İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin İran xalqına ilk müraciəti
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ
مَا نَنسَخْ مِنْ ءَایَةٍ أَوْ نُنْسِهَا نَأْتِ بِخَیْرٍ مِنْهَا اَوْ مِثْلِهَا
Rəhman və rəhim Allahın adı ilə. Biz hər hansı bir ayəni nəsx edir (ayənin hökmünü dəyişir) və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk.
(“Bəqərə” surəsi, 106-cı ayə)
اَلسَّلَامُ عَلَيْکَ یَا دَاعِیَ اللهِ وَ رَبَّانِیَّ آیَاتِهِ، اَلسَّلَامُ عَلَیْکَ یَا بَابَ اللهِ وَ دَیَّانَ دِینِهِ، اَلسَّلَامُ عَلَیْکَ یَا خَلِیفَةَ اللهِ وَ نَاصِرَ حَقِّهِ، اَلسَّلَامُ عَلَیْکَ یَا حُجَّةَ اللهِ وَ دَلِیلَ اِرِادَتِهِ... اَلسَّلَامُ عَلَیْکَ اَیُّهَا الْمُقَدَّمُ الْمَأمُولُ، اَلسَّلَامُ عَلَیْکَ بِجَوَامِعِ السَّلَامِ. اَلسَّلَامُعَلَیْکَ یَا مَوْلَایَ صَاحِبَ الزَّمَانِ.
Salam olsun sənə, ey Allaha tərəf dəvət edən və Allah ayələri ilə böyüyən. Salam olsun sənə, ey Allahın qapısı və Onun dininin mübəlliği. Salam olsun sənə, ey Allahın xəlifəsi və Onun haqqının köməkçisi. Salam olsun sənə, ey Allahın hüccəti və Onun iradəsinin bələdçisi... Salam olsun sənə, ey arzu olunan öndər. Bütün salamlar sənə olsun. Salam olsun sənə, ey mövla Sahibəzzaman.
(“Ali-Yasin” ziyarətnaməsindən)
Müraciətimə İnqilabın Ali Məqamlı Rəhbəri əziz və müdrik Xameneinin ürək dağlayan şəhadəti münasibətilə Mövlama (Allah onun fərəcini tezləşdirsin) başsağlığı verməklə başlayıram. O Həzrətdən böyük İran xalqının hər bir fərdinə, bütün dünya müsəlmanlarına, İslama və İnqilaba xidmət göstərən bütün insanlara və fədailərə, İslami Oyanış Hərəkatının, xüsusilə də bu son müharibənin şəhidlərinin ailələrinə və mən aciz bəndəyə dua etməsini təmənna edirəm.
Müraciətimin ikinci hissəsi böyük İran xalqına ünvanlanıb. İlk nöbvədə hörmətli Xubriqan Məclisinin (Ekspertlər Məclisinin) rəyi ilə bağlı mövqeyimi qısa şəkildə açıqlamağı lazımlı hesab edirəm. Mən – sizin xidmətçiniz olan Seyid Müctəba Hüseyni Xamenei hörmətli Xubriqan Məclisinin rəyindən sizinlə eyni vaxtda, İslam Respublikasının televiziya yayımı vasitəsilə xəbərdar oldum. İki Ali Məqamlı Rəhbərin – Böyük Xomeyninin və Şəhid Xameneinin oturduğu kürsüdə oturmaq mənim üçün çətindir. Çünki məndən əvvəl bu kürsüdə elə bir insan oturmuşdur ki, altmış ildən çox bir müddət ərzində hər növ ləzzəti, istirahəti kənara qoyaraq Allah yolunda mübarizə apardıqdan sonra yalnız öz dövrünün deyil, ölkənin hakimiyyət tarixində parlaq bir gövhər və seçilən bir sima oldu. Onun həm həyatı, həm də ölümü Haqqa söykənməkdən qaynaqlanan şövkət və izzətin tərənnümüdür.
Şəhidlik zirvəsinə ucaldıqdan sonra onun nəşini görmək mənə nəsib oldu. Müşahidə etdiyim mənzərə yalnız möhkəm bir iradə idi. Eşitdim ki, sağlam əli ilə yumruğunu sıxıbmış. Məlumatlı şəxslər onun şəxsiyyətinin müxtəlif cəhətləri barəsində uzun müddət danışacaqlar. İndi mən bu qısa açıqlama ilə kifayətlənirəm və yeri düşdükcə onun şəxsiyyəti barəsində geniş danışılacaq. Belə bir şəxsiyyətdən sonra rəhbərlik kürsüsünə oturmağın çətinliyinin səbəbi də məhz budur. Bu fasiləni ortadan qaldırmaq yalnız Allahın köməkliyinə sığınmaqla və siz xalqın köməkliyi ilə mümkündür.
Sözümün davamında müraciətimin əsas məqsədilə birbaşa əlaqəsi olan bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. O da budur ki, Şəhid Rəhbərin və ondan əvvəlki Böyük İmamın bacarıqlarından biri xalqı bütün səhnələrə və meydanlara daxil etmək, onları daim məlumatlandırmaq, onların uzaqgörənliyini, ayıqlığını artırmaq, əməl məqamında da xalqın gücünə söykənmək idi. Onlar “cümhuriyyət” anlayışını bu şəkildə gerçəkləşdirmişdilər və özləri də buna səmimi-qəlbdən inanırdılar. Bu məsələnin aydın nəticəsi ölkənin rəhbərsiz və Ali Baş Komandansız qaldığı bu bir neçə gündə müşahidə olundu. Böyük İran xalqının son hadisədə uzaqgörənliyi və ayıqlığı, möhkəmliyi və şücaəti, meydanda hazır olması dosta “əhsən” dedirtdi, düşməni heyrətdə qoydu. Siz xalq ölkəyə rəhbərlik etdiniz və onun iqtidarına zəmanət verdiniz. Müraciətin əvvəlində qeyd etdiyim Quran ayəsinin mənası budur ki, hansısa bir İlahi ayənin möhləti başa çatdıqda və ya unutdurulduqda, cəlalətli və uca Allah tərəfindən onun kimisi, yaxud daha üstünü onun yerinə gətirilir. Bu ayəni ona görə qeyd etməmişəm ki, mənim Şəhid Rəhbər səviyyəsində olduğum düşünülsün, ondan üstün ola bilməyim isə bir yana qalsın. Bu mübarək ayəni qeyd etməkdə məqsədim siz əziz xalqın düzgün zamanda sərgilədiyiniz iqtidarlı mövqeyinizə diqqəti yönəltməkdir. O böyük nemət əlimizdən çıxsa da, onun yerinə bir daha İran xalqının Əmmarsayağı müqaviməti bu ölkəyə bəxş edildi. Bunu bilin ki, əgər sizin səhnədə iqtidarınız olmasa, həqiqi vəzifəsi xalqa xidmət göstərmək olan nə rəhbərlik, nə də başqa qurumlar öz vəzifələrini layiqincə yerinə yetirə bilməyəcəklər. Bu anlayışın ən yaxşı şəkildə öz reallığını tapması üçün birinci növbədə Mütəal Allahı yad etmək və Ona təvəkkül etmək, Məsumların (Allahın salamı olsun onlara) pak nurlarına təvəssül etmək nadir tapılan qiymətli bir iksir olaraq dəyərləndirilməlidir. Bu, hər növ çətinliklərin həllinə və düşmən üzərində qəti qələbəyə zəmanət verir. Siz bu böyük məziyyətə sahibsiniz, düşmənləriniz isə ondan məhrumdurlar. İkinci növbədə, adətən, sıxıntılı vaxtlarda xüsusi şəkildə qabaran xalq birliyinə heç bir vəchlə xələl gəlməməlidir. Bu məsələ isə fikirayrılıqlarını bir kənara qoymaqla hasil ola bilər. Üçüncüsü, xalqın meydanda həlledici iştirakı qorunub saxlanmalıdır. Bu həm hazırkı müharibə günlərində və gecələrində sərgilədiyiniz şəkildə ola bilər, həm də ictimai, siyasi və mədəni sahələrdə, hətta təhlükəsizlik sahəsində müxtəlif növ aktivlik göstərməklə ola bilər. Əsas odur ki, ictimai birliyə xələl gətirmədən düzgün mövqe seçilsin və imkan daxilində icra edilsin. Rəhbərin və bəzi məsulların vəzifəsi bu mövqeləri xalq kütləsinə və ya xüsusi təbəqələrə xatırlatmaqdır. Odur ki, hicri-qəməri 1447-ci ilin Qüds günü yürüşündə iştirak etməyin əhəmiyyətini sizlərə xatırladıram. Bu yürüşün düşmənə zərbə olduğu hamının diqqətində olmalıdır. Dördüncüsü, bir-birinizə yardım göstərməkdən əsla əl çəkməyin. Həmd olsun Allaha ki, iranlıların əksəriyyəti bu xislətə malikdir və gözləntimiz odur ki, bu xüsusi günlərdə xalqın bəzi təbəqələrinin dolanışığı başqaları ilə müqayisədə daha çətin olduğu üçün bu xislət özünü daha qabarıq şəkildə göstərəcək. Bu əsnada xidmət sahələrindən istəyim budur ki, bu istiqamətdə xalq kütləsinə və yardımsevər ictimai birliklərə hər növ köməklik göstərsinlər. Əgər bu məsələlərə əməl olunsa, siz əziz xalqın şövkətli günlərə qovuşma yolunun üstündə olan maneələr ortadan qalxacaqdır. Bunun tez bir zamanda görə biləcəyiniz nümunəsi hazırkı müharibədə Allahın izni ilə düşmən üzərində qələbəmiz ola bilər.
Müraciətimin üçüncü hissəsi şücaətli döyüşçülərimizə olan səmimi təşəkkürümü ehtiva edir. Onlar əziz xalqımızın və vətənimizin istikbar cəbhəsinin başında duranların haqsız hücumuna məruz qaldığı bir vaxtda öz məhvedici zərbələri ilə düşmənin qarşısını almış, əziz ölkəmizə hakim kəsilmək və onu parçalamaq xülyasını onların başından çıxartmışdır.
Əziz döyüşçü qardaşlar! Xalq həlledici və düşməni peşman edəcək müdafiənin davam etdirilməsini istəyir. Eləcə də Hörmüz boğazının bağlı saxlanılması rıçağından da istifadə edilməlidir. Düşmənin təcrübəsinin çox az olduğu və ciddi şəkildə zərbə ala biləcəyi digər cəbhələrin açılması barəsində də araşdırmalar aparılıbdır. Müharibə davam etdirildiyi təqdirdə müəyyən məsləhətlər nəzərə alınaraq, bu cəbhələr də aktivləşdiriləcəkdir.
Müqavimət Cəbhəsinin döyüşçülərinə də səmimi təşəkkürümü bildirirəm. Biz Müqavimət Cəbhəsi ölkələrini özümüzün ən yaxşı dostları bilirik. Müqavimət və Müqavimət Cəbhəsi İslam İnqilabının ayrılmaz hissəsidir. Heç şübhəsiz, bu cəbhənin hissələrinin əlbirliyi sionist fitnəsindən qurtuluş yolunu daha da qısaldacaqdır. Gördük ki, şücaətli və mömin Yəmən zülmə məruz qalan Qəzza xalqını müdafiə etməkdən əl çəkmədi. Fədakar Hizbullah mövcud maneələrə rəğmən, İslam Respublikasının köməyinə gəldi. İraq Müqaviməti bu yolu igidcəsinə irəlilədi.
Müraciətimin dördüncü hissəsi bu bir neçə gün ərzində hansısa bir şəkildə xəsarət alan şəxslərə – doğması və ya doğmaları şəhadətə yetişən ürəyi dağlı insanlara, yaralananlara, iş və ticarət məkanı dağılan, xəsarət alan şəxslərə aiddir. Burada ilk növbədə şəni uca şəhidlərin ailələrinin acısına dərin hüznlə şərik olduğumu bildirirəm. Çünki mən də onlarla eyni acını yaşayıram. Atamı itirmişəm və bu, təkcə mənim deyil, xalqın ürəyini dağladı. Əziz və vəfalı həyat yoldaşımı itirmişəm. Özünü valideynlərinə xidmətə həsr edən və sonunda əməlinin mükafatını alan fədakar bacımı və onun azyaşlı körpəsini itirmişəm. O biri bacımın alim və şərəfli insan olan həyat yoldaşını şəhidlər karvanına yola salmışam. Amma bu müsibətlərə səbir etməyi mümkün edən, hətta asanlaşdıran amil Allahın səbir edənlərə qəti surətdə vəd etdiyi dəyərli mükafatı nəzərə almaqdır. Odur ki, səbir etmək və cəlalətli və uca Allahın lütfünə, yardımına ümid bəsləmək və güvənmək lazımdır. İkinci növbədə, sizin hamınızı əmin edirəm ki, biz sizin şəhidlərinizin qanının intiqamını almaqdan əsla vaz keçməyəcəyik. Biz yalnız İnqilabın Ali Məqamlı Rəhbərinin şəhadətinin intiqamını almağı nəzərdə tutmamışıq, əksinə, düşmən tərəfindən şəhid edilən xalqın hər bir üzvü intiqam dosyesində müstəqil yer tutur. Əlbəttə, bu intiqamın kiçik bir hissəsi öz reallığını tapmışdır. Amma intiqam tam şəkildə alınmayanadək bu dosye bütün digər dosyelərin üstündə olacaqdır. Xüsusilə də uşaqların axıdılan qanına daha çox həssaslıq göstərəcəyik. Bu səbəbdən də düşmənin bilərəkdən Minab orta məktəbində və bu kimi məkanlarda törətdiyi cinayətlərə xüsusi şəkildə baxılacaqdır. Üçüncüsü, bu hücumlarda yaralanan insanlar lazımi tibbi xidmətlərdən pulsuz şəkildə, həmçinin başqa xidmətlərdən yararlanmalıdırlar. Dördüncüsü, hazırkı vəziyyətdə maddi imkanların icazə verdiyi həddə şəxsi əmlaka dəyən xəsarətlərin aradan qaldırılması istiqamətində qaneedici tədbirlər görülməli və icra olunmalıdır. Axırıncı iki məsələ hörmətli məsulların üzərinə düşən vacib vəzifələrdir. Onlar bu vəzifələri icra etməli və mənə hesabat verməlidirlər.
Bunu da bilməlisiniz ki, biz düşməndən təzminat alacağıq. Əgər imtina etsə və verməsə, təyin etdiyimiz miqdarda onların əmlakından götürəcəyik. Bu da mümkün olmasa, həmin miqdarda onların əmlakını məhv edəcəyik.
