Ayətullah Seyid Müctəba Xamenei mübarək Qədir-Xum bayramı, İmam Xomeyninin (r.ə) vəfatının 37-ci ildönümü və şəhid Ayətullah Seyid Əli Xameneinin rəhbərliyə başlamasının ildönümü münasibətilə dünya müsəlmanlarına müraciət ünvanlayıb. Dünya müsəlmanlarını Qədir-Xum bayramı münasibətilə təbrik edən rəhbər Həzrət Əlinin (ə) bütün İslam ümməti üçün ən üstün və kamil bir örnək olduğunu bildirib. O, qeyd edib ki, İslam İnqilabının hər iki rəhbərinin həyatının ucalıq rəmzi Həzrət Əlinin (ə) yolunu addım-addım izləmək olmuşdur.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri, İmam Xomeyni (r.ə) məktəbinin təməli olan “Allah üçün qiyam” prinsipinə və İran xalqının dahi Xomeyni (r.ə), şəhid Xameneinin dövründəki oyanışına diqqət çəkib. O, 1342-ci ilin (1963) Xordad (iyun) hadisələrindən başlayan bu müqəddəs hərəkatın son üç ayda yeni bir dirçəliş mərhələsinə keçdiyini vurğulayaraq deyib: “Mənfur düşmən sizin Silahlı Qüvvələrdə xidmət edən igid övladlarınız qarşısında ağır məğlubiyyətə uğrayıb. Xüsusilə həm hərbi cəbhədə, həm də meydan və küçələrdə aldığı sarsıdıcı zərbələr sayəsində, rüsvayçı bir uğursuzluq yaşayan, bu səbəbdən də digər dövlətlər tərəfindən aşkar şəkildə təcrid olunmağa başlayan düşmən, indi öz hibrid müharibəsində iki əsas nöqtəyə fokuslanıb: birincisi, xalqın əzm və iradəsini qırmaq; ikincisi, məsul şəxslərin səhv qərarlar verməsinə nail olmaq”.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin bu gün səhər Höccətül-İslam vəl-müslimin Hacı Əli Əkbəri tərəfindən Həzrət İmam Xomeyninin (r.ə) müqəddəs hərəmində oxunan müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
اَلحَمدُ للهِ الَّذی جَعَلَ کَمالَ دینِه وَ تَمامَ نِعمتِه بِوِلایةِ امیرِالمؤمنین علیِبنِ اَبیطالِب علیهالسّلام
Həmd Əmirəl-möminin Əli ibn Əbi Talibin vilayəti ilə Öz dinini kamilləşdirən və nemətini tamamlayan Allaha məxsusdur.
İran və bütün dünya müsəlmanlarını, İslam ümmətinin atası Əmirəl-möminin Həzrət Əlinin (ə) aşiqlərini “Mübarək Qədir-Xum Bayramı” münasibətilə təbrik edir, Həzrət İmam Xomeyninin (r.ə) pak ruhuna salam göndərirəm.
Bu il dahi İmam Xomeyninin ayrılığından – 14 Xordad tarixindən 37 il keçir. Eyni zamanda bu il həm də ümmətin mehriban atası, İmamın (r.ə) məktəbinin görkəmli, parlaq, sadiq və fədakar davamçısı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Şəhid Ayətullah əl-üzma Seyid Əli Xameneinin əbədiyyətə qovuşmasından sonrakı ilk 14 Xordaddır. Bu il İmamın (r.ə) müqəddəs məqbərəsində artıq onun qətiyyətli səsi, hikmətli və nüfuzedici kəlamının əks-sədası eşidilmir. Lakin İslam Respublikasının qurucusunun on illik, eləcə də uca məqamlı şəhid Rəhbərimizin otuz altı illik rəhbərliyi dövrünə aid bütün çıxışları və yazılı irsi hər birimiz üçün misilsiz, qiymətli bir xəzinə və gələcək yolumuza nur saçan bir mayakdır.
Əvvəla, bu gün ən böyük ilahi bayram olan mübarək Qədir-Xum günüdür. Bu gün Uca Allahın İslam cəmiyyəti və dövlət idarəçiliyi prinsipini müəyyən etdiyi, məsum İmamların (ə) daimi vilayəti ilə dinin kamilliyini və nemətin tamamlanmasını təmin etdiyi əhd-peyman günüdür.
