İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei əhalinin gəncləşməsi üzrə dördüncü milli mükafat tədbirinə ünvanladığı müraciətdə “ailəmərkəzli əhali artımı” siyasətinin strateji bir siyasət, İranın iqtidarı və inkişafının ən mühüm amillərindən biri olduğunu qeyd edərək vurğulayıb: “Şübhəsiz ki, bu məmləkət və onun insanları üçün işıqlı və əzəmətli gələcək istəyən hər bir qeyrətli iranlı, iranlıların soyunun yeni İslam sivilizasiyası səviyyəsində davam etməsi istiqamətində güclü motivasiya və iradəyə malik olacaq”.
İslam İnqilabı Rəhbərinin bu gün səhər Əhali Məsələləri Üzrə Milli Qərargahın katibi doktor Mərziyə Vəhid Dəstcerdi tərəfindən həmin tədbirdə oxunan müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Əhalinin gəncləşməsi üzrə dördüncü milli tədbirin keçirilməsi əhali kimi mühüm və həssas məsələdən danışmaq üçün yaxşı fürsətdir. Qüdrət, inkişaf və daha güclü İrana nail olmaq amilləri arasında əziz İranın gələcək əhalisinin bütün zəruri kəmiyyət və keyfiyyət göstəriciləri qorunmaqla artırılması ən mühüm amil hesab edilir. Son onilliklərdə Şəhid Rəhbərin (Allah məqamını uca etsin) dəfələrlə vurğuladığı bu strateji və taleyüklü məsələ həm güclü tərəflərin reallaşdırılması, müxtəlif elmi, mədəni, iqtisadi, sosial imkanların yaradılıb genişləndirilməsində, həm də düşmənlərin təhdid və bədxahlıqlarının dəf edilməsində effektivdir. Görünür, dövlət işlərinin planlaşdırılması və idarə olunmasında hökm sürən uzunmüddətli və zərərli etinasızlıqdan sonra indi görülən bəzi tədbirlər nəticəsində xalqın və məsul şəxslərin bu məsələyə daha dərin baxışla yanaşması üçün şərait yaranıb.
Əhalinin müxtəlif sahələrdəki ehtiyacları və tələbatları nəzərə alınanda gah ailə, gah da fərd əsas qiymətləndirmə meyarı təyin edilir. Mənzil, əmtəə və xidmətlər kimi bir çox sahələrdə istehlakçı və istifadəçi ailədir; ərzaq, geyim və sağlamlıqla bağlı sahələrdə isə fərd əsas meyar sayılır. Arzuolunan əhali göstəricisinə çatmaq elə məsələdir ki, burada hər iki tərəf rol oynayır. Buna görə də ailənin təməlini möhkəmləndirən müxtəlif infrastruktur sahələrinə və amillərə diqqət yetirmək ölkədə əhali dinamikasını düzəltmə səylərində daimi amil olacaq. Bununla yanaşı, aidiyyəti fərdi məsələlərə də baxılmalıdır. Gənc yaşda evliliyin asanlaşdırılmasına ciddi və genişmiqyaslı diqqət, bir çox amillərdən asılı olan fərdi sağlamlığın təmin edilməsi, övlad sahibi olmağa dəstək, ailənin əsas götürülməsi mədəniyyətinin yayılması və bu sahədə uğurlu nümunələrin tanıdılması – bunların hər biri İranın daha da güclənməsi yolunda effektiv addımdır. Qeyd olunan məqamların bütün cəmiyyətə, xüsusilə də gənclərə düzgün şəkildə izah edilməsi bu istiqamətdə növbəti kömək olacaq.
Şübhəsiz ki, bu məmləkət və onun insanları üçün işıqlı və əzəmətli gələcək istəyən hər bir qeyrətli iranlı, iranlıların soyunun yeni İslam sivilizasiyası səviyyəsində davam etməsi istiqamətində güclü motivasiya və iradəyə malik olacaq. Ürəkdən ümid edirəm ki, keçmişdə bəzi əhali siyasətlərindən qaynaqlanan çatışmazlıqları aradan qaldırmaqla və gənc əhalinin artırılması, eləcə də bu sahədə ailənin əsas götürülməsi kimi düzgün və strateji siyasəti əzmlə davam etdirməklə əziz Vətənimiz qarşımızda duran bu həssas aşırımı və taleyüklü mərhələni sağ-salamat adlayacaq. Allahın yardımı və Sərvərimizin (Allah zühurunu tezləşdirsin) xeyir-duası ilə günümüzdə haqqın və ədalətin bayraqdarı sayılan iranlıların üzərinə ilahi bərəkətlərin enməsi üçün zəmin Onun lütfü və kərəmi ilə daha da artıb möhkəmlənəcək.
Seyid Müctəba Xamenei
3 Azər 1405
24 noyabr 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
