İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei demoqrafiya sahəsində çalışan bir qrup vətəndaş cəmiyyətinin fəallarının İslam İnqilabının Əzəmətli Rəhbərinin (Allah onun pak ruhunu müqəddəs etsin) şəhid olması münasibətilə göndərdiyi başsağlığı və sevgi dolu məktubuna cavab verib. Ali Məqamlı Rəhbər fəallara ünvanladığı cavabda əhalinin təbii artımına və bu məsələnin İran-İslam dövlətinin qüdrət və sivilizasiyası ilə olan əlaqəsinə işarə edərək vətəndaş cəmiyyətinin fəallarının öz səylərini daha da artırmalarının və reproduktiv mədəniyyətin təbliğinin zəruriliyini vurğuladı.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Milli Demoqrafiya Günü münasibətilə dərc olunan cavab məktubunun tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Vətəndaş cəmiyyətinin fədakar fəallarına salamlarımı çatdırır, göstərdikləri sevgi və məsuliyyət hissinə görə təşəkkürümü bildirirəm.
Üçüncü Müqəddəs Müdafiənin və millətin hər kəsə aşkar olan o tayı-bərabəri olmayan əzəmətli oyanış nemətinin ən qiymətli nailiyyətlərindən biri də İranın dünyada böyük və təsirli bir güc səviyyəsinə yüksəlməsidir. Şübhəsiz ki, bu mövqeyin qorunub saxlanması və ondan daha yüksək, arzuolunan bir mərtəbəyə ucalmaq birbaşa demoqrafiya məsələsi ilə bağlıdır. Bəzən əhalinin təbii artımı məsələsinin zərurətinə keçmişdəki bəzi səhv siyasətlərdən doğan boşluqların kompensasiya edilməsi prizmasından baxılır. Amma sırf bu yanaşma olmamalıdır; əhalinin təbii artımı istiqamətində aparılan doğru və qətiyyətli siyasətin ciddi şəkildə izlənilməsi sayəsində böyük İran milləti gələcəkdə nəhəng rollar ifa etməyə, strateji sıçrayışlara nail olmağa və yeni İran-İslam sivilizasiyasının qurulması yolunda böyük addımlar atmağa qadir olacaqdır. Buna görə də demoqrafiya sahəsində çalışan vətəndaş cəmiyyətinin fəallarının səylərini durmadan artırması və reproduktiv mədəniyyətin təbliği bu aydın gələcəyin təmin olunmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Digər tərəfdən, bu məsələ əzəmətli şəhid Rəhbərimizin də (Allah onun şərafətli məqamını uca etsin) ən böyük qayğı və hədəflərindən biri olmuşdur. O bir çox ümumi və xüsusi görüşlərdə, iclas və müzakirələrdə bunu hər zaman vurğulamışdır. Bu məsələ hələ də dövlətin ən mühüm strateji hədəflərindən biri hesab olunur. Ümid edirəm ki, siz əzizlərin bu səmimi və ixlaslı səyləri Mövlamızın (ə.f) xeyir-duası sayəsində bərəkətli və zəngin nəticələrə vəsilə olacaqdır, inşallah.
Seyid Müctəba Hüseyni Xamenei
29 ordibeheşt 1405
19 may 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
