Ali Məqamlı Rəhbərin informasiya bloku

Dizayn və reklam

Sual: Reklam etmək və reklam etdirməyin hökmü nədir?
Cavab: Əgər fəsadı olmasa və günaha yol verilməsə, bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: Bir şəxs dizayn işi ilə məşğul olur. Banklardan biri ona bir iş sifariş edib. Bu bank ümumilikdə digər banklar kimi sələmçiliklə məşğul olur, amma digər fəaliyyətləri də var. Suallarım bunlardır:
1) Əgər sifariş olunan iş bankın hansısa xidməti ilə (sələmlə əlaqəli olmayan bir xidmətlə) bağlıdırsa, bu sifarişi qəbul etmək olarmı?
2) Əgər bu sifariş bankın ümumi imici ilə bağlıdırsa, yəni bankı tanıtmaq üçün edilirsə, bu halda hökm nədir? Sifarişi yerinə yetirmək olarmı? Belə ki, bank faizlə pul da verir.
Cavab: 1 və 2) Suala əsasən, bu işin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Video paylaşım platformasında videoçarxlar paylaşaraq pul qazanmaq olur. Videoçarxlarda bəzən hicabsız qadınlar da olur. Bu halda qazanılan pul haramdırmı?
Cavab: Ümumiyyətlə, bunu bilməlisiniz ki, bəyənilməyən və haram reklamlar qarşılığında pul almaq icazəli deyildir.

Sual: Bizim reklam işi görmək üçün çap aparatlarımız var və reklam üçün bir sıra məhsullar çap edirik. Bu aparatlarla İslama xidmət üçün də məhsullar çap olunur. Bəzən müştərilərin istədikləri reklamlarda qadın şəkilləri (belə ki, bu qadınlar hicabsız olurlar, yəni açıq-saçıq olmasa da, nisbətən açıq geyimli olurlar) olur. Sual budur ki, üzərində belə şəkillər olan məhsulları çap etməyin hökmü nədir? Onu da qeyd edim ki, buradan gələn gəlirlər yalnız İslama xidmət üçün sərf olunur.
Cavab: Haram və əxlaqa zidd məzmunlu, yaxud hansısa bir şəkildə fəsada səbəb olan, yaxud da günaha zəmin yaradan fotoşəkillərin çap edilməsinə və yayılmasında köməklik edilməsinə heç bir vəchlə icazə verilmir.

Sual: Başqalarının paylaşdığı maraqlı hadisələrin görüntüləndiyi videoçarxların üzərinə səsləndirmə edilərək paylaşılır. Bu videoçarxları müsəlmanlar çəkmədiyi üçün görüntülərdə hicabsız qadınlar da olur. Həmin videoçarxların paylaşıldığı hesab satılaraq pul qazanılır. Qazanılan pul halaldır, yoxsa haram?
Cavab: Əgər bu videoçarxlar pis və ehtirası təhrik edən görüntüləri ehtiva edərsə, onu paylaşmağa və bu yolla qazanc əldə etməyə icazə verilmir.

Sual: Bir tanışım reklam işində işləyir və ona müxtəlif sifarişlər olur. Sual budur ki, hansısa haram bir məclisin təşkil olunmasının elanı üçün afişaların hazırlanması icazəlidirmi? Yəni bu afişalar insanların sözügedən məclislərə dəvət edilməsi üçün hazırlanır.
Cavab: Əgər bu iş günahı dəstəkləmək və yaymaq hesab olunarsa, haramdır.

Sual: Hər hansı biznesi reklam etmək məqsədilə haram musiqilərdən istifadə etmək icazəlidirmi? Bu yolla qazanılan pulun hökmü nədir? Məsələn, gördüyüm işi (kafel və  metlax döşəməyi) videoya çəkirəm və arxa fonda haram musiqi qoyuram. Bu video müştəri cəlb etmək niyyətilə hazırlanıb. Bu reklam vasitəsilə qazandığım (müştərilərdən aldığım pul) halal sayılır?
Cavab: Hər halda, haram yolla qazanc əldə etməyə, hətta sualda qeyd edilən şəkildə, icazə verilmir.

Sual: Pul qazandıran bir platforma yaradılıb. Platformaya qatılmaq üçün müəyyən miqdarda pul ödənilir. Daha sonra platformanın göndərdiyi reklam videolarını izləmək şərtilə platforma gündəlik pul verir, videoları izləmədikdə isə pul verilmir. Həmçinin əgər mənim vasitəmlə qatılan müştəri olarsa, onun üçün də mənə ayrıca olaraq bonus ünvanında pul verilir. Xristian bir ölkədə yaşayan müsəlman şəxs üçün bu platformadan pul qazanmağın hökmü nədir?
Cavab: Əgər reklam saytlarını izləmək fəsadı yaymağa səbəb olmazsa, məsələn, yalan və əsassız məlumatları yaymaq olmazsa, həmçinin verilən pul hədiyyə ünvanında olarsa, bu saytları izləməyin və sözügedən pulu almağın maneəsi yoxdur.

Sual: Mən reklam şirkətində işləyirəm. Hazırladığımız bəzi reklam işlərinin daxilində şərab və digər haram xidmətlərin reklamı da var. Bu reklam paketləri televiziya kanallarında və yollarda reklam afişaları kimi təqdim edilir. Bunu bildiyim halda mənim vəzifəm nədir?
Cavab: Hər halda, əgər izləyici üçün hazırlanan reklamlarda haram işlər də təbliğ olunsa və fəsad yaradaraq fəsadın yayılması ilə nəticələnsə, bu işdə iştirak etməyə və bu yolla qazanc əldə etməyə icazə verilmir.

Sual: Bir ticarət saytı var. Bu saytda bir çox məhsulun qiyməti normal qiymətindən daha ucuz yazılır. Təbii ki, müştərilər qiymətə görə alış-verişi bu saytdan etmək istəyirlər. Sayta daxil olub məhsulu sifariş vermək istədikdə, sifariş “xəta”ya alınır. Bunu saytın sahibi bilərəkdən edib ki, sayta daha çox giriş olsun və reklamlardan pul qazansın. Qazanılan bu pul halaldır, yoxsa haram?
Cavab: Əgər buna görə müştəridən pul çıxılırsa, bu iş icazəli deyildir.

Sual: Bir sayt var, ora müəyyən məbləğ pul qoyursan. Şərti də budur ki, saytda film izləyirsən, bəyənirsən və çıxırsan. Sayt da bunun qarşılığında təxminən iki ay müddətində hissə-hissə sənə pul verir. Sən qoyduğun pulu az müddətdə geri alırsan və əlavə olaraq da 400-500 dollar qazanırsan. Məsələn, mən 200 dollar pul qoyuram, sayta daxil olub beş dəqiqə film izləyirəm və bəyənmə edib çıxıram. Bunun qarşılığında təxminən 65 gün hər gün 10 dollar mənə pul ödənilir. Mən 20 gün ərzində qoyduğum pulu geri alıram və qalan günlər də əlavə pul əldə edirəm. Bu işin şəri baxımdan hökmü nədir? Bu yolla qazanc əldə etməyin hökmü nədir? Qeyd edim ki, bu sayt qeyri-müsəlmanlara aiddir.
Cavab: Bəyənmə sayı ilə reytinq qazanan saytlardan pul əldə etməyin əgər hansısa bir fəsadı olmazsa və bu sayta daxil olmaq fəsadı yaymağa, o cümlədən yalan və yanlış məlumatların yayılmasına səbəb olmazsa, habelə sayt abunəçilərdən pul almazsa və verdiyi pulu da hədiyyə ünvanında verərsə, bunun maneəsi yoxdur.

Sual: Əvvəlki sualımda abunəçinin ora əvvəldən müəyyən məbləğ pul qoyduğunu qeyd etmişdim. Yəni ora pul qoymadan bu işi görmək olmur. Yəni sən müəyyən məbləğ pul qoyursan və hissə-hissə həm qoyduğun pulu geri alırsan, həm də qoyduğundan əlavə pul əldə edirsən. Əlavə pulu sayt özü verir. Bu işin şəri baxımdan hökmü nədir? Bu yolla qazanc əldə etməyin hökmü nədir?
Cavab: Əgər bu işin hansısa bir fəsadı olmazsa və fəsadı yaymağa, o cümlədən yalan və yanlış məlumatların yayılmasına və başqalarına ötürülməsinə səbəb olmazsa, bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: Bir şəxsin surət çıxarma (kserokopiya) aparatı var və başqaları üçün pul qarşılığında müəyyən şeylərin surətini çıxarır. Bəzən bu şəxsə restoranların menyusunu və ya reklamını gətirirlər. Menyuda isə şərab, çaxır və bu kimi haram şeylərin adı yazılıb. Yəni insanlara təklif edilən menyulardır və bunların surətini çıxarıb çoxaltmaq istəyirlər. Bu şəxsin bu kimi şeylərin surətini çıxarmasının şəri hökmü nədir?
Cavab: Haram işi, o cümlədən spirtli içkiləri reklam etməyə və dəstəkləməyə icazə verilmir.

Sual: Sahibi və istifadəçiləri müxtəlif dinlərə mənsub olan sosial şəbəkələrdə İslami qaydaları qoruyaraq videoçarxlar paylaşıb, gələn bəyənmə və baxış sayına görə pul qazanmaq icazəlidirmi?
Cavab: Əgər haram işlərin təbliğatı aparılmazsa və bu işin hansısa bir fəsadı olmazsa, sözügedən gəlirin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Bizim yaşadığımız ərazidə toylar restoranlarda keçirilir. Bu məclislər həm haram musiqi və spirtli icki ilə, həm də şəriətə uyğun keçirilir. Bu, müştərinin istəyindən asılıdır. Sualım budur ki, bu restoranların internet üzərindən reklam və rezerv olunmasına xidmət etməyin hökmü nədir?
Cavab: Hər bir halda, əgər spirtli içkilərin satışı və təqdim edilməsində hansısa bir şəkildə iştirakı olsa, yaxud günah işlərin və günah məclislərinin yayılması və dəstəklənməsi olsa, bu işə icazə verilmir.

Sual: Mənim internet kanalım var və mən kanalda manetizasiyaya (yəni videomun üzərində reklam yerləşdirilərək qazanc əldə edilməsinə) qoşulmuşam. Amma reklamın mətnini, məzmununu seçmək hüququm yoxdur, bu işi “Youtube” platforması müstəqil şəkildə özü icra edir. Mümkündür ki, bəzi reklamların məzmunu hər hansı bir haram məhsul (spirtli içki, donuz əti və s.) olsun. Belə olan təqdirdə, mənim şəri vəzifəm nədir? Hansısa şərtlər daxilində (məsələn, xüms çıxartmaqla və s.) orada həmkarlığımı davam etdirə bilərəm?
Cavab: Əgər sosial şəbəkələrdən istifadə etmək fəsada (məsələn, fəsadın təbliğinə, yalan və yanlış məlumatların yayılmasına) səbəb olarsa, yaxud günaha düşmək qorxusu olarsa, yaxud da İslam və müsəlmanların düşmənlərinin güclənməsinə səbəb olarsa, onlardan istifadə edilməsinə icazə verilmir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər