İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei həcc mövsümünün yetişməsi münasibətilə zəvvarlara ünvanladığı müraciətində həccin rəmzlər və sirlərlə dolu əməlləri və zikrlərini Mütəal Allaha doğru köç etmək, şeytanın və onun tərəfdarlarının əsarətindən xilas olmaq, ilahi vəzifələrə əməl etmək üçün dayanmadan səy göstərmək, nəfsin istəklərindən qurtulmaq, dünya və axirət xoşbəxtliyinə nail olmaq istiqamətində bəşəriyyət üçün daimi nişanələr olduğunu qeyd etdi.
O, böyük İran xalqının bu nişanələrə, xüsusilə də İslam Hərəkatı, İnqilabın qələbəsi və Müqəddəs Müdafiə dövründən başlayaraq İkinci və Üçüncü Məcburi Müharibəyədək “Allahu əkbər” silahına söykənməsi, İranı təslim etmək istəyən düşmənləri nakam qoyması və heyrətamiz bir şəkildə ilahi məsuliyyəti üzərinə götürməsinə işarə edərək bildirdi: “Bu il “müşriklərdən bəraət” məsələsi daha artıq əhəmiyyət daşıyır. Amerika və sionist rejimdən bəraətin dərinliyi və genişliyi həcc mövsümündə keçirilən bəraət mərasimindən daha artıq olacaq və bundan sonra “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarları İslam ümmətinin və dünyanın məzlum xalqlarının, xüsusilə gənclərin ümumi şüarına çevriləcəkdir”.
Ali Məqamlı Rəhbərin İslam ümmətinə olan müraciətinin mətnini bu gün səhər Ərəfat çöllüyündə Vəliyyi-fəqihin nümayəndəsi və iranlı hacıların rəhbərliyi vəzifəsini daşıyan Höccətül-İslam vəl-müslimin Nəvvab qiraət etmişdir.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
İlahi, Sənin dəvətini qəbul edirəm. Sənin heç bir şərikin yoxdur. Bütün həmdlər, bütün nemətlər, bütün mülk və qüdrət Səndəndir və Sənə aiddir.
Bu il də həcc mövsümü yetişdi və İslam ümmətinin həcc zəvvarları maddi və adi həyatdan ilahi və səadətli həyata köç etmək üçün bəndəlik ehramını bağladılar və “təlbiyə” dedilər. Bu, təməli Haqq-təalaya bəndəlik olan tövhid həyatıdır, Allahın şəriklərini inkar etmək və onlardan uzaqlaşmaqdır. Lakin bu köç fürsəti yalnız bu ilin Beytullah zəvvarlarına və hacılarına aid deyildir, əksinə, İranın və bütün dünyanın müsəlman qardaş və bacılarının hamısına – istər ömürlərinin ötən illərində hacı olan, istərsə də həcc ibadətini hələ yerinə yetirməyə müvəffəq olmayan bütün şəxslərə – şamildir. Bu köçün şərti Allah zikri ətrafında daimi “ehram” bağlamaqdır, haqqın ətrafında daimi “təvaf” etməkdir, ilahi vəzifələrin çətin zirvələri arasında daimi “səy” etməkdir, aldadıcı cazibələri və bütün tərəfdarları ilə birlikdə şər şeytanı davamlı olaraq “daşlamaq”dır, diqqət və yalvarışla müşayiət olunan “vuquf”dur, ehtiyaclı fəqirləri və yolçuları doyurmaqdır, nəfsi istəkləri və azdırıcı meyilləri qurban vermək və daxili çirkinlik
ləri təmizləməkdir, hər bir vəziyyətdə xidmətə hazır olmaq və haqqın müdafiəsi bayrağını ucaltmaqdır.
İran xalqı da İslam İnqilabı “miqat”ında məhz bu köç yoluna qədəm qoydu, böyük Xomeyninin İbrahimsayağı çağırışına cavab verdi, tabeçilik libasını əynindən çıxararaq dünya və axirət səadəti ehramını geyindi, “ləbbeyk” deyərək və coşqu ilə Muhəmmədin (Allahın salamı və salavatı olsun ona və Əhli-beytinə) saf İslamının maarifi ətrafında təvaf etməyə, cahanşümul ədalətin və böyük vilayətin nuruna yaxınlaşmağa çalışdı.
اَللهُ اَكْبَر اَللهُ اَكْبَر، لَا اِلٰهَ اِلَّا الله، وَ اللهُ اَكْبَر، اَللهُ اَكْبَر، وَ لِلهِ الْحَمْدُ، اَللهُ اَكْبَر عَلَىٰ مَا هَدَانَا
Bəli, Allahu əkbər! Məhz bu “Allahu Əkbər” silahı ilə İranın müsəlman xalqı 47 il əvvəl qiyam etdi, tağut, diktator və asılı Pəhləvi rejimini devirdi, tamahkar və təkəbbürlü Amerikanın əl-qolunu ölkədən kəsdi və sionizmin nüfuzunun qarşısını tamamilə aldı.
Məhz bu “Allahu Əkbər” silahı ilə Səddamçı Bəəs rejiminin İran torpağına təcavüzü zamanı qeyrətli mücahidlər və fədakar gənclər səkkiz illik Müqəddəs Müdafiə dastanını yazdılar, Şərq və Qərbin bütün qüdrətlərinin Bəəs rejimini dəstəkləməsinə rəğmən, onu yerində oturtdular. Bu dirənişi sonrakı illərdə də iqtisadi mühasirələr, çevriliş cəhdləri, zalım sanksiyalar və düşmənlərin İslam Respublikasına qarşı saysız siyasi, mədəni, iqtisadi hücumları qarşısında möhkəm və sarsılmaz şəkildə davam etdirdilər.
Allahu Əkbər! Elə bu “Allahu Əkbər” silahı İrandan tutmuş Livan, Fələstin, İraq və Suriyaya qədər, Afrika və Yəməndən tutmuş Əfqanıstan və Pakistana qədər İslam ümməti və müqavimət cəbhəsinin mücahid gəncləri arasındakı bağları, eləcə də dünyanın bütün azad xalqları arasındakı bağları möhkəmləndirdi və bu “möhkəm bağ” qəsbkar sionist təcavüzkarları qarşısında İslam ümmətinin müdafiəsinə qalxdı, İŞİD fitnəsini məhv etdi, “Tufanul-Əqsa”nı yaratdı və sarsılmış sionist rejimini son nəfəslərinə yaxınlaşdırdı.
Allahu Əkbər! Bəli, Uca Allah vəsfə sığmaqdan daha böyükdür. Elə bu “Allahu Əkbər” silahı ilə İran İslam Respublikası İkinci Məcburi Müharibədə – 1404-cü ilin xordad ayında – sionist rejimini ağır zərbələr altında aciz vəziyyətə salmağa, təcavüzkar Amerikaya sərt sillə vurmağa və İranı təslim etdirməyi qarşısına hədəf qoyan düşməni uğursuzluğa düçar etməyə nail oldu.
“Allahu Əkbər” silahı İran xalqına elə bir güc və qüvvə bəxş etdi ki, Həzrət Peyğəmbərin (s) layiqli övladı, böyük Rəhbər Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneini (Allah onun məqamını ucaltsın) bugünkü dünyanın ən zalım insanları tərəfindən şəhadətə yetirildikdən sonra xalq ilahi bir məsuliyyəti üzərinə götürdü və lazım olan hər bir sahədə hərtərəfli iştirak edərək dünyanı öz iftixarları qarşısında heyrətə gətirdi.
Həqiqətən də Uca Allah vəsfə sığmaqdan daha böyükdür. Elə bu “Allahu Əkbər” silahı ilə İran İslam Respublikasının qeyrətli döyüşçüləri və canından keçən silahlı qüvvələri, Müqavimət Cəbhəsinin mücahidləri, xüsusilə əziz Livanın müqavimət mücahidləri ilə birlikdə Üçüncü Məcburi Müharibədə dişinə qədər silahlanmış Amerika-sionist terror orduları üzərində böyük qələbələr qazandılar. Onlar Rəbbə təvəkkül edərək öz raket və pilotsuz aparatları ilə quruda, havada və dənizdə Böyük şeytan olan Amerikanı və onun tərbiyə etdiyi sionist rejimi “daşladı”lar və Allah yolunda cihad edənlərə yardım edəcəyinə dair Allahın “doğru vədi”ni öz gözləri ilə gördülər.
Bir daha Allahu Əkbər! Şübhəsiz ki, Uca Allah vəsfə sığmaqdan daha böyükdür və Onun orduları hər bir qüdrətə qalibdir. Elə bu “Allahu Əkbər” silahı ilə ayağa qalxan İran xalqı və Müqavimət Cəbhəsindən sonra İslam ümməti də ayağa qalxacaq və “müşriklərdən bəraət” anlayışı “həcdə sütunları daşlamaq” rəmzi mənasından çıxaraq, dünyanın hər bir yerində yaşayan müsəlmanların fərdi, ictimai və siyasi həyatının sahələrinə yayılacaqdır.
İslam ümməti və bölgə xalqları çoxlu ortaq imkanlara və mənafelərə malikdirlər ki, bunlar regionun və dünyanın yeni nizamını və gələcək həndəsəsini formalaşdıracaqdır.
Mən səmimiyyət və ixlasla bütün İslam ölkələrini və dövlətlərini dostluğa, xeyir və yaxşılıq yolunda əməkdaşlığa dəvət edirəm ki, birlikdə İslam ümmətinin tərəqqisi və İslam dünyasının problemlərinin həlli istiqamətində addım ataq.
Bu sahədə aydın olan məsələ budur ki, zamanın əqrəbi geri dönməyəcək və region xalqları və torpaqları artıq Amerika bazalarının qalxanı olmayacaqdır. Amerika artıq bölgədə bədxahlığı və hərbi bazalarını yerləşdirmək üçün təhlükəsiz bir nöqtəyə sahib olmayacaq, hətta gündən-günə keçmiş mövqeyindən uzaqlaşacaqdır. Sarsılmış və “xərçəng şişi” olan sionist rejimi də öz nəhs ömrünün son dönəmlərinə yaxınlaşmışdır və Allahın izni ilə, şəhid Rəhbərin on il əvvəl söylədiyi qəti və uzaqgörən sözünə uyğun olaraq, həmin tarixdən sonrakı 25 ili görməyəcəkdir, inşallah.
Məhz buna görə də bu il “müşriklərdən bəraət” məsələsi daha artıq əhəmiyyət daşıyır. Amerika və sionist rejimdən bəraətin dərinliyi və genişliyi həcc mövsümündə keçirilən bəraət mərasimindən daha artıq olacaq və bu mübarək günlərdən sonra İranın və dünyanın müxtəlif nöqtələrində “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarları İslam ümmətinin və dünyanın məzlum xalqlarının, xüsusilə gənclərin ümumi şüarına çevriləcəkdir.
Gələcək İslam ümmətinə və yeni İslam sivilizasiyasına aiddir. Hər birimiz öz himmətimiz, imkanımız və məsuliyyətimiz qədər bu gələcəyin gerçəkləşməsində və ona yaxınlaşmaqda rol oynaya bilərik. Bu ilin həccində iştirak edən iranlı zəvvarlar Üçüncü Məcburi Müharibənin “Fəth rəvayəti”ni digər müsəlman qardaş və bacılarına çatdırmaq və onları parlaq gələcəyə ümidləndirmək baxımından mühüm və təsirli bir vəzifəyə malikdirlər.
Bütün əziz hacılardan istəyirəm ki, bəşəriyyətin xilaskarının zühurunun tezləşməsi üçün dua etməyə xüsusi diqqət göstərsinlər, İslam ümmətinin birliyi, Fələstinin və Məscidul-Əqsanın azadlığı, müsəlmanların böyük problemlərinin aradan qalxması və qlobal istibdada qarşı son qələbə üçün dua etsinlər və məni də xeyir-dualarında unutmasınlar.
Pərvərdigara! Məhəmmədə və Ali-Məhəmmədə salam və salavat göndər. Öz lütfünü və mərhəmətini hacılara və bütün İslam ümmətinə şamil et. Onlara qəbul olunmuş həcc nəsib et, qəlblərini mərifət və bəsirət nuru ilə işıqlandır, İslam ümmətinin islahı və İslam düşmənləri üzərində son qələbə yolunda onların iradə və əzmini daha da möhkəmləndir.
Pərvərdigara! Öz geniş rəhmətini və fəzlini Allah yolunun şəhidlərinin, xüsusilə Müqavimət Cəbhəsinin şəhidlərinin və onların başında duran böyük şəhid Rəhbərin pak ruhlarına nazil et. Hacıların həccindən, ibadət edənlərin ibadətindən və ümmətin Rəhbərinin hidayətinə tabe olan çalışqan insanların səylərindən bol payı onun müqəddəs ruhuna çatdır və İran xalqına, İslam ümmətinə onun yolunu və məqsədini davam etdirməkdə yardımçı ol.
Pərvərdigara! Ən üstün salavat və salamlarını ağamız və mövlamız Həzrət Məhdiyə (ə.f) və onun pak atalarına nazil et. O Həzrətin (ə.f) pak və qəbul olunmuş dualarını bizə və bütün İslam ümmətinə şamil et, onun mübarək zühuru ilə aləmi nurlandır və zinətləndir. Necə ki, vəd etmisən və qəlblərimiz tam əminliklə o qəti vədlə doludur:
وَعَدَ اللهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَ لَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَ لَيُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ أَمْنًا ...
“Allah sizlərdən iman gətirib saleh əməl yerinə yetirənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri Yer üzündə canişin etdiyi kimi, onları da Yer üzündə hakim edəcək, onlar üçün bəyəndiyi dini möhkəmləndirəcək və qorxularını əmin-amanlıqla əvəz edəcəkdir”. (Nur surəsi, ayə 55)
Bütün müsəlman qardaşlarımıza Allahın salamı, rəhməti və bərəkəti olsun.
Seyid Müctəba Hüseyni Xamenei
5 xordad 1405
26 may 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
