Sual: Qəssablıq etmək və un satmaq məkruh əməldirmi?
Cavab: Heyvan kəsməyi və un satmağı peşə etmək məkruhdur.
Heyvanların və heyvan qidalarının satılıb-alınması
Sual: Mənim bir xaski itim var, onu satmaq istəyirəm. Ümumiyyətlə, it, dovşan, yaxud əti haram olan və ya nəcasət sayılan heyvanı satmağın hökmü nədir?
Cavab: İt və donuz istisna olmaqla, digər əti haram heyvanları satıb-almağın maneəsi yoxdur. Ümumiyyətlə, keşikçi it, çoban iti və ov itini də satıb-almağın maneəsi yoxdur. Bundan qeyri məqsədlər üçün isə iti satmağa və ya almağa icazə verilmir.
Sual: Qardaşlardan biri dükan işlədir. O, it və pişiklər üçün qida məhsulları satmaq istəyir. Bir tərəfdən it və pişiklər üçün hazırlanan qidalar şəri baxımdan əti haram olan heyvanlardan, eləcə də şəri qaydada kəsilməyən heyvanlardan hazırlanır. Digər tərəfdən də bu qidalar heyvanlar üçündür. Suallarım bunlardır: 1) Nəcasətin ticarətinin düzgün olmadığını nəzərə alaraq (kiçik istisnalarla), bu cür malları satmaq icazəlidirmi və ticarəti düzgündürmü? 2) Ümumiyyətlə, it və pişiklər üçün qida və bu kimi şeylər satmaq icazəlidirmi?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur. Amma əgər qeyri-islami mədəniyyəti yaymağa səbəb olarsa, icazə verilmir.
Sual: Heyvanı heyvana (məsələn, inəyi inəyə, qoyunu qoyuna) dəyişməyin hökmü nədir? Bu, riba sayılırmı? Əgər riba sayılırsa, birinin üstündə bir miqdar pul verməklə bu iş düzgün olurmu? Ümumiyyətlə, bu işdə ribanın olmaması üçün nə etmək lazımdır?
Cavab: Ümumiyyətlə, haram iş olan riba borc verərkən artıq məbləğ almağa, yaxud tərəzi ilə çəkilən və ya ölçü qabı ilə ölçülən eynicinsli bir malı verib əvəzində daha çox mal almağa aiddir. Amma sualda qeyd edilən halda artıq almağın maneəsi yoxdur.
Sual: Əhli-sünnəyə (məsələn, Şafei məzhəbindən olanlara) pulcuqsuz balıq satmaq olarmı? Belə ki, onlar pulcuqsuz balıq yeməyi halal hesab edirlər.
Cavab: Əgər bir şəxsin məzhəbinə görə belə balıqlar halaldırsa, ona belə balıqları satmağın maneəsi yoxdur.
Playstation
Sual: Bir şəxs kompüter oyunları zalı (playstation) üçün bir obyekt icarəyə götürüb işlətmək istəyir. Amma müştərilərin burada qumar oyunlarını da oynayacağını bilir. Belə ki, qumar oyununu iki nəfər oynayır və uduzan tərəf ödənişi edir. Belə bir şeyin baş verəcəyinə yəqini olan halda, həmin şəxs bu yeri icarəyə götürüb işlədə bilərmi?
Cavab: Əgər bu iş günaha köməklik etmək hesab olunan hallardan deyildirsə, bunun öz-özlüyündə maneəsi yoxdur.
Avtomobil ustası
Sual: Bir şəxs avtomobillərin rənglənməsi ilə məşğul olur və onun yanına ya avtomobilin özü, ya da müxtəlif ehtiyat hissələri gətirilir, o da onlara boya vurur. Maşın ustası müştəriyə avtomobilin əzilmiş hissəsini dəyişib yenisini qoyacağını deyir, amma müştərini aldadaraq bunu etmir, əksinə, onun əzilmiş yerini kəsib atır və salamat yerini ora calaq edir. Yəni yeni hissə qoymur. Daha sonra bu hissəni gətirir ki, boyaçı onu boyasın. İndi sual budur ki, boyaçı bu işi görməklə müştərinin aldadılmasına şərik olurmu? Əgər boyaçı bu işi görsə, harama düşürmü? Qeyd edim ki, boyaçının ustanın bu əməlindən xəbəri var.
Cavab: Əgər boyaçı bilsə ki, maşın ustası bu məsələni müştəridən gizlədəcək və nəticədə, müştəri aldadılacaq, bu işi görməyə icazə verilmir.
Çörəkçi
Sual: Çörək bişirib satmaq istəyirəm. Bişirdiyim çörəkləri toy məclisi üçün (toylar adətən şəriət çərçivəsində olmur) satmaq icazəlidirmi?