Bu axşam İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei əziz İran xalqına ünvanladığı telemüraciətdə Bəsicin böyük bir sərvət, ümumilli hərəkət və milli gücün artmasına səbəb olan amil kimi gücləndirilməsi və bir-birini əvəzləyən nəsillər arasında qüdrətli şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayaraq bildirdi ki, ABŞ və sionist rejimin İrana hücum planında qarşıya qoyduqları məqsədlərin heç birinə çata bilməmələri onların qəti məğlubiyyətindən xəbər verir. O, xalqa bir neçə tövsiyə verərək bütün xalqı və siyasi cinahları milli birliyi qorumağa və gücləndirməyə çağırdı.
O, Bəsicə hörmət göstərilməsi istiqamətində məsul şəxslərin tədbir görməsinin zəruriliyinə işarə edərək Bəsicin özgüvəni, ilahi və vicdani motivasiyaları olan qiymətli və qeyrətli bir milli hərəkat olduğunu dedi: “Dördüncü Bəsic nəsli, yəni əziz yeniyetmələr ölkənin hər yerində fəaliyyət göstərməyə və çalışmağa hazırdır. Bəsicin çox qiymətli və mühüm fəaliyyəti ölkənin bir-birini əvəzləyən nəsilləri arasında daha mütərəqqi, fasiləsiz, mükəmməl və güclü şəkildə nəsildən-nəsilə ötürülməlidir”.
İnqilabın Rəhbəri Bəsic kimi bir hərəkatın mövcudluğunun hər bir ölkə üçün yolgöstərən və faydalı olduğunu bildirərək əlavə etdi: “Beynəlxalq quldur və əlibıçaqlılar qarşısında dayanıb sinəsini sipər etmiş İran kimi bir ölkənin isə Bəsicə bütün ölkələrdən daha çox ehtiyacı var”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqların imperialist ölkələrin tamahkarlığı və müdaxilələrinə qarşı müqavimət göstərməsi zəruridir: “Əsası İranda qoyulub inkişaf etmiş böyük müqavimət bu gün dünyanın müxtəlif regionlarında, o cümlədən Qərb ölkələrində, hətta ABŞ-da Fələstin və Qəzzəyə dəstək şüarlarında müşahidə edilir”.
O, Bəsicin diri və yüksək əhval-ruhiyyəyə malik olmasının xalqların zalımlara qarşı müqavimətinin inkişafına səbəb olduğunu dedi: “Dünyanın məzlumları müqavimətin inkişafı ilə arxalarında güc və dəstəyin olduğunu hiss edirlər”.
İnqilabın Rəhbəri Bəsicin mahiyyətini izah edərkən dedi: “Bəsic özünün təşkilati strukturunda Sepahın bir şöbəsi kimi düşmənlər qarşısında sərt, xalq qarşısında isə xidmətçi bir simaya malikdir. Amma daha önəmlisi Bəsicin özünü bütün ölkə üzrə, iqtisadi, sənaye, elmi, universitet, mədrəsə, istehsal, biznes və digər sahələrdə motivasiyalı, ümidli və hər zaman hazırlıqlı olan qeyrətli insanların və kollektivlərin varlığında göstərən geniş dəstəyinin olmasıdır”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, Bəsic bu ümumi və hərtərəfli səciyyəsi ilə düşmənin hərbi, iqtisadi, istehsal, texnologiya, bir sözlə bütün sahələrlə bağlı planını puç edir: “12 günlük müharibədə şəhid olmuş əziz alimlər, raketlərin layihəsini işləyib hazırlamış alimlər, istehsalçılar və atıcılar, möhkəm məntiqləri və sərrast nitqləri ilə şayiə və vəsvəsələrə qarşı maarifləndirmə işləri aparan hər kəs, müharibə zamanı xəstəxananı tərk etməyən fədakar həkim və tibb bacıları, beynəlxalq arenalarda Allaha, dinə, ölkəyə və xalqa sevgilərini göstərən idman qəhrəmanları – istər təşkilati baxımdan Bəsicin üzvü olsunlar, istər olmasınlar – hamısı bəsici sayılırlar”.
O əlavə etdi: “İmam özü bəsici olmaqla fəxr edir, belə bir əhatəli Bəsicin olmasını istəyirdi. Bəsic xüsusi bir təbəqəyə aid deyil, bütün etnik qrupları, peşələri və təbəqələri əhatə edir”.
İnqilabın Rəhbəri Bəsic barədə son qeydində bütün dövlət qurumlarının məsul şəxslərinə xitabən vurğuladı: “Bir bəsici kimi öz vəzifələrinizi iman, motivasiya və qeyrətlə yerinə yetirin”.
Həzrət Ayətullah Xamenei çıxışının digər hissəsində bölgə məsələləri və 12 günlük müharibə haqqında belə dedi: “12 günlük müharibədə İran xalqı, şübhəsiz ki, həm ABŞ-nı, həm də sionist rejimi məğlub etdi. Onlar gəlib şər törətdilər, amma zərbə aldılar, əliboş geri qayıtdılar və məqsədlərinin heç birinə çata bilmədilər. Bu isə onlar üçün gerçək bir məğlubiyyət idi.
O, sionist rejiminin İranla müharibə üçün 20 illik plan hazırlaması barədə deyilənlərə işarə edərək dedi: “Onlar elə bir müharibə planlaşdırmışdılar ki, həmin müharibədə xalqı təhrik edib insanları dövlətə qarşı mübarizəyə çəkə bilsinlər. Amma məsələ əksinə oldu və onlar elə bir şəkildə uğursuzluğa düçar oldular ki, hətta dövlətlə müxalif mövqedə olanlar da dövlətin yanında dayandılar və ölkədə ümumi bir birlik yarandı”.
İnqilabın Rəhbəri dedi: “Əlbəttə, biz də itkilər verdik və müharibənin təbiətinə uyğun olaraq əziz insanlar itirdik. Amma İran İslam Respublikası göstərdi ki, iradə və güc mərkəzidir, hay-küylərdən qorxmadan qüdrətlə dayanıb, qərar verə bilir. Yeri gəlmişkən, təcavüzkar düşmənin –maddi zərərləri bizim maddi zərərimizdən qat-qat çox idi”.
O, ABŞ-nin 12 günlük müharibədə məruz qaldığı böyük zərərlərə toxunaraq əlavə etdi: “ABŞ bu müharibədə ağır zərər gördü, çünki ən müasir hücum və müdafiə silahlarını işə salmasına baxmayaraq, xalqı aldadıb öz tərəfinə çəkmək məqsədinə çata bilmədi. Əksinə, xalqın birliyi daha da gücləndi və ABŞ-nin arzusunu ürəyində qoydu”.
Həzrət Ayətullah Xamenei sionist rejimin region tarixinin ən böyük faciələrindən biri olan Qəzza faciəsində yaşadığı böyük rüsvayçılığa və biabırçılığa işarə edərək dedi: “ABŞ bu hadisədə qəsbkar rejimin yanında dayandı və çox ağır şəkildə biabır və bədnam oldu, çünki dünya ictimaiyyəti bilir ki, ABŞ olmasa, sionist rejim bütün bu faciələri törədə bilməz”.
O qeyd etdi ki, müasir dünyanın ən mənfur insanı sionist rejimin baş naziri, dünyaya hakim olan ən mənfur təşkilat və banda isə sionist rejimdir: “ABŞ sionistlərin yanında durduğu üçün onların mənfurluğu ABŞ-yə da sirayət edib”.
İnqilabın Rəhbəri Amerika Birləşmiş Ştatlarının dünyanın ayrı-ayrı bölgələrinə müdaxilələrinin onun artan təcrid olunmasının başqa bir amili olduğunu dedi: “ABŞ-nin hər hansı bölgəyə müdaxiləsi müharibə və ya soyqırıma, dağıntı və didərginliyə səbəb olur”.
O bildirdi ki, Ukraynada çoxlu tələfatlara səbəb olan nəticəsiz müharibə ABŞ-nin müdaxilələrinin bir nümunəsidir: “ABŞ-nin hazırki prezidenti bu müharibəni üç günə həll edəcəyini deyirdi. Təqribən bir ildən sonra müharibəyə vadar etdikləri həmin ölkəyə 28 maddəlik bir plan qəbul etdirməyə çalışırlar”.
Həzrət Ayətullah Xamenei sionist rejimin Livana hücumlarının, Suriyaya təcavüzünün, Qərb sahilindəki cinayətlərinin və Qəzzadakı acınacaqlı vəziyyətin ABŞ-nin murdar rejimin müharibəsinə və cinayətlərinə açıq dəstəyinin başqa bir nümunəsi olduğunu dedi: “Şayiə yayırlar ki, guya İran hökuməti filan ölkə vasitəsilə ABŞ-yə xəbər göndərib. Bu tamamilə yalandır və belə bir şey qətiyyən yoxdur”.
O, ABŞ-nin sionist və cinayətkar bandaya dəstək göstərmək qarşılığında hətta öz dostlarına belə xəyanət etdiyini, neft və yeraltı sərvətlərə görə dünyanın müxtəlif bölgələrində müharibə yaratdığını, bu müharibənin bu gün bir ucunun Latın Amerikasına gedib çatdığını vurğulayaraq dedi: “İran İslam Respublikası belə bir dövlətlə əlbəttə ki, əməkdaşlıq etmək və əlaqə yaratmaq niyyətində deyil”.
Həzrət Ayətullah Xamenei çıxışının son hissəsində xalqa bir neçə tövsiyə verdi. Tövsiyələrdən birincisi milli birliyin qorunması və gücləndirilməsi ilə bağlı idi.
O dedi: “Təbəqələr və siyasi cərəyanlar arasında ixtilaflar var. Mühüm olan məsələ 12 günlük müharibədə olduğu kimi düşmən qarşısında bir yerdə olmağımızdır. Bu həmrəylik milli iqtidar üçün çox mühüm bir amildir”.
İnqilabın Rəhbəri prezidentə və xidmət edən hökumətə dəstək verilməsini tövsiyə edərək dedi: “Ölkəni idarə etmək çətin və ağır bir işdir. Hökumət yaxşı işlər görməyə, o cümlədən şəhid Rəisinin natamam qalmış işlərini davam etdirməyə başlayıb. İnşallah onun nəticələrini xalq görəcək”.
Bütün sahələrdə, o cümlədən qaz, benzin və ərzaq məhsullarının istifadəsində israfdan çəkinmək Rəhbərin xalqa verdiyi üçüncü tövsiyəsi oldu. O, israfın ailələr və ölkə üçün ən böyük təhlükə və zərərlərdən biri olduğunu dedi: “Əgər bu qədər israf olmasa, ölkənin vəziyyəti şübhəsiz ki, çox daha yaxşı olar”.
İnqilabın Rəhbərinin xalqa son tövsiyəsi isə Allahla əlaqəni gücləndirmək, hər bir iş üçün – o cümlədən yağış, təhlükəsizlik və salamatlıq, Allahın öz lütfü ilə işlərin nizam-intizama düşməsinə zəmin yaratması üçün – yalvarmaq və dua etməklə bağlı oldu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
