal musiqilər də ifa edilirsə, bu musiqi alətinin halal musiqi niyyətilə alğı-satqısına icazə verilir.
Sual: Mən “xınayaxdı”larda davul musiqi alətindən istifadə edərək pul qazanıram. Həmin məclisdə qadınlar və kişilər rəqs edirlər. Mənim qazancım halal sayılırmı?
Cavab: Bu məsələ həmin alətdən hansı şəkildə istifadə edildiyinə bağlıdır. Əgər eyş-işrət məclislərinə xas olan və Allah yolundan azdıran musiqilər olarsa, onları dinləmək haramdır. “Allah yolundan azdıran musiqi” dedikdə isə o musiqilər nəzərdə tutulur ki, malik olduğu bir sıra xüsusiyyətlərə görə bu musiqi insanı Mütəal Allahdan, mənəviyyatdan, əxlaqi dəyərlərdən uzaqlaşdırıb, onu şəriətə laqeydliyə, hədəfsizliyə və günaha sövq edir.
Sual: Mən kamança alətində ifa edirəm. İçkili toylara getmək haram olduğuna görə elə toylara getmirəm. Xalq çalğı alətləri orkestrında işləyirəm və dövlət işindən maaş da alıram. Orada işləyib maaş almağım haramdır, yoxsa yox? Bundan əlavə, mən musiqi məktəbində uşaqlara kamança dərsi verirəm və oradan da hər şagirdə görə maaş alıram. Bunun hökmü nədir? Haramdır, yoxsa halal?
Cavab: Ürfə görə (yəni yaşadığın cəmiyyətin baxışında) eyş-işrət məclislərinə xas olan və insanı Allah yolundan uzaqlaşdıran musiqilər haramdır. Bu yolla əldə edilən gəlir halal deyildir. Bunu müəyyən etmək isə şəxsin ürfünə həvalə olunur.
Allah yolundan azdıran musiqi o musiqilərdir ki, malik olduğu bir sıra xüsusiyyətlərə görə insanı Mütəal Allahdan, mənəviyyatdan və insani keyfiyyətlərdən uzaqlaşdırır və onu dinsizliyə, hədəfsizliyə və günaha sövq edir.
Sual: Bir şair öz şeirlərini mahnı oxuyanlara sata bilərmi? Belə ki, şair bilmir həmin şəxs şeiri eyş-işrət məclisinə uyğun musiqi ilə oxuyacaq, yoxsa yox? Əgər eyş-işrət məclisinə uyğun musiqi ilə oxunmasa, ayrılıq, hicran və s. bu kimi məzmunlu şeirləri sata bilərmi?
Cavab: Əgər şeirin məzmunu fəsad yaradan bir məzmun olmasa, habelə şeir haram musiqi və ifada istifadə edilməsi məqsədilə yazılmasa, belə şeirləri musiqi bəstələyənlərə və müğənnilərə satmağın öz-özlüyündə maneəsi yoxdur.
Ürfə görə eyş-işrət məclislərinə xas olan və insanı Allah yolundan azdıran musiqi haram musiqidir. Yəni bu musiqi malik olduğu bir sıra xüsusiyyətlərə görə insanı Mütəal Allahdan, mənəviyyatdan və əxlaqi dəyərlərdən uzaqlaşdırıb, onu dinsizliyə, hədəfsizliyə və günaha sövq etdirir. Bunu təyin etmək isə şəxsin ürfünə həvalə olunur.
Sual: Rep musiqisindən, meyxanadan və ya digər musiqilərdən qazanılan pulun hökmü nədir?
Cavab: Ürfə görə eyş-işrət məclislərinə xas olan və Allah yolundan azdıran hər bir musiqi haramdır və belə musiqilərin ifasından əldə edilən gəlir də haramdır. Bunu müəyyən etmək isə mükəlləfin yaşadığı cəmiyyətin nəzərinə həvalə edilir.
Allah yolundan azdıran musiqi o musiqidir ki, müəyyən xüsusiyyətlərinə görə insanı Mütəal Allahdan, mənəviyyatdan, müsbət əxlaqi keyfiyyətlərdən uzaqlaşdırır və onu dinə biganəliyə, bihudəliyə və günaha sövq edir.
Kitab satışı
Sual: Kitab ticarətində kitabın üstünə neçə faiz qazanc gələ bilərik? Məsələn, əgər bir kitab 6 manata başa gəlibsə, onu 20 manata sata bilərik?
Cavab: Qazanc əldə etməyin maneəsi yoxdur, amma haqsızlıq həddinə çatmamalı, həmçinin mövcud qanunlara və şəriətə zidd olmamalıdır. Daha yaxşı olar və hətta müstəhəbdir ki, insan dolanışıq xərclərini təmin edəcək qazanc ilə kifayətlənsin.
Tədris və təlim
Sual: Mən Bədən Tərbiyəsi Universitetini bitirmişəm. İş yerlərinin az olduğunu nəzərə alaraq, məcburiyyət üzündən öz ixtisasım üzrə müəllim kimi şahmat məktəbində işləyə bilərəmmi? Buradan qazanılan pul haram sayılır, yoxsa yox?
Cavab: Əgər şəxsin nəzərinə görə şahmat oyunu hazırkı dövrdə qumar aləti sayılmırsa, şahmat oyununu öyrətməyin və mərcsiz olaraq şahmat oynamağın maneəsi yoxdur. Bu halda şahmat məktəbində şahmat oyunu öyrətməyin öz-özlüyündə maneəsi olmayacaqdır.
Sual: Bir futbolçunun öz peşəsi ilə (yəni futbolla) əldə etdiyi gəlir halaldırmı?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.