Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İslam ümmətinə müraciət etdi

Bu böyük cinayətin həqiqi başçıları və onu meydanda həyata keçirmiş “aktyorlar” layiqli cəzalarını almalıdırlar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurani-Kərimin Amerikada nifrətamiz şəkildə təhqir edilməsinin ardınca İran xalqına və böyük İslam ümmətinə mühüm bir müraciət etdi. Ali Məqamlı Rəhbər öz müraciətində Amerika dövləti daxilindəki sionist dairələri “insanda ikrah doğuran bu planın əsl layihəçiləri” adlandırdı, sionistlərin İslama və Qurana qarşı yürütdüyü düşmənçiliyin gizli məqsədlərini açıqlayaraq dedi: “Amerika dövləti bu məkrli plana heç bir aidiyyəti olmadığı barədə iddiasının doğruluğunu sübuta yetirmək üçün bu böyük cinayətin həqiqi başçılarını və onu meydanda həyata keçirmiş “aktyorları” layiqli cəzalarına çatdırmalıdır!”

Müraciətin tam mətni:

Mərhəmətli və bağışlayan Allahın adı ilə!

قال الله العزیز الحکیم: انا نحن نزلنا الذکر و انا له لحافظون

Hikmət sahibi olan əziz Allah Quranda belə buyurur: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!”
 

ABŞ dövlətində, asayişi qoruyan polislərin gözü qarşısında Qurani-Məcidin ağlasığmaz, ikrah və nifrət doğuracaq tərzdə təhqir edilməsi o qədər xoşagəlməz və böyük bir hadisədir ki, ona təkcə bir neçə nəfər cılız muzdurun törətdiyi düşüncəsiz bir hərəkət kimi qiymət vermək olmaz. Bu, islamafobiya və anti-islam siyasətlərini uzun illərdən bəri fəaliyyətinin başlıca prinsipinə çevirmiş, yüzlərlə əməliyyat və təbliğat metodlarından, minlərlə vasitələrdən istifadə edərək İslama və Qurana qarşı mübarizə aparan mərkəzlərin atdığı düşünülmüş bir addımdır. Bu, mürtəd Salman Rüşdünün yol verdiyi xəyanətdən başlanğıc götürmüş, danimarkalı xəbis karikaturaçının hərəkəti və Holivudda istehsal olunan onlarla anti-islam mövzulu filmlərlə davam etdirilmiş, ən nəhayət belə bir nifrətamiz nümayiş formasına qədər gəlib çatmış rüsvayçı əməllər zəncirinin bir halqasıdır. Bu iyrənc və yaramaz hərəkətlərin səhnəarxasında kimlər və nələr durur?

Bu illər ərzində Əfqanıstan, İraq, Fələstin, Livan və Pakistanda törədilmiş cinayətlərlə müşayiət olunan bu iyrənc prosesi diqqətlə nəzərdən keçirdikdə heç bir şübhə yeri qalmır ki, onun layihəsi və komandanlığı imperializmin başçılarının, Amerika dövləti, bu ölkənin hərbi və təhlükəsizlik təşkilatları, habelə İngiltərə hökuməti və bəzi Avropa dövlətləri üzərində böyük nüfuza malik olan sionist ideoloji mərkəzlərinin əlindədir.

Bunlar o kəslərdir ki, 11 sentyabr hadisəsinin həqiqətlərinin üzə çıxarılması naminə aparılan müstəqil araşdırmaların nəticələri bütün ittihamları günü-gündən daha çox onlara tərəf yönəldir. 11 sentyabr hadisəsi ABŞ-ın o dövrkü cinayətkar prezidentinə Əfqanıstan və İraqa hücum etmək üçün bəhanə verdi və o, açıq-açığına “səlib müharibəsi”nə başladı. Aldığımız məlumata görə, dünən həmin şəxs: “Kilsənin meydana daxil olması ilə bu səlib müharibəsi təkmilləşdi”, – deyə elan edib.

Baş vermiş sonuncu nifrətamiz insidentin məqsədi isə bir yandan xristian inanclı bir toplumda İslama və müsəlmanlara qarşı mübarizəni ümumi kütlə müstəvisinə çıxarmaq, kilsənin və keşişin müdaxiləsi nəticəsində məsələyə dini rəng verərək özünə təəssübkeş və fanatiklərdən ibarət arxa toplamaq, digər tərəfdən isə Qurana qarşı belə böyük cəsarət tələb edən bir addımın atılmasından qəzəblənmiş və təsirlənmiş müsəlman xalqlarının diqqətini İslam dünyasında və Yaxın Şərqdə gedən proseslərdən, baş verən dəyişikliklərdən yayındırmaqdır.

Bu məkrli hərəkət ayrıca bir cərəyanın başlanğıcı deyil. Bu, sionistlərin və Amerika rejiminin sərkərdəliyi ilə uzun müddətdir ki aparılan anti-islam prosesinin yeni bir mərhələsidir. Hal-hazırda imperializmin bütün başçıları və başbilənləri İslamın əleyhinə mövqe tutublar. İslam azadlıq, mənəviyyat dini, Quran isə rəhmət, hikmət və ədalət kitabıdır. Dünyadakı bütün azadlıqsevər insanların və İbrahim peyğəmbərin (s) təkallahlıq əqidəsində olan dinlərin vəzifəsi budur ki, müsəlmanlara dəstək olaraq iyrənc anti-islam siyasətinə və onun nifrətamiz mübarizə metodlarına qarşı mübarizə aparsınlar. Amerika administrasiyasının başçıları aldadıcı və mənasız sözlərlə sudan quru çıxıb, bu iyrənc insidentdə əlləri olduğu ilə bağlı ittihamlardan boyun qaçıra bilməyəcəklər. İllərdir ki, Əfqanıstan və Pakistanda, İraq, Livan və Fələstində milyonlarla məzlum müsəlmanın müqəddəs məkanları, bütün hüquqları və ehtiramı ayaqlar altında tapdanır. Qətlə yetirilmiş yüz minlərlə insan, əsirlikdə işgəncələrə məruz qalmış on minlərlə qadın və kişi, oğurlanmış minlərlə qadın və uşaq, yurd-yuvasından didərgin düşmüş milyonlarla qaçqın nəyin qurbanı olub? Və bütün bu zülmlərlə yanaşı, Qərbin dünya miqyaslı kütləvi informasiya vasitələri nəyə görə müsəlmanları “aqressor”, Quranı və İslamı isə “bəşəriyyət üçün böyük bir təhlükə” kimi qələmə verirlər? Belə bir genişmiqyaslı planın Amerika dövləti daxilindəki sionist dairələrin əli olmadan hazırlanıb, həyata keçirildiyinə kim inanar?

İran İslam Respublikasındakı və bütün dünyadakı müsəlman qardaş və bacılar!

Bir neçə mühüm məsələni hamının diqqətinə çatdırmağı lazım bilirəm:

Əvvəla, bu hadisə və daha öncə yol verilmiş insidentlər açıq-aydın göstərir ki, bu gün dünya imperializminin hücumlarının başlıca hədəfi əziz İslam dininin və Qurani-Kərimin əsaslarıdır. İmperialistlərin İran İslam Respublikasına qarşı belə kəskin mübarizə aparmasının səbəbi isə müsəlman İranının imperializmə qarşı mübarizədə kəskinlik və qətiyyət nümayiş etdirməsidir. Onların İslama və digər müsəlmanlara düşmən olmadıqları ilə bağlı səsləndirdikləri fikirlər böyük və şeytani bir yalandır. Əslində onlar İslama, bu dinə bağlı olan hər kəsə və müsəlmançılığın nişanəsi olan hər bir şeyə düşməndirlər.

İkincisi, İslama və müsəlmanlara qarşı yol verilən bu ardıcıl düşmənçilik ondan irəli gəlir ki, artıq bir neçə onillikdən bəri İslamın nuru həmişəkindən daha parlaqdır və müsəlman dünyasında, hətta Qərbin özündə də bu dinin qəlblərə nüfuzu güclənib. Bu düşmənçilik ondan irəli gəlir ki, İslam ümməti həmişəkindən daha ayıq-sayıqdır və müsəlman xalqları imperializmin onları artıq iki əsrdir ki buxovladığı təcavüz və istismar zəncirini qırıb atmağı qərara alıblar. Quranın və əzəmətli İslam peyğəmbərinin (s) təhqir edilməsi ilə bağlı insidentlər nə qədər acı və xoşagəlməz olsalar da, özlərində böyük bir müjdəni ehtiva edirlər: Quranın nur saçan günəşi günü-gündən daha yüksəklərə ucalacaq və daha gur parlayacaq!

Üçüncüsü: hamımız bilməliyik ki, baş vermiş son insidentin kilsə və xristianlıqla heç bir əlaqəsi yoxdur və bir neçə düşüncəsiz və satqın keşişin marionet rolunu ifa edərək yol verdiyi bu hərəkət xristianların və onların dini liderlərinin ayağına yazılmamalıdır. Biz müsəlmanlar başqa dinlərin inanclarına və müqəddəslərinə qarşı heç vaxt analoji hərəkətə yol verməyəcəyik. Müsəlmanlar və xristianlar arasında ümumi miqyaslı qarşıdurmaların törədilməsi düşmənlərin, bu mənasız nümayişi təşkil edənlərin arzusudur. Halbuki Quran bizə bunun tam əksini öyrədir. 

Və dördüncüsü: Bu gün bütün müsəlmanlar baş vermiş insidentə görə cavabdehlik etməyi məhz ABŞ dövlətindən və onun lider siyasətçilərindən tələb edir. Bu insidentə heç bir aidiyyəti olmadıqları barədə iddiaları doğrudursa, onlar bu böyük cinayətin həqiqi başçılarını və onu meydanda həyata keçirməklə 1.5 milyard müsəlmanın qəlbini ağrıtmış “aktyorları” layiqli surətdə cəzalandırmalıdırlar.

Allahın saleh bəndələrinə salam olsun!

Seyid Əli Xamenei
13 sentyabr, 2010-cu il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /