Ali Məqamlı Rəhbərin informasiya bloku

Sürücülük

Taksi xidməti
Sual: Mən taksi şirkətində işləyirəm. Əgər müştəridən xahiş etsəm ki, sifarişdən imtina etsin və şirkətin xəbəri olmadan mən onu getmək istədiyi yerə aparım, bu müştəridən aldığım pul haram sayılırmı?
Cavab: Siz şirkət ilə sizin aranızda bağlanılan müqaviləyə müvafiq şəkildə əməl etməlisiniz.

Sual: Mən onlayn şəkildə taksi şirkətinə qoşulmuşam. Şirkət mənə müştəri verir və məsafəyə görə təyin olunan məbləğdən bir miqdar faiz tutur. Səfərin sonunda şirkət məndən müştərinin mənə neçə manat verdiyini soruşur. Bəzən elə olur ki, səfərin qiyməti 2 manat olsa da, müştəri 3 manat verir və bunu bir qədər artıq məsafəyə sürdürdüyünə görə, yaxud da öz istəyi ilə edir. Belə olan halda, əgər şirkət məndən müştərinin verdiyi məbləği soruşsa, onlara əlavə məbləğin verildiyini bildirməliyəm, yoxsa yox? Nəzərə alın ki, əvvəlcədən təyin olunan məbləğdən şirkət öz faizini tutur. Amma əgər müştəri mənə artıq pul versə və mən də onu şirkətə bildirsəm, şirkət müştərinin mənə verdiyi artıq məbləğdən də faiz tutacaq. 
Cavab: Bu məsələ aidiyyatı qanunlardan, həmçinin bağlanılan müqavilədən asılıdır.

Sual: Mən Bakıda xüsusi bir taksi şirkətində işləyirəm. Bu şirkət xüsusi bir proqram üzərindən mənə müştəri yönləndirir və müştəri avtomobilə minməyənədək mən onun hara gedəcəyini bilmirəm, hətta yolun yarısında və ya axırında müştərinin hara getdiyini öyrənə bilirəm. Sualım budur ki, əgər müştərinin haram məclisə (məsələn toya, pivəxanaya, qadın və kişilərin birlikdə olduqları çimərliyə və s.) getdiyini bilsəm, ondan aldığım pul halaldır, yoxsa haram? Əgər haramdırsa, o pulu mən işıq və internetin ödənişinə, benzin alınmasına və bu kimi yerlərə sərf edə bilərəmmi? Qeyd edim ki, əgər mən müştərini yarı yolda avtomobildən düşürtsəm, mənimlə dava edə bilər və ya polisə müraciət edə bilər. Bu kimi hallarda mən nə etməliyəm? 
Cavab: Əgər yəqin bilsəniz ki, o, haram bir iş üçün, məsələn, şərab içilən məkana getmək üçün sizin avtomobilinizə minib və siz də onu həmin məkana aparmalısınız, buna icazə verilmir. Bu, günaha kömək etmək sayılır və alınan pul halal deyildir.

Sual: Əgər mən taksi sürücüsü və ya şirkətdə sürücü işləyirəmsə və avtomobilimə minən sərnişinlər özləri ilə spirtli içkilər götürərsə, bu məsələdə mənim vəzifəm nədir?
Cavab: Belə hallarda əgər “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olarsa, bu şəri vəzifəni yerinə yetirməlisiniz.

Sual: Mən taksi sürücüsüyəm. Şirkətlə işləyirəm. Sərnişin avtomobilə minəndən sonra bilirəm ki, o hara gedir. Əgər sərnişin haram toylara, haram məclislərə gedirsə, mən onu apara bilərəmmi? Əgər mən yolda və ya avtomobilə minəndən sonra onun toya getdiyini bilsəm və onu düşürtsəm, şirkət məni işdən çıxaracaqdır. Bu məsələnin hökmü nədir?
Cavab: Taksi sürücüsü üçün bunun iradı yoxdur. Amma əgər “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olarsa, o, bu şəri vəzifəni yerinə yetirsin.

Sual: Mən taksi sürücüsüyəm. Müştəri avtomobilə oturduqdan sonra bilmişəm ki, o, içki içməyə gedir. Bu halda onu istədiyi yerə aparmağımın və bunun qarşılığında ondan aldığım pulun hökmü nədir?
Cavab: Suala əsasən, onu aparmağın və gediş haqqı almağın maneəsi yoxdur.

Sual: Mən şəxsi avtomobilim ilə taksi fəaliyyəti ilə məşğul oluram. Bəzən sərnişinlər alış-veriş etdikləri paketlərdə içki aparırlar. Bu halda mənim onları aparmağım icazəlidirmi?
Cavab: Belə sərnişinləri öz avtomobilinizə mindirməyinizin və onlardan ödəniş almağınızın maneəsi yoxdur. Amma əgər haram içkilərin daşınması üçün əlavə ödəniş alsanız, əlavə alınan pul haramdır.

Sual: 1) Mən sürücüyəm və turistlərlə işləyirəm. Bəzən onları restoranlara və ya hansısa mağazalara aparıram. Onlar oradan nəsə alanda restoran və ya mağaza sahibi turistləri ora apardığım üçün mənə müəyyən qədər pul verir. Bununla bağlı şəri hökm nədir? 
2) Bakıda gecə klubları var və müştəri məndən onu bu kluba aparmasını istəyir. Mən də aparıram və onlar da giriş üçün müəyyən qədər ödəniş edib içəri daxil olurlar. Klubun sahibi giriş üçün olan ödənişi müştərini gətirən sürücüyə verir. Bu pulu götürməyin hökmü nədir?
Cavab: 1) Bu pulu almağın maneəsi yoxdur.
2) Bu pulu almağa icazə verilmir.

Sual: “Ayıq sürücü” olaraq işləmək icazəlidirmi? Yəni bir şəxs spirtli içki içdiyinə görə şəxsi avtomobilini idarə etmək üçün sürücü (ayıq sürücü) çağırır. Onun avtomobilini sürüb pul qazanmaq haramdır, ya yox?
Cavab: Əgər haram işi və günahı dəstəkləmək hesab olunmazsa, bu işin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Mən taksi sürücüsüyəm. Özəl bir müştərim vardır ki, onun itini ayda bir neçə dəfə baytara və yaxud başqa yerlərə aparmalı oluram. Bəzən mən aparıram, bəzən də müştərinin özü iti qucağında götürüb gəlir, gedirik. Bu iş ilə pul qazanıram. İti maşında gəzdirə bilərəmmi? Bu işdən qazandığım pul halaldırmı?
Cavab: Əgər qeyri-müsəlmanların mədəniyyətini dəstəkləmək və yaymaq hesab olunmazsa, bunun öz-özlüyündə maneəsi yoxdur. Bu işdən əldə edilən qazancın da maneəsi yoxdur.

Sual: Əvvəlki sualıma bu cavabı aldım: “Əgər qeyri-müsəlmanların mədəniyyətini dəstəkləmək və yaymaq hesab olunmazsa, bunun öz-özlüyündə maneəsi yoxdur. Bu işdən əldə edilən qazancın da maneəsi yoxdur”.
İndi sualım budur ki, mən Bakıda yaşayıram. Bu iş Qərb mədəniyyətini təmsil edir, yoxsa yox?
Cavab: Bu kimi məsələlərdə ürfə, yəni yaşadığın toplunun nəzərinə müraciət olunur. Siz öz toplunuzun bu barədəki nəzərinə əməl edə bilərsiniz. 

Sual: Bir şəxs topdan satış dükanında işləyir. Belə ki, həmin dükandan maşınla digər dükanlara müxtəlif mallar daşıyır. Yəni dükanların sifariş etdikləri malları onlara aparır. Mal sifariş edənlər müxtəlif mallarla yanaşı oyun alətləri, o cümlədən qumar aləti sayılan oyun alətləri (məsələn kart, loto və s.) də sifariş edə bilərlər. Yaxud şəri kəsim olmayan toyuq və ya şəriətdə icazəli olmayan hər hansı bir şeyi sifariş edə bilərlər. Bu halda sürücü bu kimi malları daşıya bilərmi? Yəni bu malları digər dükanlara apara bilərmi?
Cavab: Suala əsasən, maneəsi yoxdur.

Kuryer xidməti
Sual: Sərbəst kuryer proqramı ilə işləyərkən Bakı daxili minlərlə müxtəlif restoranlardan sifarişlər gəlir. Ancaq bəzi xarici restoranlar var ki, əti xaricdən gəlir və bu ətlərin halal olmadığına əminik. Özləri də etiraf edirlər ki, “halallıq sertifikatı” yoxdur. Mən bir sərbəst kuryer olaraq həmin restorandan ət yeməklərini müştərilərə daşıya bilərəmmi? Yoxsa sırf belə restoranları siyahımdan çıxarıb, onların sifarişini götürməməliyəm? Əgər müştəriyə daşınmanı həyata keçirsəm, qazandığım pul halaldırmı?
Cavab: Spirtli içkiləri başqalarına çatdırmaq icazəli deyildir. Donuz əti istisna olmaqla başqa haram qidalara gəlincə, əgər bir şəxs öz dininə görə bir qidanı haram bilmirsə, bu qidanı ona satmağın və çatdırmağın maneəsi yoxdur. Donuzun satışı ilə gəlir əldə etməmək isə ehtiyata müvafiqdir.

Sual: Xarici ölkədə yemək çatdırılma sirkətlərində işləməyin hökmü nədir? Belə ki, o şirkətdə haram içkilər və qidalar da sifariş olunur. Qeyd edim ki, həmin ölkə üçün bunlar adi haldır.
Cavab: Hər növ spirtli və məstedici içkilərin insanlara çatdırılması və verilməsi haramdır. Spirtli içkilər istisna olmaqla, haram qidaları öz dininə görə haram bilməyən bir şəxsə bu qidaları satmağın və verməyin maneəsi yoxdur. Əlbəttə, donuz əti ilə qazanc əldə etməmək ehtiyata müvafiqdir.

Sual: Bakıda qida sektorunda kuryer (yəni qida məhsullarının sifariş verilən ünvana çatdırılması işində) işləmək halaldırmı? Belə ki, qidanı ünvana çatdıran şəxs daşıdığı qidanın halal və ya haram olduğunu bilmir. Yəni qida bağlı qutuda olur və içində nə olduğunu daşıyan şəxs bilmir; halal qida da ola bilər, haram qida da. Belə işlərdə işləmək və qazanc əldə etmək olarmı?
Cavab: Sualda qeyd olunanları nəzərə alaraq, bu işdə işləməyin maneəsi yoxdur.

Sual: Bir şəxs Rusiyada yemək çatdırılmasında işləyir. Orada həm donuz ətindən, həm də “bismillah”sız kəsilən heyvanların ətindən hazırlanan yeməklər var. Belə yerdə işləmək icazəlidirmi?
Cavab: Əgər onun iş müqaviləsi donuz ətinin daşınması və çatdırılması ilə əlaqədar olmayıbdırsa, bu işin öz-özlüyündə maneəsi yoxdur. Amma ehtiyat-vacibə görə, donuz ətinin daşınması və çatdırılmasından çəkinmək lazımdır.

Sual: Mən kuryer işləyirəm. O gün müştəri malı geri qaytardı. Mən də şirkətə bildirdim. Şirkət dedi ki, malı ya restorana qaytar, ya da ofisə gətir. Mən isə imtina edib, başqa kuryer göndərmələrini istədim. Hava çox soyuq və qarlı olduğuna görə kuryer az idi. Şirkət dedi ki, mal sizə qalsın və balansınızdan o pul silinəcək. Yəni malı mənə verdilər ki, mən yeyim. Sonradan müştəri malı məndən istədi və mən malı müştəriyə satdım, amma şirkət bilmədi. O pulun hökmü nədir?
Cavab: Əgər şirkət onu sizə satıbsa və siz onun sahibi olduqdan sonra onu başqa bir müştəriyə satmısınızsa, həmçinin sizin bu işiniz cəmiyyətin idarə olunması üçün qəbul edilən qanunlara zidd deyildirsə, bunun maneəsi yoxdur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər