İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei məktəblərdə və universitetlərdə yeni tədris ilinin başlanması münasibətilə ünvanladığı müraciətdə son dövrdə baş vermiş təcavüzkar müharibədə şəhid olan şagirdlərin, tələbələrin, orta məktəb və universitet müəllimlərinin xatirəsinə ehtiramını ifadə edərək, məktəblərin və universitetlərin yenidən açılmasını millətin parlaq gələcəyə doğru yüksək sürətlə irəliləməsinə, ruh yüksəkliyinə və ümidə müjdə verən bir hadisə kimi qiymətləndirmişdir.
O, şagird və tələbələrə “elm, təqva, bilik və bacarıq” ilə silahlanmağı tövsiyə edərək, onlara xitabən vurğulamışdır:
“Məktəbi və universiteti özünüzün ikinci eviniz bilin. Onların toxunulmazlığını qorumaqla, bilik və dünyagörüşü səviyyənizi daha da yüksəltmək, davranış və əxlaqınızı kamilləşdirmək istiqamətində irəliləməklə onları vətəninizin tərəqqi mərkəzinə çevirin”.
Ali Rəhbər həmçinin məsul şəxslərə müdrikcəsinə planlaşdırma aparmağı, məktəb və universitet müəllimlərinin məişət şəraitinin yaxşılaşdırılması üçün təsirli səylər göstərməyi təkidlə tövsiyə etmişdir.
İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
يَرْفَعِ اللهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ
“Allah sizdən iman gətirənlərin və elm verilmiş kəslərin dərəcələrini ucaldar”.
Yeni tədris ilinin başlanması, məktəblərdə və universitetlərdə elm və ədəb ocaqlarının yenidən açılması millətin parlaq və əzəmətli gələcəyə doğru yüksək sürətlə irəliləməsinə, ruh yüksəkliyinə və ümidə müjdə verir. Elə bir gələcək ki, onun gerçəkləşməsi İranın əziz övladlarının, İslam və İslam İnqilabı məktəbində tərbiyə almış nəslin qüdrətli əllərindədir. Bu, həmin nəsildir ki, Böyük Xomeyni və əzəmətli Şəhid Xamenei (Allah onların hər ikisinin uca məqamlarını daha da ucaltsın) dəfələrlə onlara bəslədikləri ümidlərini ifadə etmişlər.
İndi ki, yeni tədris ilinin qapıları çoxsaylı şagird və tələbələrin üzünə açılır, elm və hikmət yolunun yolçuları ilahi müvəffəqiyyətə ümid bəsləyərək bilik, mərifət və bacarıq əldə etməyin yeni mərhələsinə qədəm qoyurlar, münasibdir ki, övlad dağı görmüş ana və ataların qəminə şərik olaraq son dövrdə baş vermiş təcavüzkar müharibədə şəhid olan şagirdlərin xatirəsini bir daha əziz tutaq.
Bu il tədris ilinin başlanğıcındakı xatirələrlə dolu günlər bizdə aramızdan köçmüş övladlarımızın ayrılıq kədərini yenidən təzələyir. Məktəblərdə və universitetlərdə bəzi tələbələrin, universitet və məktəb müəllimlərinin yoxluğu hiss olunacaqdır. Bu kədər düşüncələrimizi xeyirlə şər arasındakı mübarizənin, haqq ilə batil arasındakı savaşın düzgün istiqamətinə yönəldəcəkdir.
Bu gün şagird və tələbələrin üzərinə düşən məsuliyyət elm və təqva, ümid və əxlaq, bilik və bacarıqla silahlanmağa, cəhalət və zülmət pərdələrini aradan qaldırmağa çalışmaqdır ki, elmin sərhədlərini aşaraq və tərəqqiyə aparan zirvələrini fəth edərək İslami İranın yüksəlişi istiqamətində öz tarixi missiyalarını yerinə yetirsinlər. Bu mühüm vəzifə onların ikinci evi hesab olunan məkanda həyata keçirilir. Buna görə də bu əzizlərə bildirirəm ki, həmin məkanın toxunulmazlığını daim ən yaxşı şəkildə qorumalı, bilik və dünyagörüşü səviyyənizi daha da yüksəltməklə, davranış və əxlaqınızı kamilləşdirməklə onu vətəninizin tərəqqi mərkəzinə çevirməlisiniz. Elm, ədəb, ruh yüksəkliyi və ümid məkanı olan bu ocaqda bir neçə il iştirak etmək fürsətindən özünüzü hərtərəfli inkişaf etdirmək üçün mümkün qədər çox bəhrələnin. İnsan həyatının ən mühüm ünsürü olan Uca Yaradanla əlaqənizi gücləndirmək istiqamətində özünüzü inkişaf etdirin. Həmçinin digər insanlarla, həmvətənlərinizlə və ailənizlə münasibətlərinizdə özünüzü kamilləşdirin, elm əldə etmək və müxtəlif bacarıqlara yiyələnmək sahəsində inkişaf edin.
Bu müddət ərzində düzgün düşünməyi və təşəbbüskarlıq göstərməyi məşq edin. Milli kimliyinizin köklərinin, mədəni izzət və müstəqilliyinizin, ana dilinizin, İslam quruluşunun müqəddəs bayrağının və onun digər rəmzlərinin daim keşiyində durun. Tezliklə cəmiyyətdə özünüzə münasib olan rolu tapmaq növbəsi sizə çatacaqdır. Həmin zaman bu rolu ən yaxşı şəkildə yerinə yetirməklə həm özünüzün, həm də ölkənizin başını uca edəcəksiniz.
Hazırda hökmranlıq sisteminin, xüsusilə də cinayətkar Amerika dövlətinin və saxta sionist rejimin vəhşiliyinin tüğyan etdiyi bir dövrdə təqva və əxlaqla müşayiət olunan elmdən qaynaqlanan qüdrət polad qalxan və iti qılınc kimidir ki, onların təcavüzkar əllərini bəşəriyyətin üzərindən uzaqlaşdırır.
İndi siz elə sinif otaqlarında dərslərə qatılırsınız ki, sizdən bir qədər əvvəl həmin siniflərin sevimli partalarında əyləşmiş nəsillər bu gün vətənin və şərəfin müdafiəsinin müxtəlif cəbhələrində İslami İran üçün izzət və qüdrət yaradırlar. Məhz onlar sizin üçün örnək və yolunuzu işıqlandıran çıraq olacaqlar. Necə ki, onlardan əvvəl də həmin sinif otaqlarında elə şəxslər olmuşlar ki, bu gün fədakarlıq nümunələri, ölkənin əzəmət nişanələri, böyüklük və alicənablıq rəmzləri hesab olunurlar.
Son sözüm məktəb və universitet müəllimləri haqqındadır. Biz hamımız təhsilimizin hər bir mərhələsində öz müəllimlərimizə borcluyuq. Çox vaxt şagirdlərinin ən saf duyğuları ilə qarşılaşan bu əziz və sevimli təbəqə müxtəlif məclislərdə və zamanlarda hər kəs tərəfindən ehtiram və təqdirə layiqdir. Onlarda adətən müşahidə olunan izzəti-nəfs və qənaətkarlıq məsul şəxslərin onların hazırkı məişət vəziyyəti ilə kifayətlənməsinə əsas vermir. İnşallah, müdrikcəsinə planlaşdırma aparmaqla onların məişət şəraitinin yaxşılaşdırılması üçün təsirli səylər göstərəcəklər. Xüsusilə də ona görə ki, bu məsələ qanuni bir vəzifənin yerinə yetirilməsindən daha üstün olub, qəlbdən qaynaqlanan bir işdir.
Allahın salamı, rəhməti və bərəkəti Üçüncü Məcburi Müharibədə şəhid olan universitet və məktəb müəllimlərinin, tələbələrinin və şagirdlərinin üzərinə olsun! Onların başında ölkədə elmin nəzərəçarpacaq dərəcədə sürətlə inkişaf etməsində böyük haqqı olan müdrik Rəhbərimiz və əzəmətli şəhid mürəbbimiz dayanır. Allah onun şərəfli məqamını daha da ucaltsın!
Elm, bilik və din sahəsində fəaliyyət göstərən bütün tərbiyəçilərə, məktəb və universitet müəllimlərinə təşəkkürümü bildirirəm. İran millətinin hər bir xoşaqibətli şagird və tələbəsini təbrik edir, onlara xoş gəldiniz deyirəm. Ümid edirəm ki, Mövlamızın (Allah-Taala onun mübarək zühurunu tezləşdirsin) xeyir-bərəkətlə dolu duası sayəsində elm, ədəb və tərəqqi zirvələrinə çatmaqda daha böyük müvəffəqiyyətlər əldə edəcəklər, inşallah.
Seyid Müctəba Hüseyni Xamenei
31 şəhrivər 1405
22 sentyabr 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
