Mücahid İmam Şəhid Həzrət Ayətullah Xameneinin dəfn mərasiminin təşkili üzrə komitə rəsmi açıqlama yayaraq İslam İnqilabının Şəhid Rəhbərinin vida və dəfn mərasiminin təfərrüatlarını açıqlayıb.
Rəsmi açıqlamanın tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
مِنَ الْمُؤْمِنِینَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَیْهِ فَمِنْهُم مَّن قَضَی نَحْبَهُ وَمِنْهُم مَّن یَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِیلًا
“Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər”. (“Əhzab” surəsi, 23-cü ayədən)
Şiə dünyasının Ali Məqamlı mərcəyi-təqlidi, İslam İnqilabının müdrik rəhbəri, haqq və müqavimət cəbhəsinin bayraqdarı, mücahid imam şəhid Həzrət Ayətullah Seyid Əli Hüseyni Xameneinin şəhid olması ilə əlaqədar İslam dünyası matəm içindədir. O, bütün bərəkətli ömrünü haqq və həqiqətin bərqərar olmasına, İslamın müdafiəsinə, xalqa xidmətə və İslam ümmətinin hidayətinə həsr etmiş böyük bir şəxsiyyət idi. Şəhid Rəhbər qətiyyətli imanı, ixlaslı mübarizəsi, sarsılmaz səbri, ilahi bəsirəti ilə hər zaman əziz İranın müstəqillik bayrağını, İslam ümmətinin rəhbərliyini və izzətini uca tutmuşdur. Bu bənzərsiz şəxsiyyətin adı və xatirəsi əziz İranın tarixində, İslam dünyasında və dünya azadlıqsevərlərinin qəlbində əbədi yaşayacaqdır.
Mücahid İmam Şəhid Həzrət Ayətullah Xameneinin anım mərasiminin təşkili üzrə komitə Həzrət Vəliyyi-əsrə (ə.f), İnqilabın Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə, bütün azadlıqsevər xalqlara və Haqq yoluna bağlı olan insanlara başsağlığı verir. Komitə habelə seçilmiş müsəlman İran xalqına, İslama və İnqilaba bağlı olan hər kəsə nümayiş etdirdikləri böyük vəfa və coşquya görə dərin təşəkkürünü və minnətdarlığını bildirir.
Komitənin əvvəlki açıqlamalarına və tərtib edilmiş proqramlarına əsasən, matəm içində olan şərəfli xalqın nəzərinə çatdırılır ki, Şəhid Rəhbər və onun şəhid ailə üzvləri – Misbahül-Huda Baqiri-Kəni, Seyidə Büşra Hüseyni Xamenei, Zəhra Həddad-Adil və Zəhra Məhəmmədi Gülpayeqaninin (Allah onların hamısından razı olsun) pak cənazələri ilə vida və dəfn mərasimi aşağıdakı qrafik üzrə keçiriləcək:
• 1405-ci il 13 tir, şənbə və 14 tir bazar günü – məhərrəm ayının 19-20-si (4-5 iyul): Tehranın İmam Xomeyni adına müsəllasında pak cənazələrlə vida mərasimi.
• 1405-ci il 14 tir, bazar ertəsi günü – məhərrəm ayının 21-i (6 iyul): Tehran şəhərində matəm və vida yürüşü.
• 1405-ci il 16 tir, çərşənbə axşamı – məhərrəm ayının 22-si (7 iyul): Müqəddəs Qum şəhərində matəm və vida yürüşü.
• 1405-ci il 18 tir, cümə axşamı – məhərrəm ayının 24-ü, İmam Səccadın (ə) şəhadət gecəsi (9 iyul): Məşhəd şəhərində matəm və vida yürüşü, cənazələrin İmam Rzanın (ə) hərəmində dəfn edilməsi mərasimi.
Əziz və şərəfli xalqımız, dünyanın azadlıqsevər insanları, İslam məktəbinə bağlılığı və İrana rəğbəti olan hər kəs bu əzəmətli mərasimlərdə iştirak etməyə və Şəhid Rəhbəri son mənzilə yola salmağa dəvət olunur.
Sonda, bu tədbirin təşkili üçün geniş hazırlıq işləri görən məsul dövlət qurumlarına və xalq hərəkatlarına təşəkkürümüzü bildirir, eyni zamanda vurğulayırıq ki, bu mərasimin keçirilməsində əsas rolu matəmin əsl sahibi olan fədakar xalqımız oynayacaq və inşallah, ümumxalq hərəkatının misilsiz və əzəmətli nümunəsini nümayiş etdirəcəkdir.
Mərasimin digər təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
İslam İnqilabının Şəhid Rəhbərinin Əsərlərinin Qorunması və Nəşri İdarəsi
23 xordad 1405
12 iyun 2026-cı il
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
