Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Baş Komandanın müvafiq sərəncamları ilə

SQ-in Baş Qərargahı, SEPAH və Bəsicdə altı ali rütbəli komandirin təyinatı

Ali Baş Komandan Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən imzalanan ayrı-ayrı sərəncamlara əsasən, Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri və rəhbər şəxslərindən altı nəfərinin yeni vəzifə və öhdəlikləri müəyyən edilib.

Sərəncamlara əsasən, diviziya generalı hərbi pilot Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, briqada generalı Kəyumərs Heydəri isə Baş Qərargah rəisinin müavini təyin olunublar.

Eyni zamanda, briqada generalı Əhməd Vəhidiyə diviziya generalı rütbəsi verilərək İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı, diviziya generalı Mustafa İzədi isə SEPAH baş komandanının müavini vəzifəsinə təyin edilib.

Bundan başqa, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı kontr-admiral Əli Əzmayiyə, Bəsic Könüllülər Təşkilatının rəhbərliyi isə Höccətül-İslam vəl-müslimin Hüseyn Taibə həvalə edilib.

Ali Baş Komandanın bu altı hərbi komandirin vəzifə və öhdəlikləri ilə bağlı imzaladığı ayrı-ayrı fərmanları:

 

Diviziya generalı Əli Abdullahinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi

Ali Baş Komandan Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei diviziya generalı Əli Abdullahini Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edib.

Ali Baş Komandanın fərmanının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Hərbi pilot diviziya generalı Əli Abdullahi!

Ordu generalı şəhid Seyid Əbdürrəhim Musəvinin düşmən İsrail-ABŞ tərəfindən şərəfli və qürurverici şəhadətə yetirilməsini, eləcə də sizin dəyərli xidmətlərinizi və zəngin təcrübələrinizi nəzərə alaraq, sizi Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edirəm.

Sizdən aşağıdakı tələblərin maksimum dərəcədə yerinə yetirilməsi gözlənilir:

1. Silahlı Qüvvələrin və xalq könüllülərinin (Bəsic) müdafiə və təhlükəsizlik imkanlarının, habelə hərtərəfli döyüş hazırlığının artırılması və modernləşdirilməsi;

2. İran İslam Respublikasının müqəddəs quruluşuna qarşı yönəlmiş ənənəvi və yeni hərbi, koqnitiv və hibrid təhdidlərin hər bir səviyyəsinə və növünə vaxtında, inqilabi və təsirli cavab vermək imkanlarının təmin edilməsi;

3. Şəhid İmamın (r.ə) uzaqgörən qərarına əsasən, Silahlı Qüvvələrin Baş Qərargahı ilə Xatəmul-ənbiya Mərkəzi Qərargahının birləşdirilməsi prosesinin tamamlanması.

Ümidvaram ki, İlahi lütf və Mövlamızın (ə.f) bərəkətli dualarının köməyi ilə İslam dövlətinin bütün silahlı qüvvələri üçün yeni-yeni müvəffəqiyyətlər, qələbələr və zəfərlər nəsib olacaq.

Seyid Müctəba Hüseyni Xamenei

 

Briqada generalı Kəyumərs Heydərin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilməsi

Ali Baş Komandan Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei fərman imzalayaraq briqada generalı Kəyumərs Heydərini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edib.

Ali Baş Komandanın fərmanının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Briqada generalı Kəyumərs Heydəri!

Sədaqətinizi, ləyaqətinizi və zəngin təcrübələrinizi nəzərə alaraq, Baş Qərargah rəisinin təklifi ilə sizi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edirəm.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin rəyi nəzərə alınmaqla müdafiə və təhlükəsizlik imkanlarının artırılmasına kömək edilməsi, İran İslam Respublikası Silahlı Qüvvələrinin mənəvi potensialının və cihadçı ruhiyyəsinin gücləndirilməsi, eləcə də şəxsi heyətin sosial-məişət ehtiyaclarının diqqətdə saxlanılması gözlənilir.

Ümidvaram ki, Mövlamızın (ə.f) diqqəti və duaları sizin və bütün şəxsi heyətin uğurlarını daha da artıracaq.

Seyid Müctəba Hüseyni Xamenei

 

Briqada generalı Əhməd Vəhidinin İnqilab Keşikçiləri Korpusunun baş komandanı təyin edilməsi

Ali Baş Komandan Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei fərman verərək briqada generalı Əhməd Vəhidini İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı vəzifəsinə təyin edib.

Ali Baş Komandanın fərmanının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

General-polkovnik Məhəmməd Pakpurun düşmən İsrail-ABŞ tərəfindən şərəfli və qürurverici şəhadətə yetişməsini, eləcə də sizin dəyərli xidmətlərinizi və zəngin təcrübənizi nəzərə alaraq, sizə diviziya generalı hərbi rütbəsi verib İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı vəzifəsinə təyin edirəm.

Müqəddəs İran İslam Respublikasının qlobal imperializmlə strateji və tale yüklü qarşıdurmada olduğu bir şəraitdə aşağıdakı tələblərin yerinə yetirilməsi gözlənilir:

1. Maksimum çəkindiricilik fəaliyyətləri həyata keçirmək, habelə düşmənə qarşı güclü hücum əməliyyatları keçirməyə ağıllı şəkildə hazır olmaq üçün imkanların davamlı və hərtərəfli artırılması;

2. Bütün şəxsi heyət və komandirlərin daxili mənəvi dəyəri kimi, SEPAH strukturunda mədəni inkişafın təmin edilməsi, təqvanın, bəsirətin və inqilabi ruhiyyənin gücləndirilməsi;

3. Təşkilati iyerarxiyada mənəvi və elmi potensiala, habelə müasir bacarıqlara malik idarəetmə və komandanlıq anlayışının genişləndirilməsi.

Ümidvaram ki, Mövlamızın (ə.f) duaları və şəfaəti sayəsində müqəddəs İran İslam Respublikasının bütün silahlı qüvvələri üçün yeni-yeni müvəffəqiyyətlər və ardıcıl qələbələr nəsib olacaq.

Seyid Müctəba Hüseyni Xamenei

 

Kontr-admiral Əli Əzmainin İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilməsi

Ali Baş Komandan Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei fərman imzalayaraq kontr-admiral Əli Əzmaini İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə təyin edib.

Ali Baş Komandanın fərmanının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Kontr-admiral Əli Əzmai!

Vitse-admiral Əlirza Təngsirinin düşmən İsrail-ABŞ tərəfindən şərəfli və qürurverici şəhadətə yetirilməsini, eləcə də sizin sədaqətinizi, ləyaqətinizi və zəngin təcrübələrinizi nəzərə alaraq, SEPAH-ın baş komandanının təklifi ilə sizi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə təyin edirəm.

İslam İnqilabı səviyyəsinə layiq Hərbi Dəniz Qüvvələrinin formalaşdırılması üçün təlim və bacarıqların, dəniz avadanlıqları və imkanlarının artırılması, kəşfiyyat nəzarətinin döyüş hazırlıqları ilə paralel şəkildə inkişaf etdirilməsi, mənəviyyatın və bəsirətin yüksəldilməsi, şəxsi heyətin sosial-məişət ehtiyaclarının diqqətdə saxlanılması gözlənilir. Bununla yanaşı, SEPAH-ın digər strukturları, Bəsic, İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri və aidiyyəti hərbi-mülki qurumlarla səmərəli və qarşılıqlı əməkdaşlığın qurulması tələb olunur.

Ümidvaram ki, Mövlamızın (ə.f) lütfü və duaları sizin və Hərbi Dəniz Qüvvələrinin bütün döyüşçülərinin uğurlarını daha da artıracaq.

Seyid Müctəba Hüseyni Xamenei

 

Höccətül-İslam vəl-müslimin Hüseyn Taibin SEPAH-ın Bəsic Təşkilatının rəhbəri təyin edilməsi

Ali Baş Komandan Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei fərman imzalayaraq Höccətül-İslam vəl-müslimin Hüseyn Taibi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic Təşkilatının rəhbəri vəzifəsinə təyin edib.

Ali Baş Komandanın fərmanının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Höccətül-İslam vəl-müslimin Hüseyn Taib!

General-leytenant Qulamrza Süleymaninin düşmən İsrail-ABŞ tərəfindən şərəfli və qürurverici şəhadətə yetirilməsini, eləcə də sizin sədaqətinizi, ləyaqətinizi və zəngin təcrübələrinizi nəzərə alaraq, SEPAH-ın baş komandanının təklifi ilə sizi İslam İnqilabı Keşikçiləri Korpusunun Bəsic Könüllülər Təşkilatının rəhbəri vəzifəsinə təyin edirəm.

Ölkənin yeni tələblərini və şəraitini nəzərə alaraq, SEPAH baş komandanının göstərişləri çərçivəsində aşağıdakı tələblərin icrası gözlənilir:

1. Güclü və vahid İran naminə, eləcə də İslam İnqilabının qorunması istiqamətində seçilmiş xalq potensialından istifadə etməklə “Hər bir iranlı bir bəsici” şüarının reallaşdırılması üçün Bəsic və müqavimət mədəniyyətinin dərinləşdirilməsi və yayılması;

2. Düşmən təhdidlərinə qarşı xalq əsaslı mübarizə aparmaq üçün xalq kəşfiyyat şəbəkəsinin gücləndirilməsi, bəsirətin artırılması ilə yanaşı lazımi bacarıq və təlimlərin inkişaf etdirilməsi, müasir texnologiyalardan istifadə olunması;

3. Məscidlər mərkəz olmaqla təsirli sosial xidmətlərin genişləndirilməsi məqsədilə digər dövlət, hakimiyyət və ictimai qurumlarla səmərəli əməkdaşlıq edilməsi, mücahid qrupların, təbəqə və məhəllə bəsicilərinin fəaliyyətinin genişləndirilməsi;

4. İsrail-ABŞ imperializminə qarşı mübarizədə Bəsic mədəniyyətinin xalqın müqaviməti və dözümlülüyü modeli kimi bütün dünyada təbliğ edilməsi.

Ümidvaram ki, Mövlamızın (ə.f) diqqəti və duaları sizin və bütün əziz bəsicilərin uğurlarını daha da artıracaq.

Seyid Müctəba Hüseyni Xamenei

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /