Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbərin Mücahid Şəhid İmamın dəfnindəki izdihama görə İraq xalqına təşəkkürü:

İmperialistlərin hesablamalarının pozulmasında həlledici mübarizənin yeni dövrü

İslam İnqilabının Ali Rəhbəri ünvanladığı bir müraciətdə müqəddəs ziyarətgahlarda İslam İnqilabının Şəhid Rəhbərinin vida mərasimindəki mənalı və məzmunlu izdihamın formalaşmasında rolu olan İraqın böyük təqlid mərcələrinə, ziyalılarına, qəbilə başçılarına, qeyrətli gənclərinə və bütün xalqına öz ehtiramını bildirib. O, “müqavimətin bayraqdarı” ilə vida mərasimindəki bu milyonluq və bənzərsiz izdihamı İraq və İran xalqları arasındakı həmrəyliyin, qardaşlığın və vahid məfkurənin bariz təcəssümü olduğunu bildirərək vurğulayıb: “Həm İranda, həm də İraqda Mücahid Şəhid İmamın dəfn mərasimi münasibətilə on milyonlarla insanın bir araya gəlməsi imperialistlərin əvvəlcədən hazırladıqları planlarını alt-üst edəcək yeni bir oyanış və fəaliyyət mərhələsinin əsasını qoydu”.

Həzrət Ayətullah Seyid Müctəba Xameneinin müraciətinin mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Böyük təqlid mərcələrinə, möhtərəm alimlərə, elmi-teoloji mərkəzlərin və universitetlərin alimləri və müəllimlərinə, dəyərli mütəfəkkir və ziyalılara, məzlum İraq torpağının qəbilə başçılarına, əmirlərinə, əşirət şeyxlərinə, tayfa rəhbərlərinə, eləcə də onun alicənab, sevgi dolu xalqına, qeyrətli və şərəfli gənclərinə sonsuz salam, ehtiram və dərin minnətdarlığımı çatdırıram.

Müqəddəs ziyarətgahlarda Peyğəmbər Əhli-beytinə (s) qonşuluq və ev sahibliyi etmək kimi böyük bir lütfə nail olan mömin İraq xalqı köklü mədəniyyəti, qədim və nurlu Nəcəf Elmi-Teoloji Mərkəz kimi mənəvi rəhbərlik mənbəyi, eləcə də müqavimət cəbhəsindəki fədakar fəaliyyəti ilə zəngin bir tarixə malikdir. Bu xalq da böyük Şəhid Rəhbəri qarşılayarkən, eynilə İran xalqı kimi, kədər və hüznlə dolu, möhtəşəm və dərin mənalı bir dastan yazdı.

İraq, Mövlamız Əmirəl-möminin (ə) mübarək qədəmlərini bu torpağa basdığı gündən bəri bərəkətli bir diyara çevrildi və çox keçmədi ki, buranın insanları böyük bir fəxrlə o Həzrətin və pak övladlarının (ə) sevgi və vilayət halqasını boyunlarına asdılar. Bu məmləkətdə zalım hökmdarların və diktatorların hakimiyyət sürdüyü dövrlər belə, pak Əhli-beytə (ə) olan o saf sevgi və vilayət gövhərini bu xalqın qəlbindən əsla silə bilmədi. Məhz buna görə də BƏƏS rejiminin süqutundan sonra o möhtəşəm Ərbəin yürüşü hadisəsi meydana gəldi və bu hərəkat imanlı xalqın canından və ruhundan qaynaqlandığı üçün günbəgün daha da genişləndi. Elə bu səbəbdən bu fədakar insanlar Əmirəl-möminin və Seyyidüşşühədanın (ə) məzlum və şəhid övladının – müqəddəs ziyarətgahlardan illərlə zahirən uzaq qaldıqdan sonra – bu dəfə eynilə İmam Hüseyn, anası və qardaşı kimi yaralı bir bədənlə nurani məqbərələrin təvafına gəldiyini görəndə onun mübarək qədəmlərini bütün varlıqları ilə əziz tutdular.

Digər tərəfdən, “müqavimətin bayraqdarı” ilə vida mərasimindəki bu milyonluq və bənzərsiz izdiham İraq və İran xalqları arasındakı həmrəyliyin, qardaşlığın və vahid məfkurənin bariz təcəssümünü nümayiş etdirdi. Şübhəsiz ki, imperializmin rəhbərləri İraqdakı bu möhtəşəm birliyin əzəmətli mənzərələrini böyük bir qorxu və vahimə içində izlədilər; iki millət arasındakı münasibətləri pozmaq üçün qoyduqları nəhəng sərmayələrin necə puç və təsirsiz olduğuna öz gözləri ilə şahid oldular.

Həm İranda, həm də İraqda Mücahid Şəhid İmamın dəfn mərasimi münasibətilə on milyonlarla insanın bir araya gəlməsi imperialistlərin əvvəlcədən hazırladıqları planlarını alt-üst edəcək yeni bir oyanış və fəaliyyət mərhələsinin əsasını qoydu.

Artıq Böyük şeytan – cinayətkar Amerika başa düşdü ki, onun bu regionda rahat şəkildə qalıb ağalıq etmək niyyəti xam xəyaldan başqa bir şey deyildir.

Tezliklə fədakar İraq xalqının, onun qonaqpərvər və sevgi dolu əşirət və tayfalarının Ərbəin ziyarəti həsrətində olan zəvvarlara, o cümlədən İranın Şəhid Rəhbərinin adından ziyarətə gələn böyük izdihama açdığı qardaşlıq qucağı, bu möhtəşəm dəfn mərasiminin və bəlkə də illərlə qəlbində müqəddəs ziyarətgahları ziyarət etmək arzusunu bəsləyən o böyük şəxsiyyətin xatirəsi ilə qovuşacaq. Bu vəhdət hər kəsə həqiqətlə dolu “Hüseyn sevgisi bizi bir yerə toplayır” şüarını bir daha nümayiş etdirəcək və inşallah, Allahın sonsuz kərəmi və lütfü sayəsində Mövlamızın (ə.f) İraq xalqının əmin-amanlığı, bərəkəti və tərəqqisi üçün etdiyi duaların qəbuluna vəsilə olacaqdır.

Seyid Müctəba Hüseyni Xamenei
2 səfər 1448
26 tir 1405
17 iyul 2026

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /