Ali Məqamlı Rəhbərin informasiya bloku

Mühasiblik

Mühasiblik
Sual: Oteldə mühasib işləmək olarmı? Belə ki, həmin oteldə haram iş görülüb-görülmədiyi barədə məlumatım yoxdur və mühasibin maaşının da hansı puldan verildiyi bilinmir.
Cavab: Əgər maaşı halal iş müqabilində alsanız, maneəsi yoxdur.

Sual: Spirtli içki verilən kafe və restoranlarda kassir və mühasib işi ilə məşğul olmaq olarmı?
Cavab: İcazəli deyildir.

Media işçisi
Sual: Yoldaşım media işçisidir. İşi ilə əlaqədar olaraq bəzən açıq-saçıq geyimli şəxslərin xəbərlərini hazırlayır və onları yayımlayır. Suallarım bunlardır:
1) Bu, əxlaqsızlığın təbliğidirmi? 
2) Həmin işdən alınan pul halaldırmı?
Cavab: 1) Əgər sözügedən iş haram və fəsadla yanaşı olarsa, yaxud onların haram işini dəstəkləməyə və ya onları haram işə təşviq etməyə səbəb olarsa, buna icazə verilmir.
2) Əgər işin özü və hazırlanan xəbər, reportaj halal işlər barəsində olarsa, şəxsin aldığı məvacibin iradı yoxdur.

Tibb işçisi
Sual: Mən hicablıyam və tibb bacısı işləyirəm. Gün ərzində xəstələrlə təmasda oluram və onlardan qan analizi götürürəm. Adətən, əlim onların qoluna dəyir, amma əlimdə əlcək olur. Bacardığım və mümkün olan qədər xəstələrə az toxunmağa çalışıram. Naməhrəmə toxunmağım günahdırmı? 
Cavab: Əgər posiyentlə eynicinsli tibb işçisi yoxdursa və zərurət olarsa, bunun maneəsi yoxdur. Amma mümkün olduğu qədər əlcəkdən istifadə edin.

Sual: Həkim xəstəxanada posiyentlərə göstərdiyi xidmətə görə maaşdan əlavə pul (yəni posiyentlərin ona verdiyi pulu) ala bilərmi? Həkimin maaşının az olması hökmə təsir edirmi?
Cavab: Əgər həkim dövlət xəstəxanasında işçi olarsa və maaşı dövlətdən alarsa, hətta sualda qeyd edilən halda belə, onun posiyentdən heç bir əlavə pul tələb etməyə haqqı yoxdur.

Sual: Mən özəl klinikada işləyirəm və cərrahiyyə zamanı xəstələrə narkoz verirəm. Bəzən abort etdirən qadınlara da narkoz verməli oluram. Mənim abort zamanı narkoz verməyim haram işdirmi? Bu işə görə mənə də günah yazılırmı?
Cavab: Əgər ürfə görə (camaatın nəzərində) günaha kömək etmək sayılırsa, icazə verilmir.

Sual: Özəl tibb müəssisəsində həkimə kassadan kənar pul vermək olarmı? Belə ki, həkim deyir ki, kassaya getsən, baha başa gələcək; daha az pulu mənə ver və mən sənə lazımi xidməti göstərim. Həkimin qəbulunun ayrı ödəniş, müayinənin (USM) əlavə ödəniş, prosedurların da ayrı ödəniş olduğunu nəzərə alsaq, həkimin təklifi daha sərfəlidir. Belə olan halda həkimə birbaşa (yəni kassadan kənar) pul vermək olar?
Cavab: Əgər həkim xəstəxananın işçisidirsə və xəstəxananın büdcəsindən maaş alırsa, yaxud cərrahiyyə əməliyyatı üçün sığorta şirkətindən zəhməthaqqı alırsa, bu həkimin xəstədən əlavə pul tələb etməyə haqqı yoxdur.

Sual: Ölkəmizdə dərman şirkətləri xəstəxana həkimlərinə deyirlər ki, xəstələrinizə şirkətin dərmanını yazsanız, dərman satışından əldə edilən gəlirin müəyyən faizi sizə ödəniləcək. Bizim ölkədə bu iş cəmiyyətin nəzmi və idarə olunması üçün qəbul olunan qanunlara zidd deyil. Sualım budur ki, bu gəlir şəri baxımdan halaldır, yoxsa haramdır? Həkimin bu yolla pul qazanması şəri baxımdan icazəlidirmi?
Cavab: Əgər cəmiyyətin nəzmi və idarə olunması üçün qəbul olunan qanunlara zidd olmazsa, bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: Mən Almaniyada yaşayıram. Hicablı xanımam. Tibb sahəsində təhsil almaq və tibb bacısı və ya fizioterapevt olmaq istəyirəm. Amma hər iki işdə naməhrəmə toxunmaq vəziyyəti yaranır. Ümumiyyətlə, burada seçim etmək (məsələn, kişilər üzərində deyil, yalnız qadınlar üzərində öyrənmək və işləmək kimi seçim etmək) imkanı yoxdur. İslam dininin bu haqda hökmünü bilmək istəyirəm. 
Cavab: Əgər tibb elmini və xəstəliklərin müalicə yollarını öyrənmək öz-özlüyündə haram olan müayinələrin aparılmasına bağlı olarsa, bu halda belə müayinələrin və təmasların iradı yoxdur. Amma bu şərtlə ki, tələbə gələcəkdə insanların həyatını xilas etmək bacarığının bu yolla əldə edilən bilik və təcrübələrə bağlı olduğuna əmin olmalıdır. Həmçinin əmin olmalıdır ki, gələcəkdə xəstələr ona müraciət edəcək və o da xəstələrin həyatını qurtarmaq vəzifəsini daşıyacaqdır.

Təmir işi
Sual: Usta dostumuz var, təmir işi ilə məşğuldur. Ona bir soyuducunun təmirini sifariş ediblər. Amma usta görüb ki, bu soyuducuda süd məhsulları ilə yanaşı, alkoqollu içkilər də saxlanılır. Suallarım bunlardır:
1) Əsas təyinatı ərzaq saxlamaq olan, amma bir hissəsində haram içki və ya ərzaq saxlanılan mağaza soyuducularını təmir etmək icazəlidirmi?
2) Ev soyuducuları ilə bağlı hökm necədir? Qarışıq ərzaq saxlanılan və qeyri-möminlərə aid olan soyuducuları təmir etmək olarmı?
3) Müxtəlif verilişlərə, o cümlədən ğina və haram kinolara baxan insanların televizorlarını təmir etmək icazəlidirmi?
4) Usta rüşvətxor məmurlardan zəhməthaqqı ala bilərmi?
Cavab: 1-3) Halal istifadələr niyyətilə onları təmir etməyin maneəsi yoxdur.
4) Əgər usta ona verilən pulun haram olduğunu bilmirsə, bu pulu almasının maneəsi yoxdur.

Sual: Mən təmir işləri görən və usta dəstəsi olan iş icraçısıyam. Ümumi təmir işi üçün xərclənən pulun 15%-i qədər müştəridən zəhməthaqqı alıram. Adətən, evin mətbəx və digər mebellərinin yığılmasını da müştəri mənə həvalə edir, ancaq bəzi müştərilər bu işi təmirdən saymadığı üçün bu işə görə mənə mebel işinin 15%-i qədər zəhməthaqqı vermir. Bu halda mən mebel ustası üçün iş tapdığım və dolayısıyla bu işin keyfiyyətinə də cavabdeh olduğum üçün ondan öz faizimi istəyə bilərəmmi? Nəzərə alın ki, mən öz faizimi mebel ustasından istədiyim üçün mebel ustası görəcəyi iş qarşılığında müştəridən daha çox pul istəyə bilər.
Cavab: Əgər siz ustaya desəniz ki, mən sənə müştəri yönləndirirəm və sən də mənə filan məbləğ pul verəcəksən, bu sövdələşmənin maneəsi yoxdur.

Sual: Ev sahibi tikinti materialının qiymətinin 100 manat olduğunu görüb və ustaya 100 manat verib ki, usta onun üçün həmin materialı alsın. Amma usta satıcı ilə danışıb və bu materialı 90 manata alıb. Qiymət fərqi olan 10 manat ustaya halaldırmı? Bu, ev sahibini bir növ aldatmaq deyilmi?
Cavab: Əgər usta ev sahibinin verdiyi pul ilə tikinti materialları almaq üçün ev sahibi tərəfindən vəkildirsə, endirimdən əldə edilən məbləğ pul sahibinə aid olacaqdır. Amma əgər usta bu işdə ev sahibinin vəkili deyildirsə, əksinə, ev sahibinə satmaq üçün tikinti materiallarını özü alırsa, endirimdən əldə edilən məbləğ ustaya aiddir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər