Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbər Müqəddəs Müdafiə Həftəsi münasibətilə müraciət ünvanladı

İran düşmənin arzuladığı o köhnə dövrə qayıtmayacaq

İslam İnqilabının Ali Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Birinci Məcburi Müharibənin başlandığı günlər və İran xalqının səkkizillik unudulmaz Müqəddəs Müdafiə dövrünün ildönümü münasibətilə müraciət ünvanlayıb. Ali Rəhbər İnqilabın ilk onilliyində İranı müharibəyə sürükləməklə ölkəni yenidən geriliyə, zillətə, asılılığa və bədnamlığa məhkum etməyə çalışan müstəmləkəçi güclərin cəhdlərinə işarə edərək vurğulayıb: “Bütün genişmiqyaslı cəhdlərə baxmayaraq, İslam dövləti əvvəlkindən daha möhkəm və daha güclü şəkildə, daha uca səslə və daha da yüksəklərə pərvaz etməklə Simurq quşu kimi küllərindən yenidən doğuldu. Bu xüsusiyyət düşmənin sonradan törətdiyi bütün hadisələrdə də bu dövlətin dəyişməz xarakterinə çevrildi. İndi isə həmin Simurq düşmənin təzyiqləri, xüsusən də son iki məcburi müharibə nəticəsində o qədər böyüyüb ki, uçuşunun kölgəsi artıq düşmən torpaqlarının da üzərinə düşür”.

İslam İnqilabının Rəhbəri habelə ərəb dünyasının qəhrəman əmiri və Müqavimət Cəbhəsinin böyük simvolu cənab Seyid Həsən Nəsrullahın şəhadətinin ikinci ildönümünü ehtiramla yad edib. Hizbullahın baş katibi cənab Şeyx Nəim Qasimin və Livan Hizbullahı döyüşçülərinin Aşura xarakterli müqavimət və mübarizəsini yüksək qiymətləndirərək bildirib: “Livanın bu günləri bütün müqavimət mücahidləri üçün qürur və fəxarət, düşmən sionist qarşısında öz bədxah müstəmləkəçilərinin yalan vədlərinə ümid bəsləyənlər üçün isə zillət və rüsvayçılıq günləridir”.

İslam İnqilabı Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

وَ لَقَدْ اَرسَلنْا موسی بِایاتِنا اَنْ اَخرِجْ قَومَکَ مِنَ الظُّلُماتِ اِلی‌ النّورِ وَ ذَکِّرْهُم بِاَیّامِ الله

Biz Musanı möcüzələrimizlə göndərib (ona buyurduq): “Xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”. (İbrahim, 5)

Mehr ayının ilk günləri Allahın günlərini, eləcə də İran xalqının Birinci Məcburi Müharibədə canı bahasına yazdığı səkkizillik unudulmaz böyük müdafiə eposunu xatırladır. Həmin günlərdə İnqilab günəşinin hərarətli şəfəqləri milli həmrəylikdən, İslam İnqilabı məktəbi və məramına sədaqətdən doğan xoş bir hiss bəxş edirdi. Nəticədə köhnə və yeni imperializm və müstəmləkəçiliyin buzları əriyirdi.

O günlərdə İran xalqının bəzi nümayədələri müstəmləkəçilərin iyirmi neçə il əvvəlki bədxahlığını, neft sənayesinin milliləşdirilməsi hadisələrini və Amerika planı olan çevrilişi xatırlayırdı. Bəziləri bu barədə eşitmişdi, bir çoxları isə əcnəbi ağalığının ölkəmizin həyatının bütün sahələrinin başına nə kimi bəlalar gətirdiyini yaxşı hiss etmişdi.

Ondan əvvəlki dövr isə zülmət və qaranlıq günlər idi; imperialist dövlətlərin səfirləri ölkənin şahına nəyi edib-etməməli olduğunu diktə edir, o da istəyərək və ya istəməyərək bunlara əməl edirdi. Nəhayət, Həzrət İmam Xomeyninin (r.ə) rəhbərliyi ilə İran xalqının böyük İnqilabı bu sistemi alt-üst etdi.

O zülmət və qaranlıq günlər bu İnqilab sayəsində İran İslam Respublikasının bərqərar olduğu işıqlı günlərlə əvəzləndi. Bu torpağın sərvətlərinə tamah salan, göz dikən, illərlə onları mənimsəmək üçün bu xalqın başına hər cür bəlalar açan müstəmləkəçilər üçün bu gedişatı həzm etmək çox ağır idi.

Buna görə də həmin vaxtdan etibarən bütün güc və səylərini inqilabçı xalqın coşğun çay kimi axan hərəkatını əvvəlki məcraya qaytarmağa yönəltdilər. Birinci Məcburi Müharibə İslam Respublikasının mübarək həyatının ilk onilliyində onların atdığı ən mühüm addım oldu.

Xalqa düşmən kəsilmiş BƏƏS partiyasının əli ilə, bir neçə günlük müharibə və asan qələbə xülyası ilə alovlandırılan o müharibə odunun içindən İslam dövləti əvvəlkindən daha möhkəm və daha güclü şəkildə, daha uca səslə və daha yüksəklərə pərvaz edən Simurq kimi küllərindən yenidən doğuldu. Bu xüsusiyyət düşmənin sonradan törətdiyi bütün hadisələrdə də dövlətin dəyişməz xarakterinə çevrildi.

Düşmənin öz nökərlərini bu xalqa ağa etdiyi və müstəmləkəçiliyin yeni formasını tətbiq etdiyi o qaranlıq günlər İnqilabın, İslam bayrağının ucaldılması və məcburi müharibə yatağındakı cihadın bərəkəti sayəsində şanlı günlərə çevrildi. Həmin müharibənin başa çatmasından 38 il keçməsinə baxmayaraq, o dövrün hər bir hadisəsi, o günləri yaşayanların səmimi xatirələri, ibadət, şücaət, müqavimət, əxlaq və insanlıq dərsi verən hər bir qəhrəmanlıq nümunəsi ölkəmizin tarixinin zirvəsində parlayan ulduzlar kimi bərq vurur. 

Müstəmləkəçi dövlətlərin əlaltılarının hücuma keçdiyi ilk günlərdə ölkəmiz özünü təhdidlərdən qorumaq üçün şah rejimindən qalan əliyalın bir mirasla baş-başa qalmışdı. Lakin haqqın bərqərar olması və ilahi kömək sayəsində indi elə günlərə gəlib çatmışıq ki, onların əlaltıları deyil, artıq təcavüzkar müstəmləkəçilər özləri İslam döyüşçülərinin hücumları qarşısında sığınacaq axtarır və müharibəni dayandırmaq üçün yalvarırlar.

Onların ölkəmizi qaytarmaq istədikləri o günlər İranın gerilik, zillət, asılılıq və İslam dünyasında bədnamlıqla dolu olduğu günlər idi. Bu gün yaşadığımız dövr isə inkişaf, izzət, müstəqillik, eləcə də İslam dünyasında, hətta bütün dünyada ən uca nüfuz və etibar dövrüdür. Bu gün bəziləri bizi dünyanın dördüncü böyük gücü sayırlar. Əlbəttə, onlar bunu dünyəvi hesablamalara əsaslanaraq deyirlər. Lakin ilahi hesablamalara görə, özünü pak Əhli-beytə (ə) aid edən, əhalisinin əksəriyyəti o uca şəxsiyyətlərə könül bağlayan və haqqı bərqərar etməkdən qorxmayan bir ölkə dünyanın birinci dərəcəli gücüdür.

O günlər İranın cənubundakı iki dəniz düşmən qüvvələrinin at oynatdığı meydan idi. Amma bu gün onlar igid döyüşçülərdən və Hörmüz boğazının keşikçilərindən aldıqları sarsıdıcı zərbələrə görə Ərəb dənizindən bu tərəfə keçə bilmirlər. Hər dəfə bu riski canları bahasına gözə alanda özlərinə zərər vurublar. Çox çəkməz ki, Ərəb dənizi də onlardan təmizlənər.

Elə günlər var idi ki, müstəmləkəçilər psixoloji əməliyyatlar və qorxu mühiti yaratmaqla paytaxt küçələrini boşaltmış, bu xalqın müstəqillik əzminə qarşı hərbi çevriliş etmişdilər. Ondan sonra da 25 il boyunca bu ölkənin sərvətlərini qarət etdilər. Amma bu gün artıq yeddi aydır ki, həmvətənlərimiz İslam döyüşçülərinə arxa durmaq və düşmənin ürəyinə qorxu salmaq üçün bütün ölkə boyu meydanları və küçələri öz məsuliyyətli, coşğun iştirakları ilə bəzəyirlər.

Belə ki, 30 milyondan çox iranlı canından keçməyə hazır olduğunu bəyan edib. Müəyyən təşkilatlanma məqsədilə yenidən qeydiyyat elan edildikdən sonra ilk 100 dəqiqə ərzində 500 mindən çox insan tələb olunan yerləri doldurdu. Hazırda müxtəlif xalqların birgə yaşadığı bütün İslam İranında müxtəlif sahələrdə, xüsusən də silahlı mübarizəyə hazır olmaq barədə bəyanatlar verilir. Məqsəd elə bir döyüş meydanı yaratmaqdır ki, burada soydaşlarımızın payına şan-şöhrət, düşmənlərin nəsibinə isə yalnız rüsvayçılıq düşsün.

Elə günlər olub ki, bu torpağın insanlarının şücaəti yalnız kişilərin adı ilə bağlı olub. Lakin indi bir çox cəsarətli mübarizə meydanlarında qadınların kişiləri geridə qoyduğu günləri yaşayırıq.

Elə günlər olub ki, düşmən dövlətin ictimai dayağını addım-addım zəiflətməyə çalışıb. Ancaq bu gün cəmiyyətin bütün təbəqələri açıq-aşkar fərqliliklərinə baxmayaraq, öz haqlı mövqelərini, o cümlədən xeyir-bərəkətli Hörmüz boğazını qorumaqda həmrəydirlər.

Keçmiş günlərlə indiki günlər arasındakı bu müqayisəni daha da genişləndirmək olar. Ancaq mən əziz İran xalqının xidmətçisi kimi bir cümlə ilə bəyan edirəm ki, düşmənimizin həsrətlə dönmək istədiyi o keçmiş günlər geridə qaldı və bir daha qətiyyən təkrarlanmayacaq. Əlbəttə, kədər və hüznlə qeyd etməliyəm ki, bu günlərdə böyük Xomeyninin və əzəmətli şəhid Xameneinin (Allah hər ikisinin şərəfli məqamını uca etsin) yeri çox görünür. Ölkənin bugünkü izzəti onların rəhbərliyinə borcludur. Lakin onların fəaliyyətlərindən, parlaq və yolgöstərən kəlamlarından ardıcıllarına miras qalan bu dəyərli xəzinə sayəsində gələcək günlər bu günlərdən dəfələrlə əzəmətli olacaq. Çünki Birinci Məcburi Müharibənin odunun külündən baş qaldırmış o Simurq düşmənin təzyiqləri, xüsusən də son iki məcburi müharibə nəticəsində o qədər böyüyüb ki, uçuşunun kölgəsi artıq düşmən torpaqlarının da üzərinə düşür.

Bu məqamda ərəb dünyasının qəhrəman əmiri və Müqavimət Cəbhəsinin böyük simvolu olan uca şəhid cənab Seyid Həsən Nəsrullahın (Allah onun pak ruhunu muqəddəs eləsin) şəhadətinin ikinci ildönümü ilə əlaqədar onu yad etmək çox yerinə düşərdi. O öz xalqı və məktəbinin səmimi xeyirxahı idi. Onun səmimi, təsirli nitqləri və cəsarətli addımları öz xalqının, hətta bütün dünya azadlıqsevərlərinin qəlbinə böyük əzm və inam bəxş edirdi. O, kiçik bir ölkə olan və illərlə bəzi böyük güclərin arxa bağçasına çevrilmiş Livanın adını ucaltdı və ona əzəmət qazandırdı. Zəfər və qələbə onun daimi yoldaşı idi. Şübhəsiz ki, Şam diyarının bütün tarixi boyunca, peyğəmbərlər və onların vəsilərindən sonra bu qədim torpaqda onun əzəmətində ikinci bir şəxsiyyət olmamışdır. Əlbəttə, indi onun şanlı bayrağı cənab Şeyx Nəim Qasimin (Allah onu qorusun) əlindədir. O, Hizbullahın möhkəm və Aşura mahiyyətli səflərinin önündə cəsarətlə onun yolunu davam etdirir.

Livanın bu günləri tarixin səhifələrində, hətta elə indidən müqavimətin bütün mücahidləri üçün qürur və fəxarət, düşmən sionist qarşısında öz bədxah müstəmləkəçilərinin yalan vədlərinə ümid bəsləyənlər üçün isə zillət və rüsvayçılıq günləridir. Müqavimətin şəhid Seyidi, Seyid Haşim Səfiyyəddin və hal-hazırda mübarizə aparan mücahidləri zamana işıq saçan parlaq ulduzlar kimi nur saçacaq, çaşqınlıq içində qalanlara yol göstərəcəklər. Onların müxalifləri isə tarixin ilk vərəqlərindəcə unudulub torpağa gömüləcəklər. Gələcəkdə onları nə vaxtsa xatırlasalar, yalnız pislik, tədbirsizlik, hətta bəlkə də xəyanətlə xatırlayacaqlar.

Sonda ümid edirəm ki, ilahi lütfün davamı, Mövlamızın (Allah onun gəlişini təcil etsin və canımız ona fəda olsun) xüsusi duası ilə İran xalqı və bütün müqavimət tərəfdarları yalnız qələbə, zəfər və izzətlə, onların düşmənləri isə yalnız məğlubiyyət və xarlıqla qarşılaşacaqlar; Allahın lütfü və kərəmi ilə.

Seyid Müctəba Hüseyni Xamenei
6 mehr 1405
28 sentyabr 2026

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /