Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbər Qlobal İmperializmlə Mübarizə Günü münasibətilə müraciət ünvanlayıb:

Mütləq çəkindirməyə nail olmağın yeganə yolu “Daha güclü İran”dır

İslam İnqilabının Ali Rəhbəri qlobal imperializmlə mübarizə günü münasibətilə ünvanladığı müraciətində bu günü haqq cəbhəsinin batil cəbhə qarşısında səfərbər olunmasının rəmzi adlandırıb və İran xalqının cinayətkar ABŞ ilə münasibətdə tutduğu mövqeyin daha da şəffaflaşdığını vurğulayıb.

Həzrət Ayətullah Seyid Müctəba Xamenei Amerikanın müxtəlif dövrlərdə İran xalqına qarşı onilliklər boyu sürən açıq düşmənçiliyinə işarə edərək, İran xalqının “Böyük Şeytan”a qarşı müqavimət və mübarizə günlərinin artıq daimi və gündəlik bir xarakter aldığını bildirib. O qeyd edib: “Düşmən hər mərhələdə açıq meydan reallığının möhkəm divarı və qeyrətli İran xalqının iradəsinin sarsılmaz qayaları ilə qarşılaşıb”.

İnqilabın Ali Rəhbəri, həmçinin mütləq çəkindirmə səviyyəsinə nail olmağın yeganə yolunu hərtərəfli inkişaf istiqamətində “Daha güclü İran” strategiyasının davam etdirilməsində olduğunu vurğulayaraq, xalq ilə məsul şəxslər arasında qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini bir daha diqqətə çatdırıb.

Həzrət Ayətullah Seyid Müctəba Xameneinin Qlobal İmperializmlə Milli Mübarizə Günü münasibətilə ünvanladığı müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Bu gün Qlobal İmperializmlə Milli Mübarizə Günüdür. Bu gün haqq cəbhəsinin batil cəbhə və məzlumlar cəbhəsinin zalımlar cəbhəsi qarşısında səfərbər olmasının mühüm dönüş nöqtələrini özündə birləşdirən bir gündür. Bəlkə də, builki 13 Aban tarixində İran xalqı cinayətkar Amerika ilə bağlı mövqeyini əvvəlki illərdən daha aydın və şəffaf şəkildə dərk edir. Ancaq Amerikanın getdikcə artan düşmənçiliyinin köklərini, səbəblərini və dönüş nöqtələrini, eləcə də İran xalqının ona qarşı qətiyyətli səfərbərliyini nəzərdən keçirmək bu yolun gələcəyi üçün mayak rolunu oynayır.

Amerikanın İran xalqına qarşı zülmünün başlanğıc nöqtəsi bundan 70 il əvvəllərə – milli sərvətlərin, xüsusilə də neftin qarətinin davam etdirilməsi məqsədilə 28 Mordad çevrilişinin törədildiyi dövrə gedib çıxır. İslam İnqilabının qələbəsinə qədər olan sonrakı onilliklər də Amerika hökmdarlarının İran xalqının sərvətlərini talamaq üçün böyük səylər göstərdiyi bir dövr olub. Bu yolda SAVAK-ın təsis edilməsi və cəmiyyət üzərində ağır təhlükəsizlik mühitinin yaradılması vasitəsilə həmin dövrün zalım hakimiyyətinin hər hansı bir etiraz hərəkatını yatırmaq istiqamətindəki əlləri daha da sərbəstləşdirildi. Şanlı İslam İnqilabının qələbəsi ərəfəsində də onların öz “kukla rejim”lərini qoruyub saxlamaq üçün müxtəlif hiylələrdən istifadə etdikləri məlumdur.

İran xalqının əzəmətli inqilabının qələbəsindən sonrakı dövrdə onların düşmənçilik əməllərindən bəhs edərkən əleyhdar və anti-xalq xarakterli tədbirlərinin uzun bir siyahısını təqdim etmək olar. Buraya elmi, siyasi və ictimai elita ilə yanaşı, saysız-hesabsız dinc sakini qəddarcasına qətlə yetirən koramal münafiqlərin, separatçı qruplaşmaların, çevrilişçilərin dəstəklənməsi; Birinci Müharibəni (İran-İraq müharibəsini) törədən BƏƏS partiyasına birbaşa və hərtərəfli dəstək verilməsi; sərnişin təyyarəsinin vurularaq mülki şəxslərin qətlə yetirilməsi; geniş, uzunmüddətli və ağır iqtisadi sanksiyalar; müxtəlif iğtişaşların və fitnələrin planlaşdırılması, dəstəklənməsi, hətta onlara silah yardımının edilməsi; İranın və İslam ümmətinin milli qəhrəmanı General Süleymaninin terror edilməsi; İran xalqının müxtəlif ölkələrdəki əmlak və sərvətlərinin oğurlanması; ən nəhayət, İkinci və Üçüncü Müharibələrdə birbaşa hərbi təcavüz və İranın çoxlu sayda elmi adamlarının, alimlərinin, komandirlərinin və məzlum xalqının – körpələrdən, azyaşlılardan tutmuş qocalara qədər – və onların başında İslam İnqilabının Əzəmətli Rəhbərinin (Allah ruhunu şad etsin) şəhid edilməsi daxildir.

Bütün bu mərhələlərdə Amerikanın hegemon başçıları və onların quyruqları daim öz ağalığını İran millətinə qəbul etdirməyə və onu təslim olmağa məcbur etməyə çalışıblar. Hətta bu zorakılığın son variantlarında onlar bütün yalançı və aldadıcı beynəlxalq ədəb və görünüşləri bir kənara qoyaraq, həyasızcasına ölkəni parçalamağa, xalqı diz çökdürməyə, dövləti çökdürməyə və İranın əsl və qədim sivilizasiyasını məhv etməyə çalışırlar. Təbii ki, onlar hər mərhələdə gerçəkliyin möhkəm divarı və qeyrətli İran xalqının iradəsinin sarsılmaz qayaları ilə qarşılaşıblar; yanlış hesablamalarının və təkəbbürlü xülyalarının nəticəsini isə Amerika xalqının və onun “kukla rejim”lərinin üzərinə düşən ağır xərclər səbəti vasitəsilə onlara ödədiblər.

İndi Amerikanın müsəlman İran xalqına qarşı qədim düşmənçilik hekayəsi və bütün iranlıların bu düşmən qarşısında qeyrətli müqaviməti elə bir həddə çatıb ki, təkcə 13 Aban deyil, bütün günlər və saatlar “Böyük Şeytan”la müqavimət və mübarizə günlərinə çevrilib. Bu gün Fars körfəzi səhnəsi, xüsusilə də Hörmüz boğazı Amerikanın məğlubedilməzliyi əfsanəsinin puç olmasını nümayiş etdirməklə yanaşı, öz xalqından başqa heç bir qüvvəyə arxalanmayan hökumətlərin zəifliyini və acizliyini, həmçinin böyük qüdrətlərin öz “kukla rejim”lərini müdafiə etməkdəki etibarsızlığını və gücsüzlüyünü də açıq şəkildə ortaya qoyur. İranın Hörmüz boğazına nəzarəti və region ölkələrindəki Amerika hərbi bazalarının məhv edilməsi hər nə qədər Amerikanın Üçüncü Müharibədəki təcavüzü və cinayətinə qarşı bir cavab idisə də, eyni zamanda imperializmə qarşı regional miqyasda başlanmış ilkin cihad hesab olunur və təcavüzlər təkrarlanacağı təqdirdə daha çox geniş miqyas alacaqdır.

Bu qüdrət əlaməti haqq cəbhəsinin ayrı-ayrı meydanlarının birliyi, həmçinin Fələstin və Livandan tutmuş İraq və Yəmənədək müqavimət cəbhəsinin ağıllı və qətiyyətli qəhrəmanlıqları ilə yanaşı, haqq cəbhəsinin bayrağının yüksəlməsinin və yeni dünya nizamının təməlinin qoyulmasının parlaq və ümidverici başlanğıcını təşkil edir. Çünki haqq cəbhəsi nə zaman təvəkkülə, səbir və fədakarlığa sahib olarsa, batil cəbhəsi hər kim və hər nə olmasından, hər hansı qüdrət və imkana sahib olmasından asılı olmayaraq, onun qarşısında tab gətirə bilməyəcək; geri çəkilmək və məğlubiyyət onun qəti aqibəti olacaqdır. Qurani-Kərimdə belə buyurulur: “Şübhəsiz ki, batil məhvə məhkumdur”.

Allaha həmd olsun ki, İran xalqı xalis Məhəmmədi İslamının (s) təlimlərindən, İnqilabın maarifindən və öz müdrik rəhbərlərinin – böyük Xomeyninin və şəhid Xameneinin (Allah onların məqamını uca etsin) məktəbindən böyük dərslər almışdır və ilahi vədlərin gerçəkləşməsi ilə gündən-günə bu yolun haqq olduğuna imanı daha da dərinləşmişdir. Bu gün imperialistlərin öz əlləri ilə yaratdıqları rüsvayçılıq nəticəsində Amerikanın həm hərbi sərt güc, həm də beynəlxalq yumşaq güc baxımından tənəzzüldə olan qüdrəti və hegemonluğu geri dönməz bir süquta uğramış və onun dağılma prosesi sürətlənmişdir.

Əgər hələ də hegemon nizamdakı davranışların dəyişəcəyinə və ya partiya və cinah dəyişikliklərinə azacıq da olsa ümid edənlər, yaxud ABŞ-yə güzəştə getməklə onun İran xalqı ilə düşmənçilikdən əl çəkəcəyini düşünənlər varsa, onlar çox böyük səhv edirlər. Bu batil təsəvvür müsəlman İran xalqının təvəkkül, səbir, səy və mübarizə sayəsində əldə etdiyi böyük qələbələrə qarşı nankorluqdur. “Böyük Şeytan”ın arzusu İran xalqının qeyd-şərtsiz təslim olmasıdır və hegemon düşmən qarşısında təslimçiliyə meyl göstərməyin ən kiçik əlaməti belə, şəhidlərin qanı və xalqın hər bir fərdinin fədakarlığı bahasına əldə edilmiş böyük sərvəti heç edəcək, imperialist düşməni daha çox tamah salmağa, növbəti müharibələrə və cəsarətlərə sövq edəcəkdir.

Mütləq çəkindirici nöqtəyə yetişməyin yeganə yolu hərtərəfli inkişaf istiqamətində “Daha güclü İran” strategiyasını davam etdirməkdir. Birlik, həmrəylik və sıx sosial bağlar bu yolda uğurun əsas elementidir. Bu birlik və həmrəylik xalqın və məsul şəxslərin hər bir sözünə və əməlinə hakim olmalıdır. Bu baxımdan, xalqın məsul şəxsləri dəstəkləməsi zəruri olduğu kimi, məsul şəxslərin də xalqa ikiqat, mücahid xidməti göstərməyə, onlarla səmimiyyətə, dolanışığın, rifahın təmin olunmasına, maddi və mənəvi inkişafa, həmçinin xalqın izzət və müstəqilliyinin qorunmasına göstərdikləri diqqəti davam etdirmələri və artırmaları mühüm əhəmiyyət daşıyır.

Əziz İranımızın işıqlı və şanlı gələcəyini qurmaqda öncül qüvvə gənclərimiz, tələbələrimiz və şagirdlərimizdir. Onlar qaranlıq “ümidsizlik, bədbinlik və olmazlar” yuvasını daim darmadağın etməli, işıqlı “ümid və biz bacararıq” evini qazanmalıdırlar. Bu missiyanın şərti fövqəladə hazırlıq, elm, təqva, bacarıq, əxlaq, iradə və güclü səy silahları ilə silahlanmaq, həmçinin uca məqsədlərə çatmaq üçün əhd-peyman bağlamaqdır.

Ümidvarıq ki, Allahın lütfü və Mövlamızın (Allah onun zühurunu tezləşdirsin) duaları sayəsində İran xalqı tezliklə qələbəni, səadəti və hərtərəfli inkişafı yaşayacaq, “Böyük Şeytan”ın hegemonluğunun daha da və sürətlə zəifləməsi üçün şərait yaranacaqdır. “Şübhəsiz ki, onlar bunu uzaq görürlər, biz isə onu yaxın görürük”.

Seyid Müctəba Hüseyni Xamenei
13 Aban 1405
04 noyabr 2026

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /