Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Baş Komandan Polis Həftəsi münasibətilə ünvanladığı müraciətində bildirib:

Hüquq Mühafizə Orqanları Komandanlığı təhlükəsizliyin möhkəm sütunlarındandır

Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Polis Həftəsi münasibətilə ünvanladığı müraciətdə şücaətli və tədbirli komandanlığın, qeyrətli polis əməkdaşlarının və onların ailələrinin rəşadət və fədakarlığını yüksək qiymətləndirib. Hüquq Mühafizə Orqanlarının ölkə təhlükəsizliyinin əsas sütunlarından biri olduğunu deyən Ali Baş Komandan vurğulayıb: “Təhlükəsizliyi qoruyan qüvvələrin hərtərəfli gücləndirilməsi, xüsusilə texnologiyaların inkişaf etdirilməsi və süni intellektdən məqsədyönlü istifadə edilməsi tapşırıqların keyfiyyətlə və daha rahat icra olunmasında mühüm rol oynayır”.

İslam İnqilabının Ali Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Təhlükəsizlik ilahi nemətlərin ən mühümlərindən biridir. Əziz İranın müxtəlif bölgələrində – böyük şəhərlərdən tutmuş kənd və məhəllələrdəki ən kiçik yaşayış məskənlərinədək, çətin hava şəraitində, müxtəlif iqlimli dağlarda, dənizlərdə, düzənliklərdə və meşələrdə aparılan ağır sərhəd keşikçiliyindən ölkənin ən mərkəzi nöqtələrinədək təhlükəsizliyin bərqərar olunması ölkə təhlükəsizliyinin möhkəm sütunlarından biri olan Hüquq Mühafizə Orqanları Komandanlığının fədakar və zəhmətkeş qüvvələrinin şücaəti və cəsarəti sayəsində mümkün olur.

Bu təhlükəsizlik cəmiyyətdə ictimai asayişi, müxtəlif əxlaqi və ictimai yönləri təmin edir. Belə dəyərli xidmət Allah yolunda cihad olmaqla yanaşı, həm də güclü ictimai dəstəyə malikdir. Son illərdə təhlükəsizliyin təmin edilməsində Hüquq Mühafizə Orqanları Komandanlığının müxtəlif səviyyələrdə – komandanlıq və qərargahlardan tutmuş polis bölmələri və postlarınadək oynadığı mühüm rol daha da qabarmış, bu təsirin əlamətləri İkinci və Üçüncü Məcburi Müharibələrdə daha aydın görünmüşdür.

Cinayətkar düşmən ABŞ-Sionist cütlüyü Hüquq Mühafizə Orqanları Komandanlığının ən yüksək səviyyələrindən tutmuş ən kiçik bölmələrinədək müxtəlif strukturuna zərbə vurmaq cəhdləri və israrları bu qurumun əhəmiyyətini daha da bəlli etdi. Lakin cəmiyyətin nizam və təhlükəsizlik sütunlarına qarşı yönəlmiş, tarixdə bənzəri olmayan bu çarəsizcə cəhdlər və xain zərbələr Hüquq Mühafizə Orqanları Komandanlığının şücaətli qüvvələrini zərrə qədər də öz missiyalarından geri çəkilməyə məcbur edə bilmədi. Onlar hətta küçələrdə və avtomobillərdə də öz məkanlarında və qərargahlarında yerinə yetirdikləri eyni vəzifə və rolu icra etməyə davam etdilər.

Məhz bu səbəbdən məzlum və qüdrətli İran xalqı ölkənin təhlükəsizliyi uğrunda çalışanların fasiləsiz zəhmətini və səylərini yüksək qiymətləndirir. Eynilə ordu və Sepah kimi cəmiyyətin dərinliklərindən çıxan Hüquq Mühafizə Orqanları Komandanlığı Qüvvələri də öz etimad doğuran davranışları ilə xalqın bu dəyərli quruma olan etimadını daha da artıra bilərlər. Çox vaxt təhlükəsizlik keşikçilərinin zəhmət və fədakarlıqları bəzi insanlar tərəfindən adi bir hal kimi qarşılana bilər. Elə bu məzlumluq və anonimlikdir ki, onların Allah dərgahındakı mükafatını daha da artırır.

Təhlükəsizliyi qoruyan qüvvələrin insan resursları, yumşaq və sərt proqram təminatının – xüsusilə də texnologiyaların inkişafı və məlumatların təhlilində süni intellektdən məqsədyönlü istifadə daxil olmaqla – hərtərəfli gücləndirilməsi Hüquq Mühafizə Orqanları Komandanlığının tapşırıqlarının keyfiyyətlə və daha rahat icra olunmasında mühüm rol oynayır.

Hüquq Mühafizə Orqanları Komandanlığının uca şəhidlərinə Allahdan yüksək dərəcələr və rəhmət diləyirəm. Bütün ailələrə, əməkdaşlara, əsgərlərə, rəşadətli və qeyrətli qüvvələrə, xüsusilə də Hüquq Mühafizə Orqanları Komandanlığının şücaətli, yorulmaz və tədbirli komandanına və onun fədakarlıqlarına minnətdarlığımı bildirirəm. Ümidvaram ki, Mövlamızın (ə.f) duaları ilə İran İslam Dövlətinin təhlükəsizliyinin, iqtidarının və izzətinin yüksəldilməsində daha böyük müvəffəqiyyətlər qazanacaqlar.

Seyid Müctəba Hüseyni Xamenei
16 mehr 1405
08 oktyabr 2026

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /