İran İslam İnqilabının Ali Rəhbərinin Ofisinin İctimaiyyətlə Əlaqələr Şöbəsi bəyanat yayaraq vurğulayıb: “Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin müraciətləri, ona dair xəbər və materialların rəsmi yayım mənbəyi yalnız onun ofisi və İnqilabın Rəhbərinin Əsərlərinin Qorunması və Nəşri Mərkəzidir. Bu çərçivədən kənar istənilən məlumat etibarsızdır və həqiqəti əks etdirmir”.
Ali Rəhbərin Ofisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin bəyanatının tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
İmam Hüseynin Ərbəininə və İnqilabın Şəhid Rəhbərinin uca ruhuna hörmət və ehtiramımızı bildirərək şərəfli və seçilmiş İran xalqının nəzərinə çatdırırıq ki, son günlər sosial şəbəkələrdə İslam İnqilabının Ali Rəhbərinin adından bəzi sitatlar yayılıb. Təəssüf ki, bu cür iddialar cəmiyyət arasında çaşqınlığa səbəb olur, nifaq və ixtilaf yaradır.
Bu əsasla Ali Rəhbərlə bağlı xəbər və məsələlərə dair bəzi məqamları diqqətə çatdırırıq:
1. Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin müraciətləri, ona dair xəbər və materialların rəsmi yayım mənbəyi yalnız onun ofisi və İnqilabın Rəhbərinin Əsərlərinin Qorunması və Nəşri Mərkəzidir. Bu çərçivədən kənar yayılan istənilən məlumat etibarsızdır və həqiqəti əks etdirmir.
2. İslam İnqilabının Ali Rəhbəri öz müraciətlərində, o cümlədən son müraciətində müqəddəs birliyin qorunmasını, fədakar dövlət işçiləri və İslam dövlətinə xidmət edənlərin, xüsusən də möhtərəm hökumətin nüfuzuna hörmətlə yanaşılmasını vurğulamışdır. Rəhbərin qəti tövsiyələrinin əksinə olaraq cəmiyyətdə nifaq və ikitirəlik yaradan, möhtərəm rəsmilər haqqında yanlış təəssüratlara yol açan məlumatlar İran xalqını istəməyən bədxahların və xalqın qatı düşmənlərinin məqsədlərinə xidmət edir. Bu əsasla sosial şəbəkələrdə bir nəfərin İslam İnqilabının Ali Rəhbərinin möhtərəm Prezidentin məktubuna reaksiyası ilə bağlı irəli sürdüyü iddia tamamilə yalandır və həqiqəti əks etdirmir.
İslam İnqilabının Rəhbərinin Ofisinin İctimaiyyətlə Əlaqələr Şöbəsi
13 mordad 1405
4 avqust 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
