Ali Məqamlı Rəhbərin informasiya bloku

Mərhum Rəhbərin şəhadətinin qırxıncı günü və məcburi müharibə ilə bağlı müraciət

İnqilabın Ali Məqamlı mərhum Rəhbərinin şəhadətinin qırxıncı günü münasibətilə və məcburi müharibə ilə bağlı məsələlər haqqında İnqilabın Rəhbərinin müraciəti

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ
إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا. لِيَغْفِرَ لَكَ اللهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَ مَا تَأَخَّرَ وَ يُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَ يَهْدِيَكَ صِرَاطًا مُسْتَقِيمًا. وَ يَنْصُرَكَ اللهُ نَصْرًا عَزِيزًا.

“Həqiqətən, Biz sənə açıq-aşkar bir fəth bəxş etdik ki, (bununla) Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni doğru yola yönəltsin və Allah sənə yenilməz qələbə bəxş etsin”. (Fəth, ayə 1-3)

Rəhman və Rəhim Allahın adı ilə

İslam və İran düşmənlərinin törətdiyi ən böyük cinayətlərdən və bu xalqın tarixində ən ağır ümummilli faciələrdən biri olan İslam İnqilabının Ali Məqamlı Rəhbəri, İran xalqının atası, İslam ümmətinin rəhbəri, çağdaş dövrdə həqiqət axtaranların öndəri, İranın və müqavimət cəbhəsinin şəhidlərinin sərvəri Böyük Xameneinin (Allah onun pak ruhunu ucaltsın) ürəkdağlayan şəhadətindən qırx gün keçir.

Qırx gündür ki, şəhid Rəhbərimizin uca ruhu İlahi dərgahda övliyaların, siddiqlərin və şəhidlərin ziyafətinə qonaqdır. Həmçinin onunla eyni vaxtda və ya onun ardınca çoxsayda silahdaşları, komandirlər, İslam döyüşçüləri və bir neçə günlük körpələrdən tutmuş ahıllara qədər məzlum həmvətənlər də bu uca mərtəbəyə nail olmuşlar.

Qırx gecə-gündüzdür ki, Uca Allah bu ümmətin Rəhbərini Öz hüzuruna çağırmışdır. Lakin bu dəfə Kəlimullahın (Musa peyğəmbərin) dövründən fərqli olaraq, şəhid Rəhbərin yoldaşları və onun ümməti haqqı bərqərar etmək və batillə mübarizə aparmaq üçün ayağa qalxdılar, Samiri və onun buzovu qarşısında möhkəm dağlar kimi dayandılar, od parçaları tək təcavüzkarların və fironların başına yağdılar.

Qırx gecə-gündüzdür ki, dünya müstəkbirləri (hegemonları) öz aldadıcı və yalançı maskalarını üzlərindən çıxararaq qətlin, zülmün, təcavüzün, yalanın, təkəbbürün, uşaq qətlinin, tiranlığın və fəsadın çirkin və şeytani simasını açıq şəkildə nümayiş etdirirlər.

Lakin digər tərəfdən, artıq qırx gecə-gündüzdür ki, böyük Xomeyninin və əziz şəhid Xameneinin qeyrətli övladları, Muhəmmədin (s) pak İslamının ardıcılları nümunəvi ciddiyyət və şücaətlə meydanlarda, küçələrdə və döyüş səngərlərindədirlər. Düşmənin vəhşi hücumlarının vurduğu ziyan və itkilərə baxmayaraq, onlar üçüncü məcburi müharibəni üçüncü müqəddəs müdafiənin qəhrəmanlıq səhnəsinə çevirmişlər. Ayıq İran xalqı göstərdi ki, öz şəhid Rəhbərinin itkisinin böyük kədərini yaşasa da, Hüseynin (ə) Aşurasının bilavasitə varislərindən örnək alaraq bu kədəri qəhrəmanlığa, matəmi isə mübarizə ruhuna çevirməyi bacardılar. Bütün bunlar təpədən dırnağa qədər silahlanmış düşməni çaşqınlıq və çarəsizlik içində qoymuş, dünyanın azad insanlarını isə heyran etmişdir. Bu dəfə məhz müstəkbirlərin cəhalət və nadanlığı səbəb oldu ki, 1404-cü ilin isfənd ayı İranın və İslam İnqilabının güclənməsi və yüksəlişinin yeni mərhələsinin başlanğıcı oldu, İran İslam Respublikasının bayrağı yalnız ölkə sərhədləri daxilində deyil, dünyanın hə
qiqət axtaran insanlarının qəlblərinin dərinliyində ucaldı.

