Sual: Amerika və bu kimi ölkələrdə işləməyin hökmü nədir?
Cavab: Əgər bunun bir fəsadı olmazsa, həmçinin haram bir işi görmək və ya vacib bir əməli tərk etmək tələb olunmazsa, maneəsi yoxdur.
Sual: Bir şəxs müəyyən bir şirkətdə işçi qismində bir müddət işləyib. İşlədiyi müddət ərzində biliklər və təcrübə toplayıb. Müəyyən müddətdən sonra şirkətdə işini tamamlayıb oradan işdən çıxıb. İşlədiyi müddətdə şirkət ilə aralarında yazılı və ya şifahi müqavilə olmayıb. Bu şəxs gələcəkdə həmin şirkətdə işlədiyi sahə üzrə öz şəxsi işini yarada bilərmi?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.
Sual: Bir şəxs təlim üzrə müəllimdir. Bəzən böyük zallarda təlim keçir və bu təlimlərə bilet satır. O, bu biletləri bəzən dəllal vasitəsilə də satır. O, dəllala biletləri 15 manata verir və biletləri istədiyi qiymətə sata biləcəyini ona söyləyir. Dəllal da, adətən, biletləri 22-25 manata satır. Bu şəxs özü isə biletləri internet vasitəsilə 18 manata, öz ofisində isə 20 manata satır. Həmin şəxs sual edir ki, belə satış şəri baxımdan icazəlidirmi? Biletlərin müxtəlif qiymətlərə satılması müştərilərin haqqını tapdalamaq hesab olunurmu?
Cavab: Əgər müştəriyə qarşı haqsızlıq olarsa, buna icazə verilmir.
Sual: Mən işləmək üçün bir yerə getdim, amma mənim tələbə olduğumu biləndən sonra müdiriyyət tərəfindən tələbələrin işə götürülmədiyi bildirildi. Əgər mən həmin iş yerinə bir neçə gündən sonra yenidən getsəm, amma tələbə olduğumu və iki-üç aylıq işləmək niyyətində olduğumu gizlətsəm, onlar da məni işə götürsələr, həmin yerdə işləyib qazanacağım maaş halal hökmündədir, yoxsa haram?
Cavab: Əgər sizin durumunuz ilə iş razılaşmasının şərtləri əvvəlcədən uyğun deyildisə, sualda qeyd edilən şəkildə işə qəbul olaraq aldığınız əməkhaqqı halal deyildir.
Sual: Dövlət idarəsində işləyən şəxsin rəsmi iş vaxtında internet səhifələrinə və sosial şəbəkələrə baxması icazəlidirmi? Belə ki, o, yalnız boş vaxtlarında bu işlə məşğul olur və bu, işin gedişatına heç bir mənfi təsir göstərmir. Bu, icazəlidirmi? İşçi iş qaydalarına riayət etməsə, onun aldığı məvacibin hökmü nədir?
Cavab: Bu kimi məsələlər aidiyyatı qurumun qanunlarına bağlıdır.
Sual: Dövlət idarələrində rəsmi iş saatı bitmədən öncə işçinin iş yerini tərk etməsi icazəlidirmi?
Cavab: İşçi ilə idarə arasında bağlanan müqavilənin şərtlərinə riayət olunmalıdır.
Sual: 1) İşçi dövlət idarəsində qeyri-iş saatında nahar vaxtı yemək yeyə bilər? Qeyd edim ki, idarənin mətbəxi yoxdur, o, öz otağında yemək yemək istəyir.
2) İşçi iş saatlarında asudə vaxtında çay, su içə bilər? Bu, icazəlidirmi?
Cavab: 1 və 2) Bu kimi məsələlər aidiyyatı qurumun qanunlarına bağlıdır.
Sual: 1) Şəxsi şirkətin sahibi heç bir səbəb göstərmədən və əsas gətirmədən şirkətin işçisini işdən çıxara bilərmi?
2) Əgər şirkət sahibinin buna ixtiyarı yoxdursa, işçi öz hüquqlarını qeyri-şəri məhkəmələrdə müdafiə edə bilərmi?
3) Əgər şirkət sahibinin buna ixtiyarı varsa, amma dövlətin qanunları ilə işçiyə işdən çıxarıldığına görə kompensasiya verilməlidirsə, həmin işçinin bu kompensasiyanı tələb etməyə haqqı vardırmı? O cümlədən qeyri-şəri məhkəmə vasitəsilə bu kompensasiyanın verilməsinə nail ola bilərmi?
Cavab: 1) İşçinin həmin şirkətlə olan müqaviləsinə müvafiq şəkildə əməl olunmalıdır.
2) Əgər insanın öz haqqını ala bilməsinin yeganə yolu bu olarsa, maneəsi yoxdur.
3) Əgər müqavilədə kompensasiya veriləcəyi qeyd olunubsa, yaxud müqavilə belə bir şərt əsasında bağlanıbsa, bu hallarda kompensasiya tələb etməyin maneəsi yoxdur.
Sual: 1) İşçi ötən illərin maaş borcunu şirkətdən qeyri-şəri məhkəmə yolu ilə tələb edə bilərmi? Belə ki, sahibkar maaşı verməkdən faktiki imtina edir.
2) Əgər istifadə edilməyən məzuniyyətə görə qanunvericiliyə əsasən işçiyə kompensasiya verilməlidirsə, amma şəxsi şirkət sahibi bundan imtina edirsə, işçi qeyri-şəri məhkəmə yolu ilə bunu tələb edə bilərmi?
Cavab: 1) Əgər haqqınızı ala bilməyin yeganə yolu belə bir məhkəməyə müraciət etməkdirsə, bu halda həmin məhkəməyə müraciət etməyin maneəsi yoxdur.
2) Əgər müqaviləyə əsasən, sizin şirkət sahibi üzərində belə bir haqqınız varsa və haqqınızı ala bilməyin yeganə yolu belə bir məhkəməyə müraciət etməkdirsə, bu halda həmin məhkəməyə müraciət etməyin maneəsi yoxdur.
Sual: Almaniyada qaçaq işləmək dövlətin qanununu pozmaq sayılır. Bəzi iş yerləri vardır ki, dövlətə vergi verməmək üçün işçiləri qaçaq işlədir. Belə olan halda dövlət orqanları həmin yeri aşkarladıqda, ya pul cəriməsi alaraq, ya da deport edərək onları cəzalandırır. Belə yerdə işləməyin hökmü nədir?
Cavab: Əgər İslam qanunlarına zidd olmayan dövlət qanunlarını pozmaq başqalarının haqqının tapdalanmasına səbəb olarsa və ya cəmiyyətin idarə olunmasına xələl gətirərsə, bu qanunlara riayət olunmalıdır.
Turizm xidməti
Sual: Mən turizm şirkətində işləyirəm. Turistləri cəlb etmək üçün müəyyən təklif paketləri hazırlayırıq, turistlər bu paketlərdən birini seçirlər və biz də onların seçdikləri paketə əsasən xidmətləri təşkil edirik. Bu təklif paketlərinin bəzisində şərab və digər haram xidmətlər də var ki, bu paketləri mən hazırlamıram, başqaları hazırlayır. Mənim hazırladığım paketlərdə haram olan xidmət təklifi yoxdur. Bir neçə gün əvvəl isə müştərilərdən biri məndən elə otel tutmağımı istədi ki, orada maneəsiz şəkildə zina edə bilsin. Bunu bildiyim halda mənim vəzifəm nədir?
Cavab: Əgər bilsəniz ki, müştərinin haram istifadə niyyəti vardır, onun istəyini yerinə yetirməyə icazə verilmir.
Sual: 1) Mən turizm şirkətində işləyirəm. İşimin özü halal və pak işdir. Yəni normalda biz turistlər üçün tur paketləri hazırlayırıq və əsasən o paketlərdə halal xidmətlər veririk, məsələn, yemək, otel, şəhər gəzintisi və s. Ancaq bəzən turistlərin haram xidmət istəkləri (məsələn, spirtli içki və rəqqasə kimi) olur. Bu cür paketler olan zaman iş yoldaşıma göndərirəm, yəni paketi özüm hesablayıb turistə göndərmirəm ki, haram xidmət vardır. Keçən ay bir turistlə danışdım, amma o, sonradan mənə dedi ki, əlavə qonağa icazə verən otel olsun (üzr istəyirəm, naməhrəm qadın gətirəcəyini bildirdi). Mən ona paket atmışdım, amma bilmirdim ki, o, belə niyyətlə gəlir. Bu halda ona otel verməyim maaşıma haramlığın qarışmasına səbəb olurmu? Bütöv maaşın (maaşım 600 manatdır) beşdə birini xüms vermək mənə vacib olurmu? Yoxsa maaşı 30 günə bölməli və turistlə danışdığım və ona xidmət paketi satdığım günün maaşının (yəni 20 manatın) beşdə birini xüms verməliyəm?
Onu da qeyd edim ki, paket satışı olsa da, olmasa da mənə maaş (yəni 600 manat) verilir. Paket satışı olarkən mənə faiz verilir. Haram xidmət olsa, mən həmin faizdən xüms verməliyəm, ya maaşımdan? Bu haqda bilgi versəniz və şəri vəzifəmi mənə bildirsəniz, şad olaram.
2) Ümumiyyətlə, bu cür işdə işləmək və paket daxilində haram olan xidmət istənildiyi halda müştərini iş yoldaşıma yönləndirmək (iş yoldaşım deyir ki, mənim üçün problem deyildir, mən hesablayaram) maaşıma haramlığın qarışmasına səbəb olurmu?
Cavab: 1 və 2) Əgər sizin göstərdiyiniz xidmətlərin “halal istifadə”si də vardırsa və siz halal istifadə məqsədilə bu xidmətləri göstərirsinizsə, həmçinin sizin əməliniz haram işi dəstəkləmək və yaymağa səbəb olmursa, bu işdə işləməyin və maaş almağın sizin üçün maneəsi yoxdur.
Makler
Sual: Bir şəxs ev sahibi ilə tikinti-təmir işini müəyyən bir məbləğə razılaşır, amma ustaya razılaşdığı məbləğdən aşağı qiymət deyir. Bu işin şəri cəhətdən hökmü nədir?
Cavab: Əgər bu şəxs vasitəçidirsə və sifarişçi (yəni ev sahibi) də bilir ki, vasitəçi şəxs işi ustaya həvalə edəcəkdir, bu halda sözügedən sövdələşmənin maneəsi yoxdur.
Sual: Bir şəxs mağazada işçi olaraq işləyir və müəyyən qədər aylıq əməkhaqqı alır. Müdir bu işçiyə deyir ki, mənə özün kimi iki işçi tap gətir işləsinlər, onların işindən nə qədər qazanacağamsa, həmin qazancın iki və ya beş faizini sənə verəcəyəm. Yəni müdir o iki işçi vasitəsilə əldə etdiyi qazancdan bu işçiyə verir. Bu işin şəri hökmü nədir? Bunun iradı vardırmı?
Cavab: Bu işin öz-özlüyündə iradı yoxdur.
Sual: Suallarım vasitəçiliklə bağlıdır:
1) Əgər mətbəə broşuraları 1000 manata çap edirsə, amma vasitəçi müştəriyə 1500 manat deyir, sonra mətbəə müdiri ilə danışır ki, 500 manatı ona vasitəçiliyə görə versin. Broşuraları da müştəri özü götürür, vasitəçi heç bir iş görmür. Yalnız mətbəə ilə danışır və ünvanı müştəriyə ötürür. Belə qazanc icazəlidirmi?
2) Əgər müştəriyə real qiyməti deyir, amma vasitəçiliyə görə, daha doğrusu, ünvanı göstərdiyinə görə müəyyən ücrət istəyirsə, bu halda hökm nədir?
3) Əgər müştəridən 1500 alır və mətbəəyə 1000 manatı verir, özünə 500 manat götürürsə, amma broşuraları özü götürüb müştəriyə çatdırırsa, yəni az da olsa, müəyyən iş görürsə, bu halda qazanc halaldır, yoxsa haram?
Cavab: 1-3) Əgər bu şəxs sözügedən malı özü alsa və sonra müştəriyə baha qiymətə satsa, bunun maneəsi yoxdur. Amma əgər elə ilk başlanğıcda müştərinin vəkili olaraq onu alsa, aldığı qiymətə də müştəriyə verməlidir. Əlbəttə, müştəridən alış üçün ücrət istəyə bilər.