İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 1405-ci ilin başlanması münasibətilə xalqa ünvanladığı müraciətdə bu ili “Milli vəhdət və milli təhlükəsizliyin sayəsində müqavimət iqtisadiyyatı” adlandırdı. O, müraciətinin əvvəlində ötən ilin hadisələrini nəzərdən keçirərkən on iki günlük müharibədə və dey ayında baş verən çevrilişə cəhdin yatırılmasında xalq kütləsinin ifa etdiyi rola işarə etdikdən sonra yeni ildə yaranan müxtəlif məsuliyyətlərə və hazırkı müharibənin ən mühüm prioritetlərinə toxundu. İnqilab Rəhbərinin müraciətinin mətnini təqdim edirik:
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ
یَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْاَبْصَارِ، یَا مُدَبِّرَ اللَّیْلِ وَ النَّهَارِ، یَا مُحَوِّلَ الْحَوْلِ وَ الْاَحْوَالِ، حَوِّلْ حَالَنَا اَلَیٰ اَحْسَنِ الْحَالِ
Rəhman və Rəhim Allahın adı ilə.
Ey qəlbləri və baxışları dəyişdirən, ey gecəni və gündüzü idarə edən, ey illəri və halları döndərib dəyişdirən, bizim halımızı ən yaxşı hala döndər.
Bu il mənəviyyatın baharı və təbiətin baharı, yəni mübarək Fitr bayramı və qədim Novruz bayramı üst-üstə düşdü. Xalqın hər bir üzvünü bu iki dini və milli bayram münasibətilə təbrik edirəm. Xüsusilə də bütün dünya müsəlmanlarını mübarək Fitr bayramı münasibətilə təbrik edirəm. Həmçinin İslam döyüşçülərinin heyrət doğuran qələbələri münasibətilə hər kəsi təbrik edir, İkinci Məcburi Müharibənin, dey ayında baş verən çevriliş cəhdinin və Üçüncü Məcburi Müharibənin uca məqamlı şəhidlərinin, eləcə də təhlükəsizlik və sərhəd mühafizəsi şəhidlərinin, tanınmayan şəhid əsgərlərin ailələrinə və doğmalarına başsağlığı verir və onların dərdinə şərik olduğumu bildirirəm.
Hicri-şəmsi 1405-ci ilin gəlişi münasibətilə demək istədiyim bəzi sözlər vardır ki, aşağıda onları diqqətinizə çatdırıram:
Əvvəlcə ötən ilin bəzi mühüm hadisələrini qısaca nəzərdən keçirəcəyəm. Keçən il əziz xalqımız üç hərbi və təhlükəsizlik müharibəsi yaşadı. Birinci müharibə Xordad müharibəsi idi. Bu müharibədə sionist düşmən danışıqların aparıldığı bir vaxtda Amerikanın xüsusi köməyi ilə ölkəmizə namərdcəsinə hücum edərək ölkənin ən yaxşı komandirlərindən və görkəmli elm adamlarından bəzilərini, daha sonra isə təxminən 1000 həmvətənimizi şəhid etdi. Kobud səhv hesablama üzündən düşmən elə düşünürdü ki, bir-iki gündən sonra İslam quruluşunu məhz xalqın özü devirəcəkdir. Lakin siz xalqın sayıqlığı və İslam döyüşçülərinin misilsiz şücaəti və çoxsaylı fədakarlıqları ilə çox tez bir zamanda düşməndə çarəsizlik və ümidsizlik izləri peyda oldu. Vasitəçilər cəlb etməklə və münaqişədən imtina etmək cəhdi ilə o, birtəhər özünü uçurumun kənarından xilas etdi.
İkinci müharibə dey ayında baş verən çevriliş cəhdi idi. ABŞ və sionist rejimi iqtisadi problemlərin təzyiqi nəticəsində İran xalqının düşmənin istəklərini həyata keçirəcəyini düşünərək, muzdurlarından istifadə edib saysız-hesabsız faciələr törətdilər, əvvəlki müharibə ilə müqayisədə daha çox əziz həmvətənlərimizi şəhid etdilər və böyük ziyan vurdular.
Üçüncü Müharibə hazırda içində olduğumuz müharibədir. Bu müharibənin ilk günündə ümmətin şəfqətli atasını, şəni uca Rəhbərimizi (Allah onun şərafətli məqamını daha da ucaltsın) – İlahi rəhmətin kölgəsi altında, pak nurlarının yaxınlığında, siddiqlər və şəhidlər sırasında onun üçün ayrılmış yerə tərəf böyük şövqlə tələsən Rəhbərimizi –səmavi səfərə çıxan şəhidlər karvanının başında yaşlı gözlərlə, kədərli və qırıq bir ürəklə yola saldıq. O gündən etibarən bu müharibənin digər şəhidlərini, o cümlədən Minab məktəbinin azyaşlı şagirdlərini, Dena hərbi gəmisinin cəsur və məzlum ulduzlarını, İİKK-nın, ordunun, Fəracanın və Bəsicin şəhid komandirlərini və döyüşçülərini, tanınmayan əsgərləri, cəsur sərhədçiləri və qarşımızdan ötüb keçən nur karvanında millətin digər azyaşlı və yaşlı üzvlərini tədricən böyük həsrətlə yola saldıq. Düşmən xalq kütləsini öz xeyrinə ayağa qaldırmaq planından ümidini kəsdikdən sonra bu müharibəni o xəyalla başladı ki, rejim başçısını və bir sıra aparıcı qüvvələri şəhid edəcəyi təqdirdə siz əziz xalqımızda qorxu və ümidsizlik yaradacaq, sizi meydanı tərk etməyə vadar edəcək və bu yolla İrana hakim olmaq və sonra onu bölmək arzusunu gerçəkləşdirəcəkdir. Lakin bu mübarək ayda siz orucu cihadla birləşdirdiniz və ölkə qədər geniş bir müdafiə xətti və meydanlar, məhəllələr və məscidlər qədər möhkəm səngərlər yaratdınız və beləliklə, düşmənə çaşdırıcı bir zərbə vurdunuz. Hətta o, ziddiyyətli sözlər deməyə və çoxsaylı cəfəngiyyatlar danışmağa başladı ki, bu da şüurun çatışmazlığının və dərrakənin zəifliyinin əlamətidir.
Siz bundan qabaq 22 deydə çevriliş cəhdini yatırdınız və 22 bəhməndə dünya istikbarına qarşı çıxdığınızı və yorulmazlığınızı bir daha nümayiş etdirdiniz. 22 isfəndə təsadüf edən Qüds günündə isə düşmənə bu zərbəni vuraraq aydın şəkildə bildirdiniz ki, o, yalnız raketlər, dronlar, torpedalar və hərbi məsələlərlə qarşı-qarşıya deyildir. İranın cəbhə xətti onun kiçik düşüncəsindən daha böyükdür. Bu böyük dastanı yaratdıqlarına görə əziz xalqımızın hər bir üzvünə təşəkkür etmək istəyirəm. Həmçinin bu yürüşdə xalq arasında sadə və səmimi şəkildə iştirak edən şücaətli, sədaqətli və təvazökar Prezidentə və digər rəsmilərə təşəkkür etmək istəyirəm. Bu davranış xalqla hakimiyyət arasında birliyi daha da gücləndirən çox təqdirəlayiq bir addım ola bilər. Hazırda müxtəlif dinə, düşüncəyə, mədəniyyətə və siyasi görüşə mənsub olan siz həmvətənlər arasında yaranan qəribə birlik nəticəsində düşməndə bir qırılma yaranıb. Bunu cəlalətli və uca Allahın xüsusi bir neməti bilmək və buna görə dildə, ürəkdə və əməldə çox-çox şükür etmək lazımdır. Dəyişməz qaydalardan biri də budur ki, bir nemətə görə şükür etdikdə, şükür miqdarına mütənasib olaraq onun kökləri daha da güclənir və ya nemət daha da yüksəlir, şükür edən şəxsə daha çox nemət göndərilir. Hazırda bizim əməldə etməli olduğumuz şükür bu böyük neməti məhz cəlalətli və uca Allahın bir mərhəməti hesab etməyimiz və ondan mümkün qədər yaxşı istifadə etməyimizdir. Belə olan təqdirdə bu birlik mütləq daha da güclənəcək və möhkəmlənəcək, düşmənləriniz isə xar və gücsüz olacaqlar. Bunlar 1404-cü ilin bəzi mühüm hadisələrinin icmalı idi.
Amma indi 1405-ci ilin astanasında bir neçə hadisə ilə üz-üzəyik. Birincisi, əziz qonağımız – hicri-qəməri 1447-ci ilin mübarək Ramazan ayı ilə əbədi olaraq vidalaşırıq. Bu ayın Qədr gecəsində qəlbləriniz yuxarı aləmə yönəldi və mərhəmətli Allaha dua etdiniz, O da sizə mərhəmətli baxışlarını yönəltdi. Siz Ağamızdan (Mütəal Allah onun şərəfli fərəcini tezləşdirsin) və onun Rəbbindən qələbə, rifah və hər cür nemət dilədiniz və heç şübhəsiz, Rəbbin bu ölkəyə və millətə daim nemətlər bəxş etdiyini nəzərə alaraq, inşallah, ya ürəyinizin istəklərinin eynisini, ya da daha yaxşısını alacaqsınız. Mərifət artdıqca daha acı və kədərli olan bu vida ilə eyni vaxtda mübarək Şəvval ayının hilalını isti qucağımızda qucaqlayırıq, qorxu və ümidlə Mütəal Allahın bayramlığını gözləyirik. Ümid edirəm ki, siz əziz millətin gecə və gündüz meydanda məsuliyyətli iştirakınız və Qüds günündə yaratdığınız qəhrəmanlıq dastanından sonra Mütəal Allah bizimlə yalnız öyrəşdiyimiz səxavəti, helmi, əfvi və mehribanlığı ilə rəftar edəcəkdir. Xüsusilə ümid edirik ki, tezliklə Allahın ən böyük vəlisi olan Ağamızın zühur müjdəsilə onun qəlbini sevinclə dolduracaq və bununla da dünya xalqlarına Allahın lütfü sayəsində hər cür nemət nazil olacaqdır.
Qarşılaşdığımız digər bir hadisə qədim Novruz bayramıdır. Bu bayram özü ilə təbiətin yenilənməsini, təravətini və həyatı ərməğan gətirir, sevinc və şənlik üçün tam uyğun hadisədir.
Digər tərəfdən xalq üçün bu il şəhid Rəhbərimizin və digər məqamı uca şəhidlərimizin aramızda olmadığı ilk ildir. Xüsusən də şəhid ailələrinin və doğmalarının qəlbi dağlıdır. Eyni zamanda mən ailəmdən bir neçə şəhid verən sadə bir vətəndaş olaraq düşünürəm ki, əynimizə yas paltarı geyinməyimizə və ürəklərimiz bütün şəhidlər üçün kədər yuvası olmasına rəğmən, bu günlərdə gəlin və bəylərimizin bəxt evinə getməsinə görə çox sevinərdik. İnşallah, şəhid Rəhbərimizin və bu müharibənin digər nəcib şəhidlərinin duaları bu yolda onların arxasınca olacaq. Tövsiyə edirəm ki, insanlar bu günlərin adət-ənənəsi olan ailə ziyarətlərini – əlbəttə, şəhid ailələrinin hörmətini saxlayaraq və onların vəziyyətini nəzərə alaraq – yerinə yetirsinlər. Hətta əgər mümkün olarsa, hər bir məhəllənin insanları yeni il ziyarətlərinə həmin məhəllənin şəhid ailələrini ziyarət etməklə başlaya bilərlər. Əlbəttə ki, hörmətli hökumətin əziz Rəhbərimizin şəhadəti münasibətilə müəyyən etdiyi matəm müddəti qüvvədə qalır və buna riayət etmək bu quruluşun və ölkənin əzəmətinin bir aspekti hesab olunur.
Bu sözlərdən sonra bir neçə məqama qısaca toxunmaq istəyirəm.
Birincisi, bu günlərdə meydanlarda, məhəllələrdə və məscidlərdə iştirak etməklə yanaşı, ictimai fəallıq göstərənlərə, o cümlədən bəzi dövlət və özəl istehsal müəssisələrinə, bəzi xidmət sahələrinə, xüsusən də məsuliyyət daşımadıqları halda insanlara hər cür faydalı xidmətləri pulsuz olaraq göstərən insanlara xüsusi təşəkkür edirəm. Əlhəmdulillah, belə insanlar çoxdur.
İkincisi, düşmənin əl atdığı yollardan biri media əməliyyatlarıdır. Bu günlərdə xüsusi olaraq insanların zehnini və ruhunu hədəf alaraq milli birliyi və nəticədə milli təhlükəsizliyi pozmaq niyyətindədir. Bu mənfur məqsədin səhlənkarlığımız üzündən və bizim öz əlimizlə gerçəkləşməsinə imkan verməmək üçün diqqətli olmalıyıq. Buna görə də ölkəmizin daxili mediasına məsləhətim budur ki, mövcud olan bütün intellektual, siyasi və mədəni fərqlərə baxmayaraq, zəif cəhətləri müzakirə etməkdən ciddi şəkildə çəkinsinlər, əks halda düşmən məqsədinə çata bilər.
Üçüncüsü, düşmənin ümid qapılarından biri uzun müddətdir formalaşmış iqtisadi və idarəetmə zəifliklərindən istifadə etməkdir. Şəhid Rəhbərimiz (Allah onun məqamını daha da ucaltsın) müxtəlif illərdə əsas diqqəti və ilin şüarını iqtisadiyyata yönəltmişdi. Mənim də fikrimcə, xalqın dolanışığını təmin etmək, yaşayış və rifah infrastrukturunu yaxşılaşdırmaq və xalq üçün sərvət yaratmaq düşmənin apardığı iqtisadi müharibəyə qarşı bir mərkəz nöqtəsi və bir növ müdafiə, hətta əhəmiyyətli bir irəliləyiş hesab edilməlidir. Uğurlarımdan biri də müxtəlif sosial təbəqələrdən olan əziz insanların sözlərini dinləmək fürsəti olub. O cümlədən bir müddət tanınmayan bir qiyafədə Tehran küçələrində mənim xahişimlə təşkil edilən bir taksidə sizinlə yol yoldaşı olmuşam və sözlərinizi dinləmişəm. Bu araşdırmanı bir çox sorğulardan üstün hesab etmişəm. Mənim qənaətim bir çox hallarda adətən iqtisadi və idarəetmə aspektləri ilə bağlı müxtəlif tənqidlər şəklində ifadə olunan sözlərinizlə üst-üstə düşürdü. Bu vaxt ərzində sizdən çox şey öyrəndim və indi də öyrənməkdəyəm. Məsələn, Ramazan ayının 19-dan əvvəlki və sonrakı günlərdə meydanlarda iştirak edən müxtəlif insanlardan bəzi şeylər öyrəndim. Ümid edirəm ki, bu nemətdən məhrum olmayacağam. Bu məlumatlanmalar, dinləmələr və digər araşdırmalardan sonra problemlərin həlli istiqamətində işlək, peşəkar və mümkün qədər əhatəli planın hazırlanması üçün səy göstərildi. Allaha şükür olsun ki, bu məsələ məqbul dərəcədə həyata keçirilib və xalqın bütün üzvlərinin əməkdaşlığı ilə çalışqan məsullar tərəfindən tezliklə icra ediləcəkdir, inşallah. Bu hissənin sonunda şəni uca şəhid Rəhbərimizin yolunu davam etdirərək bu ilin şüarını “Milli birlik və milli təhlükəsizliyin sayəsində müqavimət iqtisadiyyatı” elan edirəm.
Dördüncü və sonuncu məqam odur ki, ilk müraciətimdə rejimin qonşu ölkələrlə münasibətlərə dair baxış bucağı və siyasəti haqqında qeyd etdiklərim ciddi və real məsələlərdir. Qonşuluq elementindən əlavə, biz digər mənəvi elementlərin də fərqindəyik, bunların başında hamımızın İslam dininə tapınmağımız dayanır. Eləcə də bu ölkələrin bəzilərində müqəddəs məkanlar və ziyarətgahlar mövcuddur, bəzilərində çoxsayda iranlı yaşayır və ya işləyir, bəzi ölkələrdə ortaq etnik mənsubiyyət və ya ortaq dil və ya ortaq strateji maraqlar, xüsusən də istikbar cəbhəsinə qarşı maraqlar mövcuddur. Bunların hər biri öz növbəsində yaxşı münasibətləri gücləndirə bilər. O cümlədən şərq qonşularımızı özümüzə çox yaxın bilirik. Mən Pakistanı şəhid Rəhbərimizin xüsusi sevgi göstərdiyi bir ölkə kimi çoxdan tanıyıram. Buna misal olaraq, namazın xütbələrində o ölkədəki dindaşlarımızın həyatını təhdid edən dağıdıcı daşqına görə qəhərləndiyini göstərmək olar. Mən də müxtəlif səbəblərə istinadən həmişə eyni fikirdə olmuşam və bunu müxtəlif görüşlərdə ifadə etməkdən çəkinməmişəm. Burada iki qardaş ölkəmiz olan Əfqanıstan və Pakistandan Allah xatirinə və müsəlman icmasının parçalanmasının qarşısını almaq üçün bir-biri ilə daha yaxşı münasibətlər qurmalarını xahiş etmək istəyirəm və öz tərəfimdən lazımi tədbirləri görməyə hazıram.
Onu da qeyd etmək istərdim ki, bizimlə yaxşı münasibətləri olan Türkiyə və Omanda bu ölkələrin bəzi bölgələrinə qarşı edilən hücumlar heç bir şəkildə İslam Respublikasının silahlı qüvvələri və Müqavimət Cəbhəsinin digər qüvvələri tərəfindən həyata keçirilməyib. Bu, sionist düşmənin İslam Respublikası ilə qonşuları arasında ayrılıq yaratmaq üçün yalançı bayraq taktikasından istifadə etdiyi bir hiylədir və bu, bəzi digər ölkələrdə də baş verə bilər. Bu hissə ilə bağlı qalan məlumatları artıq qeyd etmişəm.
Ümid edirəm ki, Ağamızın (Mütəal Allah onun fərəcini tezləşdirsin) duaları və Allah-Taalanın lütfü sayəsində qarşıda gələn il millətimiz, bütün qonşularımız, müsəlman millətləri, xüsusən də Müqavimət Cəbhəsinin ölkələri üçün qələbələrlə, hər cür maddi və mənəvi uğurlarla dolu, İslam və insanlıq düşmənləri üçün isə belə olmayan bir il olacaqdır.
وَ نُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَ نَجْعَلَهُمْ أَئِمَّةً وَ نَجْعَلَهُمُ الْوَارِثِينَ. وَ نُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَ نُرِيَ فِرْعَوْنَ وَ هَامَانَ وَ جُنُودَهُمَا مِنْهُمْ مَا كَانُوا يَحْذَرُونَ. صَدَقَ اللهُ الْعَلِيُّ الْعَظِیمُ، وَ صَدَقَ رَسُولُهُ الْکَرِیمُ، وَ نَحْنُ عَلَیٰ ذٰلِکَ مِنَ الشَّاهِدِینَ.
“İstədik ki, yer üzündə müstəzəflərə (zəif düşüb əzilənlərə) nemət verək və onları öndə gedənlər və varislər edək. Onların hakimiyyətini möhkəmləndirək və Firona, Hamana və ordularına onların qorxub çəkindikləri şeyi göstərək”. (Qəsəs, ayə 5-6)
Uca və Əzəmətli Allah doğru dedi, Onun kərim elçisi də doğru dedi və biz buna şahidlik edirik.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
Seyid Müctəba Hüseyni Xamenei
29 isfənd 1404-cü il
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
