Ekspertlər Şurasının Katibliyi bəyanat verərək Ekspertlər Şurası üzvləri tərəfindən İslam İnqilabının üçüncü rəhbərinin seçildiyini elan etdi.
Bəyanatın tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
İran İslam Dövlətinin şərəfli və azad vətənadaşları, Allahın salamı üzərinizə olsun.
Ekspertlər Şurası Əzəmətli Rəhbər Həzrət Ayətullahil-üzma İmam Xameneinin (Allah onun pak ruhunu müqəddəs etsin) və digər dəyərli şəhidlərin, xüsusilə Silahlı Qüvvələrin uca və fədakar komandanlarının, Minab şəhərinin “Şəcərəyi-Təyyibə” məktəbinin şagirdlərinin şəhadəti münasibətilə başsağlığı verir, cinayətkar Amerika və xəbis sionist rejimin vəhşi təcavüzünü qınayaraq nəzərinizə çatdırır ki, Şura müdrik İnqilab Rəhbərinin şəhadət və mələkuti yüksəliş xəbəri yayıldıqdan dərhal sonra – kəskin müharibə şəraitinə, düşmənlərin bu xalq təsisatına qarşı birbaşa təhdidlərinə və Şuranın katiblik ofislərinin bombalanması nəticəsində bir neçə əməkdaşın şəhid olmasına baxmayaraq – İslam Dövlətinin rəhbərinin seçilməsi və təqdim edilməsi prosesində bir an belə səhlənkarlıq etməmişdir. Konstitusiyada və Ekspertlər Şurasının daxili nizamnaməsində qeyd olunan vəzifələrə uyğun olaraq, fövqəladə iclasın keçirilməsi və yeni rəhbərin təqdim edilməsi üçün lazımi tədbirlər gündəmə gətirilmişdir. Konstitusiyanın 111-ci maddəsində müvəqqəti şuranın yaradılması ilə bağlı nəzərdə tutulan müdrik müddəalara rəğmən, ölkədə rəhbərlik boşluğunun yaranmaması üçün ölkənin ayrı-ayrı bölgələrində olan hörmətli nümayəndələrin toplanması üçün müvafiq proqram həyata keçirilmiş və koordinasiya işləri aparılmışdır.
Ekspertlər Şurası Həzrət Vəliyyi-Əsr (ə.f) qeybdə olduğu dövrdə Vilayəti-fəqihin uca məqamına və İslam Respublikasına rəhbərlik məsələsinin əhəmiyyətini diqqətdə saxlayaraq İnqilabın iki imamının izzət, müstəqillik və iqtidar prinsiplərinə əsaslanan 47 illik müdrik hakimiyyətini qoruyur. Şura bu ilahi və xalqdan olan rəhbərlərin xatirəsini əziz tutaraq bəyan edir:
Şura dəqiq və geniş araşdırmalardan sonra, Konstitusiyanın 108-ci maddəsinin tələblərini rəhbər tutaraq, öz dini vəzifəsinə uyğun olaraq və Allah-taalanın hüzurunda olduğuna inanaraq bugünkü fövqəladə iclasında Ayətullah Seyid Müctəba Hüseyni Xameneini (Allah onu qorusun) Ekspertlər Şurasının nümayəndələrinin mütləq səs çoxluğu ilə İran İslam Respublikasının üçüncü rəhbəri olaraq təyin və təqdim edir.
Sonda, Konstitusiyanın 111-ci maddəsi üzrə fəaliyyət göstərən Müvəqqəti Şuranın üzvlərinə təşəkkür edir, əziz və şərəfli İran xalqını, xüsusilə də dini təhsil ocaqlarının və universitetlərin mənsublarını rəhbərlə beyət etməyə və vilayət xətti ətrafında birliyi qorumağa çağırırıq. Allah-taaladan bu ölkə və böyük xalq üzərindəki lütfünü daimi etməsini diləyirik.
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh
Ekspertlər Şurası
17.12.1404
08.03.2026
Ekspertlər Şurasının Katibliyi
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