Müraciətimin beşinci hissəsi regionun bəzi ölkələrinin başçılarına və aparıcı qüvvələrinə aiddir. Bizim on beş ölkə ilə quru və su sərhədlərimiz var. Onlarla hər zaman isti və qurucu əlaqələrin olmasını istəmişik və istəyirik. Lakin düşmən regiona hakim olmaq üçün illər öncə özünün hərbi və iqtisadi bazalarını bu ölkələrin bəzisində tədricən yaratmışdır. Son hücumda bəzi hərbi bazalardan istifadə edildi. Biz də bu barədə açıq-aydın xəbərdarlıq etdiyimizə görə, bu ölkələrin ərazi bütövlüyünə təcavüz etmədən, yalnız həmin hərbi bazalara hücum etdik. Bundan sonra da çarəsizlikdən bu işi davam etdirəcəyik, baxmayaraq ki, qonşularımızla dostluğun vacibliyinə inanırıq. Bu ölkələr əziz vətənimizə təcavüz edənlər və insanlarımızı qətlə yetirənlər qarşısındakı mövqelərini aydınlaşdırmalıdırlar. Mən tövsiyə edirəm ki, onlar vaxt itirmədən həmin hərbi bazaları bağlasınlar. Çünki indiyədək yəqin başa düşüblər ki, Amerikanın regionda təhlükəsizlik və sülh iddiası yalnız bir yalan idi. Əgər onlar bu addımı atsalar, küfr cəbhəsi ilə iş birliyindən və onların təhqiramiz rəftarlarından narazı olan xalq kütləsi ilə dövlət arasındakı bağ möhkəmlənəcək, onların sərvəti və qüdrəti artacaq. Bir daha təkrar edirəm ki, İslam Respublikası məntəqədə heç bir hökmranlıq və müstəmləkəçilik istəmədən bütün qonşuları ilə qarşılıqlı isti və səmimi əlaqələrin qurulmasına və birliyə tam şəkildə hazırdır.
Müraciətimin altıncı hissəsində üzümü şəhid Rəhbərimizə tuturam. Ey Rəhbərimiz! Aramızdan getməyin hamımızın ürəyinə böyük dağ çəkdi. Siz həmişə belə bir axır-aqibəti arzulamısınız və nəhayət Həzrət Haqq onu mübarək Ramazan ayının onuncu günü sübh vaxtı Quran oxuduğunuz halda sizə bəxş etdi. Çoxlu haqsızlıqlara təmkinlə və helmlə dözdünüz, üz turşutmadınız. Çoxları sizin həqiqi qiymətinizi bilmədi. Bəlkə də uzun illər keçdikdən sonra müxtəlif pərdələr və maneələr aradan qalxacaq və sizin şəxsiyyətiniz tanınacaq. Ümid edirəm ki, pak nurların, siddiqlərin, şəhidlərin və övliyaların yanında yer aldığınız ülvi məqamda yenə də bu xalqın və Müqavimət Cəbhəsinin bütün millətlərinin tərəqqisini düşünəcək və onlara vasitəçilik edəcəksiniz. Necə ki, bu dünya həyatında da belə idiniz. Biz sizinlə əhd bağlayırıq ki, haqq cəbhəsinin bayrağı olan bu bayrağı uca saxlamaq və sizin müqəddəs hədəflərinizə çatmaq üçün bütün varlığımızla çalışacağıq.
Müraciətimin yeddinci hissəsində məni himayə edən bütün şəxslərə, o cümlədən mərcəyi-təqlidlərə, mədəni, siyasi və ictimai xadimlərə, İslam quruluşu ilə yenidən beyət etmək üçün meydanlarda izdihamlı şəkildə iştirak edən xalq kütləsinə, dövlətin üç əsas qoluna, müvəqqəti rəhbərlik şurasına göstərdikləri xidmətlərə görə təşəkkür edirəm. Ümid edirəm ki, Allahın xüsusi lütfü bu feyz dolu saatlarda və günlərdə İran xalqına, bütün müsəlmanlara və müstəzəflərə şamil olacaqdır.
Sonda ağamız Sahibəzzamandan (Mütəal Allah onun fərəcini tezləşdirsin) təmənna edirəm ki, qalan Qədr gecələri və gündüzlərində, mübarək Ramazan ayının qalan günlərində cəlalətli və uca Allahın dərgahından xalqımızın düşmən üzərində qəti qələbəsini, həmçinin xalqın izzəti, rifahı və salamatlığını, dünyasını dəyişənlərə axirətdə uca məqam və rahatlıq istəsin.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
Seyid Müctəba Hüseyni Xamenei
Hicri-şəmsi 1404-cü il 21 isfənd
Hicri-qəməri 1447-ci il 22 ramazan
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
