Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei Vəhdət Həftəsi müraciətində bildirib:

Təfriqə yaradan istənilən iş birbaşa düşmənin məqsədinə xidmət edir

Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Vəhdət Həftəsi, eləcə də Həzrət Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günləri münasibətilə təbrik müraciəti ünvanlayıb. O bu təbrik müraciətində bədxahların və İslam düşmənlərinin əsas planının ixtilafları qabartmaqla İslam ümmətini zəiflətmək və ona ağalıq etmək olduğunu bildirib. Amerikanın cinayətkar simasındakı riyakar pərdələrin artıq düşdüyünü qeyd edən Ali Rəhbər İslam ümmətinin birliyinin, küfrə qarşı bir-birini müdafiə etməsinin, eləcə də maddi və mənəvi sahələrdə qarşılıqlı əməkdaşlığın zəruriliyini vurğulayıb. İslam ölkələrinin rəhbərlərinə müraciət edən Ayətullah Xamenei xüsusilə qeyd edib: “ABŞ-nin cinayətkar rəhbərləri və qondarma sionist rejim İslam birliyinin, eləcə də Qərbi Asiya və Şimali Afrika xalqları daxil olmaqla bütün İslam ümmətinin and içmiş düşmənləridir. Buna görə də öz həqiqi düşməninizi tanıyın və onun planlarına qarşı mübarizə aparın”.

İslam məktəbinin birləşdirici dəyərlərinin əziz İranda uğurla tətbiq olunduğunu diqqətə çatdıran Ali Rəhbər bir daha xalqa müraciət edərək öz aralarında hər hansı bir ixtilafın yaranmasına qətiyyən imkan verməməyi tövsiyə edib.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

مُحمّدٌ رَسولُ ‌اللهِ وَالّذینَ مَعَهُ اَشِّداءُ عَلی الکُفّارِ رُحَماءُ بَیْنَهُم

“Məhəmməd Allahın rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər”.

Yaradılmışların əşrəfi, işıqlı çırağı, Allahın seçilmiş bəndəsi, elmin şəhəri və bütün aləmlərə rəhmət olan əziz İslam Peyğəmbəri (s) və onun pak övladı, Allahın yer üzündəki höccəti olan İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günləri münasibətilə şərəfli İran xalqını və böyük İslam ümmətini təbrik edirəm.

Həzrət Məhəmmədin (s) varlıq günəşi Məkkədə doğduğu andan etibarən, insanın həqiqi bəndəlik və Uca Allaha itaət sayəsində əldə edəcəyi xoşbəxt gələcək daha parlaq görünməyə başladı. Bütün peyğəmbərlərin, mələklərin və müqəddəs varlıqların ruhları böyük şadlıq və sevincə, insanlardan və cinlərdən olan şeytanlar isə qəzəb, həsrət və qəm-qüssəyə qərq oldu. Çünki Allahın saysız-hesabsız aləmlərdə yaratdığı ən üstün varlıq yer üzünə qədəm qoydu. O, çox keçmədən peyğəmbərlik və sonuncu elçi libasını geyinərək, əlində əzəmətli Quran və hər tərəfli hidayət missiyası ilə bəşəriyyətin böyük karvanını bəndəliyə və Allaha doğru təkamülə yönəldəcəkdi.

Peyğəmbər (s) və onun məsum canişinlərinin həyatı başdan-başa hidayət və bəndəlik, mərifət və məhəbbət, əqidə və cihad, fərdi və ictimai əxlaq, əmanətdarlıq və dürüstlük, izzət və kəramət, elm və əməl, rəhmət və qətiyyət, ədalət, eləcə də vəhdət və qardaşlıq dərsləridir. Bu dərslər nə qədər yaxşı mənimsənilsə və onlara əməl olunsa, insanın səadət və xoşbəxtlik zirvələrinə çatması bir o qədər asanlaşar.

Biz inanırıq ki, rəhmət Peyğəmbərinin (s) və onun pak canişinlərinin müqəddəs ruhları hər zaman müsəlmanların və İslam cəmiyyətinin halına nəzarət edir, onları hidayət edir və qayğı göstərir. Bu böyük və mehriban atanın övladları bir xətaya yol verəndə onların mübarək qəlbi kədərlənir, müsəlmanlar onların dərslərinə və göstərişlərinə əməl edəndə isə sevinir.

Bu gün İslam və onun ardıcılları ilk dövrlərdən indiyədək çətin, fırtınalı mərhələləri, müxtəlif enişli-yoxuşlu yolları geridə qoyaraq həlledici və taleyüklü bir mərhələyə çatmışdır. İndi müsəlmanlar çox təsirli və tarixi bir rol oynaya bilərlər. Bu gün haqqın batil, İslamın isə küfr üzərindəki yekun qələbə perspektivi bütün keçmiş dövrlərlə müqayisədə reallığa daha çox yaxınlaşıb.

Bu böyük hədəfin birinci şərti müsəlmanların söz birliyidir. Müsəlmanların qlobal küfr qarşısında birliyi səthi və müvəqqəti məsələ deyil, Qurani-Kərimin strateji xətti və xalis Məhəmməd (s) İslamının fundamental bir təlimidir. “Birlik” dedikdə, hamının ortaq cəhətlərinin ümumi müsəlman cəmiyyətləri miqyasında əsas götürülməsi nəzərdə tutulur. Təbii ki, Quran təlimlərinə uyğun olaraq qardaşlıq və yoldaşlıq prinsiplərinə tam riayət etməklə, sülh və səmimiyyət şəraitində, məntiqi dəlillərə söykənərək fərqli məqamları da ortaq nöqtələrə çevirməyə çalışmaq lazımdır.

Şübhəsiz ki, müsəlman cəmiyyətlərində hər bir müsəlman qlobal küfrlə üz-üzə gələndə Quranın “kafirlərə qarşı sərt, öz aralarında isə rəhmli” prinsipini düşüncəsinin, sözünün və əməlinin mərkəzinə qoymalıdır. İslam birliyi və həmrəyliyi məhz bu şəkildə əldə edilir. Bu səmavi mesajın hər iki hissəsindən biri müsəlmanların əməl müstəvisindən kənarda qalarsa, onlar İslam cəmiyyətində haqları olan o izzətli məqamdan uzaq düşəcəklər. Bu, istisnasız bir qaydadır.

Bu qayda İslam İnqilabının əsas prinsiplərindən və təməl mesajlarından biridir. İlk Vəhdət Həftəsi tədbirinin keçirilməsi hicri-şəmsi 1356-cı ilin isfənd ayına (1978-ci ilin fevral-mart aylarına), zalım Pəhləvi rejiminə qarşı mübarizə dövrünə təsadüf edir.

Həmin vaxt əzəmətli şəhid Rəhbərimiz İranşəhrdə sürgündə olarkən bu ideyanı irəli sürmüş, şiə və sünnilər də bunu böyük məmnuniyyətlə qarşılamışdılar. İslam İnqilabı qələbə qazandıqdan dərhal sonra isə İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (r.ə) təşəbbüsü ilə “Vəhdət Həftəsi” rəsmi status aldı. Uca Allahın lütfü sayəsində müsəlman xalqların birliyi məsələsi İran xalqı arasında uğurlu bir nümunəyə çevrildi və düşmənlərin fitnələri bu birliyə elə də böyük təsir göstərə bilmədi.

Lakin bədxahlar, şübhəsiz ki, hər zaman bu böyük nemətin pusqusundadırlar. Onları ümidvar edən əsas məqam ixtilafları qabartmaqdır. Əqidə və məzhəb ayrılıqları İslam düşməninin əsas məqsədlərindən biri olsa da və o, bundan istifadə etməyə böyük ümid bəsləsə də, bununla kifayətlənməyəcəkdir. Düşmən həm İranda, həm də istənilən başqa bir İslam ölkəsində irqi, mədəni, sosial, iqtisadi, siyasi və coğrafi fərqlilikləri bəhanə edərək müsəlmanlar arasına nifaq salmağa çalışır. Məqsəd İslam ümmətini parçalamaq, onun gücünü zəiflətmək və münasib məqamda öz ağalığını bərqərar etməkdir.

Qurani-Kərimin bu məsələdəki hökmü aydındır:

وَ لا تَنازَعوا فَتَفْشَلوا و تَذْهَبَ ریحُکُم

“Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyərsiz və gücünüz, qüdrətiniz tükənər”.

Mövqeyindən asılı olmayaraq, bir şəxsin müsəlmanlar arasında təfriqəyə və çəkişməyə səbəb olan hər bir əməli – bilərəkdən və ya bilməyərəkdən, istəyərək və ya istəməyərək –  birbaşa İslam düşmənlərinin məqsədlərinin həyata keçməsinə xidmət edir. İndi başda cinayətkar Amerika olmaqla dünya hegemonları müstəmləkəçi niyyətlərinin və ağalıq planlarının eybəcər üzündəki aldadıcı maskalarını cırıb atdıqları, hiyləgər məxmər əlcəklərini çıxarıb qanlı pəncələrini bütün dünyaya göstərdikləri bir vaxtda, kim belə bir əməli öz nadanlığı və qəfləti ilə necə əsaslandıra bilər?

İndi müsəlmanların dərin düşünməsi və baş verənlərə daha diqqətlə nəzər salmasının vaxtıdır. Əgər müsəlmanlar vahid bir yumruq kimi birləşsəydilər, Fələstin xalqı bu cür köməksiz qalıb işğalçıların zülmünə və cinayətinə məruz qalardımı? Eləcə də, Fars körfəzi sahilindəki xalqlar və dövlətlər İslam bayrağı altında öz birliklərini qursaydılar, şəxsiyyətsiz cinayətkar ünsürlər minlərlə kilometr uzaqdan gəlib, onların torpaqlarına və sərvətlərinə göz dikməyə cürət edərdilərmi?

İslam ölkələrinin rəhbərlərinə, xüsusən də Qərbi Asiya və Fars körfəzi bölgəsindəki dövlətlərin başçılarına qəti və təkrar tövsiyəm budur ki, öz həqiqi düşməninizi tanıyın, onun planını anlayın və ona qarşı mübarizə aparın. İslam ümmətinin problemlərinin yeganə əlacı söz birliyi, dostluq və xeyir işlərdə qarşılıqlı əməkdaşlıqdır. ABŞ-nin cinayətkar rəhbərləri  və qondarma sionist rejim bu birliyin və dostluğun and içmiş düşmənləridir.

Onlar yalnız İran İslam Respublikasının, İran xalqının və əzəmətli Müqavimət Cəbhəsinin düşməni deyillər; onlar bütün İslam ümmətinin, o cümlədən Qərbi Asiya və Şimali Afrika xalqlarının düşmənidirlər. Bu məsələdə hətta həmin ölkələrin hazırda onlarla əməkdaşlıq edən rəhbərləri də müstəsna deyillər. Belə ki, imperialist rəhbərlərin bəzi İslam ölkələrinin başçılarına qarşı açıq-aşkar hörmətsizlik etməsi və təhqiramiz ifadələr işlətməsi sizin də, bizim də yaxın yaddaşımızda hələ də qalmaqdadır.

Birlik və nifaq salmamaq kimi vacib dərslər İslam məktəbinin dost və düşmənə münasibət mövzusundakı birinci dərsidir. İkinci dərs küfrə qarşı bir-birini müdafiə etmək, üçüncü dərs isə sərvət, təhlükəsizlik, elm və tərəqqi baxımından müsəlmanların maddi və mənəvi həyatının müxtəlif sahələrində hər növ əməkdaşlıq və qarşılıqlı dəstək göstərməkdir. Bu yolun sonu yeni İslam sivilizasiyasına çatmaq olacaq. Deməli, müsəlmanlar arasındakı vəhdət əzəmətli və qalib İslam sivilizasiyasına nail olmağın əsas təməl daşıdır. İslam dünyası üçün arzumuzun təcəssümü olan bu konseptual və fikri çərçivə əziz İranda müəyyən dərəcədə reallaşıb. Bu xadimin bütün xalqa növbəti tövsiyəsi budur ki, öz aralarında hər hansı bir ixtilafın yaranmasına qətiyyən imkan verməsinlər.

Sonda ümid edirəm ki, Əziz Peyğəmbərin (s) və onun pak Əhli-beytinin şəfaəti ilə Allahın mərhəməti və bərəkəti İslam cəmiyyətlərinin üzərindən əskik olmayacaq. Müsəlmanlar ilahi əmrlərə əməl edərək inkişaf və izzət zirvələrinə tərəf daha inamla irəliləyəcəklər.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Seyid Müctəba Hüseyni Xamenei
8 şəhrivər 1405
17 rəbiüləvvəl 1448
30 avqust 2026

 

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

 

700 /