İslam İnqilabının Ali Rəhbərinin Ofisinin yaydığı bəyanatda xalqın müxtəlif təbəqələrindən gələn çoxsaylı müraciətlərə, habelə düşmən medialarının yalan dolu təbliğatına uyaraq Həzrət Ayətullah Seyid Əli Xameneinin sağlığında ona qarşı yol verdikləri haqsız mövqelərdən doğan kədər hissinə işarə edilərək vurğulanır: “Bütün bu əzizlərimiz arxayın olsunlar. Çünki o Şəhid İmam hər zaman bütün İran xalqını öz övladı hesab edir, belə əzizləri bağışlayır və onlara öz haqqını halal edirdi”.
İslam İnqilabının Ali Rəhbərinin Ofisinin bəyanatının tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Əziz, şərəfli, azad və rəşadətli İran xalqının diqqətinə:
Xalqın müxtəlif təbəqələrindən olan insanlar rəhbərlik aparatı ilə əlaqə saxlayaraq düşmənin yalan yayan şəbəkələrinin yalançı təbliğatı nəticəsində Ali Rəhbər Şəhid İmamın (Allah-taala ondan razı olsun) uca şəxsiyyətinə qarşı haqsız mövqelər nümayiş etdirdikləri, bəzən isə cəsarət etdikləri üçün dərin kədər hissi keçirdiklərini, sağlığında ondan halallıq ala bilmədiklərinə görə böyük təəssüf hissi duyduqlarını bildirir, bundan sonra nə etməli olduqları barədə soruşurlar.
O həzrətin bərəkətli ömrü boyu bənzər müraciətlərə verdiyi mütəmadi cavablara və dəfələrlə buyurduğu: “Bütün İran xalqı mənim övladımdır, mən onlar üçün dua edirəm. Belə əzizləri bağışlamışam, onlara haqqımı halal etmişəm və edəcəyəm” açıqlamasını rəhbər tutaraq elan edirik:
Bütün bu əzizlərimiz arxayın olsunlar ki, onlar bir ümman tək bütün xalqı öz şəfqətinə sığdıran o mehriban qəlbin bağışlamasına nail olublar. Bu razılığın ən bariz nişanəsini isə xalqın hər bir üzvünün bugünkü sarsılmaz, qəhrəmancasına birliyində və düşmənın bağrını yaran qəlbində görmək olar. Allah-taala Öz lütfü ilə onların arasındakı bütün ayrılıq divarlarını ortadan qaldırmışdır. Hamı bir ağızdan “Əllahu Əkbər” şüarı ilə hər şeydən uca olan “Kəlimətullah” bayrağını dalğalandırır, Allaha təvəkkül edərək, bir ürək və bir amal uğrunda addımlayır, bəşəriyyətin xəbis düşməni üzərində qələbədən başqa heç nə düşünmür.
Möhkəm dayanın və əmin olun ki, İran tarixinin Seyidüşşühədasının duası hər birinizin üzərindədir və hər zaman da olacaqdır. Sizin bu sarsılmaz qətiyyətiniz “Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər və qədəmlərinizi sabit edər” kəlamında buyurulduğu kimi, ilahi yardım və yaxın qələbə müjdəsini verir.
İslam İnqilabının Ali Rəhbərinin Ofisi
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
