İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei böyük mütəfəkkir Əbülqasim Firdovsinin anım və Fars Dilinin Qorunması günü münasibətilə müraciət ünvanlayıb. Ali Məqamlı Rəhbər müraciətdə İran-İslam mədəniyyəti və sivilizasiyasının dünya səviyyəsində təbliği və tanıdılması istiqamətində fars dili və ədəbiyyatının böyük bir potensiala malik olduğuna işarə edərək vurğuladı: “Əziz İran xalqının Üçüncü Müqəddəs Müdafiədəki iştirakı, müqavimət və qələbə dastanı mədəniyyət, ədəbiyyat və sənət adamlarının çiyinlərinə böyük bir vəzifə qoyur: Onlar da Firdovsi kimi ayağa qalxmalı, sənətkarların oyanışını xalqın oyanışının davamı olaraq gerçəkləşdirməli və millətin bu əzəmətli yüksəlişinin salnaməsini tarixdə əbədiləşdirməlidirlər”.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Fars dili danışıq və yazı vasitəsi olmaqdan əlavə, iranlıların idrak qəlibini, düşüncə bağlarını və kimlik sərhədlərini təşkil edir. Fars dili və ədəbiyyatı, zəngin İran-İslam mədəniyyəti və sivilizasiyasını dünya miqyasında tanıtmaq üçün ən böyük potensiallardan biridir. Müdrik və şəhid Rəhbərimizin (Allah onun şərif məqamını uca etsin) fars dilinin gücləndirilməsi ilə bağlı tövsiyəsi “İran-İslam sivilizasiyası”nın iqtidarı yoluna işıq saçan bir mayakdır.
Əziz İran xalqı əvvəlki iki məcburi müharibədə olduğu kimi, Üçüncü Müqəddəs Müdafiədə də sübut etdi ki, Firdovsinin əfsanəvi dastanları, əslində, onların real həyatı və qəhrəman şəxsiyyətidir. Şahnamənin insanpərvər, döyüşkən və Qurani-Kərimdən qaynaqlanan anlayışları İranda yaşayan bütün xalqları və təbəqələri öz kimliyini, əsilliyini və müstəqilliyini qorumaqda, təcavüzkar “zöhhak” xislətlərə qarşı mübarizədə yekdil və həmrəy edir.
Bu iştirak, müdafiə və qələbə dastanı mədəniyyət, ədəbiyyat və sənət adamlarının çiyinlərinə böyük bir vəzifə qoyur: Onlar da Firdovsi kimi ayağa qalxmalı, sənətkarların oyanışını xalqın oyanışının davamı olaraq gerçəkləşdirməli, düşüncəni, qələmi və dili sənətlə yoğuraraq millətin bu əzəmətli yüksəlişinin salnaməsini əbədiləşdirməlidirlər.
Digər tərəfdən, div xislətlərin və dünya şeytanlarının təcavüzünə qarşı göstərilən qeyrətli müqavimət və qazanılan şərəfli qələbə, milləti öz sivilizasiyasının müstəqilliyini qorumağa, habelə Amerikanın dil, mədəniyyət və həyat tərzinə qarşı apardığı hücumların müqabilində daha da hazırlıqlı etmişdir. Beləliklə, millətimiz mədəniyyət sahəsinin fəallarının yaradıcı təşəbbüsləri sayəsində dil və diskurs müdafiəsini, azyaşlı, yeniyetmə və gənclərin inkişaf və yetkinləşməsini təmin edərək qəti qələbəyə doğru qalan mərhələni, Uca Allahın köməkliyi ilə, daha böyük bir əzmlə qət edəcəkdir.
Seyid Müctəba Hüseyni Xamenei
25 ordibeheşt 1405
15 may 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
