İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei “Ordibeheşt uçuşu” şəhidlərinin, xüsusilə də şəhid Prezident Höccətül-İslam vəl-müslimin Rəisinin xatirəsinin anım ildönümü münasibətilə müraciət ünvanlayıb. O, müraciətində məsuliyyət hissinin və xalq arasında olmağın şəhid Rəisinin bariz xüsusiyyətlərindən biri olduğunu qeyd edib. Ali Məqamlı Rəhbər son dövrlərdə müqavimətçi və rəşadətli İran millətinin nümayiş etdirdiyi qəhrəmanlıq qarşısında İslam Respublikasının məsul şəxslərinin üzərinə düşən ağır məsuliyyət yükünə işarə edərək vurğulayıb: “Bu gün xalq, hökumət və İslam Respublikasının bütün rəsmi qurumları arasında mövcud olan həmrəylik nemətinə şükr etmək – məsul şəxslərin öz motivasiyalarını daha da gücləndirməsindən, daha böyük əzm və fədakarlıqla xidmət göstərmələrindən, habelə insanların problem və qayğılarını, xüsusilə də iqtisadiyyat və sosial-məişət sahəsindəki çətinliklərini həll etməkdən ibarət olmalıdır”.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
“Ordibeheşt uçuşu” şəhidlərinin, onların başında isə şəhid Prezident Höccətül-İslam vəl-müslimin Rəisinin xatirəsinin anılması əslində İran İslam Respublikasına xidmət göstərən şəhidlər ordusunun şəhadətini anmaq deməkdir. Mütəhhəri, Behişti, Rəcai və Bahonərdən tutmuş Rəisi, Ali-Haşim, Əmir Abdullahian və Laricaniyə qədər, dahi Xomeyninin və əziz Xameneinin (Allah hər ikisinin şərif məqamını uca etsin) məktəbində yetişmiş yüzlərlə görkəmli şəxsiyyət İslam Respublikasının məsul şəxslərinin xalis və fədakar xidmət dəftərini öz qanlı imzaları ilə bəzəmişlər.
Məsuliyyət hissi, gəncləşdirmə siyasəti, ədalətin bərqərar edilməsinə diqqət, fəal və faydalı diplomatiya, xüsusilə də xalqa xidmət şəhid Rəisinin bariz xüsusiyyətləri sırasındadır. Bu xüsusiyyətlər İranın dostlarına, o cümlədən qüdrətli müqavimət cəbhəsinin mücahidlərinə və dövlətə ürəyi yananların bir çoxuna ürək-dirək verirdi, onları ruhlandırırdı. Bütün bunlar, şübhəsiz ki, onun ruhunun dərinliklərindən qaynaqlanan mənəviyyatla yoğrulmuşdu. Müsbət təsir gücünə malik xüsusiyyətlər məsul şəxslərlə xalqın münasibətlərində qarşılıqlı minnətdarlıq hissinin yaranmasına səbəb olur. Məhz buna görə də onun öz mövlası Həzrət Əbülhəsən ər-Rzanın (Allahın salavat və salamı üzərinə olsun) hüzuruna qədər son mənzilə yola salınması bənzərsiz bir izdihamla müşayiət olundu. O şəhidin yarımçıq qalmış prezidentlik dövrü ölkənin müstəqilliyini qorumaqla yanaşı, millət və vətən yolunda çalışqanlığın, canıyananlığın və fədakarlığın bir meyarına çevrildi.
Biz hal-hazırda İran xalqının iki qlobal terrorist orduya qarşı misilsiz tarixi müqavimətdə göstərdiyi qəhrəmanlıqlara şahidlik edirik. Bu reallıq İslam Respublikasının məsul şəxslərinin – Rəhbərlikdən və hakimiyyətin üç qolunun rəhbərlərindən tutmuş bütün qurumların rəhbərlərinə qədər – üzərinə düşən məsuliyyət yükünü keçmişlə müqayisədə daha da ağırlaşdırır.
Bu gün xalq, dövlət və İslam Respublikasının bütün qurumları arasındakı həmrəylik nemətinə şükr etmək – rəsmilərin motivasiyalarını gücləndirməkdən, daha böyük əzm və fədakarlıqla xidmət göstərməkdən, insanların problem və qayğılarının, xüsusilə iqtisadiyyat və sosial-məişət sahəsindəki problemlərini həll etməkdən, birbaşa və praktiki olaraq xalq arasında iştirakdan, habelə ölkənin tərəqqisi və işıqlı gələcəyə doğru ümidli addımlarla irəliləməsi yolunda seçilmiş xalq üçün ciddi bir rol müəyyən etməkdən ibarət olmalıdır.
Xidmət yolunun şəhidlərinə Allahdan rəhmət diləyirəm. İlahi qələbə və Mövlamızın (ə.f) xeyir-duası müsəlman İran xalqına xidmət edənlərin arxa-dayağı olsun.
Seyid Müctəba Hüseyni Xamenei
29 Ordibeheşt 1405
19 May 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
