Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

Məscidləri təmir və bərpa etmək, onlara mənəvi və zahiri cəhətdən bəzək vurmaq hər kəsin vəzifəsidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən XIX Milli Namaz Konfransına ünvanladığı müraciətdə İslam məscidlərini “dünya və axirətin çulğalaşdığı, fərdlə cəmiyyətin qovuşduğu bir məkan” adlandıraraq vurğuladı: “Harada yerləşməsindən asılı olmayaraq, məscidlər xeyir-bərəkət məkanı, təfsir və hədis məktəbi, ictimai və siyasi maarifləndirmə minbəri, moizə və əxlaqi tərbiyə ocağı olmalıdırlar”.

Ali Məqamlı Rəhbərin müraciəti Bircənd şəhərində keçirilən XIX Milli Namaz Konfransında, Məhkəmə Hakimiyyəti Sədrinin I müavini Höccətül-İslam vəl-muslimin Rəisi tərəfindən oxundu.

Müraciətin tam mətni:

Mərhəmətli və bağışlayan Allahın adı ilə!

Əvvəlcə Qubada, daha sonra isə Mədinədə “məscid” adlanan özünəməxsus bir gerçəkliyin təməlinin qoyulması müsəlman cəmiyyətinin təşkil olunduğu ilk illərdə İslam dininin ən gözəl və dolğun mahiyyətli təşəbbüslərindən biridir. Həm Allahın, həm də xalqın evi olmaq, həm Tanrı ilə xəlvəti ünsiyyətin, həm də dindaşları ilə bir yerə toplaşmağın gözəlliyini insana yaşatmaq, zikr və mənəvi yüksəlişin ocağı olmaqla yanaşı, elm, cihad və dünyəvi işlər barədə məsləhətləşmələrə də qapı açmaq, həm ibadət məkanı, həm də siyasətin dayağı olmaq – biri-biri ilə sıx çulğalaşmış bu ikili xüsusiyyətlər İslam məscidinin mənzərəsini göz önündə canlandırır, həmçinin onun başqa dinlərin ibadətgahlarından nə dərəcədə fərqləndiyini göstərir. İslam dininin ibadətgahı olan məsciddə xalis niyyətlə yerinə yetirilən ibadətin şövqü və gözəlliyi pak, müdrik və sağlam həyat tərzi ilə çulğalaşır və cəmiyyəti İslam dininin təqdir etdiyi səviyyəyə yaxınlaşdırır. İslam məktəbinin fəlsəfi düşüncəsinə və nöqteyi-nəzərinə görə, məscid dünya və axirətin biri-birinə qarışdığı, fərdlə cəmiyyətin qovuşduğu bir məkandır.

Məhz bu baxımdan, qəlblərimiz məscidə doğru can atır, şövq və məsuliyyət hissi ilə dolub-daşır. Bu gün ölkəmizdəki məscidlər arasında məhz bu gözəl və ilhamverici mənzərəni özündə təcəssüm etdirə bilənləri az deyil. Pak tinətli gənclərimizin, müdrik və canıyanan müəllim və ruhanilərimizin varlığı bu məscidləri, doğrudan da, zikr, ibadət, düşüncə və mərifət ocağına çevirib, qəlbimizdə əziz və dəyərli izlər buraxıb. Lakin məscidlərin bu missiyası sona qədər və mükəmməl şəkildə yerinə yetirilməyincə, bizlərdən heç birimiz məscidlərin azlığı, yaxud qeyri-effektiv fəaliyyəti nəticəsində cəmiyyəti, gəncləri, ailələri və gələcək nəsilləri gözləyən təhlükəni nəzərdən qaçırmamalı, həqiqi İslam məscidlərinin ölkəyə, dövlətə və xalqa bəxş edə  biləcəyi sonsuz bərəkətlərdən özümüzü məhrum etməməliyik.

Mühüm olan birinci məsələ məscidlərin tikilməsi və orada layiqli ruhanilərin fəaliyyət göstərməsidir. Hal-hazırda ölkədə on minlərlə məscid olduğuna baxmayaraq, kəndlərdə, şəhərlərdə və yaşayış komplekslərində hələ minlərlə məscidin yeri görünür. İstədiyi an asanlıqla məscidə yetişmək möminlərimizin, gənclərimizin və yeniyetmələrimizin ən vacib ehtiyacıdır. Eynilə xəstəxanalardakı həkim və tibb bacıları kimi, təqvalı, müdrik, professional və işə can yandıran ruhanilərin varlığı da məscid üçün həyat və canlanma mənbəyidir. İmamcümələr insanları mənən müalicə etmək üçün hazırlaşmağı özlərinin vəzifəsi hesab etməli, məscidlərin və teoloji təhsil ocaqlarının problemləri ilə məşğul olan qurumlar hər yerdə onlara dəstək olmalıdırlar. Məscid təfsir və hədis məktəbi, ictimai və siyasi maarifləndirmə tribunası, moizə və əxlaqi tərbiyə ocağı olmalıdır. Məscidlərə rəhbərlik edən insanların sevgi dolu münasibəti gənclərin pak qəlbini cəlb edib, bu məkana aşiq etməlidir. Gənclərin və könüllü xidmətə hazır olan insanların varlığı məscidlərdə enerji, canlanma, gələcəyə həvəs və optimist ruhla dolu bir atmosfer yaratmalıdır. Məscidlər və təhsil mərkəzləri arasında lazımi səviyyədə birlik və əməkdaşlıq olmalıdır. Ölkənin hər bir yerində əlaçı və nümunəvi şagirdlər məsciddə, insanların gözü qarşısında imamcümələr tərəfindən mükafatlandırılsa, nə gözəl olar?! Məscid ailə quran gənclərlə, ictimai işdə, elmdə, incəsənətdə və idmanda uğur qazanan, ətrafdakılara yardım etməyi öz vəzifəsi hesab edən əzmkar insanlarla, dərdini bölüşməyə bir həmdəm axtaran dərdlilərlə, hətta yeni doğulan körpələrlə möhkəm ünsiyyət qurmalıdır. Hər bir məntəqədəki, hər bir məhəllədəki məscid xeyir və bərəkət mənbəyi olmalı, ən başlıcası isə, ətrafda yaşayan insanlara əziyyət verib, onlar üçün çətinlik yaratmamalıdır. Xüsusən də gecələr, insanların istirahət etdiyi vaxt səsgücləndiricilər vasitəsilə yorucu səslərin ətrafa yayılması nalayiq, bəzi hallarda isə şəriətin hökmünə zidd bir işdir. Məsciddən göylərə ucalmalı olan yeganə səs xoş və ürəkaçan avazla oxunan azan sədasıdır.

Məscidləri təmir və bərpa etmək, onlara mənəvi və zahiri cəhətdən bəzək vurmaq hər kəsin vəzifəsidir. Hər kəsin bu işdə bacardığı və özündə əzm hiss etdiyi qədər payı olmalıdır. Əhali, bələdiyyələr və dövlət orqanları bu işdə iştirak etməlidirlər. Müdrik, məsuliyyətli və təqvalı bir ruhani müqəddəs təşəbbüs və əməyi özündə birləşdirən bu sistemin mehvərində dura bilər və durmalıdır.

Uca Yaradandan hamımıza dəstək və yardımçı olmasını diləyir, daim möminlərin xidmətində duran mücahid ruhani, cənab Höccətül-İslam vəl-muslimin Qiraətiyə uzun ömür nəsib etməsini, enerji və müvəffəqiyyətlərini günü-gündən daha da artırmasını diləyirəm.

Allahın salamı və rəhməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
12 oktyabr, 2010-cu il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /