Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər 12-ci çağırış Parlamentinə ünvanladığı müraciətdə vurğuladı:

Mövcud birliyi qorumaq və mənasız siyasi ixtilaflardan çəkinmək lazımdır

Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 7 Xordad ilk Parlamentin təsis edilməsinin ildönümü münasibətilə ünvanladığı müraciətdə deputatların, xüsusilə də hörmətli Parlament sədrinin ölkənin tərəqqisi yolundakı səylərini yüksək qiymətləndirərək millətin həqiqi nümayəndəsinin xalqın içindən çıxan və ona layiq şəxslər olduğunu bildirdi. Mövcud unikal milli birlik və həmrəylik kimi böyük nemətin tələblərinə riayət olunmasının zəruriliyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İslam, inqilab, yaxud İranın müstəqilliyi və şərəfi üçün ürəyi döyünən hər bir fədakar şəxs bundan sonra millətin sıx və bir-birinə bağlı sıralarının birliyini qorumaq üçün hər zamankından daha çox çalışmalı, əsassız, hətta əsaslı görünən ixtilafların qarşıdurmaya və parçalanmaya çevrilməsinə yol verməməlidirlər. Mənasız siyasi çəkişmələrdən və sosial fərqlilikləri qabartmaqdan çəkinərək, həm sözdə, həm də əməldə millətin həmrəyliyinin və bütövlüyünün simvoluna çevrilməlidirlər”.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Müqəddəs Qurban bayramı və İslami Şura Məclisinin ilk çağırışının ildönümü münasibətilə İran İslam Respublikasının əziz vətəndaşlarının hər birini və İslami Şura Məclisinin hörmətli deputatlarını təbrik edirəm. Bu münasibətlə deputatların, xüsusilə də İslami Şura Məclisinin hörmətli sədri cənab doktor Qalibafın ölkənin tərəqqisi və başucalığı yolundakı səylərini yüksək qiymətləndirirəm.

İslami Şura Məclisi millətin cövhəri, dini demokratiyanın təzahürü, İslam Respublikasında qanunun və qanunvericiliyin sütunudur və xalqın iradəsinin bərqərar olunmasında mühüm rol oynayır. Hal-hazırda üçüncü Müqəddəs Müdafiədən üç ay keçdiyi bir vaxtda İran xalqının iman, ümid və əməldəki daxili əyarı və mahiyyəti dosta da, düşmənə də sübut olunmuşdur. İran xalqının uca məqamının daha da yüksəlməsi millətin fəzilətlər cövhərinin gözqamaşdırıcı cilvəsini aşkar şəkildə üzə çıxarmışdır.

Millətin həqiqi nümayəndəsi xalqın öz içindən çıxmalı olduğu üçün hal-hazırkı mərhələ xalqın iradəsinin deputatlarda və İslami Şura Məclisində təzahür etməsinin dönüş nöqtəsidir. Buna görə də onlar öz rol və məsuliyyətlərini seçilmiş millətin səviyyəsinə uyğun tənzimləməli, ikiqat əmək və təşəbbüskarlıqla qanunvericilik və nəzarət proseslərini İran İslam dövlətinin gələcək inkişaf xətti istiqamətində sürətləndirməli və dərinləşdirməlidirlər.

Bu cihad meydanında deputatlıq kürsüsü ölkənin tərəqqisi yolunda dəyişikliklərin ön cəbhə səngəri hesab olunur. Buna görə də millətin nümayəndələrinə yaraşan fəaliyyət Uca Allahın lütfünə sığınmaq, mövlamız və sərvərimizə (ə.f) təvəssül etmək, habelə ABŞ-Sionist kualisiyasının iki qəsbkar müharibəsinin məzlum şəhidlərinin və onların başında duran əzəmətli şəhid Rəhbərimizin pak qanlarının xatirəsini uca tutmaq, fədakarlıqla çalışmaq, qanunverici hakimiyyətin müstəqilliyini qorumaq, hökumət və digər qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində idarəetmə üçün lazım olan bütün güc və potensiallarını səfərbər etməkdir. Onlar bu fəaliyyəti ölkənin layiq olduğu şəkildə yenidən qurulması, xalqın qayğılarının, xüsusilə iqtisadi və firavanlıq problemlərinin həlli, istehsalatın və məşğulluğun canlandırılması, elm və sənayenin səviyyəsinin yüksəldilməsi, mədəniyyət və əxlaqın tərəqqisi, maliyyə pozuntularına qarşı mübarizə, inflyasiya və bahalaşmanın nəzarət altına alınması, eləcə də yoxsulluğun hərtərəfli şəkildə aradan qaldırılması yolunda sərf etməlidirlər.

Bu əsasla Parlamentin qəbul etdiyi qərarların ölkənin əsas problemləri və xalqın ehtiyacları ilə birbaşa və aşkar bağlılığı olmalı, ölkədə ümidin artırılmasına və gələcəyin qurulmasına yönəlməlidir. Cəmiyyətin hər şeydən əvvəl ümidin real əlamətlərini, sabit bir yolu və gələcəyə dair aydın bir perspektivi görməyə ehtiyacı var. Məhz bunun əsasında plan qura və hərəkət edə, habelə deputatlar öz mövqeləri, qəbul etdikləri qərarlar və çıxışları ilə İslami Şura Məclisini ümid yaratma prosesinin lokomotivinə çevirə, o cümlədən indiki şəraitdə, icra və məhkəmə hakimiyyəti orqanları ilə həmrəylik nümayiş etdirməklə 1405-ci (2026-cı) ilin “Milli Birlik və Milli Təhlükəsizlik Sayəsində Müqavimət İqtisadiyyatı” şüarı üzərində təmərküzləşərək iqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın azaldılması, likvidliyin idarə olunması, istehsalatın canlandırılması, 7-ci İnkişaf Proqramının təkmilləşdirilməsi, habelə ikinci və üçüncü qəsbkar müharibələrin vurduğu ziyanın aradan qaldırılması və ölkənin yenidən qurulması ilə bağlı istiqamətləri əsas fəaliyyət gündəliyinə daxil edərək həm indiki şərait, həm də müharibədən sonrakı dövr üçün hökumətin və digər sahələrin hərəkətinin yol xəritəsini müəyyən edə bilərlər.

Seçilmiş millətin səviyyəsinə layiq bir rol ifa etmək üçün müxtəlif zəminlər və tələblər mövcuddur. Bu qısa fürsətdə əziz qardaş və bacılarıma sadəcə uca məqamlı şəhid Rəhbərimizin İslami Şura Məclisinin deputatları ilə hər il keçirdiyi – xüsusilə mühüm təcrübi və əməli dəyərə malik olan son illərdəki görüşlərində etdiyi çıxışların təfərrüatlarını diqqətlə və ciddi şəkildə mütaliə etməyi tövsiyə edirəm.

Təbii ki, hazırkı həssas dövrdə fərdi təqvanın qorunması həmin istiqamətləndirici çıxışlara riayət olunmasında və bu mühüm vəzifələrin düzgün şəkildə yerinə yetirilməsində əsaslı rol oynayır. Üstəlik, prioritetlərin düzgün müəyyənləşdirilməsi, dərin ekspert araşdırmalarına və məsləhətləşmələrə əsaslanan səsvermələr, xalqla eyni həyat tərzinə malik olmaq və xalqın hər bir üzvü ilə geniş əlaqələr saxlamaq, korrupsiyaya qarşı hərtərəfli mübarizə aparmaq, milli mənafeləri və ümumi tələbləri fraksiya, qrup və ya regional maraqlardan üstün tutmaq, parlament diplomatiyasına diqqət yetirmək, habelə istismarçı güclərin hüdudsuz tələbləri qarşısında cəsarətli, şəffaf və qətiyyətli mövqe nümayiş etdirmək, İranın regionda və dünyadakı yeni mövqeyinə ağıllı və inqilabi tərzdə yanaşmaq da bu tələblər sırasındadır.

Təqvanın bariz nümunələrindən biri də İran İslam Respublikasının bayrağı ətrafında bu seçilmiş millətə bəxş edilən böyük milli birlik nemətinə və bənzərsiz həmrəyliyə riayət olunmasıdır. Bu birlik Böyük şeytan (ABŞ) qarşısında qazanılan qələbələrin ən mühüm amillərindəndir. Bu ilahi lütfə şükür etmək isə bütün xalqın, xüsusilə də intellektual və siyasi elitanın, o cümlədən Parlament deputatlarının bu birliyi qorumaq üçün çalışmasından, mənasız siyasi ixtilaflardan və sosial fərqlilikləri qabartmaqdan çəkinməsindən asılıdır.

Məcburi müharibə, iqtisadi təzyiqlər, təbliğat və siyasi blokadadan sonra düşmənin kor-koranə planı hərbi meydandakı məğlubiyyətlərinin əvəzini çıxmaq və milləti diz çökdürmək üçün cəmiyyətdə təfriqə və parçalanma yaratmaqdır. Odur ki, İslam, inqilab, yaxud İranın müstəqilliyi və şərəfi üçün ürəyi döyünən hər bir fədakar şəxs bundan sonra millətin sıx və bir-birinə bağlı sıralarının birliyini qorumaq istiqamətində hər zamankından daha çox çalışmalıdır. Onlar əsassız, hətta əsaslı görünən ixtilafların qarşıdurmaya və parçalanmaya çevrilməsinə yol verməməli, həm sözdə, həm də əməldə millətin həmrəyliyinin və bütövlüyünün rəmzinə çevrilməlidirlər, inşallah.

Zülmə, yırtıcı və rəzil güclərin təcavüzünə qarşı sinə gərən, tarixi öz doğru məcrasına yönəldən belə layiqli bir millətin deputatı olmaq kimi son dərəcə ağır və məsuliyyətli vəzifənizdə hər birinizə uğurlar diləyirəm. Ümid edirəm ki, Mövlamızın (ə.f) duaları siz əzizlərin dayağı və rəhbəri olacaq, İlahi uğurları sizə nəsib edəcəkdir.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!

Seyid Müctəba Hüseyni Xamenei
7 xordad 1405
28 may 2026

 

 

700 /