Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbərin vida mərasimi və ölkənin qarşısında duran mühüm məsələlərlə bağlı müraciəti

İran xalqı düşmən ABŞ-yə heç vaxt unutmayacağı dərslər verəcək

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei xalqa ünvanladığı müraciətində bütün xalqa, eləcə də göstərdikləri fədakarlıqlara və çəkdikləri zəhmətlərə görə təqlid mərcələrinə və ziyalılara təşəkkürünü bildirib. O, İranın Şəhid Rəhbəri ilə vida mərasimindəki bənzərsiz və tarixi izdihamı İslam-İran kimliyinin sarsılmaz iradəsinin və mənəvi dirçəlişinin yeni bir zirvəsi adlandırıb.

Müraciətdə həmçinin İran və ABŞ prezidentləri arasında imzalanmış sazişin Böyük şeytan tərəfindən dəfələrlə pozulmasına diqqət çəkən Ali Rəhbər qeyd edib: “Bu gün regionda müharibə odunu körükləyən, bununla özünü daha ağır xərclər ödəməyə və daha böyük rüsvayçılığa sürükləyən düşmən Amerika bilsin ki, əziz İran xalqı və müqavimət cəbhəsi ona heç vaxt unutmayacağı dərslər verəcək. İslam döyüşçülərinin göstərdiyi rəşadət və bu günlərdə cənub bölgəsinin mərd, qeyrətli insanlarının ortaya qoyduğu sarsılmaz iradə bunun bariz nümunələridir”.

İnqilabın Ali Rəhbəri ölkədə sosial həmrəyliyin qorunmasının və parçalanmaya yol verilməməsinin vacibliyini bir daha vurğulayaraq qeyd edib: “Ola bilsin ki, bəzi insanlar tam səmimiyyətlə və xoş niyyətlə müəyyən rəsmilərin fəaliyyətini tənqid etsinlər. Aralarında yüksək bəsirət sahiblərinin də olduğu bu əzizlərimiz tənqidi yanaşmalarında mütləq iki mühüm məqama diqqət yetirməlidirlər: Birincisi, günahsız bir adama qarşı heç bir haqsızlığa yol verilməməlidir. Çünki haqsızlıq bərəkətin və ilahi lütfün kəsilməsinə səbəb olar. İkincisi, edilən tənqidlər cəmiyyətdəki birliyə və sosial həmrəyliyə xələl gətirməməlidir. Əgər bu meyarlara riayət olunarsa, tənqidlər işlərin daha da canlanmasına və tərəqqiyə yol açacaqdır”.

İslam İnqilabının Ali Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Ey heyrətamiz işlərə imza atan uca İran milləti!

Sizi salamlayır və minnətdarlığımı bildirirəm. İranın Şəhid Rəhbəri ilə vida mərasimindəki o bənzərsiz və tarixi izdihamınızla İslam ümmətinin Rəhbərinə və İnqilabın Şəhid Rəhbərinə olan sonsuz sevginizi, sədaqətinizi, qədirbilənliyinizi və yüksək bəsirətinizi sübut etdiniz. Bu addımla İslam-İran kimliyinin sarsılmaz iradəsinin və mənəvi oyanışının yeni bir zirvəsini ortaya qoydunuz.

Tehran, Qum, Məşhəd, digər şəhər və kəndlərdə on milyonlarla insanın iştirak etdiyi, kilometrlərlə uzanan o izdihamdakı alovlu qəlblərin hərarəti, yaşlı gözlər və sarsılmaz iradə İran xalqının dostlarının və dünyanın bütün azadlıqsevər insanlarının rəğbətinə səbəb oldu, imperialistlərdə və düşmənlərimizdə isə çaşqınlıq, qəzəb və vahimə yaratdı.

Bu tarixi hadisələrlə eyni vaxtda, Böyük şeytanın İran və ABŞ prezidentləri arasında imzalanmış sazişi dəfələrlə pozması bir daha hamıya mühüm bir həqiqəti sübut etdi: ABŞ prezidentinin imzasının heç bir dəyəri və etibarı yoxdur; zorakılıq, hegemonluq və vəhşilik isə Amerika siyasətinin mahiyyətinin ayrılmaz tərkib hissəsidir. Bu gün Böyük şeytan öz maskasını növbəti dəfə cıraraq real simasını ortaya qoydu. Onun törətdiyi cinayətlər və xəyanətlərlə dolu bu qaranlıq təcrübə Amerikanın yalançı, qeyri-məntiqi, etibarsız və rəzil bir dövlət olduğunun növbəti bariz sübutudur. Bu gün regionda müharibə odunu körükləyən, bununla özünü daha ağır xərclər ödəməyə və daha böyük rüsvayçılığa sürükləyən düşmən Amerika bilsin ki, əziz İran xalqı və müqavimət cəbhəsi ona heç vaxt unutmayacağı dərslər verəcək. İslam döyüşçülərinin göstərdiyi rəşadət və bu günlərdə cənub bölgəsinin mərd, qeyrətli insanlarının ortaya qoyduğu sarsılmaz iradə bunun bariz nümunələridir.

Siz vəfalı və başıuca İran xalqına bildirmək istəyirəm ki, bu həssas dönəmdə ən fundamental vəzifələrimizdən biri İslam İnqilabının ali hədəflərinə çatmaq, əziz İranın müstəqilliyini və şərəfini qorumaq üçün xalqla rəsmilər arasında, hər bir səviyyədə və hər bir sahədə sarsılmaz bütövlüyü, müqəddəs birliyi qoruyub saxlamaqdır. Bu birlik xüsusilə cinayətkar və hiyləgər düşmən Amerikaya qarşı ən güclü silahımızdır.

Daha əvvəl də dəfələrlə və israrla vurğuladığım kimi, birliyimizi qorumaq, parçalanmaqdan, daxili çəkişmələrdən, siyasi ixtilaflardan və sosial fərqlilikləri qabartmaqdan qaçmaq hər birimizin vətəndaşlıq borcudur. Sözsüz ki, ölkənin bütövlüyünü və həmrəyliyini təmin etmək işində dövlət rəsmilərinin, həmçinin İnqilaba, İmama və Şəhid Rəhbərə ürəkdən bağlı olan fədakar insanların üzərinə daha mühüm və daha həssas bir məsuliyyət düşür.

Buna görə də əziz millətimiz hər üç hakimiyyət qanadında xalqın rifahı və səadəti üçün gecə-gündüz çalışan fədakar rəsmilərə güvənməyə davam edəcək, İslam İranının mənafelərini qorumaq üçün hər zaman olduğu kimi bu gün də meydanda ayıq-sayıq və aktiv olacaqdır.

Ola bilsin ki, bəzi insanlar tam səmimiyyətlə və xoş niyyətlə müəyyən rəsmilərin fəaliyyətini tənqid etsinlər. Mənə görə, onların dövlətin gələcəyi ilə bağlı göstərdiyi bu canıyananlıq və narahatlıq elə daxili dünyaları kimi çox qiymətli bir sərvətdir və özlüyündə müsbət bir haldır. Lakin aralarında yüksək bəsirət sahiblərinin də olduğu bu əzizlərimiz öz tənqidi yanaşmalarında mütləq iki mühüm məqama diqqət yetirməlidirlər: Birincisi, günahsız bir adama qarşı heç bir haqsızlığa yol verilməməlidir. Çünki haqsızlıq bərəkətin və ilahi lütfün kəsilməsinə səbəb olar. İkincisi, edilən tənqidlər cəmiyyətdəki birliyə və sosial həmrəyliyə xələl gətirməməlidir.

Əgər bu meyarlara riayət olunarsa, tənqidlər işlərin daha da canlanmasına və tərəqqiyə yol açacaqdır. Düşmənə heç bir zəiflik əlaməti göstərməməliyik, xüsusilə də bu cür daxili ixtilaflarla onun əlinə bəhanə vermək olmaz. Nə qədər ki, biz bu məqamlara tam mənası ilə diqqət yetirəcəyik, düşmən çarəsiz qalıb geri çəkilməyə məcbur olacaqdır.

Ümmətin şəhid atasının yasını öz doğma itkisi kimi qəbul edən, müəyyən çətinliklərə, məhdudiyyətlərə və narahatlıqlara baxmayaraq, İranın Şəhid Rəhbərini son mənzilə yola salarkən bu möhtəşəm tarixi dastanı yazan əziz xalqımızın hər bir nümayəndəsinə bir daha ürəkdən təşəkkür edirəm.

Eyni zamanda, möhtərəm təqlid mərcələrinə, alimlərə, mütəfəkkir və ziyalılara, mədəniyyət, sosial və siyasi sahənin fəallarına, eləcə də bu prosesdə böyük əmək sərf edən mülki və hərbi qurumlara öz minnətdarlığımı bildirirəm. Başımızı ucaldan müqavimət cəbhəsinin və şanlı İslam hərəkatlarının rəsmi nümayəndələrinə də dəfn mərasimindəki iştiraklarına görə təşəkkür edirəm.

Ümid edirəm ki, bu tarixi izdihamda hansısa formada iştirak edən, dəstək olan və bu kədəri bizimlə bölüşən hər bir kəs Mövlamızın (ə.f) xüsusi lütfünə və duasına nail olacaqdır.

Seyid Müctəba Hüseyni Xamenei
26 tir 1405
17 iyul 2026

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /