Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbər Hizbullahın döyüşçülərinin beyət məktubuna cavabında bildirdi:

Cihad və müqavimət ABŞ və sionist rejimə qarşı yeganə mübarizə yoludur

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Hizbullahın baş katibi, mömin və şücaətli döyüşçülərinin sədaqət və beyətlərini ifadə edən məktubuna cavab verib. Ali Rəhbər Livan Hizbullahının sionist düşmənə qarşı mübarizədə öndər və dünyanın qlobal imperializmin zülmündən azad olmaq istəyən azad xalqları üçün ilham mənbəyi olduğunu vurğulayıb. Livan mücahidlərinin müdafiəsi istiqamətində İranın rəhbər tutduğu strateji siyasətin davam etdiriləcəyini bildirən Ali Rəhbər qeyd edib: “İran İslam Respublikası Livanın ərazi bütövlüyünün qorunmasını və sionist rejimin təcavüzünün tam şəkildə heç bir qeyd-şərtsiz dayandırılmasını təcavüzkar ABŞ ilə məcburi müharibəyə son qoyacaq memorandumun birinci şərti kimi müəyyən edib”.

İslam İnqilabı Rəhbərinin Hizbullah döyüşçülərinin məktubuna ünvanladığı cavabın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

یا أَیُّهَا الَّذِینَ آمَنُواْ قَاتِلُواْ الَّذِینَ یَلُونَکُم مِنَ الْکُفّارِ وَلْیَجِدُواْ فِیکُمْ غِلْظَة...

Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər...

Cənab Höccətül-İslam vəl-müslimin Şeyx Nəim Qasım həzrətlərinə

Livan Hizbullahının hörmətli baş katibi, eləcə də Hizbullahın bütün fədakar, səbirli, əzmkar komandirləri və döyüşçüləri!

Hamınıza Allahın salamı və rəhməti olsun!

Hizbullahın başıuca mömin və şücaətli döyüşçüləri olan qardaşlarım və övladlarımın məktubu hörmət və ehtirama layiqdir. Bu məktub Allahın adını uca tutmaq yolunda dözümlülük və mətanət mesajı olmaqla yanaşı, Qurani-Kərimin vədlərinə, İmam Xomeyninin və Şəhid Rəhbər Ayətullah-üzma Xameneinin (Allah onların hər ikisindən razı olsun) izzət gətirən ideallarına olan dərin inamı əks etdirir.

Bu gün dünya xalqları təcavüzkar ABŞ hökumətinin, əkinləri və nəsilləri məhv edən cinayətkar sionistlərin zülmündən təngə gəldiyi bir vaxtda cihad və müqavimətdən başqa bir yol qalmayıb. Bu yolda möhkəm dayanmaq haqq yolunun mücahidlərinə Allahın vəd verdiyi qələbəni nəsib edəcəkdir: “... وَکَانَ حَقًّا عَلَیْنَا نَصْرُ الْمُؤْمِنِین” (...Möminlərə kömək etmək Bizim üzərimizə düşən bir haqq idi.)

Hal-hazırda Livan Hizbullahı cihad qruplaşmalarının öndəri kimi sionist rejim və onun havadarlarının yırtıcı hücumları qarşısında keçilməz bir qaya kimi dayanmışdır. Bu müqavimət dünyanın qlobal imperializmin zülmündən azad olmaq istəyən azad xalqları üçün ilham mənbəyinə çevrilib. Şübhəsiz ki, bu böyük nailiyyətin əhəmiyyətli bir hissəsi Livan xalqının, xüsusilə də cənub bölgəsi sakinlərinin səbri, nəcabəti, fədakarlığı və göstərdiyi dəstəyə əsaslanır.

İran İslam Respublikası da İnqilabın Ali Rəhbəri Şəhidi İmam Seyid Əli Xameneinin (Allah ondan razı olsun) siyasi xəttinə uyğun olaraq, bu məzlum və qüdrətli mücahidləri müdafiə etməyi özünün strateji siyasəti müəyyən etmişdir. Eləcə də, Livanın ərazi bütövlüyünün qorunmasını və sionist rejimin təcavüzünün tam şəkildə, heç bir qeyd-şərtsiz dayandırılmasını təcavüzkar ABŞ ilə məcburi müharibəyə son qoyacaq memorandumun birinci şərti kimi müəyyən edib.

