Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbərinin XXXII Ümumrespublika Namaz Konfransına müraciəti

Həzrət Ayətullah Xamenei XXXII Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə mənalı və həyatverici bir ibadət olan namazın insanın dünya və axirət taleyindəki roluna işarə edərək vurğulayıb: “Namazın təbliği və təlimi, batini incəliklərinin izahı və ona ciddi şəkildə əhəmiyyət verilməsi dinin təbliği ilə məşğul olan qurumların, din xadimlərinin və dindar şəxslərin qəti vəzifəsidir. Bu istiqamətdə müasir vasitələrdən istifadə olunmalıdır”.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Muhəmmədə və onun pak ailəsinə Allahın salavatı olsun

Namaz Qurultayı ölkənin ən faydalı toplantılarındandır. Bu qurultayın keçirildiyi gün isə ilin ən mübarək günlərindən biridir. Bunun səbəbi mənalı və həyatverici ibadət olan namazın İslam dininin vacib ibadətləri arasında seçkin və uca məqamda olmasıdır.

Namaz təvazökarlıq və Məbuda tam mənəvi bağlılıq kimi xüsusiyyətlərlə yerinə yetiriləndə qəlbi sakitləşdirir, iradəni gücləndirir, imanı dərinləşdirir və ümidi canlı saxlayır. İnsanın dünya və axirət taleyi məhz belə bir qəlb, belə bir iradə, belə bir iman və belə bir ümiddən asılıdır. Bu səbəbdən Qurani-Kərimdə və digər dini mətnlərdə namaz tövsiyəsi digər tövsiyələrdən daha çox yer alır və azanda namaz bütün işlərdən üstün elan edilir.

Namazın yayılması və ona ciddi şəkildə əhəmiyyət verilməsində ata və analar, sonra müəllimlər və yoldaşlar, daha sonra isə namazla bağlı həyat qaydaları və gündəlik vərdişlər mühüm rol oynayır.

Dini təbliğatla məşğul olan qurumlar, din xadimləri və bütün dindarlar bunu özlərinin qəti vəzifəsi bilməlidirlər. Namazın öyrədilməsi, təbiliği və onun mənəvi incəlikləri, habelə hər bir müsəlmanın dünyəvi və axirət ehtiyacının izah edilməsi məsələsində müasir vasitələrdən və stimullaşdırıcı üsullarından istifadə olunmalıdır.

Sonda bu səmərəli ağacı əkib buraya qədər gətirib çatdırmış cənab Qəraətiyə səmimi qəlbdən təşəkkürümü bildirirəm.

Allahın salamı və rəhməti üzərinizə olsun
Seyid Əli Xamenei
15.07.1404

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /