Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei “Ordu Günü” münasibətilə bütün ordu heyətini, onların möhtərəm ailələrini və böyük İran xalqını təbrik etdi. O öz təbrik müraciətində İslam İnqilabının qələbəsini düşmən tərəfindən orduya diktə edilən zəiflik dövrünün sonu kimi qiymətləndirərək İranın ərazi bütövlüyü və müqəddəs bayrağının müdafiəsi yolunda göstərilən son rəşadətlərə toxundu.
O, habelə müraciətin bir hissəsində əzəmətli Şəhid Rəhbərimizin mövlud ildönümünə də işarə edərək, ordunun ləğv edilməsini istəyən məşum çağırışlara qarşı onun bu təsisatın qorunub saxlanması və döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətindəki yorulmaz səylərini vurğuladı.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
إِنَّ اللَّهَ یُحِبُّ الَّذینَ یُقاتِلونَ فی سَبیلِهِ صَفًّا کَأَنَّهُم بُنیانٌ مَرصوصٌ ﴿صف:۴﴾
Tərcümə: Şübhəsiz ki, Allah, Onun yolunda dəmir bina kimi dayanıb döyüşənləri sevir (Səff, 4)
Mərhum İmam Xomeyninin (r.ə) müdrik təşəbbüsü ilə İran İslam Respublikası Ordusunun mübarək yaranması günü kimi qeyd edilən 29 fərvərdin günü münasibətilə bütün ordu mənsublarını, onların möhtərəm ailələrini və uca İran millətini təbrik edirəm.
İslam İnqilabının qələbəsi ordunun həyatında iki mərhələni bir-birindən ayıran bir dönüş nöqtəsi hesab olunur. Bu qələbəni həm də bu vətənin düşmənləri tərəfindən diktə edilən, ölkə daxilindəki xainlərin əli ilə ölkənin rəşadətli və sadiq ordu mənsublarına rəva görülən zəiflik dövrünün sonu kimi qəbul etmək lazımdır. Həmin vaxtdan etibarən ordu öz həqiqi yerini tutdu, mənfur və azğın Pəhləvi rejiminin xidmətində olmaq əvəzinə, millətin isti ağuşuna sığındı. Həqiqətən də ordu millətin övladıdır və xalqın ocaqlarından çıxır. Çox keçmədi ki, ordu ABŞ-nin mənfur planlarına, Pəhləvi rejiminin tör-töküntülərinə və parçalanmış bir İran istəyən separatçılara qarşı sarsılmaz iradə nümayiş etdirərək böyük qəhrəmanlıq dastanları yazdı.
İslam ordusu indi də, əvvəlki iki məcburi müharibədə olduğu kimi, mənsub olduğu vətəni və bayrağı rəşadətlə müdafiə edir. O, İlahi qüdrətə və xalqın dəstəyinə arxalanaraq, digər Silahlı Qüvvələrin mücahidləri ilə çiyin-çiyinə sıx və sarsılmaz cəbhə yaradaraq küfr və imperializm cəbhəsinin başında duran iki ordu ilə döyüşür, onların zəifliyini və zillətini bütün dünyaya nümayiş etdirir. Ordunun pilotsuz uçuş aparatları bir ildırım tək amerikalı və sionist cinayətkarların üzərinə şığıdığı kimi, rəşadətli Hərbi Dəniz Qüvvələri də düşmənlərə yeni məğlubiyyətlərin acısını daddırmağa hər an hazırdır.
Digər tərəfdən, 29 Fərvərdin həm də misilsiz şəxsiyyətin, əzəmətli Şəhid Rəhbərimizin mövlud ildönümüdür. O, inqilabın ilk onilliyindən etibarən ordunun ləğvi ilə bağlı edilən məşum çağırışlara qarşı bu təsisatın qorunub saxlanmasına, daha sonra isə onun müxtəlif istiqamətlərdəki potensialının yüksəldilməsinə böyük səylər göstərmiş şəxsiyyətdir.
Şübhəsiz ki, ölkənin şərqdən qərbə, şimaldan cənuba qədər hər qarışını qoruyan bu əsl xalq təsisatının müxtəlif qabiliyyətlərinin inkişaf xətti ikiqat güclə davam etdirilməlidir. Allahın izni ilə yaxın gələcəkdə bunun reallaşması üçün zəruri olan tədbirlər görüləcəkdir.
Bu yolda son beş onillik ərzində orduya rəhbərlik etmiş, bir çoxu şəhidlik mərtəbəsinə ucalmış qəhrəman şəxsiyyətlərin simasına nəzər salmaq, onların proqramlarını, fəaliyyətlərini, eləcə də alicənab və ixlaslı məramlarını öyrənmək Silahlı Qüvvələrin bütün mənsubları üçün örnək və ilham mənbəyi olacaqdır. Qərəni, Fəllahi, Namcu, Fəkuri, Babayi, Səttari, Ərdestani və Səyyad Şirazi kimi böyük şəxsiyyətlərdən tutmuş, sonuncu adlı-sanlı şəhidlərimiz Seyid Əbdürrəhim Musavi və Əziz Nəsirzadəyə qədər hər birinin yolu bu baxımdan əhəmiyyətlidir.
Uca Allahın salamı və xeyir-bərəkəti İran İslam Respublikası Ordusunun əmirləri və komandanlarından tutmuş, onun səssiz və tanınmayan əməkdaşlarına və əsgərlərinə qədər bütün mücahidlərin üzərinə olsun! Allahın salamı və bərəkəti ordunun bütün fədakarlarına, qazilərinə, Rəbbimizin xüsusi rəhməti isə Amerika və sionist rejimin böyük İran millətinə qarşı apardığı məcburi müharibənin bütün möhtərəm şəhidlərinin ailələrinə olsun.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.
Seyid Müctəba Hüseyni Xamenei
29 Fərvərdin 1405
18 Aprel 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