Qədir-Xum bizə elə bir şəxsiyyəti xatırladır ki, Kəbədə dünyaya gəldiyi andan şəhadət zirvəsinə ucaldığı vaxta qədər keçən şərəfli ömrünün hər bir anını Allaha və Onun yoluna həsr edib. Məhz buna görə də Həzrət Əli (ə) əziz Peyğəmbərimizdən (s) sonra həyatının bütün dönəmlərində müsəlman və möminlər üçün ən uca örnək və kamil nümunə hesab edilir. Azyaşlı uşaqlardan ağsaqqallara, cəmiyyətin sıravi üzvlərindən tutmuş elit və liderlərə qədər hər kəsin o Həzrəti (ə) özünə rəhbər seçməsi ən doğru və vacib addımdır. Belə ki, İslam İnqilabının hər iki rəhbərinin şərəfli ömür yolunun qürur mənbəyinə çevrilməsinin səbəbi də məhz o uca şəxsiyyətin yolunu izləmələri olmuşdur.
İkincisi, bu gün ümmətin rəhbəri İmam Xomeyninin (r.ə) vəfatının ildönümüdür. Bu gün bütün dünyada məşhur olan, lakin az tanınan bu dahi şəxsiyyət barədə düşünmək və fikir mübadiləsi aparmaq üçün çox qiymətli bir fürsətdir. O, elə cazibədar şəxsiyyətdir ki, onun nurlu yolunu və hədəflərini dərindən anlamaq və tanımaq, İran-İslam dövlətinin gələcəyinə işıq saçan mayakdır. Xalqımızın gənc nəsildən olan bir çox üzvü onu əyani şəkildə görmək şərəfinə nail olmayıb. Hətta onun sağlığı dövründə yaşamış insanların bir çoxu belə, hələ də İmamın (r.ə) şəxsiyyətinin və siyasi xəttinin dərinliyinə tam vara bilməyiblər.
Uca Allah:
قُل اِنَّما اَعِظُکُم بِواحِدَة اَن تَقوموا لله مَثنی و فُرادی
– deyə, buyurur. Allah-Taala bu mübarək ayədə Həzrət Peyğəmbərin (s) ümmətə belə deməsini əmr etmişdir: “Mən sizə yalnız bir nəsihət edirəm, o da Allah üçün istər iki-iki (birlikdə), istərsə də tək-tək ayağa qalxmağınızdır”. (“Səba” surəsi 46-cı ayədən) Bu mübarək ayə əsrimizin böyük və bənzərsiz şəxsiyyəti, saleh bəndəsi, İnqilabın dahi rəhbəri və İslam Respublikasının qurucusunun hələ onilliklər öncə İran millətini Allah naminə qiyama dəvət etdiyi ilk müraciətinin və ən qədim tarixi sənədlərindən birinin giriş sözüdür. Bəli, “Allah üçün qiyam” İmamın (r.ə) məktəbinin təməl prinsipidir. Onun mübarək ömrünün ən mühüm bərəkətlərindən biri də məhz bu prinsipə əsaslanaraq cəmiyyətə rəhbərlik etməsi, insanları tərbiyələndirməsi, xalq üzərində böyük və dərin təsir buraxması olmuşdur. Bu ilahi hərəkat Allah-Taalanın Qurani-Kərimdə:
وَالَّذینَ جاهَدوا فینا لَنَهدِیَنَّهُم سُبُلَنا
“Bizim yolumuzda cihad edənləri, şübhəsiz ki, Öz yollarımıza yönəldəcəyik” (“Ənkəbut surəsi, 69-cu ayədən) – buyurduğu kimi, Uca Allahın lütf və bərəkətinin nazil olmasına, cəmiyyəti Haqqa doğru yönəldən ilahi qanunun gerçəkləşməsinə səbəb oldu.
Məgər İran xalqının oyanışı və çox mühüm əhəmiyyət daşıyan ümumxalq hərəkatları dahi İmam Xomeyni (r.ə) və uca məqamlı şəhid Rəhbərimiz Seyid Əli Xameneinin dövründə, onların birbaşa və ya dolayı rəhbərliyi sayəsində baş verməmişdirmi?
İmperializmin və müstəmləkəçiliyin əsirinə çevrilmiş, Qərbdən tamamilə asılı, boğucu və qorxu dolu bir mühitdə qəflət içərisində yaşayan bir milləti 1963-cü ilin 5 İyun tarixində hansı böyük qüvvə oyada bilərdi? Hansı cazibə qüvvəsi 1 Fevral 1979-cu il tarixində milyonlarla insanı İmamı (r.ə) qarşılamaq, 4 İyun 1989-cu il tarixində isə son mənzilə yola salmaq üçün küçələrə çıxara bilərdi? Və nəhayət, sonuncu heyranedici nümunədə hansı sarsılmaz qüvvə və polad iradə idi ki, ötən ilin 10 İsfənd (28.02.2026) tarixindən etibarən İran xalqını ayağa qaldırdı? Bu elə bir qüvvədir ki, xalqı yüksək amalla meydana gətirdi və xalq artıq üç aydan çoxdur ki, öz şəhid Rəhbərinin və digər fədakar şəhidlərin qanının yerdə qalmaması, İslam dövlətinin və doğma vətəninin sərhədlərini qorumaq üçün hələ də eyni coşğu ilə meydandadır. İnsanlar şəhid Rəhbərin ideallarını gerçəkləşdirmək, haqqı bərqərar etmək və Allah üçün qiyama qalxmaq naminə on milyonlarla fədakarın sıralarını daha da möhkəmləndiriblər. Bəli, məhz dahi İmam Xomeyni (r.ə) və uca məqamlı şəhid Rəhbərimiz Seyid Əli Xamenei əziz İran xalqındakı bu potensialı və hazırlığı kəşf edərək yenidən diriltdi. Onlar buna hər zaman xüsusi dəyər verirdilər. Nümunəvi təqvası ilə qələmindən çıxan hər bir sözə xüsusi diqqət yetirən dahi İmam (r.ə) öz vəsiyyətnaməsində olduqca böyük bir iddia ortaya qoyaraq belə yazmışdı: “Mən cəsarətlə iddia edirəm ki, müasir dövrdə İran xalqı və onun milyonluq kütləsi Allah Rəsulunun (s) dövründəki Hicaz əhalisindən, Əmirəl-möminin (ə) və Hüseyn ibn Əlinin (ə) dövründəki Kufə və İraq əhalisindən qat-qat üstündür”.
Bu gün əziz millətimiz fəxr edir ki, özünün bu yeni oyanışı ilə Müqavimət Cəbhəsinin yanında yer alaraq dünyanın bütün ayıq insanlarının və azadlıqsevər xalqlarının qürur mənbəyinə çevrilmişdir. Bu addımlarla İmam Xomeyninin (r.ə) vəsiyyətnaməsindəki o məşhur fikrin həqiqəti bir daha sübuta yetirildi. Şəhid Rəhbərimizin təbirincə desək, xalqın bu nəhəng okeanını təlatümə gətirməyi bacaran o qüdrətli əl dahi İmam Xomeyninin (r.ə) polad iradəsi, arxayın qəlbi və Zülfüqar tək kəskin dili oldu. Məhz o, milyonlarla insanı meydana gətirməyi, onları meydanda saxlamağı və hərəkatın yönünü onlara öyrətməyi bacardı.
Şübhəsiz ki, bu cür dərin təsirin növbəti bariz nümunəsi əziz rəhbərimiz Xameneinin şəxsiyyətinə aiddir. O öz saleh sələfinin yolu ilə getdi və İslam İnqilabı və İslam dövlətinə rəhbərlik etdiyi təxminən dörd onillik ərzində gənclərə güvəndi, xalqın dünyagörüşünü və siyasi şüurunu inkişaf etdirdi. O, cəmiyyəti elə bir hazırlıq səviyyəsinə çatdırdı ki, onun o böyük şəhadətindən sonra İran xalqının dirçəlişində tamamilə yeni bir mərhələ və rekord qeydə alındı. Bəli, əziz Xameneinin məktəbi, elə Məhəmməd (s) peyğəmbərin saf dininin davamı olan dahi Xomeyni (r.ə) məktəbinin eynisidir. Bu məktəbin təməl prinsipi “Allah üçün qiyam”dır. Məktəbin yetirmələri bu nurlu yolda haqqı bərqərar etmək, batili yox etmək və cihad etmək üçün səf-səf düzülərək tam hazır vəziyyətdə gözləyirlər.
Mərhum İmam Xomeyni (r.ə) İran, İslam ümməti və qlobal miqyasda böyük bir tarixi dönüşün banisidir. Uca məqamlı şəhid Rəhbərimiz Seyid Əli Xamenei isə bu dönüşü daha da dərinləşdirərək davam etdirmiş, onun təkamülü və reallaşması üçün yeni dövlətçilik və cəmiyyət sistemini formalaşdırmışdır. Bu xəttə sadiq qalan şəhid Rəhbərimiz öz çıxışlarında, yazılarında və əməllərində İmamın (r.ə) məktəbini yaşatmaqla yanaşı, hər il 14 Xordad tarixini xalqın İmam Xomeyni ilə illik əhd-peymanını yeniləmə fürsətinə çevirmişdi. O, bu anım günlərində İmamın (r.ə) məktəbinin prinsiplərini, siyasətini və əsas xətlərini sistemli şəkildə şərh və bəyan edirdi. O cümlədən bu çıxışlarda tez-tez vurğulanan bəzi fundamental təlimlərə görə İran xalqı mömin, zəkalı və cəsur bir millətdir; xalq, ölkənin əsl sahibidir və onun güc mənbəyidir; bu xalq qarşısına qoyduğu hər bir doğru islahatı gerçəkləşdirməyə qadirdir və müxtəlif sahələrdə “Biz bacarırıq” şüarını əyani şəkildə sübut edibdir. Digər mühüm təlim isə məzlumların müdafiəsini həm islami, həm insani, həm də irani bir vəzifə olaraq görməkdir. Başda ABŞ olmaqla qlobal imperialist nizamın əsas problemi də məhz bu millətin qürurlu kimliyi və heç vaxt təslim olmayan iradəsidir.
Bəli, təxminən səksən il əvvəl Fələstin torpaqlarında “İsrail” adlı hərbi bir baza quran imperialist nizam, Fəratın şərqində – yəni özlərinin o uydurma və saxta “Böyük İsrail” xəritəsinin şərq sərhədində – güclü, müstəqil və hər cür potensiala malik bir İranın mövcudluğunu qəbul edə bilmir. Məhz buna görə də, onlar İranın inkişafının qarşısını almaq üçün əllərindən gələn heç bir bədxah addımdan çəkinmirlər.
Fürsətdən istifadə edərək, əziz millətimizin nəzərinə çatdırıram ki, məkrli düşmən sizin Silahlı Qüvvələrdə xidmət edən igid övladlarınız qarşısında ağır məğlubiyyətə uğrayıb. İstər hərbi cəbhədə, istərsə də meydan və küçələrdə aldığı sarsıdıcı zərbələrlə rüsvayçı bir uğursuzluq yaşayan və bu səbəbdən digər dövlətlər tərəfindən aşkar şəkildə təcrid olunmağa başlayan düşmən, indi öz hibrid müharibəsində iki əsas nöqtəyə fokuslanıb: birincisi, xalqın əzmini və müqavimət iradəsini sarsıtmaq; ikincisi, məsul şəxslərin səhv qərarlar verməsinə nail olmaq.
Düşmənin hər iki hədəfə çatmaq üçün istifadə etdiyi əsas silah şübhə, məyusluq, qorxu, bədgümanlıq və nifaq toxumları səpməkdir. Buna görə də, bu bədxah addımların qarşısını almaq üçün hər kəs qətiyyət və bəsirətlə hərəkət etməli, daxili birliyi, həmrəyliyi və qarşılıqlı etibarı qorumalıdır; düşmənlə eyni fikri səsləndirməməklə onun bu məkrli planı puça çıxarılmalıdır. Bu məqamda qeyd olunan prinsiplərə dəstək vermək baxımından dövlət rəsmilərinin üzərinə çox böyük məsuliyyət düşür. Xalq arasında bədbinlik və ruh düşkünlüyü yaradan istənilən addım bu ölkəyə və onun insanlarına düşmənçilik edənlərə birbaşa kömək etmək deməkdir.
İndi bütün dünyada İslam İnqilabının məzlum, lakin qüdrətli və qalib liderləri olan dahi Xomeyni (r.ə) və əziz Şəhid Xameneinin məktəbini əməli şəkildə tanıtmaq və reallaşdırmaq üçün tamamilə yeni bir fürsət yaranıb. Bu mühüm vəzifə bütövlükdə millətimizin, xüsusilə də gənclərin, ziyalıların, elm, düşüncə və sənət adamlarının üzərinə düşür. Onlar məhz bu məktəbə əsaslanaraq, Allahın vədlərinə güvənərək, Mövlamız Həzrət Mehdinin (ə.f) xüsusi diqqət və yardımları sayəsində, həmçinin xalis İslam yolu, yəni məsum İmamların (ə) yaşadıqları 250 illik dövrdə çəkilmiş o nurlu xətt ilə əziz İranın parlaq gələcəyini qurmalıdırlar.
Qadir və Uca Allahdan seçilmiş bu böyük milləti son qələbəyə, inkişaf və əzəmətin ən uca zirvələrinə çatdırmasını, İnqilabın hər iki böyük rəhbərinin mələkut aləminə ucalmış ruhlarını, eləcə də İslam İnqilabının müqəddəs şəhidlərinin, xüsusilə də İkinci və Üçüncü Müqəddəs Müdafiə dövrünün pak şəhidlərinin ruhlarını öz mövlaları Əmirəl-möminin Həzrət Əli (ə) ilə məhşur etməsini diləyirəm. Allahın lütfü və kərəmi sayəsində Mövlamız Həzrət Vəliyyi-Əsrin (ə.f) müqəddəs və nurlu qəlbini İran xalqından razı etməsini, bu əziz milləti və onun fədakar xadimlərini o Həzrətin (ə.f) xüsusi dualarından və şəfaətindən faydalanmasını təmənna edirəm.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
Seyid Müctəba Hüseyni Xamenei
14 xordad 1405
4 iyun 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
