İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei dünya miqyaslı elmi yarışlarda və idman meydanlarında medal qazanmış gənclərə, elmi elitaya ünvanladığı müraciətdə yeniyetmə və gənc elitlərin elm və idman sahələrindəki əvəzsiz rolunu, eləcə də onların ölkədə ümidin, tərəqqinin və yüksək əhval-ruhiyyənin təzahürü olduğunu vurğulayıblar. İranın hər an daha da güclənməsinin açarının elit gənclərin elmi sərhədləri aşmasında olduğunu qeyd edən Ali Rəhbər vurğulayıb: “Elm sultandır” strateji prinsipi çərçivəsində ölkənin tərəqqisinin dərin və sürətli elmi yüksəlişə ehtiyacı var. Məsul şəxslər bu elmi sıçrayış üçün zəruri infrastrukturu və şəraiti yaratmaqla yanaşı, elit gənclərin fərdi potensialından və kollektiv ağlından maksimum səviyyədə bəhrələnməlidirlər.
Bu gecə elm və idman sahəsinin medalçılarına təqdir və təşəkkür məqsədilə təşkil edilmiş “Vətənpərvər medalçılar” adlı mərasimdə Ali Rəhbərin Höccətül-İslam vəl-müslimin Hacı Əli Əkbəri tərəfindən oxunan müraciətinin mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Bu günlər, bəzi rəvayətlərə görə, cənnət qadınlarının sərvəri və seyyidəsi Həzrət Siddiqeyi-Əthər Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərinə təsadüf edir. O Həzrətin şəhadət vaxtının dəqiq bilinməməsi təəccüblüdür. Eyni zamanda o ilahi nurun dəfn olunduğu şərafətli məkan da gizli qalıb. Daha ali səviyyədə isə onun məqam və dərəcəsi də naməlum və adi insan dərkinin fövqündədir.
O, Allaha ibadət və bəndəlikdə nümunəvi bir şəxsiyyət, Həzrət Peyğəmbərə (s) xüsusi və hərtərəfli dəstək verməkdə, Əmirəl-mömininin (ə) vilayətini cani-dildən müdafiə etməkdə, maarifləndirmə və təlimdə, vaxtı doğru dəyərləndirib haqq uğrunda qiyam etməkdə, müqavimət və həqiqətləri bəyan etməkdə ən üstün örnəkdir. O, səbirdə, fədakarlıqda, minnətsiz xidmət etməkdə və cəmiyyətin dərdinə şərik olmaqda; həyat yoldaşı və ana olmaqda, bəşəriyyətin rəhbərləri olan pak İmamlar nəslini tərbiyə etməkdə; zəhmət, səy, mübarizə, paklıq, pərhizkarlıq, nuranilik və mənəviyyatda bütün imanlı qadınlar və kişilər üçün birinci dərəcəli nümunədir.
Fatimə yolunu tutmuş cəmiyyətin parlaq üstünlüklərindən biri də odur ki, inqilabçı və müsəlman İran xalqı üçün böyük ictimai hərəkatların, mübarizə, cihad və xalq meydanlarında iştirakın, hətta elmi tərəqqi iradəsinin, eləcə də təvazokar və təmənnasız xidmət etməyin yol xəritəsini müəyyən edir.
Əziz İranımız indiki mərhələdə daha çox iradə və ümidin təcəssümüdür. Bu ümid və tərəqqinin təmin olunmasında, ölkənin parlaq gələcəyinə doğru addım atılmasında istedadlı və bacarıqlı gənclərin, eləcə də elmi elitanın rolu əvəzedilməzdir. Əslində, istedad və elitarlıq coğrafiyası yalnız elm, texnologiya, idman və ya müxtəlif bacarıqlar sahəsi ilə məhdudlaşmır. Hər bir müsbət və arzuolunan üstünlük elitlik yarada bilər. Bu günlərdə biz bu diyarın elə seçilmiş insanlarının fədakarlığına şahid oluruq ki, onlar daha geniş üfüqlərə baxaraq öz vətənlərinin müqəddəs bayrağını ucaltmaq yolunda fədakarlıqla çalışırlar. Bunlar bəsirət və cihad sahəsinin elitləridir. Biz Rizəli Xacəviləri və Əli Ləndiləri adları mədəniyyət ocaqlarının girişində həkk olunmalı elitlər hesab edirik. Cəmiyyətimizin bu cür seçilmiş simaları öz canlarını və sağlamlıqlarını fəda edərək İran İslam Dövlətinin və əziz millətin taleyində müstəsna iz qoyan, Uca Yaradandan bəndəlik medalı alan şəhidlər və qazilərdir.
Əvvəlcə fürsətdən istifadə edərək astronomiya və astrofizika, riyaziyyat, yer elmləri, coğrafiya, fizika, kimya, biologiya, informatika və süni intellekt, eləcə də humanitar elmlər üzrə olimpiadalarda çoxlu sayda medalların, elmi uğurların və son dövrlərdə müxtəlif idman qələbələrinin qazanılması münasibətilə əziz xalqımızı və bu uğurlara imza atan hər bir kəsi təbrik edirəm. Eyni zamanda, yeniyetmə və gənclərdən tutmuş məşqçi, müəllim və alimlərimizədək – bütün istedadlı təbəqələr arasında iftixar və ümid karvanını irəli aparanların, ölkənin tərəqqi bayraqdarlarının əzminə və iradəsinə olan dərin ehtiramımı və minnətdarlığımı bildirirəm.
Ölkəmizdə dəyişiklik yaratmaq üçün elmi elitanın sahib olduğu motivasiya və ümid, keçən onilliklər ərzində uzaqdan-yaxından şahidi olduğum parlaq bir məşəldir. Ölkədə elmi cərəyanın və istedadlı şəxslərin nəhəng, ümidverici hərəkatını, eləcə də bu hərəkatın elmi sahələrdə, olimpiadalarda və ayrı-ayrı idman yarışlarında hər il təkrarlanan, ardıcıl qələbələrində təzahür etməsini izləmək bütün İran xalqı üçün qürurvericidir.
Ölkəmizin zəhmətkeş idmançılarının son günlərdə və aylarda müxtəlif idman növlərində qazandıqları parlaq yerlər və yeni rekordlar onların səyini, əzmini, iradəsini və imanını əks etdirir. Fiziki gücü, mənəvi-əxlaqi qətiyyəti, imanı və davamlı səyləri ilə bütün xalqların gözü qarşısında əziz İranın qüdrətini artıran, qeyrətli İran xalqının canlılığını bütün dünyaya nümayiş etdirən o idmançılar; iranlı qadınının qürurverici geyim tərzini dünyada uca tutaraq parlaqlıq bəxş edən xanım idmançılar; İran xalqının qəlbində sevinc və coşqu yaradan, İran İslam Dövlətinin uca bayrağını yüksəklərə qaldıran medalçılar – hər biri öz növbəsində qüdrətli İran anlayışının məzmun qazanmasında pay və təsir sahibidir.
Bu günlər universitetlərdə, elmi-teoloji mərkəzlərdə və məktəblərdə elmə və tədqiqata maraq və həvəsin artdığı günlər olduğundan, hesab edirəm ki, bu mövzu ilə bağlı əziz İranımızın elmsevərləri, xalqın istedadlı simaları və mütəfəkkirləri ilə qısaca söhbət etmək yerinə düşər.
Elitlik ilahi bir nemət və bəxşişdir. Onun əsas təməli isə İran xalqının, xüsusilə də gənclərimizin sahib olduğu zəka və intellektual potensialdır. Ağıl və bəndəliyin şərti insanın ilahi nemətin şükrünü layiqincə yerinə yetirməsidir. Bu şükür qəlb, dil və əməl mərhələlərinin hamısını əhatə edərsə, həmin nemətin kamilliyə çatması üçün münbit şərait yaranar.
Elitlik nemətinin qədrinin bilinməsi əvvəlcə şəxsin özü, daha sonra isə ətraf mühiti – valideynlər, ailə, müəllim və təhsil verənlər, məktəb və universitet mühiti, eləcə də dövlət sistemi tərəfindən həyata keçirilməlidir ki, bu potensial inkişaf etsin, artsın və düzgün istiqamətdə istifadə olunsun. Məhz buna görə də bu nemətin əməli şükrünün yerinə yetirilməsində elitin özünün üzərinə daha ağır məsuliyyət düşür. O öz istedadını inkişaf etdirməklə yanaşı, bu qabiliyyətdən ölkənin və cəmiyyətin problemlərinin həllində ən gözəl şəkildə istifadə etməlidir.
Elit şəxs sadəcə yüksək zəka və qabiliyyətə malik olduğu üçün özünü cəmiyyətdən təcrid edən, yalnız ötəri və şəxsi istəkləri ilə yaşayan bir adam deyil. Elit şəxs öz potensialının inkişaf etməsindən ötrü narahat olan, özünü cəmiyyətdə təsir sahibi kimi görən və istedadından həm özünün, həm də cəmiyyətinin inkişafı üçün paralel şəkildə istifadə edən insandır. İranlı elit sübut etmişdir ki, elm və istedadı xalqın və ölkənin real problemlərinin həlli alətinə çevirmək mümkündür. Hüceyrə, nano və biotexnologiyalardan tutmuş qabaqcıl aerokosmik texnologiyalara, sənaye, mədən, tibb, kənd təsərrüfatı, nüvə, energetika və infrastruktur sahələrinə qədər hər yerdə elmin, biliyin və istedadın tətbiqi əsas hədəfdir.
Hamımız bu irəliləyiş hərəkatının nəticələrini real həyatda görürük: elektrik stansiyalarında İran istehsalı olan turbinlərlə elektrik enerjisinin istehsalı; cənub adalarındakı duzsuzlaşdırma qurğularında tətbiq edilən elm əsaslı texnologiyalar; kənd təsərrüfatı, su və torpaq əməliyyatlarını optimallaşdırmaq üçün şimal bölgəsinin tarlaları, bağları və çəltik sahələri üzərində uçan kənd təsərrüfatı dronları; Ruyan İnstitutunun qabaqcıl texnologiyaları vasitəsilə sonsuz ailələrin övlad sahibi olması; radiofarmasevtika vasitəsilə çətin sağalan xəstəliklərin diaqnostikası və müalicəsi; müşahidə peykləri vasitəsilə torpağın, suyun və məhsulların monitorinqi; elmi və texnoloji təşəbbüslərlə məhsuldarlığın və ərzaq təhlükəsizliyinin artırılması bu nəhəng və xeyirli kompleksin yalnız bir neçə bariz nümunəsidir. Bunlardan əlavə, xüsusilə müdafiə və hərbi sahələrdə bir çox digər nailiyyətlər də öz vaxtında dəfələrlə dünyanın gözünü qamaşdırmış, gələcəkdə də belə olacaqdır.
Güclü İran elmi və texnoloji qüdrətə əsaslanır və bu təməl yeni dünya nizamı və münasibətlərində İranın rol oynamasının ən mühüm komponentlərindən biridir. Buna görə də ölkənin hər an daha da güclənməsinin açarı elmi sərhədlərin aşılması və elmi problemlərin məhz istedadlı gənclər tərəfindən həll edilməsidir. İran İslam Dövlətinin düşmənlərinin alimlərə və elitlərə qarşı törətdikləri cinayətlər və xain davranışlar elitlərin ölkənin qüdrətindəki mühüm rolunu açıq şəkildə göstərir. Cəmiyyətimizin görkəmli alimlərini və aparıcı elitlərini İkinci və Üçüncü Məcburi Müharibələrdə, bundan illər əvvəl isə elmi mühitlərdə və adi həyatlarında qətlə yetirən o düşmən İranın tərəqqisinə və qüdrətinə dözə bilmir, əziz İranın elitlərini zəiflətmək üçün bütün vasitə və üsullardan istifadə edir; insanları ümidsizləşdirmək, onların düşüncə və ruhuna hakim olmaq, onları yeni müstəmləkəçiliyin girdabında udmaq və Qərbin kapitalizm və qarət maşınının bir vintinə çevirmək istəyir. Ancaq onlar bilmirlər ki, bu xalqın şəhid olan elitlərinin, alimlərinin, professorlarının, tələbələrinin və şagirdlərinin hər damla qanı nəhəng bir iradə və tərəqqi tufanı qoparıb və qoparmaqdadır.
İran xalqı qədim sivilizasiya tarixini, elm və texnologiya sahəsindəki müxtəlif nailiyyətlərini, dünya miqyasında tanınan dahi alimləri və fəxrləri ilə yanaşı, Qacar və Pəhləvi dövrlərinin iki əsrlik dərin geriliyini və tarixi passivliyini də yaxşı xatırlayır. Bu xalq “Elm sultandır” prinsipinin qalibiyyət bəxş edən əsas strateji xəttinin qədrini və dəyərini, onun Qərbin elmi hökmranlığını qəbul etməməkdəki nəticələrini, eləcə də son üç onillikdə elitlərin sürətli elmi inkişafını və tədqiqat nailiyyətini yaxşı bilir. Bu uğurların əhəmiyyətli bir hissəsi böyük şəhid Ali Rəhbərin xüsusi tədbirləri və rəhbərliyi sayəsində əldə edilmişdir. İndiki mərhələdən və Üçüncü Müharibədən əvvəl yeni elmi yüksəliş elita üçün sadəcə zəruri bir tövsiyə idisə, son iki müharibənin təcrübəsi hamıya sübut etdi ki, bu yeni elmi dirçəliş dərin və sürətli olmalıdır.
Bu məqsəd üçün dövlət qurumlarının, elmi tədqiqat və texnologiya mərkəzlərinin məsul şəxsləri ilə yanaşı, əziz İranın hər bir istedadlı gənci və alimi də İran İslam Dövlətinin şanlı gələcəyinin qurulmasında, onun tərəqqisi və abadlaşdırılmasında üzərinə düşən əsas missiyasının yerinə yetirilməsinə səy göstərməli və aşağıdakı məqamlara diqqət yetirməlidir:
Birincisi, ölkədə fundamental elmlər və humanitar elmlərin inkişafı üçün ciddi və dəqiq əməli proqram olmalıdır. Fizika, kimya, biologiya və riyaziyyat kimi təməl elmlərin inkişafı digər tətbiqi elmlərin və texnologiyaların əsası kimi ölkənin elmi və texnoloji tərəqqisinin hərəkətverici qüvvəsidir. Uğur qazanan hər bir xalq buna təməl elmlər vasitəsilə nail olub və bu elmləri inkişaf etdirməyən ölkə həmişə geridə qalacaq.
İkincisi, hələ kəşf olunmamış həqiqətlərə diqqət yetirmək, təməl elmlərdə sərhədləri aşmaq və bu elmlərdə, xüsusən də riyaziyyatda məlum olan, lakin həllini tapmamış problemlərin həlli uğrunda daimi mübarizə bir hədəf kimi davamlı şəkildə diqqət mərkəzində saxlanılmalıdır.
Üçüncüsü, elmi yüksəlişdə əsas nöqtə yaradıcılıq və innovasiyadır. Bütün və ya əksər elmlərin inkişafında və açılışında əsas amil olan yaradıcılığa və müsbət təxəyyülə meydan vermək, ixtira və təşəbbüskarlıq üçün elmi cəsarət göstərmək, eləcə də yeni və sınanmamış yolları təcrübədən keçirmək üçün fərdi və milli özünəinamı artırmaq çox vacib və faydalıdır. Faydalı bir yaradıcılıq ortaya qoyan hər kəs üçün cazibədar və qəbulolunan həvəsləndirici amillərin nəzərdə tutulması bu mühitin formalaşmasında böyük rol oynayır.
Dördüncüsü, elmi problemlərin həllində özünəgüvən, texnoloji infrastrukturların yaradılması və ölkə xaricində fəaliyyət göstərmək üçün texnoloji maneələrin aradan qaldırılması daxili potensialı möhkəmləndirməklə qlobal miqyasda yeni üfüqlər açan vahid bir sintez təşkil edir.
Beşincisi, təcrübi və tətbiqi sahələrdə olan elitlərin istedadına imkan yaradılması, o cümlədən tələbəlik illərindən etibarən sənaye ilə universitetin əlaqələndirilməsi və bilik əsaslı bizneslərin asanlaşdırılması biliyin tətbiqində və elitlərin inkişafında mühüm rol oynayır. Ölkənin elm və texnologiya potensialının eyni istiqamətə yönəldilməsi, elitlərin və elmi-tədqiqat mərkəzlərinin bilik əsaslı şirkətlər, sənaye sahələri, hətta yeni yaranan startaplarla əlaqələrinin möhkəmləndirilməsi, eləcə də icra hakimiyyəti orqanlarının bilikdən istehlaka qədər olan zənciri dəstəkləməsi ölkənin bu günü və gələcəyi üçün vacib olan su, torpaq, qida, energetika və süni intellekt kimi məsələlər ətrafında cəmlənməlidir. Bu, müəllim və tələbənin iş masasını universitetlərin və tədqiqat mərkəzlərinin laboratoriyalarından emalatxanalara və fabrik-zavodlara bağlayıb köçürə bilər.
Sürətli sıçrayış yalnız o zaman reallaşar ki, iqtisadi mənfəət, məhsul və xidmətlərin kommersiyalaşdırılması bazarı istedadlı gənclərin motivasiyası və iradəsi ilə birləşsin və elm-tədqiqat institutu ilə sənaye və istehlak bazarı arasında davamlı, sabit əlaqə qurulsun.
Habelə universitet və elmi-teoloji mərkəzlərin müxtəlif nəzəri və təcrübi sahələrdən olan elitlərinin planlaşdırma və siyasətin müəyyənləşdirilməsi səviyyəsində birbaşa və effektiv iştirakı ölkənin tərəqqisinə böyük töhfə verir. Məsul şəxslərin vəzifəsi bu məsuliyyətli elitlərin fərdi potensialından, rasionallığından və kollektiv təfəkküründən maksimum bəhrələnməkdir.
Əgər bu yol düzgün qət edilərsə, elmi mərkəzlər, xüsusən bəzi təməl elmlər tədricən Qərb ölkələrindən İrana köçəcəkdir. Ölkə çox da uzaq olmayan illərdə elmi və texnoloji mərkəzə çevriləcək və müdrik, şəhid Ali Rəhbərimizin (məqamı uca olsun) fars dilinin dünyada elmin əsas istinad dillərindən birinə çevrilməsi ilə bağlı qeyd etdiyi hədəf gerçəkləşəcəkdir.
İnşallah, elmi elita şəhidlərinin qanının bərəkəti və Mövlamızın (Allah onun gəlişini təcil etsin) xeyir-duası ilə xalqın istedadlı və müdrik insanlarının dərin, sürətli elmi yüksəlişi, eləcə də daha güclü İranın yeni İslam-İran sivilizasiyasına çatması üçün hərtərəfli tərəqqisi reallaşacaqdır.
Seyid Müctəba Hüseyni Xamenei
4 aban 1405
26 oktyabr 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
