İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Həzrət Zeynəbin (s.ə) mövlud ildönümü və Tibb Bacısı Günü münasibətilə ünvanladığı müraciətdə “İran xalqının misilsiz besəti dövrü”ndə ölkənin Zeynəb (s.ə) yolu gedən qadın və qızlarının rolunun heyranedici olduğunu bildirib.
Tibb bacılarının cəmiyyətin fiziki və mənəvi sağlamlığında, eləcə də təhlükəsizliyindəki mühüm təsirinə, həyatverici və ümidverici roluna diqqət çəkən Ali Rəhbər səhiyyə sahəsinin məsul şəxslərinə tibb bacılarına xüsusi diqqət ayırmağı tövsiyə edib.
Ali Rəhbərin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Hər il cəmadül-əvvəl ayının beşi Allah övliyalarının daim təriflədiyi, sevdiyi və qürur duyduğu, onların məhəbbət və tərbiyəsi sayəsində boya-başa çatan bir xanımın mübarək mövludu qeyd edilir. Bu parlaq nurun zirvəsi özünü Aşura qəhrəmanlığı zamanı büruzə verdi: bir tərəfdən Kərbəla çölünün məzlumlarına qarşı göstərilən sonsuz mərhəmət, xeyirxahlıq və səbirlə edilən qayğıkeşliklə, digər tərəfdən isə mətanət və cəsarətin ən uca simvollarından biri olmaqla.
İslam hərəkatı və inqilabının tarixi ilk gündən İran qadınlarının və qızlarının Zeynəbsayağı iştirak səhnələri ilə zəngindir.
Millətin Üçüncü Müqəddəs Müdafiə dövrünə təsadüf edən misilsiz oyanışında bu iştirak keyfiyyət və kəmiyyət baxımından heyrətamiz bir miqyas aldı. Bu gün İran İslam dövlətinin Zeynəb yolu gedən qadınları müxtəlif sahələrdə, xüsusilə şəhər və kəndlərdəki meydanlarda fəallıq göstərməklə həm əməli izahın, həm də sərt müharibənin arxa cəbhəsindəki müqavimətin öndərləridirlər. Dövrümüzün bu xalqın əzab-əziyyətlər içərisində qalmasını, əzilməsini istəyən müstəbidləri artıq bu böyük qoşuna müqavimət göstərə bilməyəcəklərini anlayırlar.
Məsum Əhli-beytə (Allahın salavat və salamı hamısının üzərinə olsun) könüldən bağlı olan bir məmləkətin insanları Həzrət Zeynəbi-Kubranın (s.ə) dərdi olanlara qarşı göstərdiyi mehribanlıq, həmdəmlik və fədakarlıq keyfiyyətlərini nəzərə alaraq onun mövlud gününü haqlı olaraq Tibb Bacısı Günü kimi qəbul etmişlər. Çünki bu mənəvi keyfiyyətlərin və insani dəyərlərin bir çoxu zəhmətkeş və dəyərli tibb bacılarının simasında aydın görünür.
Tibb bacısının rolu həkimlər, müəllimlər, tərbiyəçilər, din xadimləri və xilasedicilər kimi cəmiyyətə həyat verən və ümid bəxş edən bir roldur. Məhz buna görə də tibb bacısına bəzən bir rəhmət mələyi gözü ilə baxılır. Bu da o zaman baş verir ki, o, ağrı-acısı olan insanların kaprizləri və səbirsizliyi qarşısında xəstələrin sakitləşməsinə, ümidlənməsinə və sağalmasına şərait yaradır, nəticədə İlahi rəhmətin nazil olmasına səbəb olur.
Şübhəsiz ki, tibb bacılarının müalicə prosesindəki rolu həkimlərdən fərqli olaraq davamlı, diqqətli və səbirli bir iştirak tələb edir. Bu cür iştirakın təsiri yalnız cismani məsələlərlə məhdudlaşmır. O, mənəvi və psixoloji ağrılara məlhəm olur, bir çox hallarda ümidsizliyin üstün gəlməsinin qarşısını alır.
Məhz bu səbəbdən həkimlərin belə öhdəsindən gələ bilmədiyi işlər tibb bacılarının bu şəfqətli fəaliyyəti sayəsində baş verir.
İmperialistlərin mənfur şəbəkəsi azad və müqavimətçi xalqlara, xüsusən də İran xalqına qarşı hər cür zülm və cinayət törətməkdən çəkinmədiyi, o cümlədən müalicə və dərman sahəsində müxtəlif məhdudiyyətlər yaradaraq böyük İran millətinə çətinliklər yaratmağa çalışdığı bir vaxtda tibb bacılarına diqqət yetirmək, tibb işçilərini gücləndirmək, onların bilik, bacarıq, güc, nikbinlik, motivasiya və ləyaqətini – xüsusən də özünü dövlət və ictimai müəssisələrində xidmətə həsr edənləri – qorumaq və yüksəltmək cəmiyyətin fiziki və mənəvi sağlamlığına, eləcə də təhlükəsizliyinə mühüm təsir göstərir. Məhz buna görə də səhiyyə sahəsinin məsul şəxslərindən öz məsuliyyətli yanaşmalarını davam etdirərək bu mühüm məsələlərə üstünlük vermələri gözlənilir.
Mən bu iki əlamətdar gün münasibətilə əziz xalqımızı, İslam dövlətinin məsuliyyətli və möhkəm iradəli qadınlarını, xüsusilə də tibb bacılarını və tibb işçilərini təbrik edirəm.
Sonda, tibb bacıları və tibb işçilərindən olan məzlum və fədakar şəhidlərə, xüsusilə də İkinci və Üçüncü Məcburi Müharibələrin, həmçinin 1404-cü ilin dey ayında baş verən iğtişaşların şəhid tibb işçilərinə Allahdan rəhmət diləyirəm. Ümidvaram ki, Mövlamızın (ə.f) duası ilə Uca Allah İran xalqına əvvəlkindən də artıq izzət, qüdrət və Həzrət Zeynəbin (s.ə) məktəbinə ardıcıllıq etməyə layiq bir keyfiyyət nəsib edəcəkdir.
Seyid Müctəba Hüseyni Xamenei
24 mehr 1405
16 oktyabr 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
