Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Ali Rəhbəri Bəsic Həftəsi münasibətilə müraciətində bildirib:

Xalqın besət potensialından istifadə edərək Bəsicdə islahat aparılması zəruridir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Bəsic Həftəsi münasibətilə etdiyi müraciətdə İmam Hüseyn (ə) məktəbinə sadiq olan bu xalq təşkilatını heyrətamiz və qiymətli bir fenomen adlandırıb. O, bütün ölkə boyu bəsic ruhunun yayılmasına səbəb olan İran xalqının geniş besət potensialına diqqət çəkərək vurğulayıb: “Bəsic təşkilatı bu böyük imkandan yararlanaraq köklü dəyişikliyə və yenilənməyə nail olmalı, “Hər bir iranlı bir bəsicidir” şüarının reallaşmasına zəmin yaradan daha müasir və təkmil bir model qurmaq üçün planlı addımlar atmalıdır”.

Ali Rəhbərin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Bəsic Həftəsi heyrətamiz və qiymətli bir fenomen olan Bəsic hərəkatına yeni nəzər salmaq üçün münasib fürsətdir. Bu qurum mərhum İmam Xomeyninin (Allah onun məqamını uca etsin) təşəbbüsü ilə yaradılıb. Məqsəd isə tədricən və təkamül yolu ilə müxtəlif nəsillərə mənsub olan yüksək motivasiyalı, ümidli, fədakar, İslamın və İranın izzətini istəyən, İmam Hüseyn (Allahın salamı ona olsun) məktəbinə sadiq iranlıları bir araya gətirmək və haqq-ədalət tərəfdarlarından ibarət möhkəm bir mərkəz formalaşdırmaq idi.

Bəsic ilk dəfə özünü səkkizillik müdafiə dövründə göstərdi. Həmin dövrdə hərbi əməliyyat meydanlarında effektiv iştirakı ilə müharibənin əsas dayağına və mərkəzi gücünə çevrildi. O müqəddəs mübarizə boyunca yeniyetmələrdən tutmuş yaşlılara qədər bütün bəsicilər səngərlərin və istehkamların mənəvi ab-havasından böyük ruh yüksəkliyi alır, onların vasitəsilə ölkənin şəhər və kəndləri ətrə boyanırdı. Beləliklə, ictimai şüurda Bəsic və bəsicilər haqqında iman, sədaqət, səmimiyyət, ixlas, bəsirət, cəsarət, mübarizlik, vəzifə məsuliyyəti və başqaları üçün fədakarlıq kimi keyfiyyətləri özündə birləşdirən bir obraz yarandı. Bu, elə xüsusiyyətlər toplusu idi ki, bu torpağın qədim ədəbi nümunələrində adlı-sanlı, əxlaq sahibi olan qəhrəmanlar məhz bu cəhətlərin bəziləri ilə təsvir edilirdilər. Əgər o vaxta qədər əfsanəvi dastanların bəzi obrazları bu keyfiyyətlərin rəmzi sayılırdısa, artıq İslam İnqilabının bərəkəti sayəsində real həyat dastanının həqiqi qəhrəmanları Bəsic libasında dastan yazır, böyük fədakarlıq və fəzilət nümunələri nümayiş etdirirdilər.

Müqəddəs Müdafiə dövrü səkkiz ildən sonra şərəfli qələbə ilə başa çatsa da, bəsic ruhiyyəsi sayəsində ölkənin həm rəsmi, həm də xüsusilə qeyri-rəsmi institutlarının müxtəlif sahələrində dərin iz buraxdı. Bu ruhiyyə Müqəddəs Müdafiənin, mərhum İmam Xomeyninin (Allah onun məqamını uca etsin) rəhbərliyinin və geniş xalq kütlələrinin dəstəyinin ortaya çıxardığı böyük bir sərvət idi.

İndi isə müraciətimin bəzi tərəflərini daha ətraflı izah etmək üçün bir neçə məqamı diqqətinizə çatdırıram:

Birincisi, şübhəsiz ki, bütün ölkə boyu bir növ bəsic ruhiyyəsinin yayılması hesab olunan üçüncü Müqəddəs Müdafiə dövründə böyük İran xalqının besəti ilə paralel olaraq, Bəsic təşkilatı da köklü dəyişiklik və yenidən doğuluş yaşamalıdır. Bu təşkilat seçilmiş xalqın gücündən istifadə edərək əvvəlki Bəsic modelinin daha müasir və təkmilləşdirilmiş versiyalarını hazırlamalı və idarə etməlidir. Buna görə də bundan sonra “Hər bir iranlı bir bəsicidir” şüarının gerçəkləşməsi yolunda böyük, qətiyyətli və düşünülmüş addımlar atılmalıdır.

Bu gün ordu, SEPAH, polis əməkdaşlarının, hökumət və parlament üzvlərinin, eləcə də digər sahələrdə çalışanların bir çoxu məhz Bəsic məktəbinə və amalına könül verdikləri üçün geniş xalq kütlələri kimi özlərini bəsicilərdən biri hesab edirlər. Belə ki, gecə-gündüz meydanlarda və küçələrdə əllərində bayraq tutaraq xalqın oyanışına daha aydın və hiss olunan məna qazandıran yoldaşlar və çoxsaylı fədakar insanlar da əməli olaraq belədirlər. Rəsmi mənada Bəsic üzvü olmasalar da, Bəsic düşüncəsini və məktəbini yüksək qiymətləndirən, hətta öz həyat prinsiplərini ona uyğunlaşdıran insanlar çoxdur. Bəsic təşkilatı Allahın bəxş etdiyi bu nemətdən ən yaxşı şəkildə yararlanmalıdır.

İkincisi, qeyd olunan mövcud potensialdan əlavə, rəsmi Bəsic təşkilatı daim ölkənin hər yerində bəsic ruhiyyəsinin yayılması üçün çalışmalıdır. Bəzi xüsusiyyətlərini sadaladığımız bəsic ruhiyyəsi məhz bəsicilərin öz davranışları vasitəsilə cəmiyyətin bütün təbəqələrində yayıla bilər. Gözəl əxlaq, şəfqət və mehribanlıq göstərmək, insanlara hörmət etmək, fərdi və ictimai təqvanın müxtəlif yönlərinə əməl etmək, eləcə də əvvəlki dövrlərdən bir çox bəsicinin tanındığı təvazökarlıq, fədakarlıq, özünü gözə soxmamaq, dəbdəbə və təmtəraqdan uzaq durmaq kimi xoş davranışları qorumaq onları hər bir məhəllədə, şəhərdə və kənddə xalqın göz bəbəyinə və işıqlı simasına çevirir, hamını bu əqidə və məsləkdən nümunə götürməyə çağırır.

Üçüncüsü, bəsicilərin əsas bağlılığı saf Məhəmməd (s) İslamının düzgün təfsiri olan İmam Hüseyn (ə) məktəbinədir. Onların bütün yaxınlaşma və uzaqlaşmaları, dostluq (təvəlla) və düşmənçilik (təbərra) münasibətləri məhz bu əsas üzərində qurulur. Həyatverici iki Quran prinsipi – “öz aralarında mərhəmətli” və “kafirlərə qarşı sərt” olmaq – bəsicilərin qəlbinin bələdçi işığıdır. Buna görə də onlar xalqa, dövlət quruluşuna və inqilaba qarşı hər cür mehribanlıq və fədakarlıq göstərir, İslamın və İslam dövlətinin düşmənlərinə zərbə vurmaq üçün isə heç bir fürsəti əldən vermirlər.

Bu günlərdə İslamın cəsur və fədakar döyüşçülərinin hərbi meydanlardakı qələbələrinin davamı kimi yüksək dəyəri və haqq-batil qarşıdurmasının hər iki cinahında düşmənin hesablama mexanizminə böyük təsiri açıq-aydın görünən İran xalqının ictimai həmrəyliyini və müqəddəs birliyini qorumaq bütün bəsicilərin ortaq xüsusiyyətlərindən biri olmalıdır.

Dördüncüsü, Bəsic mövcud olduğu müddət ərzində öz üzvlərinin köməyi ilə indiyədək bir çox rəsmi və qeyri-rəsmi qurumların çatışmazlıqlarını aradan qaldırıb. İndi isə İran xalqının besəti dövründə Bəsicin nəzərəçarpacaq dərəcədə genişlənməsini nəzərə alsaq, həm mövcud potensial, həm də meydanların və küçələrin fəalları, fədakarlar, eləcə də fərdi və ictimai yüksəliş yolunda onlarla həmrəy olan və qəlbən bəsic sayılan bütün insanlar – qəlbləri Bəsicin əsl dayağı hesab olunan bu kəslər – böyük bir güc formalaşdırır. Ölkənin problemlərinin həlli, yeni və unikal imkanların əldə olunması yolunda bu gücün hər bir zərrəsindən faydalanmaq lazımdır. Beləliklə, “Hər bir iranlı bir bəsicidir” şüarına daha dolğun məzmun qazandırmaq mümkündür.

Ümid edirəm ki, bu məqamları nəzərə almaqla iranlıların Bəsic hərəkatı bu ölkənin tarixində qarşılıqlı dəstəyin ali nümunəsini və ümmət-millət anlayışının gerçəkləşməsinin yüksək səviyyəsini qeydə alacaq, gələcəkdə böyük tərəqqi və inkişafların başlanğıc nöqtəsinə çevriləcəkdir.

Uca Allahdan Bəsicin əziz şəhidlərinə Öz Rizvan cənnətini və Əhli-beytlə (onların hamısına Allahın salamı olsun) qonşuluq nemətini bəxş etməsini, əziz qazilərinə səbir və şəfa verməsini, eləcə də İran və Müqavimət Cəbhəsinin bütün bəsicilərini – mən özüm də onların ən kiçiklərindən biriyəm – Ağamızın (Allah onun zühurunu tezləşdirsin) əsgərləri sırasına daxil etməsini və o Həzrətin xeyir-duasına, zəfər və bərəkətinə nail etməsini diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei
5 azər 1405
26 noyabr 2026

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /