İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 11 və 12 Ordibeheşt tarixinə təsadüf edən Zəhmətkeşlər və Müəllimlər Günü münasibətilə ünvanladığı müraciətində mühüm, effektiv və aparıcı rola malik olan bu iki təbəqəni mədəniyyət və iqtisadiyyat sahəsinin “onurğa sütunu” adlandırıb. Müəllim və zəhmətkeşlərə sadəcə sözdə deyil, daha dərindən və əməli şəkildə ehtiram göstərilməsinin vacibliyini vurğulayan, o cümlədən zərər çəkmiş biznes sahiblərinin imkan daxilində işçi ixtisarlarından çəkinməsini qeyd edən Ali Məqamlı Rəhbər bildirib: “Əziz İranımız illərlə apardığı səylər nəticəsində hərbi bir güc olaraq ortaya çıxdığı kimi, inşallah, Allahın lütfü ilə, İran-İslam kimliyinin hüdudlarını müəyyənləşdirməklə və yerli məhsulların istehlakına üstünlük verməklə tərəqqi zirvəsinə doğru gedən yolu uğurla addımlayacaqdır”.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Ordibeheşt ayının 11-i və 12-si zəhmətkeş və müəllim məqamının uca tutulduğu günlərdir. Bu təbəqələrə qarşı düzgün olaraq sözdə və simvolik şəkildə göstərilən ehtiramdan savayı, hər bir ölkənin tərəqqisi elm və əməl adlanan iki qanada bağlıdır. Bu məqsədin gerçəkləşməsinin ilkin mərhələsində müəllim böyük rol oynayır. Bilik vermək, bacarıqları artırmaq, dünyagörüşünün formalaşmasının vacib bir hissəsini təmin etmək və gələcək nəslin kimliyini formalaşdırmaq kimi ağır məsuliyyət onun çiyinlərindədir. Hər müəllimin yanında yetişən şagirdlər, universitet və teoloji məktəb tələbələri çox da uzaq olmayan bir gələcəkdə qazandıqları bacarıq və bilikləri gerçəkləşdirəcəklər. Hətta onların xarakterləri, rəftar və danışıqları – isti ailə mühitindən tutmuş iş yerinə, küçə və dalanlara qədər müxtəlif sahələrdə – müəllimlərinin rəftar və sözlərini bir güzgü kimi əks etdirəcəkdir.
Digər tərəfdən, iş və əmək sahəsi evlərdən, idarələrdən, biznes obyektlərindən və məscidlərdən tutmuş tarlalara, emalatxanalara, zavodlara, mədənlərə və bir çox müxtəlif xidmət sahələrinə qədər ölkə boyu uzanan geniş bir meydandır. Bu geniş meydan istənilən böyük uğurun təməl sütunları hesab edilən çalışqanlıq və məsuliyyət elementlərindən nə qədər çox bəhrələnərsə, ölkənin tərəqqisi də bir o qədər çox və daha yaxşı təmin olunar.
Biz bilirik ki, öz məsuliyyəti və xeyirli əməli sayəsində hansısa bir işçi bəzən elə bir məqama ucalır ki, müəllim və tərbiyəçinin şəfqət dolu əli kimi, onun da qüdrətli və hünərli əlindən təşəkkür və minnətdarlıqla öpmək lazım gəlir. Bu isə şübhəsiz ki, hər bir insanın ilk tərbiyəçisi olan ata-anasının ocağından, daha sonra isə müəllim hüzurunda qazanılan elmdən qaynaqlanır.
İran İslam Respublikası qırx yeddi ildən artıq davam edən mübarizədən sonra Allahın lütfünə arxalanaraq tərəqqisinin düşmənləri ilə hərbi döyüşdə öz heyranedici qüdrətinin bir hissəsini dünyaya sübut etdiyi kimi, iqtisadi və mədəni cihad mərhələsində də onları məyus etməli və məğlubiyyətə uğratmalıdır. Mədəni döyüşdə ən effektiv həlqə müəllimlər, iqtisadi döyüşdə də ən təsirli elementlər zəhmətkeşlər olacaqlar; hətta bu ikisinin mədəniyyət və iqtisadiyyat sahəsinin onurğa sütunu olduğunu iddia etmək olar. Buna görə də onlar öz xüsusi mövqelərinin əhəmiyyətini dərk etməli və peşələrinə qarşılığında sadəcə əməkhaqqı alınan bir peşədən daha üstün baxmaları lazımdır. Bununla paralel olaraq diqqət yetirilməlidir ki, hər il və ya arabir göstərilən şifahi ehtiramlar münasib olsa da, bu iki təbəqənin əməyinə verilən qiymət bundan daha dərin və əməli olmalıdır. Hesab edirəm ki, əziz İran milləti meydanlara və küçələrə çıxaraq, öz ölkəsinin hərbi qüvvələrinə layiqli şəkildə dəstək verdiyi kimi, müəllim və zəhmətkeşlərə
yardım etməkdə də güclü bir arxa-dayaq nümayiş etdirməlidir. O cümlədən şagird və tələbə ailələrinin məktəb və universitetlərin idarə olunmasında iştirakı əvvəlkindən daha çox təmin edilməlidir. Həmçinin yerli məhsulların istehlakına üstünlük verməklə istehsalçı işçilərə dəstək göstərilməli, xüsusilə də zərər çəkmiş biznes sahiblərinin istər istehsal, istərsə də xidmət sahələrində – imkan daxilində – ixtisarlardan və işçi sayını azaltmaqdan çəkinməsi lazımdır. Əksinə, hər bir işçiyə həmin istehsal və ya xidmət müəssisəsinin bir sərvəti kimi baxmalıdırlar. Hökumət də imkan daxilində bu xeyirxah addımı dəstəkləməlidir.
Əziz İranımız illərlə aparılan səylər nəticəsində hərbi bir güc kimi ortaya çıxdığı kimi, inşallah, Allahın lütfü ilə, tərbiyəçi və müəllimlərin əli ilə İran-İslam kimliyinin hüdudlarını müəyyənləşdirməklə və bu kimliyi bu ölkənin gənclərinin yaddaş və qəlbinə daha çox yeritməklə, həmçinin zəhmətkeş İran işçilərinin əməyinin bəhrəsi olan yerli məhsulların istehlakına üstünlük verməklə tərəqqi zirvəsinə doğru gedən yolu uğurla addımlayacaqdır. Şübhəsiz ki, bu hədəf Mövlamızın (ə.f) xeyir-duası və vasitəçiliyi, Allahın izni ilə daha sürətli və daha yaxşı şəkildə gerçəkləşəcəkdir.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
Seyid Müctəba Hüseyni Xamenei
11 Ordibeheşt 1405 (1 may 2026)
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