Bu münasibət şəni uca Rəhbərin qısa da olsa tanıtdırılması üçün yaxşı bir fürsətdir. Söhbət elə bir şəxsiyyətdən gedir ki, məşhur olduğu qədər də tanınmayıbdır.

Hamıya məlumdur ki, bizim şəhid Rəhbərimiz dövrünü düzgün dərk edən və uzaqgörən bir fəqih, yorulmaz mücahid, dağ kimi möhkəm, elminə əməl edən alim idi. O, zikr, ibadət və Rəbbin dərgahında yalvarış əhli, həmçinin Məsumların pak zatlarına (Allahın salamı onlara olsun) təvəssül əhli idi. Qəlbinin dərinliyindən ilahi vədlərə iman gətirmişdi.

Onun xüsusiyyətlərindən biri də İransevərliyi və əziz İranın daha çox müstəqilliyi uğrunda davamlı surətdə çalışması idi. Müstəqilliklə yanaşı, milli birlik və həmrəyliyin də vacibliyini vurğulayırdı. O, bir ömür İslam quruluşunun yaradılması, möhkəmləndirilməsi və davamlılığı üçün çalışdı. Eyni zamanda, onun baxışına görə, xalq olmadan İslam Cümhuriyyəti heç bir məna kəsb etmirdi.

İqtidar və möhkəmliyi ilə yanaşı, düşüncələrində və məsələlərə yanaşmada böyük zərifliyə malik idi. Ölkənin potensialına, xüsusilə də gənclərə xüsusi diqqət ayırırdı. Elm və texnologiyaya və onun sayəsində inkişafa böyük önəm verirdi. Əziz şəhid ailələrinə, veteranlara və fədailərə xüsusi ehtiram göstərirdi. Müxtəlif sahələrdə, bəzən onillikləri əhatə edən zəngin və dərin təcrübəyə malik idi. Eləcə də uzun siyahını əhatə edən bir çox digər xüsusiyyətlərə malik idi.

Bu günlərdə bəzi media vasitələrində onun incəsənətə münasibəti, sənətşünaslığı və incəsənətin inkişafına verdiyi töhfələr barədə tez-tez danışılır. Bu xüsusiyyət təkbaşına bir insanın şəxsiyyətinə böyük dəyər qata biləcək amil olsa da, xüsusilə əziz Rəhbərimizdə sözün həqiqi mənasında və ən yüksək səviyyədə mövcud olsa da, onun digər keyfiyyətləri və üstünlükləri ilə müqayisədə daha kiçik görünür. Şəxsən mənim onun bir çox müxtəlif bacarıqlarından xəbərim var.

Onun az diqqət yetirilən böyük bacarıqlarından biri geniş xalq kütləsinin və müxtəlif ictimai qrupların düşüncələrini, rəftarlarını və emosiyalarını formalaşdırmaqla cəmiyyəti formalaşdırmaq və inkişaf etdirmək bacarığı idi.

Digər mühüm xüsusiyyəti isə məqsədyönlü institutların yaradılması idi. O, xüsusilə rəhbərliyinin ilk illərində uzaq üfüqləri nəzərə alaraq bu istiqamətdə ciddi və planlı addımlar atmışdır.

Onun digər bir bacarığı ölkənin hərbi strukturunun gücləndirilməsi istiqamətində atdığı addımlar idi ki, İran xalqı son iki müharibədə bunun müsbət nəticələrindən xəbərdar olmuş və faydalanmışdır. Həmçinin elmi, strateji və siyasətin qurulması da daxil olmaqla, müxtəlif sahələrdə yenilik və yaradıcılıq bacarığı onun digər bir bacarığıdır ki, bunun müəyyən nümunələri ümumi dövlət siyasətlərinin tənzimlənməsində öz əksini tapmışdır.

O, həmçinin tələbə uyğun yeni söz və birləşmələr yaratmaqla yeni mənalar yaratmaq bacarığına malik idi ki, onların hər biri çoxsayda mənaları formalaşdırır və daşıyır, nəticədə ictimai diskurs meydana gəlirdi.

Onun uca ruhunun çətinliklər və sınaqlar içində cilalanması, habelə haqq yolunda səbir və dözüm göstərməsi nəticəsində yiyələndiyi bacarıqlardan biri də uzaq gələcəkdə baş verəcək hadisələri öncədən görmək bacarığı idi: “Mömin Allahın nuru ilə baxar”. (Peyğəmbər (s))

Bir çox digər bacarıqlara da malik idi ki, bu qısa mətn çərçivəsində onların hamısını sadalamaq mümkün deyildir. Bütün bu bacarıqlar və üstünlüklərin yeganə mənbəyi isə Allahın xüsusi lütfü, həmçinin Ağamızın (İmam Zamanın) və onun pak atalarının (Allahın salamı onlara olsun) xüsusi diqqətidir. Bəlkə də bu lütf və diqqətin ona yönəlməsinin əsas səbəbini haqq sözün ucaldılması yolunda onun dayanmadan və xalis niyyətlə göstərdiyi səy və mübarizədə ümumiləşdirmək olar. Lakin xəyanətkar Pəhləvi rejimi ilə mübarizənin çətinliklərindən əlavə, o, vəzifəni yerinə yetirmək zəminində xüsusi bir fürsətdən yüksək səviyyədə bəhrələnmişdir ki, insanların əksəriyyəti təbii olaraq bundan xəbərdar deyildir.

Tale elə gətirdi ki, atası görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşdiyi dönəmdə elmə böyük həvəs göstərən və eyni zamanda elminə əməl etməyə çalışan gənc Seyid illərlə böyük alimlərdən dərs aldıqdan sonra Qumda elmi inkişafı və gələcək karyerası üçün mövcud olan bütün zahiri imkanları tərk edib, ilahi lütfə güvənərək özünü atasına xidmətə həsr etməli oldu. Bu fədakarlığın ardınca ilahi lütf belə təzahür etdi ki, Seyid Əli Xamenei hələ otuz yaşına çatmamış Xorasandan Günəş kimi doğdu və qısa müddətdə həm fikir, həm də mübarizə sahəsində əsas sütunlardan birinə çevrildi. Eyni zamanda o, ənənəvi elmlərdə də nəzərəçarpacaq irəliləyişlər əldə etdi. Belə ki, 1970-ci illərdə SAVAK onu “Xorasanın Xomeynisi” adlandırmışdı. Qeyd etmək lazımdır ki, bu böyük şəxsiyyətin həm mənəvi, həm də zahiri inkişafı sonrakı mərhələlərdə də davam etmişdir.

İndi isə böyük şəxsiyyətlərin, xüsusilə də belə bir insanın davranışlarından dərs almaq məqamında çox yerinə düşər ki, bir-birimizə qarşı səmimi xeyirxahlığı və qarşılıqlı dəstəyi öz həyat qaydamıza çevirək. Çünki bu xüsusiyyət və onunla yanaşı olaraq geniş ilahi mərhəmətə üz tutmaq haqq bayrağı altında dayananlarla batil bayrağı ətrafında toplaşanlar arasındakı mühüm fərqdir. Şübhəsiz ki, bu yolu tutmaq səma qapılarının açılmasına və müxtəlif ilahi, qeybi yardımların nazil olmasına səbəb olacaqdır. Bu yardımlar rəhmət yağışının yağmasından tutmuş düşmən üzərində qələbəyə, hətta elmi və texnoloji inkişaflara qədər uzanır.

Bu günlərdə tez-tez eşidilir ki, əziz xalqın müxtəlif qrupları haqlı olaraq və həsrətlə o bənzərsiz şəxsiyyəti xatırlayır və getdikcə onun yüksək şəxsiyyətinin parlaq tərəfləri daha çox üzə çıxır. Həmçinin onun müəyyən davranışlarını örnək götürmək meyli də tədricən geniş yayılır. O cümlədən əziz xalqımız şəhadəti anında onun sıxılmış yumruğundan dərslər çıxarmış və bu gün həmin sıxılmış yumruq bəziləri üçün ortaq bir əqidə rəmzinə çevrilmişdir. Beləliklə, bir daha sübut olunur ki, şəhidin təsiri diri insandan daha güclüdür. Şəhidin tövhidə, haqq axtarışına, zülm və fəsada qarşı mübarizəyə çağırışı həyatda olduğu dövrlə müqayisədə daha gur səslənir və mesajı daha təsirli olur. Həmçinin bu böyük şəhidin ürəyinin istəyi – bu xalqın və digər müsəlman xalqların səadəti indi əvvəlkindən daha çox reallığa yaxınlaşmışdır.

Əziz həmvətən qardaşlar və bacılar! Bu günə qədər üçüncü müqəddəs müdafiə salnaməsinin bu mərhələsində əminliklə demək olar ki, siz qəhrəman İran xalqı bu meydanın qəti qalibisiniz. Bu gün İslam Cümhuriyyətinin böyük bir güc kimi yüksəlişinin ilk əlamətləri və hegemon qüvvələrin zəifləməsi və enişi hamının gözü qarşısında aydın şəkildə görünməkdədir. Bu, şübhəsiz ki, şəhid Rəhbərimizin və digər şəhidlərin, məzlum həmvətənlərimizin və Minabın “Şəcəreyi-təyyibə” məktəbinin solmuş güllərinin qanı, eləcə də xalqın bütün təbəqələrinin ilahi dərgaha yönəlmiş duaları, onların meydanlarda, məhəllələrdə və məscidlərdə mücahidcəsinə iştirakı, həmçinin Sepah, ordu, polis qüvvələri, adsız əsgərlər və sərhədçilər sıralarında İslam döyüşçülərinin fədakar, minnətsiz və səmimi canfəşanlıqları sayəsində İran xalqına bəxş olunmuş ilahi bir nemətdir. Bu nemətə də digər nemətlər kimi şükür olunmalıdır ki, davamlı olsun və artsın. Necə ki, Quranda buyurulur: “Əgər şükür etsəniz, mən sizə (nemətimi) artıraram”. Bu nemətin əməldə olan şükrü isə güclü İranın qurulması istiqamətində dayanmadan səy göstərməkdir.

Hazırkı mərhələdə şəhid Rəhbərin bu şüarına və strateji məqsədinə nail olmaq üçün zəruri olan amil əziz xalqımızın ötən qırx gündə olduğu kimi öz davamlı iştirakını qoruyub saxlamasıdır. Bu iştirak bu gün güclü İranın əldə etdiyi mövqenin əsas sütunlarından biri hesab olunur. Buna görə də düşmənlə danışıqların başlanması ilə bağlı qərarın elan edilməsi fonunda belə bir təsəvvür yaranmamalıdır ki, xalqın meydanlara çıxması artıq zəruri deyildir. Əksinə, əgər fərz etsək ki, hərbi qarşıdurma səhnəsində müvəqqəti sakitlik dövrü başlanıb, bu halda meydanlarda, məhəllələrdə və məscidlərdə fəal iştirak etmək imkanı olan bütün vətəndaşların üzərinə düşən məsuliyyət əvvəlkindən daha ağır görünür. Şübhəsiz ki, sizin meydanlarda ucaltdığınız səslər danışıqların nəticəsinə təsir göstərir. Eləcə də “İran uğrunda can fəda” adlı milyonlarla insanın qatıldığı və getdikcə artan kampaniya da bu sahədə təsir göstərən amillərdəndir. Uca Allahın izni ilə bu fəallıq və onun davamlılığı nəticəsində İran xalqının qarşısında açılan perspektiv möhtəşəm, parlaq, izzət, qürur və rifah dolu bir dövrün başlanacağını vəd edir.

Şəhid Rəhbərimiz rəhbərlik məsuliyyətini üzərinə götürdüyü zaman İslam Cümhuriyyəti İslam və İran düşmənlərindən çoxsayda zərbə alan bir fidan kimi idi, lakin bütün bu zərbələrə dözümlə sinə gərmişdi. Lakin təxminən 37 ildən sonra ümmətin rəhbərlik kürsüsünü tərk edərkən kökləri möhkəm olan və budaqları regionun və dünyanın mühüm hissələrinə kölgə salan bir “mübarək ağac” qoyub getdi.

“Daha güclü İran”a nail olmaq yolu cəmiyyətin müxtəlif təbəqələri arasında birliyin təmin edilməsindən keçir ki, bu da onun tərəfindən dəfələrlə vurğulanmışdır. Bu birliyin nəzərəçarpan hissəsi son qırx gün ərzində reallaşmışdır. Belə ki, insanların qəlbləri bir-birinə yaxınlaşmış, fərqli baxışlara malik qruplar arasında olan buzlar əriməyə başlamış, hamı vətən bayrağı altında birləşmişdir və bu birliyin həm sayı, həm də keyfiyyəti gündən-günə artmaqdadır. Bu iştiraka hələ yaxından qoşula bilməyən bir çox insanlar da meydanlarda olanlarla ürəkdən həmrəy və həmfikirdirlər.

Bu günlərdə bir çox insan uzaq üfüqlərə baxaraq sivilizasiya baxışını təcrübə edir və özü üçün xəyali deyil, əksinə, indiki və gələcək reallıqlara əsaslanan bir təsəvvür formalaşdırır. Bu, az bir müddət bundan əvvəl başda şəhid Rəhbər olmaqla, azsayda insanda müşahidə olunan bir xüsusiyyət idi. Məhz buna görə hər bir müşahidəçi bu xalqın sürətli və sanki möcüzəvi inkişafını dərk edir. Təsadüfi deyil ki, bu günlərdə dövrün adlı-sanlı müdriki və yüksək məqamlı fəqihi (Ayətullah Cavadi Amuli) bu mövzudan danışarkən dəfələrlə qəhər boğazını tutmuş və səsi titrəmişdi.

Yaranmış fürsətdən istifadə edərək İranın cənub qonşularına deyirəm ki, siz hazırda bir möcüzəni müşahidə edirsiniz. Elə isə düzgün görün, düzgün dərk edin və düzgün mövqedə dayanın, həmçinin şeytanların yalan vədlərinə qarşı bədgüman olun. Biz hələ də sizə öz qardaşlığımızı və xeyirxahlığımızı göstərmək üçün sizdən münasib bir reaksiya gözləyirik. Bu isə yalnız sizin hegemonlardan üz döndərməyinizlə mümkün olacaq. Hansı ki, onlar sizi alçaltmaq və istismar etmək üçün heç bir fürsəti əldən vermirlər.

Hamı bilməlidir ki, Uca Allahın izni ilə biz ölkəmizə hücum etmiş cinayətkar təcavüzkarları əsla cəzasız qoymayacağıq. Vurulmuş bütün zərərlərin təzminatını, şəhidlərin qanbahasını və bu müharibənin əlillərinin diyəsini mütləq tələb edəcəyik. Hörmüz boğazının idarəçiliyini mütləq yeni mərhələyə keçirəcəyik. Biz müharibə istəməmişik və istəmirik, lakin heç bir halda öz haqq-hüquqlarımızdan geri çəkilməyəcəyik və bu istiqamətdə bütün müqavimət cəbhəsini vahid şəkildə nəzərdə tuturuq.

Bu dönəmdə və bizə aid olanları tam əldə edəcəyimiz mərhələyədək ilk növbədə bütün xalq bir-birinə qarşı diqqətli olmağa çalışmalıdır ki, müharibənin qaçılmaz nəticəsi olan çatışmazlıqlar cəmiyyətin müxtəlif təbəqələrini daha az sıxıntıya salsın. Əlbəttə, bu çatışmazlıqlar qarşı cəbhədə bəzi hallarda qat-qat daha çoxdur. Dövlət və digər qurumlarda çalışan qardaş və bacıların fasiləsiz səyləri nəticəsində vəziyyət ölkə daxilində əhəmiyyətli dərəcədə nəzarət altına alınıb.

İkincisi, beynin və qəlbin pəncərəsi olan qulaqlarımızı düşmənin dəstəklədiyi və ya onunla həmrəy olan media vasitələrinə qarşı qorumağımız zəruridir. Şübhəsiz ki, həmin media qurumları İran dövləti və xalqının xeyrini güdmür və bu, dəfələrlə sübut olunmuşdur. Buna görə də ya onlardan ümumiyyətlə istifadə etməməli, ya da ən azı onların təqdim etdiyi hər bir məlumata qarşı tam mənada bədgüman olmalıyıq.

Üçüncüsü, əziz xalq öz böyük Rəhbərinin şəhadəti ilə bağlı rəsmi matəm müddətinin başa çatması ilə yas libasını üzərindən çıxarsa da, onun və ikinci və üçüncü məcburi müharibənin bütün şəhidlərinin pak qanının intiqamını almaq üçün qətiyyətli iradəni öz ruhunda və qəlbində diri saxlayacaq, həmçinin onun həyata keçməsini daim gözləyəcəkdir.

Sonda Ağamıza (Uca Allah onun zühurunu tezləşdirsin) üz tutaraq ərz edirəm ki, biz Uca Allaha iman bəsləyərək, Məsum İmamlara (Allahın salamı onlara olsun) təvəssül edərək və şəhid Rəhbərimizi örnək götürərək sizin bayrağınız altında küfr və istikbar cəbhəsinin qarşısında dayanmışıq. Eyni zamanda bu yolda ölkənin izzəti, müstəqilliyi, eləcə də İslamın və İslam İnqilabının ucalması naminə müxtəlif təbəqələrdən olan dəyərli şəhidlər vermişik və digər itkilərlə də üzləşmişik. İndi isə bütün varlığımızla – istər danışıqlar meydanında, istərsə də döyüş meydanında – düşmən üzərində qəti qələbə üçün sizin xüsusi dualarınıza ümid bağlamışıq. Ümid edirik ki, tezliklə həm biz, həm də düşmənlərimiz duanızın möcüzəvi təsirini müşahidə edəcəyik, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Seyid Müctəba Hüseyni Xamenei
20 fərvərdin 1405-ci il (9 aprel 2026-cı il)

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /