Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei İran və İraq xalqlarına müraciət ünvanlayaraq “İranın Şəhid Rəhbəri”nin dəfn mərasimindəki onlarla milyonluq izdihamlı iştiraka görə səmimi qəlbdən təşəkkür edib. O, ümmətin Şəhid İmamına xitabən vurğulayıb: “Əhd edirik ki, sizin və bu iki müharibənin bütün şəhidlərinin pak qanının intiqamını o cinayətkar və heysiyyətsiz qatillərdən alacağıq”.
O, həmçinin qeyd edib: “Bu intiqam xalqımızın istəyidir və mütləq reallaşmalıdır. Başdan ayağa qədər hər birinin adı siyahımızda olan bu cinayətkarlar yataqlarında rahat ölmək arzusunu özləri ilə məzara aparacaqlar”.
İslam İnqilabının Ali Rəhbərinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
السَّلامُ علیکَ یا ثاراللهِ وَ ابنَ ثاره وَ الوِترَ المَوتور. السَّلامُ علیکَ وَ علی جَدِّکَ وَ اَبیکَ وَ اُمِّکَ وَ اَخیکَ وَ المَعصومینَ مِن وُلدِک.
Salam olsun sənə, ey intiqamı Allah tərəfindən alınacaq və ey qanının intiqamı Allaha aid olan o zatın övladı! Salam olsun sənə, ey bütün yaxınları qətlə yetirilmiş tənha insan! Salam olsun sənə, babana, atana, anana, qardaşına və sənin nəslindən olan o məsum zatlara!
Salam olsun o İmama ki, qiyamının həyatverici sədası peyğəmbər missiyasının əzəmətli və gur əks-sədasını tarixin ən dərin qatlarınadək çatdırdı və onun sayəsində İran İslam İnqilabı meydana gəldi. Bu inqilab mahiyyətcə Hüseyn məktəbindən qaynaqlanan, Hüseynin şüarı və məramı ilə qurulub boy atan bir inqilabdır. İranın Şəhid Rəhbəri də məhz bu məramla böyüdü. O, Hüseynçi idi; Hüseyn kimi düşündü, Hüseyn kimi hərəkət etdi, Hüseyn kimi cihad etdi, müqavimət göstərdi, Hüseyn kimi yaşadı və nəhayət, Hüseyn məktəbi yolunda öz qanını Hüseyn kimi fəda edərək şəhadətə qovuşdu. Hüseynçilər zümrəsində elə şəxsiyyətlər var ki, İmam Hüseynin (ə) yolu, məktəbi və məramı uğrunda qanları məzlumcasına axıdılanda İslam ümməti hərəkətə gəlir. Bax, o zaman Aşuraya, o məkan isə Kərbəlaya çevrilir. İndi də həmin Hüseyn coşqusu millətimizə yeni bir oyanış, Böyük Xomeyninin və Şəhid Xameneinin məktəbinə yeni bir cilvə bəxş edib. İmam Hüseynin (ə) məzlumiyyətinin və onun: “Mənə kömək edəcək bir yardımçı varmı?” – çağırışının əks-sədası budur. Bu nida İranda, ardınca isə İraqda və digər ölkələrdə elə bir həyatverici dalğa yaradır ki, batil dünyasını lərzəyə salır.
Elə bu münasibətlə, İran və İraqın şəhər və kəndlərində, xüsusilə də Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəddə on milyonlarla insanın iştirakı ilə keçirilən o heyrətamiz, düşmən bağrı yaran tarixi izdihama görə mərasim iştirakçılarına səmimi qəlbdən təşəkkür etməyi özümə borc bilirəm.
Xalqımız Hüseynin intiqamını tələb edir. Bu böyük xalq uzun illərdir öz övladlarını Hüseyn yolunda, Hüseynin və Hüseyn amalının düşmənləri ilə müharibədə fəda edib. İndi də həm onun, həm də zəmanəmizin Hüseynçilərinin intiqamının alınmasını istəyir.
İndi Şəhid Rəhbərimizə xitabən deyirəm:
Ey məzlum Şəhid! Ey başıuca məzlum! Ey Allahın saleh bəndəsi! İndi biz göz yaşları içində, qəlbiqırıq halda sizin nəşinizlə vidalaşarkən əhd edirik ki, məktəbinizi qoruyub saxlayacağıq. Sizin cızdığınız o doğru yolda qətiyyətlə addımlayacaq, bu yolda çətinliklərdən qorxmayacaq və sizin kimi Allahın müjdə və vədlərinə qəlbən inanacağıq.
Əhd edirik ki, sizin və bu iki müharibənin bütün şəhidlərinin pak qanının intiqamını o cinayətkar və heysiyyətsiz qatillərdən alacağıq. Bu intiqam xalqımızın tələbidir və mütləq reallaşmalıdır. Yuxarıdan aşağıya qədər hər birinin adı siyahımızda olan bu cinayətkarlar yataqlarında rahat ölmək arzusunu özləri ilə məzara aparacaqlar. Onlar bilməlidirlər ki, bu proses şəxsən mənim və ya digər rəsmilərin varlığından asılı deyil. Biz olsaq da, olmasaq da, bu hədəf gerçəkləşəcək. Tezliklə bütün dünyanın azad insanlarının hər biri bu ilahi missiyanın bir parçası olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirəcək.
Ey ümmətin şəhid atası, ömrünüz boyu arzuladığınız o şəhadət şərbəti sizə nuş olsun! Ananız pak Zəhradan (s.ə), cəddiniz Əba Əbdillah Hüseyndən (ə) və Əbəlfəzl-Abbasdan (ə) əlamətlər olan bədəninizə geyindiyiniz şəhadət libası mübarəkiniz olsun!
Və siz, ey onun məzlum yoldaşları! Düşmənin qəfil hücumuna məruz qalaraq şəhid olanlar, xoş sizin halınıza! İndi siz, bəlkə də, dəfələrlə mehribanlığını və lütfünü hiss etdiyiniz o Mövlanın qonağısınız. Hamı, xüsusilə də bu torpağın insanları üçün ilahi rəhmət qapısı olan o Ağa indi sizin ev sahibinizdir və onun hüzurundakı əmin-amanlıq artıq sizin əbədi evinizə çevrilib.
Və Siz, ey uca məqamlı Sərvərimiz! Ey kərəm sahibi! Ey mehriban İmam! Ya Əbəl-Həsən ər-Rza əl-Mürtəza (Allahın ən uca salavatı sizə olsun!) İndi sizin və pak Əhli-beytinizin xadimlərindən birinin – illərlə dayanmadan çalışan, can qoyan bir xadimin parça-parça olmuş cismi bu pak torpaqda yatır. Onunla bərabər, hər biri Kərbəla səhrasının şəhidlərini xatırladan ailəsinin şəhid üzvlərinin nəşləri də burada torpağa tapşırılıb.
Onlar Allahın əmri ilə dünyanı işıqlandıran günəş – Həzrət Bəqiyyətullah (ə.f) qeyb pərdəsi arxasından çıxıb yer üzünə ilahi rəhmət nurunu saçana qədər burada qalacaqlar. Çox tezliklə gəlməsinə ümid etdiyimiz o gündə siddiqlərdən, şəhidlərdən və övliyalardan ibarət ulduzlar o Həzrəti (ə.f) müşayiət edəcəklər. Ümid edirik ki, Şəhid Rəhbərimiz də onlardan biri olacaq, mücadilənin və “ələst əhdi”nə vəfalılığın parlaq və xalis nümunələrini bir daha nümayiş etdirəcək. Bəlkə də, bu yoldaşları da həmin vaxt onun yanında olacaqlar.
Ey mehriban Mövlamız! Sizin yolunuzda hər şeyini fəda edən bu Rəhbərimizi və onun şəhid yoldaşlarını sizin lütfünüzə, inayətinizə tapşırırıq. Qoy bu dünyada olduğu kimi, bundan sonra da sizin rəhmətinizdən bəhrələnsinlər, həm də daha uca və daha artıq dərəcədə.
Sonda, bir daha Mövlamız Həzrət Bəqiyyətullaha (ə.f) başsağlığı verir və o mehriban rəhbərdən xahiş edirik ki, öz pak dualarını İranın Şəhid Rəhbərindən, onun şəhid yoldaşlarından və bütün şəhidlərdən əsirgəməsin. Ondan həm də istəyirik ki, Uca Allahdan bütün şəhidlərimizə uca dərəcələr, onların varisləri və ailələrinə səbir və mükafat, məzlum İran xalqına isə qəti və yaxın qələbə diləsin, inşallah.
Seyid Müctəba Hüseyni Xamenei
18 tir 1405
9 iyul 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
