Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbərinin Hökumət Həftəsi münasibətilə müraciəti

Hökumətin, xüsusilə Prezidentin təqdirəlayiq addımlarını yüksək qiymətləndirirəm

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Hökumət Həftəsi münasibətilə müraciət ünvanlayıb. O, düşmən Amerika-sionist cütlüyünün müxtəlif məhdudiyyətlər tətbiq etməsinə, fitnələrinə, sanksiya və blokadaları sərtləşdirməsinə baxmayaraq, həyata keçirdiyi təqdirəlayiq tədbirlərə görə hökumətə, xüsusilə də səmimi və qayğıkeş Prezidentə təşəkkür edib. Ali Rəhbər “İranın qüdrət və gücü”nün nümayiş etdirilməsinin, ön plana çəkilməsinin və ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb. Eyni zamanda ümidsizlik yaradan, milli və ümumxalq maraqları zəiflədən ifadələrdən, uydurma qütbləşmələrdən çəkinməyin zəruriliyini vurğulayaraq deyib: “Qətiyyətlə bildirirəm, cəmiyyətin birliyi və həmrəyliyinə zərər vuracaq istənilən addım qadağandır”.

İslam İnqilabının Ali Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Hər il şəhrivər ayının birinci həftəsi İran İslam Respublikası hökumətinin göstərdiyi xidmətləri diqqətə çatdırmaq üçün bir fürsətdir. Bu il Hökumət Həftəsinin rəbiüləvvəl ayına, iki mübarək şəxsiyyətin (s) mübarək və bərəkətli mövlud gününə təsadüf etməsi İran İslam Respublikası hökuməti üçün iftixardır.

Fürsətdən istifadə edib hökumət qurumlarının bütün əməkdaşlarını, rəhbər şəxslərini, xüsusilə 14-cü hökumətin səmimi və qayğıkeş Prezidentini təbrik edir, Allahdan qüvvət diləyirəm. Xüsusən də düşmən Amerika-sionist cütlüyünün müxtəlif məhdudiyyətlər tətbiq etməsinə, fitnələrinə, sanksiya və blokadaları kəskinləşdirməsinə baxmayaraq, Üçüncü Məcburi Müharibə dövründə və ondan sonra əhalinin ehtiyac duyduğu mal və xidmətlərin təmin olunması, zərər çəkmiş mühüm sahələrin bərpası və enerji idarəçiliyi istiqamətində görülən təqdirəlayiq işlərə görə minnətdarlığımı bildirirəm. Həmçinin şəhid prezidentlər Rəcayi və Rəisinin, şəhid baş nazir Bahunərin, müxtəlif dövrlərdə həlak olmuş şəhid nazir, rəhbər və əməkdaşların, ilk növbədə isə iki müddətə yaxın prezident vəzifəsini icra etmiş əzəmətli şəhid Rəhbərimizin xatirəsini ehtiramla yad edir, hamısına Allahdan uca dərəcələr və rəhmət diləyirəm.

Xalqımıza və İslam Respublikasının məqsədlərinə xidmət etmək fürsəti qədrini bilməli olduğumuz dəyərli bir nemətdir. Müasir dövrdə – "daha qüdrətli İran"a nail olmaq yolunun çətin və mürəkkəb şəraitdən keçdiyi bir vaxtda – bu məqsədə çatmağın əsas şərtlərindən biri gecə-gündüz yorulmadan çalışmaq və davamlı təşəbbüslər göstərməklə yanaşı, İranın və əziz xalqımızın gücünü, qüdrətini düzgün nümayiş etdirmək və çatdırmaqdır. Nöqsanları, çatışmazlıqları və zəif cəhətləri danışmaq və qabartmaq əvəzinə, problemi aradan qaldırmaq və həll etmək üçün plan işləyib hazırlamaq, tədbirlər görmək lazımdır. Bəzən düşmənin ruh yüksəkliyinə ehtiyac duyduğu bir vaxtda öz zəif tərəflərimizi səmimi şəkildə bəyan etməyimiz elə onun özünə böyük kömək olur. Bu isə dost və tərəfdarlarımızda narahatlıq, tərəddüd və çaşqınlıq yaradır. Əlbəttə, bu səmimi etirafların dinləyicisi təkcə öz xalqımız və xalqımıza ürəyi yanan adamlar olsaydı, problem bir o qədər böyük olmazdı. Lakin Qurani-Kərimin “Rəbbinin nemətini isə danış” təliminə əsasən, güc, qüdrət və müsbət cəhətləri qabartmaq və ictimaiyyətə çatdırmaq lazımdır.

Ötən altı ay ərzində düşmənlə mübarizənin müxtəlif sahələrində – meydanlarda olması, birliyi və həmrəyliyi ilə öz həqiqi əyarını göstərən əziz İran xalqı İslam Respublikasının məsul qurum və hakimiyyət qollarının bu müqəddəs dövləti arzulanan səviyyəyə çatdırmaq və bu seçilmiş uca millət yolundakı xidmətlərini öz həyatında hiss etməlidir.

Şübhəsiz ki, aşağıda qeyd olunan məsələlər xalqımıza xidmət edən hökumətin əsas proqramlarının mərkəzində dayanır və ya onun hədəfləri sırasındadır. Onları burada qeyd etmək sadəcə xatırlatma məqsədi daşıyır. Bu məsələlərə inflyasiya, işsizlik, qiymətlərin, habelə mal və xidmət bazarının idarə olunması kimi iqtisadi-sosial çətinliklər zəncirinə ciddi diqqət yetirilməsi daxildir. Bunlardan əlavə, iqtisadiyyatın digər mühüm sahələrinə –  iqtisadi inkişaf, investisiyaların artırılması və onların faydalı, zəruri sahələrə yönəldilməsi, istehsalın canlandırılması, dolların aparıcı rolunun tədricən sıradan çıxarılması və nəhayət, müqavimət iqtisadiyyatı siyasətinin əsas götürülməsinə xüsusi önəm verilməlidir. Bütün bu problemlərin həllində əsas açar daxili istehsala mümkün qədər çox önəm verilməsidir.

Əlbəttə, ümumi və xüsusi təyinatlı malların yetərli səviyyədə təmin olunması mütləq bir zərurətdir. Bu cəhətdən daxili istehsalın kifayət etmədiyi məqamlarda idxaldan düzgün və müdrikcəsinə istifadə olunmalıdır. Təbii ki, daxili istehsala stimul verilməsi, eyni zamanda idxalın və qiymətlərin tənzimlənməsi ölkə iqtisadiyyatındakı qara ləkələrin tədricən kiçilməsinə və nəhayət, tamamilə itməsinə gətirib çıxara bilər. Bu prosesdə düşmənin müharibə dövründə və ondan sonrakı davranışı təsirsiz olmasa da, bu sahənin hər bir istiqamətinin daha ağıllı şəkildə idarə edilməsi, bəzi məqamlarda genis xalq kütlələrinin, bəzilərində mütəxəssis və texnoloqların köməyindən istifadə edilməsi, yeni imkanların aktivləşdirilməsi ölkəni hərtərəfli inkişafa və abadlığa doğru aparacaqdır.

Xalqımızın qatı düşməni belə bir təəssürat yaratmağa çalışır ki, güya abadlıq və tərəqqi yolu ona və onun haqsız tələblərinə tabe olmaqdan keçir. Halbuki onun keçmiş dövrlərdə, hətta İslam İnqilabından illər əvvəl bu ölkənin və onun sərvətlərinin başına gətirdikləri bunun tam əksini sübut edir.

Mühüm məsələ və mövzulardan biri də gənc elitanın təklif etdiyi texnologiya və innovasiyaların tətbiqidir. Bəzən bu imtiyazdan vaxtında yararlanmaq, hər hansı bir sahədə adi vərdişlərdən və vərdiş olunmuş qaydalardan kənara çıxmaq ölkənin tərəqqisi və yüksəlişi yolunda effektiv sıçrayışlara səbəb olur. Bu yanaşmanı kənd təsərrüfatı, sənaye, mədəniyyət, tərbiyə, eləcə də kommunikasiya və sosial sahələr daxil olmaqla, qüdrət istehsalının bütün şaxələrinə tətbiq etmək mümkündür.

Bundan əlavə, hökumətin, dövlət xadimlərinin, bütün məsul şəxslərin və hakimiyyət strukturlarının hər zaman diqqət mərkəzində saxlamalı olduğu əsas məsələlərdən biri birlik və həmrəyliyi qorumaq, ictimai birliyə həssaslıqla yanaşmaqdır. Mədəniyyət, cəmiyyət, siyasət, təhlükəsizlik və iqtisadiyyat kimi iri miqyaslı sahələrin hər birində atılan addımlar ictimai həmrəyliyin qorunması şərti nəzərə alınmaqla həyata keçirilməlidir. Zahirən cəmiyyətin müəyyən təbəqələri arasında tərəfdarları olan bəzi addımlar bu ictimai həmrəylik şərtindən məhrumdursa və ya bu istiqamətdə hazırlanmış proqram əməli müstəvidə diqqətdən kənarda qalırsa, həmin təbəqələrə və başqalarına ciddi zərər vura bilər. Şübhəsiz ki, ümidsizlik yaradan, milli və ictimai ruhiyyəni zəiflədən hər bir söz, eləcə də keçmişdə əziz xalqımıza birbaşa və ya dolayısı ilə zərər vurmuş “müharibə, ya müzakirə”, “uzlaşma,  ya radikallıq”, “saziş, ya müharibə istəyi” kimi hər növ uydurma ikitirəliklər bundan sonra da eyni mənfi təsirini göstərə bilər. Buna görə də qətiyyətlə bəyan edirəm ki, ictimai həmrəyliyə zərər vuran istənilən addım qadağandır.

Daha bir mühüm məsələ mədəniyyət, təlim və tərbiyə sahəsinə meta-strateji səviyyədə əhəmiyyət verilməsidir. Meta-strategiya deyilərkən digər bütün strategiyaların məhz bu ana prinsip əsasında formalaşdırılması nəzərdə tutulur. Bu siyahının başında qurucu və müsbət mədəniyyət formalaşdıran mənbələrə – məktəb müəllimlərinə, universitet və elmi-teoloji mərkəzlərin müəllimlərinə, habelə dövlət tibb müəssisələrində fədakarlıqla çalışan həkim və tibb işçilərinə xüsusi diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, gələcəyin gözəl və arzuolanan mədəniyyətinin ən zərif naxışlarını ev və ailə mühitində bu torpağın hər bir övladının ruhuna həkk edən evdar qadınların misilsiz rolunu qiymətləndirmək də eyni dərəcədə böyük önəm daşıyır.

Ümidvaram ki, bu tövsiyələrin və hökumətin fəaliyyət proqramında yer alan digər faydalı təşəbbüslərin icrası əziz dövlətimizi “Daha qüdrətli İran” məqsədinə doğru aparacaq, bu yolda zəhmət çəkənləri mövlamız İmam Zamanın (ə.f) xüsusi lütfünə, xeyir-duasına və hidayətinə layiq edəcəkdir.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!
 

Seyid Müctəba Hüseyni Xamenei
6 şəhrivər 1405
28 avqust 2026

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /