33-cü Ümumrespublika Namaz Konfransı bu səhər İmam Rza (ə) hərəminin yaxınlığında İslam İnqilabının Ali Rəhbərinin müraciəti ilə işə başladı.
Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei konfransa ünvanladığı müraciətində namazın bərqərar edilməsinin salehlər hökumətinin birinci səmərəsi və əlaməti olduğunu bildirib. O, İslam cəmiyyəti mərhələsinə yetişmək üçün namazın bərqərar olunmasının, onun möhkəmləndirilməsi və kütləviləşməsinin zəruri olduğunu bildirərək vurğulayıb: “Ailələr, məktəb və universitet müəllimləri, ziyalılar, tanınmış simalar və mədəniyyət qurumları cəmiyyətdə namazın bərqərar olunması üçün ikiqat məsuliyyət daşıyırlar”.
İnqilabın Ali Rəhbərinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Namazın bərqərar edilməsi kimi uca bir məsələyə diqqət yetirilməsi, xüsusilə Namaz Konfransının keçirilməsi 1370-ci illərin (1990-cı illərin) əvvəllərindən başlayaraq ölkədə xalq tərəfindən sevilən mücahid alim, Quran ustadı və görkəmli təbliğatçı Höccətül-İslam vəl-müslimin Qəraəti həzrətlərinin təşəbbüsü ilə həyata keçirilən vacib və zəruri tədbirlərdəndir. Əzəmətli şəhid Rəhbərimizin bu məsələyə xüsusi diqqəti, eləcə də ötən 32 konfransa ünvanladığı müraciətlərdə yer alan mühüm, davamlı və israrlı tövsiyələri bu fəaliyyət xəttinin əhəmiyyətini daha da artırır.
Şübhəsiz ki, namaz haqqında danışmaq və ya yazmaq İlahi vəhy, Həzrət Peyğəmbər (s) və məsum İmamların (ə) kəlamları şənində bir işdir. Mənim kimi şəxslərin qələmi isə namaz maarifinin dərinliyindən yazmaqda çox acizdir. Ancaq İslam cəmiyyətinin mahiyyəti, tələbləri və onun xidmətçilərinin, xüsusilə də İslam İnqilabı Rəhbərliyinin vəzifələri həm özümə, həm də bütün xalqa və məsul şəxslərə bir neçə cümlə xatırlatma etməyi tələb edir.
Namaz Böyük Yaradanın bizə bəxş etdiyi ən gözəl nemətlərdən biridir. O, dinin ən ali təməli, simvolu və sütunu, sonsuz və tükənməz İlahi mənbə ilə birbaşa əlaqə bağıdır. Qurtuluş və xilas iksiri, pak həyatın əsası olan bu ibadət həm insanın nəfs şeytanı və dünyəvi şeytanlarla mübarizəsində tükənməz ehtiyatı, möhkəm və davamlı arxasıdır, həm də sevgi, ümid, mehribanlıq və rahatlıq çeşməsidir. Bərəkətin nazil olması və ilahi ruzinin bolluğu məhz namazın bərqərar olması və bağışlanma diləmək sayəsində gerçəkləşib artır.
Namaz təkcə fərdi bir öhdəlik deyil. Quran təliminə əsasən, onun bərqərar edilməsi salehlər hökumətinin ilkin səmərəsi və əlamətidir: “O kəslər ki, onlara yer üzündə qüdrət versək, onlar namaz qılarlar...” (Həcc, 41). “Həcc” surəsində bu ayənin Allah yolunda cihad edənlərə verilmiş ilahi kömək vədindən dərhal sonra gəlməsi göstərir ki, Allahı xatırlamağın, Ona ümid və inamın möhkəm dayaq nöqtəsi olan namaz mübarizə meydanlarında, xüsusən də bu gün İran xalqının üz-üzə qaldığı mübarizə meydanında cihad, fəth və qələbə üçün xüsusi əhəmiyyət kəsb edir.
Bu gün əziz İran xalqı üçün imkan və qüdrət şərtləri hər zamankından daha çox təmin olunduğu bir vaxtda bu seçilmiş xalqın hər bir fərdi Allahın "Namaz qılın!" əmrinin birbaşa xitab obyektidir. Bundan əlavə, cəmiyyətdə nüfuz sahibi olan hər bir fərd – atalar, analar və ailələrdən tutmuş məktəb müəllimləri və dostlara qədər, universitet müəllimləri və ziyalılardan tutmuş tanınmış simalara qədər hər kəs, eləcə də mədəniyyət formalaşdıran bütün qurumlar, o cümlədən məscidlər, cümə namazları, məktəblər, universitetlər, elmi-teoloji mərkəzlər, televiziya və radio, mədəni-ictimai fəallar, xüsusilə də yeniyetmə və gənclərlə çalışan könüllü xalq təşkilatları bu işdə ikiqat məsuliyyət daşıyır.
Muhəmmədi (s) İslamının bayrağını ucaldan və İslam hakimiyyəti ilə şərəfləndirilmiş bir ölkə və cəmiyyətdə namazın bütün təkmilləşmə mərhələləri və təkamül səviyyələrində bərqərar edilməsi ən mühüm məsələlərdən biridir. Bu, İslam hərəkatı və inqilabı mərhələsindən İslam cəmiyyəti mərhələsinə keçid üçün zəruri şərtdir. Yalnız bundan sonra İslam sivilizasiyası səviyyəsinə yetişmək mümkün olacaqdır.
Namazın cəmiyyətdə kök salması, kütləviləşməsi və geniş vüsət alması, eyni zamanda gözəl şəkildə qılınması üçün ümumi səy göstərilməsi bu mühüm hədəfə çatmaq yolunun iki ana xəttidir. Məscidlərin abadlaşdırılması, cümə və camaat namazlarının kəmiyyətcə genişləndirilməsi və zahiri keyfiyyətinin yüksəldilməsi üçün görülən digər tədbirlər bu böyük məqsədə nail olmaqdan ötrü vacib müqəddimələrdir. Bütün bu proseslərdə əhalinin sığınacağına çevrilmək, onların problem və müraciətlərini diqqətlə dinləyib qəbul etmək vəzifəsi daşıyan imam-camaat və imam-cümələrin rolu müstəsna əhəmiyyət kəsb edir.
Ümidvaram ki, ilahi lütf, Mövlamızın (ə.f) xüsusi diqqət və duası sayəsində əziz xalqımız və ölkəmiz namazın bərqərar edilməsində, onun feyz və bərəkətlərindən bəhrələnməkdə uğur əldə edəcəkdir.
Seyid Müctəba Hüseyni Xamenei
09 mehr 1405
01 oktyabr 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
