İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin “Milli Fars Körfəzi Günü” münasibətilə müraciəti yayımlandı.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Uca Allahın regionumuzun müsəlman xalqlarına, xüsusilə də müsəlman İran xalqına bəxş etdiyi misilsiz nemətlərdən biri də “Fars körfəzi” nemətidir. Bu, sadəcə bir su hövzəsi olmaqdan daha çox kimliyimizin və sivilizasiyamızın bir hissəsini formalaşdıran bir nemətdir. Fars körfəzi millətləri birləşdirən bir nöqtə olmaqla yanaşı, Hörmüz boğazında və onun ardınca Oman dənizində qlobal iqtisadiyyatın özünəməxsus və həyati yolunu yaratmışdır.
Bu strateji sərmayə ötən əsrlərdə bir çox şeytanların tamahının oyanmasına səbəb olmuşdur. Avropa və Amerika yadellilərin təkrarən etdiyi təcavüzlərin region ölkələri üçün yaratdığı tarixi, çoxsaylı təhlükəsizlik problemləri, zərər və təhdidlər dünya imperialistlərinin Fars körfəzi sakinlərinə qarşı qurduqları məşum planların yalnız bir hissəsidir. Bunun ən son nümunəsi isə Böyük şeytanın (ABŞ) son vaxtlar nümayiş etdirdiyi zorakı və quldursayağı davranışıdır.
Fars körfəzinin ən uzun quru sahilinə sahib olan İran xalqı körfəzin müstəqilliyi yolunda, yadelli və təcavüzkarlara qarşı apardığı mübarizədə ən böyük fədakarlıqları nümayiş etdirmişdir. 10 Ordibeheşt tarixinin “Milli Fars Körfəzi Günü” kimi adlandırılmasına əsas verən amil portuqaliyalıların qovulması və Hörmüz boğazının azad edilməsindən tutmuş, Hollandiya müstəmləkəçiliyinə qarşı mübarizə, habelə İngiltərə müstəmləkəçiliyinə qarşı göstərilən qəhrəmanlıq dastanlarının hamısı buna nümunədir. Amma İslam İnqilabı bu müqavimətlərin dönüş nöqtəsi oldu və müstəkbirlərin əlini Fars körfəzi regionundan kəsdi. Bu gün dünya hegemonlarının regiondakı ən böyük hərbi yürüş və təcavüzündən, Amerikanın öz planlarında rüsvayçı şəkildə məğlub olmasından iki ay keçdiyi bir vaxtda Fars körfəzi və Hörmüz boğazında yeni bir dövr yazılmaqdadır.
Uzun illər boyu hökumət rəhbərlərinin hegemon və təcavüzkarlar qarşısındakı sükutuna və zilləti qəbul etməsinə alışmış Fars körfəzinin xalqları ötən altmış gün ərzində yadelli ağalığının rədd edilməsində əziz İranın cənub bölgəsinin əhalisinin, gənclərinin qeyrət və cəsarəti ilə yanaşı, Ordu və SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin rəşadətli şəxsi heyətinin nümayiş etdirdiyi əzmkarlıq, ayıq-sayıqlıq və fədakarlığın gözəl təzahürlərinə şahid oldular.
Bu gün Uca Allahın lütfü və Üçüncü Məcburi Müharibənin məzlum şəhidlərinin, xüsusilə İslam İnqilabının uzaqgörən və əzəmətli Rəhbərinin (Allah onun şərif məqamını uca etsin) qanının bərəkəti sayəsində, nəinki dünya ictimaiyyətinin və region xalqlarının nəzərində, hətta ölkələrin kral və hökmdarları üçün də sübut olundu ki, amerikalı yadellilərin varlığı və onların Fars körfəzi torpaqlarında yuva qurması regiondakı qeyri-sabitliyin ən mühüm amilidir. Amerikanın o puç və sabun köpüyünə bənzər bazaları nəinki regiondakı marionetləri və amerikapərəstlərin təhlükəsizliyini təmin etməyə, heç öz təhlükəsizliyini belə təmin etməyə güc və qüdrəti yoxdur.
Allahın gücü və qüdrəti ilə Fars körfəzi regionunun parlaq gələcəyi ABŞ-ın olmadığı, region xalqlarının tərəqqisinə, asayiş və rifahına xidmət edən bir gələcək olacaqdır. Biz Fars körfəzi və Oman dənizinin su hövzəsindəki qonşularımızla “eyni taleyi” bölüşürük. Minlərlə kilometr uzaqdan gəlib bura tamah salan və şər törədən yadellilərin burada yeri yoxdur; Onların yeri körfəz sularının dərinlikləridir. Allah-Taalanın lütfü, qüdrətli İranın strateji, müqavimət siyasəti və tədbirləri səyəsində gerçəkləşən bu qələbə zənciri regionda və dünyada qurulacaq yeni nizamın başlanğıcı olacaqdır.
Bu gün İran millətinin möcüzəvi oyanışı təkcə cinayətkar sionizm və ABŞ-a qarşı mübarizədə canını fəda etməyə hazır olan on milyonlarla insanla məhdudlaşmır; seçilmiş İslam ümmətinin sıx cərgələrinin önündə gedən – ölkə daxilində və xaricində yaşayan doxsan milyon qeyrətli və şərəfli həmvətənimiz – milli kimliyə, mənəviyyata, insani qüvvəyə, elmə, sənayeyə, nanotexnologiya və biotexnologiyadan tutmuş nüvə və raket sahəsinə qədər bütün fundamental və yeni texnoloji imkanlara öz milli sərvəti kimi baxır; su, quru və hava sərhədləri kimi bu nailiyyətləri də əzmlə qoruyacaqdır.
İran İslam Respublikası Hörmüz boğazı üzərindəki idarəçiliyin tətbiqi nemətinə əməli şəkildə şükr edərək, Fars körfəzi regionunun təhlükəsizliyini təmin edəcək və təcavüzkar düşmənin bu su yolundan sui-istifadə etmək cəhdlərinə son qoyacaqdır. Hörmüz boğazının yeni hüquqi qaydaları və idarəçilik prinsipləri, Allahın izni ilə, kafirlərin xoşuna gəlməsə belə, regionun bütün xalqlarının xeyrinə olaraq asayiş və tərəqqini təmin edəcək, onun iqtisadi bərəkətləri isə millətin qəlbini şad edəcəkdir.
Seyid Müctəba Hüseyni Xamenei
10 ordibeheşt 1405
30 aprel 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
