İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Məhkəmə Hakimiyyəti Həftəsi və Ayətullah Beheşti və onun silahdaşlarının şəhadətinin ildönümü münasibətilə müraciət ünvanlayıb. Ali Məqamlı Rəhbər müraciətində qeyd edib ki, İran İslam Respublikasının idarəetmə sistemində məhkəmə hakimiyyətinin əsas vəzifəsi vətəndaşların hüquqlarını qorumaq, onların sosial hüquq və qanuni azadlıqlarını bərpa etmək, korrupsiya ilə mübarizə, ədalətin təmini, ilahi qanunların icrası və qanunun aliliyinə nəzarətdir. Məhkəmə sistemində aparılan islahatların bəhrəsinin insanların gündəlik həyatında mütləq görünməli olduğunu vurğulayan Ali Məqamlı Rəhbər bildirib: “1404 və 1405-ci illərdəki (2025-2026-cı illərdəki) beynəlxalq cinayətlər zamanı İran xalqının tapdalanmış hüquqlarının müdafiəsi ölkənin məhkəmə sisteminin qarşısında duran ən mühüm məsələlərdən biridir. Minab və Lamerd şəhərlərində cinayətlər törətmiş hərbi cinayətkarlar həm daxili, həm də beynəlxalq məhkəmələr qarşısında mütləq cavab verməlidirlər”.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Alullahın müsibət günləri, Həzrət Sarəllah İmam Hüseynin (s) və onun vəfalı silahdaşlarının şəhadəti münasibətilə bütün İran xalqına və İslam ümmətinə başsağlığı verirəm.
İmam Hüseynin (ə) haqqı bərqərar etmək, ümməti islah etmək, zülm və haqsızlığa qarşı durmaq uğrunda başlatdığı qiyam haqq ilə batilin, ədalət ilə zülmün qarşıdurmasında tarixin ən uca zirvəsidir. Bu qiyam dünyanın bütün azadlıqsevər insanları üçün unudulmaz və olduqca dəyərli dərslərlə zəngindir. İmam Hüseynin (ə) qanını “Allahın qanı” adlandırırlar. Bu elə bir qandır ki, sanki bütün kainatın damarlarında axaraq həyatverici qəhrəmanlıq dastanları yaradır. İran İslam İnqilabı da öz başlanğıcını məhz bu nurani mənbədən götürdüyü üçün hər zaman Hüseyn (ə) qiyamının hədəflərinə çatmağa çalışmalıdır. Hər ilin 7 tir (28 iyun) tarixi bizə inqilabın görkəmli şəxsiyyətini – məhkəmə sisteminin rəhbəri kimi bu istiqamətdə yorulmadan çalışan, sonda inqilaba sadiq olan bir qrup silahdaşı ilə birgə şəhadət şərbətini içən o şəxsiyyəti xatırladır. O və onunla birlikdə şəhid olan 72 şəhidin məzlumluğu həm bu sistemin, həm də onun memarlarının Hüseyn (ə) yolu ilə getdiyinin bir sübutu oldu.
İslam Respublikasında məhkəmə hakimiyyətinin əsas vəzifəsi vətəndaşların hüquqlarını qorumaq, onların sosial hüquq və qanuni azadlıqlarını bərpa etmək, korrupsiya ilə mübarizə aparmaq, ədaləti təmin etmək, ilahi qanunları icra etmək və qanunun aliliyinə nəzarət etməkdən ibarətdir. Bu yolda qazanılacaq uğurlar Allahın razılığına səbəb olmaqla yanaşı, həm də vətəndaşda dövlətin bu mühüm qoluna olan etimadı daha da möhkəmləndirəcəkdir. Bütün dövlət orqanlarından, qurum və aidiyyəti təşkilatlardan haqlı gözləntimiz budur ki, öz fəaliyyətlərini hər zaman müqəddəs İslam Respublikası sisteminin ali meyarlarına və xalqımızın uca məqamına uyğun yeniləyib tənzimləsinlər.
Bu sahədə məhkəmə hakimiyyəti işlərin gedişatını düzəltmək və dövlətin digər sahələrini hərəkətə gətirmək üçün unikal, hətta əvəzedilməz bir mövqeyə malikdir. Təbii ki, bu da ilk növbədə məhkəmə sisteminin öz daxilində islahatların və yenidənqurma işlərinin davam etdirilməsini tələb edir.
Hazırda cəmiyyətin ümumi gözləntisi bundan ibarətdir ki, məhkəmə sisteminin fəaliyyətində bu prinsiplər əməli şəkildə tətbiq olunsun. Məhkəmə islahatları sadəcə sənədlərdə, layihə və yol xəritələrində yazılan sözlərdən ibarət olmamalı, reallığa çevrilməlidir. Bu islahatların bəhrəsi məhkəmə binalarının otaqlarından və iclas zallarından tutmuş cəmiyyətin ümumi mühitinə qədər hər yerdə özünü göstərməlidir. İnsanlar korrupsiyanın hər növünə qarşı qətiyyətli mübarizədə, hüquq pozuntularının azalmasında, işlərə operativ baxılmasında, hakimlərin qərarlarının şəffaflığında və ədalət göstəricilərinə daha asanlıqla nail olunmasında bu müsbət dəyişiklikləri öz gündəlik həyatlarında hiss etməlidirlər. Bizim təsəvvürümüzdəki məhkəmə sistemində ədalət elə bir səviyyəyə çatmalıdır ki, haqqı tapdanan hər bir insan oranı özü üçün sığınacaq hesab etsin. Xüsusilə də əlində müəyyən güc və səlahiyyət olan şəxslər başqalarının hüquqlarını tapdalamağa cürət etməməlidirlər. Bu sistemdə tapşırıq, vasitəçilik və tövsiyə qapıları tamamilə bağlanmalı, mühüm yerlərdə “tanışın olması” heç kimə heç bir üstünlük qazandırmamalıdır.
Sözsüz ki, millətin hüquqlarının bərpası yalnız fərdi məsələlərlə məhdudlaşmır. İqtisadi təhlükəsizlik hüququ, imkanlardan ədalətli istifadə, təbii nemətlərdən bərabər şəkildə yararlanmaq, təmiz ətraf mühit, qanuni azadlıqlar və səmərəli idarəetmə kimi genişmiqyaslı ictimai və sosial hüquqlar da ədalətin bərqərar olunmasında ən mühüm məsələlər sırasında dayanır.
Bu baxımdan hazırkı dövrdə bütün İran xalqını maraqlandıran ən mühüm hüquqi və məhkəmə məsələlərindən biri də, xüsusilə 1404 və 1405-ci illərdə (2025-2026-cı illərdə) qlobal təcavüzkarların, imperialist və beynəlxalq cinayətkarların törətdiyi cinayətlər nəticəsində tapdalanmış haqların tələb edilməsi və bərpasıdır.
İkinci və Üçüncü Məcburi Müharibənin məzlum şəhidlərinin qanından tutmuş əziz ölkəmizə, İranın həm daxildə, həm də xaricdə yaşayan xalqının hər bir məzlum üzvünə dəymiş fiziki, mənəvi, maddi və mənəvi zərərlərə qədər hər bir hadisə ciddi şəkildə araşdırılmalıdır. Minab və Lamerddə törədilən misli görünməmiş uşaq qətliamları və hərbi cinayətlər, tibb və xidmət mərkəzlərinə edilən hücumlar, bir neçə günlük körpələrdən tutmuş ahıl yaşlı insanlara qədər hər kəsin hədəf alınması; bütün bunların fövqündə – misilsiz şəxsiyyətin, dövrün bənzərsiz və yeganə gövhərinin, əzəmətli mücahid Rəhbərinin (Allah məqamını ucaltsın) şəhid edilməsi və sair hadisələr hər biri həm daxili, həm də beynəlxalq məhkəmələrdə qətiyyətlə təqib edilməli olan yüzlərlə, bəlkə də minlərlə mühüm hüquqi iş deməkdir. Şübhəsiz ki, bu cinayətkarların yaxasından yapışmaq və onları törətdikləri cinayətkar əməllərə görə layiqli cəzalarına çatdırmaq mütləqdir.
Bu mövzuda ən mühüm məqamlardan biri budur ki, əvəlla, Amerika və sionist düşmən rəhbərlərinin bəziləri bu cinayətləri həyasızcasına etiraf edir, hətta bununla fəxr edirlər. Bu addım hüquqi baxımdan cinayətin birbaşa etirafı sayılır və millətin tapdalanmış hüquqlarının lazımi səviyyədə bərpası üçün münasib zəmin yaradır.
İkincisi, İnqilabın Şəhid Rəhbərinin ötən ilin tir ayında məhkəmə sisteminin rəhbərləri ilə son görüşündə verdiyi tapşırığa ciddi yanaşmaq və icrasına çalışmaq lazımdır. Belə ki, İkinci Məcburi Müharibədə törədilən cinayətlərin araşdırılması işi Üçüncü Məcburi Müharibəyə də şamil edilməli, yekun hökm çıxana qədər bu məsələ davamlı şəkildə təqib olunmalı və hökmün icrası səlahiyyətli şəxslərə tapşırılmalıdır. Bu addım, öz növbəsində, gələcəkdə bu qəbildən olan cinayətlərin təkrarlanmasının qarşısını alacaqdır.
Təbii ki, məhkəmə sistemində hərtərəfli islahatların uğur qazanması və qeyd olunan hədəflərə daha tez çatmaq üçün müxtəlif hazırlıqlar və şərtlər tələb olunur. Bu məsələlər əziz Şəhid Rəhbərimizin məhkəmə rəhbərləri ilə illik görüşlərində, onun ətraflı tövsiyə və tapşırıqlarında dəfələrlə qeyd olunub. Məhkəmə hakimiyyətinin hörmətli rəhbərlərinin uğur açarı sayılan bu tapşırıqlara ciddi şəkildə diqqət yetirilməsi və onların həyata keçirilməsi üçün səy göstərilməsi mənim də qəti tələbim və istəyimdir.
Ədalətə çatmaq, zülm və korrupsiya ilə mübarizə aparmaq çətin bir yoldur. Lakin bu yol ixlas və təvəkkül, yüksək səviyyədə təqva, güclü motivasiya və iradə, ikiqat səy, cəsarət, qətiyyət, təşəbbüskarlıq, habelə müasir texnologiyalardan düzgün istifadə və işlərin rəqəmsallaşdırılması (ağıllı idarəetmə) sayəsində hamarlaşacaqdır. Bütün bunların reallaşması, Allahın izni ilə və yolunu gözlədiyimiz ədalət rəhbəri, ağamız İmam Mehdinin (ə.f) diqqət və yardımları sayəsində mümkün olacaqdır, inşallah.
Seyid Müctəba Hüseyni Xamenei
7 tir 1405
28 iyun 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