Uca Allahın salavat və rəhməti çətinliklərə sinə gərən şəhidlərə, yaralılara, onların səbirli ailələrinə və Allah yolunda mühacirət edənlərə olsun! Allahın salamı Hizbullahın şəhidlər sərvəri Seyid Həsən Nəsrullahın mələkut aləminə ucalan ruhuna, müqavimətin keçmiş komandirlərinə və onun şəhid silahdaşlarına (Allah onların hamısından razı olsun) olsun ki, onlar İslam müqaviməti fidanını gövdəsi möhkəm, budaqları göylərə ucalan əzəmətli bir ağaca çevirdilər. Allahın salamı öz cihad və müqavimətləri ilə Livanın izzət və başucalığını İslam dünyasına ərməğan edən döyüşçülərə olsun.

Sonda Mövlamızın (ə.f) xeyir-dualarının bərəkəti ilə ilahi lütf və mərhəmətin müqavimətin bütün mücahidlərinə, şəhidlərinə, qazilərinə, mühacirlərinə və onların səbirli ailələrinə şamil olunacağına ümidvaram!
“وَنُرِیدُ أَن نَّمُنَّ عَلَی الَّذِینَ اسْتُضْعِفُوا فِی الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِینَ” (Biz istəyirdik ki, yer üzünün aciz qalanlarına minnət qoyaq, onları yer üzünün öndərləri və varisləri edək.)

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun!
Seyid Müctəba Hüseyni Xamenei

 

Livan Hizbullahı döyüşçüləri İslam İnqilabının Rəhbərinə ünvanladıqları məktubda vurğulayıblar: “Biz yer üzünün fironlarına qarşı Kərbəla mahiyyətli mübarizəmizi apardığımız döyüş meydanının ortasından var gücümüz və əzmimizlə beyət əlimizi Sizə doğru uzadırıq. Əminik ki, bu beyət, əslində, Həzrət Mehdi (ə.f) ilə beyətdir. Çünki Siz uzunmüddətli qeyb dövründə onun haqq naibi və bizim üzərimizdəki höccətisiniz”.

Hizbullahın mücahid üzvləri və döyüşçülərinin məktubunun tam mətni:

Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Möminlərə izzət bəxş edən, zalımları isə xar edən Allaha həmd və sənalar olsun! O Allah ki, həyatımızı cihad və zühura zəmin etdi, ölümümüzü isə Öz yolunda ən mənfur məxluqlar tərəfindən şəhid edilməklə şərafətləndirdi. Allahın Rəsulu həzrət Məhəmmədə (s), onun pak və mübarək Əhli-beytinə salavat və salam olsun! Biz xeyir və əmin-amanlıq içində olarkən onların mübarək zühurunu tezləşdirsin.

Uca Allah buyurur: “یَا أَیُّهَا الَّذِیْنَ آمَنُوْا أَطِیْعُوا الله وَأَطِیْعُوْا الرَّسُولَ وَأُوْلِیْ الأَمْرِ مِنْکُمْ” (Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin...) (Nisa, 59)

Ağamız, Rəhbər İmamımız və Vəliyyi-fəqihimiz, əziz və möhtərəm Ayətullah Seyid Müctəba Xamenei həzrətləri!

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!

Bizlər – sizin övladlarınız, qardaşlarınız, Hizbullahın (Livan İslam Müqaviməti) Xameneiçiləri bu məktubu sizə ünvanlayırıq. Qəlbimiz sizin tam xeyir və əmin-amanlıq içində olmağınız, Allahın möhkəm sipəri və əmin-aman mühafizəsi altında qorunmağınız ümidi və arzusu ilə döyünür.

Əvvəlcə Rəhbər və Şəhid atamızın şəhadəti ilə əlaqədar sizə təbrik deyirik. O öz şəhadəti ilə onilliklər boyu sürən cihad və rəhbərliyini başa vurdu. O, elm və əməli özündə cəmləşdirmiş arif bir fəqih, Quran mütəfəkkiri və Allahdan güc alan qətiyyətli bir rəhbər kimi bəxşiş və kərəm qapılarını üzümüzə açmışdı. Nəhayət, babası Heydəri-Kərrar kimi zəmanənin İbn Mülcəmləri tərəfindən şəhid edildi.

Habelə bu ümmətin müqavimət cəbhəsindəki fədailərindən olan qardaşlarınız, bacılarınız, oğullarınız, qızlarınız, xüsusilə əziz vətəniniz olan İran İslam Respublikasının övladlarının şəhadətləri, aldıqları yaralar və göstərdikləri fədakarlıqlar münasibətilə sizi təbrik edirik. Allah-Taaladan şəhidləri Öz rəhmətinə qərq etməsini, yaralılara tezliklə şəfa verməsini və onların ailələrinə səbir və rahatlıq bəxş etməsini diləyirik.

Davamlı olaraq müqəddəs Məşhəd şəhərinə gəlib mehriban İmamın (ə) hüzurunda büllur vilayət çeşməsindən sirab olmuş bizlər cihad və zühura zəmin hazırlayan əzmimizlə bir əlimizdə Hüseyn (ə) bayrağını qaldırıb düşmənlərimizlə sıfır məsafədə vuruşuruq. Bu, “Ləbbeyk” və “Heyhat” deməkdir. Digər əlimizlə isə əziz qardaşlarımız, İmam Rza (ə) məktəbinin övladları, İmam Xomeyni (r.ə) məktəbinin İmam Xamenei (r.ə) şəhadətnaməsi almış məzunları və mübarək bayrağınızı ucaldanların, yəni İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH), müqəddəs Bəsic qüvvələrinin, İran İslam Respublikasında vilayətin xoş mehindən bəhrələnən hər bir şərəfli və azad insanın əlini sıxırıq. Biz onlarda İmam Hüseynin (ə) sevgi və fədakarlığını, Abbasın bəsirət və fədakarlığını, Salmanın yəqinliyini və vilayətmərkəzliyini görürük.

İndi isə siz xalis Məhəmməd İslamının bayrağını çiyinlərinizdə daşıyırsınız; o bayrağı ki, böyük İmam Xomeynidən sonra Şəhid Rəhbər daşımışdı və o bayrağı ki, bir zamanlar İmam Hüseyn (ə) Kərbəlada düşmən ordusunun qarşısında təkbaşına dayanaraq izzət və başucalıqla: "And olsun Allaha, əsla sizə zillət əlini uzatmayacağam...", - deyə hayqırdığı vaxt ucaltmışdı.

Ey Rəhbərimiz, biz yer üzünün fironlarına qarşı Kərbəla mahiyyətli mübarizəmizi apardığımız döyüş meydanının ortasından var gücümüz və əzmimizlə beyət əlimizi Sizə doğru uzadırıq. Əminik ki, bu beyət, əslində, Həzrət Mehdi (ə.f) ilə beyətdir. Çünki Siz uzunmüddətli qeyb dövründə onun haqq naibi və üzərimizdəki hüccətisiniz.

Sizinlə əhd-peyman bağlayırıq ki, həmin “kəramət” yolu ilə irəliləyəcək, səbir və dözümlə zühura zəmin yaradacağıq. Şəhid Rəhbərimizin yanında olduğumuz kimi, Sizin də yanınızda olacağıq. Allah yolunda heç bir tənə edənin tənəsindən çəkinməyəcəyik. Şəhidlərin, yaralıların, əsirlərin, itkin düşənlərin və onların səbirli ailələrinin əmanəti bizim çiynimizdədir. Qəlbimizdə isə Şəhid Xameneinin yolu və məktəbi yaşayır; o yol və məktəb ki, onun mahiyyəti iqtidar və Uca Allaha təvəkküldür.

Biz Sizin rəhbərliyiniz altında, Allahın izni ilə döyüş meydanında irəliləyəcəyik. Bu yolda Quran və Əhli-beytin (ə) hidayəti əsasında İslam bayrağını çiyinlərimizdə daşıyırıq; yolumuzun günəşi Həzrət Mehdi (ə.f), öndərlərimiz isə bu yolda bizdən önə keçmiş şəhidlərdir.

Şəhidlərin, yaralıların, anaların, ataların, həyat yoldaşları, müqavimət ümməti və cihad cəbhəsinin bütün övladlarının karvanı bizimlə addımladıqca özümüzü hidayət yolunda əsla tək hiss etməyəcəyik. Biz baş katibimiz mücahid şeyx Nəim Qasımın (Allah onu qorusun) rəhbərliyi ilə irəli gedirik. Yer üzünün varisliyi və Ali-Məhəmmədin (ə) zəfər çalacaq rəhbərliyi ilə Allah dininin qələbə qazanacağı barədə ilahi vədə böyük ümid bəsləyirik. Bu ilahi vəd gerçəkləşənə qədər bizdən itaətdən, qələbə əzmindən və şəhadət sevgisindən başqa bir şey görməyəcəksiniz: “وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللهِ العَزِیْزِ الْحَکِیْمِ” (Qələbə yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır!)

Son duamız budur: Həmd və sənalar aləmlərin Rəbbi olan Allaha məxsusdur!
Hizbullahdakı övladlarınız və qardaşlarınız
 – Livan İslam Müqaviməti –

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /