Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fələstin müasir dünyada bəşər hüquqları ilə bağlı ən mühüm problemdir

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sionist rejiminin humanitar yardım aparan gəmi karvanına xəyanətkar və rəhmsiz hücumu ilə bağlı  müraciətində İsrailin bu addımını beynəlxalq ictimaiyyətin rəyinə və Yer üzündəki hər bir insanın vicdan azadlığına edilən təcavüz kimi qiymətləndirərək təkidlə vurğuladı: “Bu gün artıq Fələstin təkcə nə ərəb, nə də İslam dünyasının problemi deyil. Fələstin məsələsi müasir dünyada bəşər hüquqları ilə bağlı ən mühüm bir problemdir. Bu iyrənc və despot rejimin himayədarları, xüsusilə Amerika, İngiltərə və Fransa törətdikləri əməllərə görə ciddi surətdə cavab verməlidirlər”.

Müraciətin tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Sionist rejiminin yardımsevər və humanist gəmi karvanına hücumu qəddar və xəbis İsrail hökumətinin öz rüsvayçı varlığının 7-ci onilliyini doldurmuş olduğu böyük cinayətlər zəncirinin daha bir halqasıdır. Bu, müsəlmanların regionda, xüsusilə də məzlum Fələstin diyarında onilliklər boyu mübarizə aparmaq məcburiyyətində olduğu rəhmsiz və kobud davranışlara bir nümunədir. Bu dəfə təcavüzə məruz qalan dəniz karvanı təkcə ərəb, yaxud müsəlman dünyasına məxsus deyildi. Belə ki, humanitar yardım daşıyan bu gəmilər dünyanın dörd bir yanındakı insanların ictimai rəyini və vicdan azadlığını təmsil edirdi. Bu xəyanətkar hücum hər kəsə sübut etməlidir ki, sionist rejimi faşizmin yeni simada və daha qəddar formasıdır. Həm də bu dəfə faşizmin bu yeni təzahürü “azadlıq” və “demokratiya” iddiası ilə çıxış edən dövlətlər, xüsusilə də ABŞ tərəfindən dəstəklənərək himayə olunur.

Bu anadangəlmə canilərə siyasi, hərbi, iqtisadi və kütləvi informasiya dəstəyi verən, daim onların törətdiyi dəhşətli faciələrin arxasında duran Amerika, İngiltərə, Fransa və digər dövlətlər ciddi surətdə cavabdehlik daşımalıdırlar. Dünyanın dörd bir yanında vicdanı oyaq olan insanlar bu gün olduqca həssas Yaxın Şərq regionunda bəşəriyyətin necə təhlükəli bir bəla ilə üz-üzə olduğu, eyni zamanda işğal edilmiş Fələstin ölkəsi və qəlbinə saysız-hesabsız dağlar çəkilmiş məzlum Fələstin xalqı üzərində nə qədər qəddar, despotik və manyakal bir rejimin hökmranlıq etdiyi barədə ciddi düşünməlidirlər. Üç il ərzində Qəzzada bir milyon yarım qadın, kişi və körpənin qidadan, dərman vasitələrindən və normal həyatdan təcrid olunmuş surətdə blokadada saxlanılmasını necə izah etmək olar? Qəzza sektorunda və İordan çayının qərb sahillərində gənclərin qətlə yetirilməsi, həbsi və işgəncələrə məruz qalması ağlasığan bir işdirmi?!

Bu gün artıq Fələstin təkcə nə ərəb, nə də müsəlman dünyasının problemi deyil. Fələstin məsələsi müasir dünyada bəşər hüquqları ilə bağlı ən mühüm problemdir.

Qəzzaya humanitar gəmi karvanlarının göndərilməsi simvolik və parlaq bir addım kimi müxtəlif forma və metodlarla dönə-dönə, dəfələrlə təkrarlanmalıdır. Qaniçən sionist rejimi və onun himayədarları, xüsusilə də Amerika və İngiltərə qarşılarında bütün dünya ictimaiyyətinin əyilməz iradəsinin və oyanmış vicdanının gücünü görməli, hiss etməlidirlər.

Ərəb ölkələri çox çətin bir sınaqla üz-üzədirlər. Ayıq-sayıq ərəb xalqları onlardan qətiyyətli addımlar atmalarını tələb edirlər. İslam Konfransı Təşkilatı və Ərəb Liqası Qəzza sektoru blokadadan tamamilə azad edilməyincə, Fələstinin İordan çayının qərb sahillərində yerləşən torpaqlarına və oradakı dinc sakinlərin evlərinə hücumlar tam dayandırılmayınca, Netanyaho və İhud Barak kimi cinayətkarlar öz layiqli cəzalarını almayınca kifayətlənməməlidirlər.

Mübariz Fələstin xalqı, Qəzza əhalisi və Qəzzanın xalq hökuməti bilsinlər ki, onların düşməni bu gün həmişəkindən daha zəifdir. Bazar ertəsi günü dəniz karvanlarına qarşı yol verilmiş cinayət qəsbkar İsrailin qüdrətinin deyil, əksinə, çarəsiz və çıxılmaz bir vəziyyətdə olduğunun bariz nişanəsidir. Tanrının müəyyən etdiyi qanun-qaydalara görə zalım öz rüsvayedici dövranının sonlarına doğru məhvə məhkum edilmiş aqibətini yaxınlaşdırmağa başlayır. Ötən illər ərzində Liviyaya, ardından Qəzzaya edilmiş hücumlar taxt-tacda oturmuş sionist terroristlərini süqut uçurumuna yuvarladan ağılsız addımlardan idi. Aralıq dənizi suları üzərində beynəlxalq humanitar yardım daşıyan gəmi karvanlarına edilmiş hücum da eynilə bu qəbildən olan düşünülməmiş addımdır.

Fələstinli qardaş və bacılar! Müdrik və qüdrətli Allaha arxalanın, öz gücünüzə inanın və bu inamı günü-gündən artırın! Son nəticədə qələbə çalacağınıza əmin olun və bilin ki:

وَ لَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

“Allah, şübhəsiz, Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir. Həqiqətən, Allah qüvvətli və yenilməzdir”. (“Həcc” surəsi, ayə 40)


Seyid Əli Xamenei
1 iyun, 2010-cu il

Məlumatdan istifadə edərkən WWW.LEADER.İRsaytına istinad zəruridir

700 /